Qərbi Azərbaycan

Ermənistana verilən ərazilər

Qərbi Zəngəzurun qərbinin və digər ərazilərin Sovet Ermənistanına verilməsi

1918-ci ildə İrəvan quberniyasının ərazisinin bir hissəsində Ermənistan (Ararat) Respublikası qurulanda onun ərazisi təqribən 10 min kv. km-ə bərabər idi. Həmin dövrdə Azərbaycan Xalq Cümhuriyyətinin mübahisəsiz ərazisi 97.297,67 kv.km olmuşdur. Birinci Dünya müharibəsinin sonunda imzalanan Mudros sazişinə (30.10.1918) əsasən türk qoşunlarının Cənubi Qafqazı tərk etməsi yenidən Andranikin əl-qolunu açmışdı. Noyabrın birinci yarısında Andranik özünü Zəngəzurdakı bütün silahlı dəstələrin baş komandanı elan etmişdi.

Andranikin Zəngəzurda törətdiyi qırğınların qarşısını almaq üçün Azərbaycan hökuməti həmin bölgədə səfərbərlik həyata keçirmişdi. 1919-cu ilin yanvar ayında Azərbaycan hökuməti Xosrov bəy Sultanovun başçılığı ilə Qarabağ və Zəngəzur ərazisini əhatə edən müvəqqəti general-qubernatorluq yaratmışdı.

Azərbaycan hökumətinin Andranikin Zəngəzurdan uzaqlaşdırılması barədə təkidli çağırışlarının nəticəsi olaraq Andranikin Zəngəzuru tərk etməsindən sonra Dronun (Drastamat Kanayan), daha sonra isə Njdehın (Qaregin Ter-Harutyunyan) qoşunu qırğınları davam etdirmişdi.

1919-cu il oktyabrın əvvəllərində evləri yandırılan, özləri qaçqın düşən Zəngəzurun türk-müsəlman əhalisinin sayı 60 min nəfərə çatmışdı. 

Ermənistan dövlətinin ərazisini silah gücünə genişləndirmək planını mərhələ-mərhələ həyata keçirən hakim “Daşnaksutyun” partiyası 1919-cu il dekabrın 7-də keçirilən yığıncağında Zəngəzuru Ermənistanın ayrılmaz tərkib hissəsi hesab etdiyini bəyan etmiş və ermənilərin nəzarət etdiyi ərazilərin əldə saxlanması üçün bütün tədbirlərə əl atmağa hazır olduğu barədə qətnamə qəbul etmişdi.

1920-ci il aprelin 28-də Azərbaycanlıda Sovet hakimiyyəti qurulduğu zaman Zəngəzur qəzasının ərazisinin xeyli hissəsi erməni silahlı dəstələrinin nəzarəti altında idi. Aprelin 30-da Azərbaycan sovet hökuməti Ermənistanın daşnak hökumətinə nota verərək ondan Qarabağ və Zəngəzur ərazilərini erməni silahlı dəstələrindən təmizləməyi, Ermənistan qoşunlarının öz sərhədlərinə çəkilməsini təmin etməyi, millətlərarası qırğını dayandırmağı tələb etmişdi.

Mayın 1-də Rusiyanın Gürcüstandakı səlahiyyətli nümayəndəsi Sergey Kirovun, Rusiya Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi Qafqaz Bürosunun rəhbəri Sergey Orconogidzenin və 11-ci Qırmızı ordunun komandanı Mixail Levandovskinin imzası ilə Ermənistan hökumətinə göndərilən teleqramda tələb edilmişdi ki, Ermənistan hökuməti 24 saat ərzində öz qoşunlarını Azərbaycandan çıxarsın. 

Azərbaycan İnqilab Komitəsinin 18 may 1920-ci il tarixli dekreti ilə Qarabağ və Zəngəzur qəzalarında fövqəladə komissar vəzifəsi təsis edilmişdi. Sonradan Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Siyasi Bürosunun 1920-ci il 26 avqust tarixli qərarı ilə isə Əliheydər Şirvani (Mustafabəyov) fövqəladə komissar, erməni Armenak Qaragözöv isə onun müavini təyin edilmişdi.

Rusiyanın xarici işlər naziri G.Çiçerin iddia edirdi ki, N.Nərimanov Rusiyanın silahlı qüvvələrinin Qarabağı, Zəngəzuru və Naxçıvanı tutub Azərbaycana hədiyyə etməsini istəyir və buna əsla yol vermək olmaz.

İyulun 17-də Qırmızı ordu korpusunun komandiri Aleksandr Todorski bütün Zəngəzurun daşnak zülmündən azad edilməsi və orada Sovet hakimiyyətinin qurulması haqqında N.Nərimanova teleqram göndərmişdi. 

Avqustun 3-də Dronun dəstəsi bolşevik qoşunlarının 32-ci diviziyasına hücum edərək Gorusu ələ keçirmişdi. Avqustun 5-7-də 11-ci ordunun hissələri ciddi hazırlıqdan sonra Dro və Njdehin hərbi qüvvələrini qovaraq Sisyan və Qafanı, avqustun 9-da isə Gorusu azad etmişdilər. Dronun dəstələrinin qalıqları yenidən Dərələyəzə çəkilmişdi. Njdehin qoşunu isə Meğri rayonu ərazisində özünə mövqe tutmuşdu. 

