Teyşebaini qalası
Erebuni hərbi-istehkam qalasının süqutundan bir əsr sonra II Argiştinin oğlu Rusanın (e. ə. 685-645) hakimiyyəti dövründə inşa edilən Teyşebaini qalasının da bugünkü İrəvan şəhəri ilə heç bir bağlılığı yoxdur. Qala müharibə tanrısı Teyşebanın şərəfinə salınmışdır. Zəngi çayının sol sahilində, İrəvan-Eçmiədzin magistral yolunun yaxınlığında, bu gün ermənilərin Qarmir Blur adlandırdıqları Qırmızı Təpə ərazisində aşkar edilən bu qala e. ə. VI əsrdə skiflərin basqını nəticəsində süqut etmişdir. Erməni tarixçisi Tadevos Hakopyan yazır ki, Aza ölkəsində və aza tayfasının yaşadığı ərazidə salınan bu qala-şəhərdə Teyşebaininin süqutundan öncə müəyyən miqdarda skiflər (yəni prototürklər) yaşayırdılar.
1936-cı ildə Qırmızı Təpənin zirvəsində mixi yazısı olan daş parçası aşkar edilmişdir. Həmin daşın üzərində Urartu çarı II Argiştinin oğlu II Rusanın adı yazılmışdır. Həmin vaxtadək bu təpə ətraf kəndlərin yerli sakinləri tərəfindən daş karxanası kimi istifadə olunurdu.
1958-ci ildə akademik Boris Piotrovskinin rəhbərliyi altına aparılan arxeoloji qazıntılar zamanı aşkar edilmişdir ki, qala şimaldan və şərqdən təpənin sıldırım yamacları və Zəngi çayı ilə, cənubdan və qərbdən təxminən 8 metr hündürlüyündə güclü divarlarla qorunurmuş. Qalanın cənub hissəsini bütün perimetri boyunca daş hasarla əhatə olunmuş üzüm bağları Zəngi çayından çəkilən kanalla suvarılırmış.
Qala-şəhərin divarlarının ümumi uzunluğu 700 metr olmuş, sahəsi isə 15 ha ərazini tutmuşdur.