Avqustun 10-da İrəvanda sovet Rusiyası ilə daşnak Ermənistanı arasında sülh sazişi imzalanır. Sazişin 3-cü bəndində qeyd edilirdi ki, sovet qoşunlarının mübahisəli əraziləri tutması həmin ərazilərin hüquqi cəhətdən Azərbaycana və yaxud Ermənistana aid olması məsələsini həll etmir. Yəni bu sazişlə sovet Rusiyası Zəngəzurun Sovet Azərbaycanının tərkib hissəsi olmasını qəbul etmədiyini göstərirdi və bu addımı ilə Antanta ilə əməkdaşlıq edən Ermənistanı öz tərəfinə çəkmək istəyirdi. 

1920-ci il sentyabrın əvvəllərində Njdeh özünü Zəngəzurdakı bütün erməni silahlı dəstələrinin baş komandanı elan etmişdi. 

Noyabrın 29-da Ermənistanda daşnak hökuməti devrilmiş və sovet hakimiyyəti qurulmuşdu. Noyabrın 30-da Azərbaycan K(b)P MK Siyasi və Təşkilat bürolarının birgə iclasında “Ermənistan İnqilab Komitəsinin Ermənistanda Sovet hakimiyyətinin elan olunması haqqında” teleqramı müzakirə edilmiş və Azərbaycanın mənafeyinin ziddinə qərar qəbul edilmişdi. Həmin qərarda qeyd edilirdi ki, Sovet Azərbaycanı ilə Sovet Ermənistanı arasında heç bir sərhəd mövcud deyildir. Zəngəzur və Naxçıvan Sovet Ermənistanına keçir, Qarabağın dağlıq hissəsinə öz müqəddəratını təyin etmək hüququ verilir. 

Dekabrın 1-də Bakı Sovetinin Ermənistanda Sovet hakimiyyətinin qurulması münasibətilə keçirilən təntənəli iclasında Azərbaycan İnqilab Komitəsinin sədri Nəriman Nərimanov bəyanatla çıxış etmişdi. Həmin bəyanatda yazılmışdı ki, “Zəngəzur və Naxçıvan qəzalarının ərazisi Sovet Ermənistanının bölünməz ərazisidir, Dağlıq Qarabağın əməkçi kəndlilərinə öz müqəddəratını təyin etmək hüququ verilir “ 

İrəvanda çıxan “Kommunist” qəzetinin 7 dekabr sayında dərc olunmuş həmin bəyanatın mətnində Yuxarı Qarabağın Ermənistan Sosialist Respublikasının tərkib hissəsi kimi tanındığı yazılmışdı. N.Nərimanov həmin Bəyanatın məzmununun saxtalaşdırılmasınaqarşı ciddi etirazını bildirmişdi.

1920-ci il dekabrın 2-də İrəvanda Sovet Rusiyası ilə Sovet Ermənistanı arasında hərbi-siyasi saziş imzalanmışdı. Ermənistanın sovetləşməsinin müqabilində Rusiya, bütün keçmiş İrəvan quberniyasının, Zəngəzur qəzasının, Qazax qəzasının dağlıq hissəsinin Sovet Ermənistanına daxil olmasını mübahisəsiz tanıdığını bəyan etmişdi.

Həmin vaxt Zəngəzur qəzasında mövcud olan 6 sahədən 4-ü sovet qoşunları, 2-si isə (1-ci və 5-ci sahələr) Njdehin qoşunu tərəfindən tutulmuşdu. 

1920-ci il dekabrın 25-də öz dəstəsi ilə Tatev monastırında qərar tutan polkovnik Njdeh Zəngəzurun öz nəzarəti altında saxladığı hissəsində “Sünik Muxtar Respublikası” yaratdığını bəyan etmişdi. 1921-ci il yanvarın 21-də isə daşnak Ermənistanı dövründə bir həftə baş nazir olmuş Simon Vrasyanın başçılığı ilə Zəngəzurda “Dağlıq Ermənistan Respublikası” yaradılmışdı. Həmin oyuncaq respublikanın silahlı qüvvələrinə yenə də polkovnik Njdeh başçılıq edirdi.

Sovet qoşunlarının 11-ci ordusunun komandanlığı 1921-ci il mayın 25-dən etibarən yeni hərbi əməliyyatlar hazırladığı zaman Njdehin silahlı dəstələri Bazarçay və Qafan rayonlarında qərar tutmuşdu. Bolşevik qoşunları iki istiqamətdən - həm Qarabağ, həm də İrəvan istiqamətindən Zəngəzura hücuma keçmişdi. Əlahiddə Qafqaz Ordusu adlandırılan 11-ci ordunun İrəvan qruplaşması üç tərəfdən - Vedidən Keşişkəndə (Dərələyəz), Naxçıvandan Əngələvidə (Sisyan) və Ordubaddan Meğriyə hücuma keçmişdi. Həmin qruplaşma iyunun 26-da Dərələyəzi, 28-də Biçənək aşırımını, 30-da isə bütün Sisyan rayonunu daşnak qoşunlarından azad etmişdi. İyulun 2-də bolşeviklərin Şuşa tərəfdən irəliləyən Qarabağ-Zəngəzur qruplaşması isə İrəvan qruplaşması ilə birlikdə Gorusa daxil olmuşdu. Njdehin dəstəsi iyulun 4-də Tatev monastırından, iyulun 7-də isə Qafan mis mədənləri rayonundan çəkilmişdi. İyulun 9-da Njdeh öz dəstəsi ilə birlikdə Meğridən Arazı adlayaraq İrana qaçmışdı. 

Ermənistan Xalq Komissarları Soveti 20 iyul 1921-ci ildə Ermənistanın 8 qəza 33 nahiyədən ibarət inzibati-ərazi bölgüsünü təsdiq etmişdi. Avqustun 31-də isə yeni 9-cu qəza – mərkəzi Gorus şəhəri olmaqla Zəngəzur qəzası yaradılmışdı. Azərbaycan isə öz növbəsində Zəngəzurun qərb hissəsini öz inzibati-ərazi bölgüsündən çıxarmışdı. Bununla da Zəngəzur iki hissəyə bölündü və onun qərb hissəsi Ermənistana birləşdirildi. Daha sonra Qərbi Zəngəzur ərazisində Meğri, Qafan, Şisyan və Gorus rayonları yaradıldı. 

18 fevral 1929-cu ildə Cənubi Qafqaz Mərkəzi İcraiyyə Komitəsinin Rəyasət Heyəti Azərbaycan SSR-in Cəbrayıl qəzasının Nüvədi, Ernəzir və Tuğut kəndlərinin Ermənistan SSR-ə verilməsi haqqında qərar qəbul etdi. Nəticədə uzunluğu 42 km olan və hazırda “Meğri dəhlizi” adlanan dəhliz yarandı. Həmin dəhlizlə Ermənistanın İran üzərindən xaricə çıxışını da təmin etdi. Ermənilər Qərbi Zəngəzuru ələ keçirməklə, Azərbaycanla Naxçıvan, eyni zamanda Azərbaycanla Türkiyə arasında süni baryer yaradılmasına nail oldular.

1929-cu ildə Cənubi Qafqaz Mərkəzi İcraiyyə Komitəsinin başqa bir qərarı ilə Naxçıvanın 657 kv км. ərazisi – Şərur qəzasının Qurdqulaq, Xaçik, Horadiz, Naxçıvan dairəsinin Şahbuz nahiyəsinin Oğbin, Ağxaç, Almalı, İtqıran, Sultanbəy kəndləri, Ordubad dairəsinin Qorçevan kəndi və Kilid kəndinin torpaqlarının bir hissəsi Ermənistana verilmişdir. 1938-ci ildə Şədərək və Kərki kəndlərinin torpaqlarının bir hissəsi Ermənistana verilmiş, nəticədə Kərki kəndi anklav vəziyyətinə düşmüş və 1990-cı ildə ermənilər tərəfindən işğal edilmişdir.

1984-cü ildə Qazax rayonunun Kəmərli kəndinə məxsus 2105 hektar sahə Ermənistana verilmişdir.

Erməni tədqiqatçısı A.Badalyan Ermənistanın əhalisi haqqında yazdığı məqaləsində qeyd edir ki, Naxçıvan qəzasının ərazisinin 5,4 %-i, Zəngəzur qəzasının ərazisinin 59,6 %-i, Qazax qəzasının ərazisinin 44,5 %-i, Borçalı qəzasının ərazisinin 35,3 %-i və Qars qəzasının ərazisinin 14,7 %-i Sovet Ermənistanına birləşdirilmişdir.

Həmin məlumatlar əsasında hesablama apardıqda belə nəticə hasil olur:

Naxçıvan qəzasının yəni 4998 kv km. ərazisinin 5,4 faizi 270 kv km., Zəngəzur qəzasının 7673 kv km. ərazisinin 59,6 %-i 4573 kv. km, Qazax qəzasının 6855 kv km. ərazisinin 44,5 faizi 3.051 kv km, Borçalı qəzasının 6165 kv.km. ərazisinin 35, %-i 2176 kv km., Qars qəzasının 5905 kv km. ərazisinin 14,7 %-i (buraya Ağbaba nahiyəsinin 36 kəndi və Şörəyel nahiyəsinin 8 kəndi daxildir) 868 kv km. ərazi təşkil edir. Bu rəqəmləri üst-üstə topladıqda və son vaxtlarda Ermənistana qatılan əraziləri üst-üstə topladıqda, 1921-ci ildən sonra Moskvanın birbaşa köməyi ilə Ermənistanın ərazisinin təqribən 11 min kv km. artdığı məlum olur.

Tarixi Azərbaycan ərazisində mövcud olan Ermənistan Respublikasının ərazisi hazırda 29.743 kv.km-ə bərabərdir.

 

Nazim Mustafa, 

tarix üzrə fəlsəfə doktoru