Qərbi Azərbaycan

Qərbi Azərbaycana qayıdış uğrunda mübarizə

XX əsrdə azərbaycanlılar indiki Ermənistan ərazisində dəfələrlə soyqırımlarına və deportasiyalara məruz qoyularaq tarixi-etnik torpaqlarından didərgin salınsalar da həmişə öz yer-yurdlarına qayıtmaq üçün ciddi mübarizə aparmışlar. 1918-1920-ci illərdə Qərbi Azərbaycanda etnik təmizlənməyə məruz qoyulan azərbaycanlıların hüquqlarının müdafiəsi funksiyasını Bakıda fəaliyyət göstərən İrəvan Quberniyası Həmyerliləri Təşkilatı həyata keçirirdi. Bu təşkilat soydaşlarının hüquqlarının müdafiəsi üçün həmin dövrdə Cənubi Qafqazda fəaliyyət göstərən beynəlxalq təşkilatlara və diplomatik nümayəndəliklərə müraciət edərək onları daşnak Ermənistanı dövləti tərəfindən həyata keçirilən soyqırımına son qoymağa çağırırdı. Həmçinin bu təşkilat çox ağır vəziyyətdə Azərbaycana pənah gətirən qaçqınların maddi vəziyyətinin yüngünlləşdirilməsi üçün yardımlar göstərirdi. Azərbaycanlıları öz torpaqlarına möhkəm bağlılıqlarının nəticəsi idi ki, 1920-ci ildə Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra qaçqın düşən azərbaycanlıların üçdəbiri doğma yurdlarına qayıda bilmişdi.

Azərbaycanlıların Ermənistandan 1948-1953-cü illər deportasiyası nəticəsində Azərbaycanda məskunlaşdırılan soydaşlarımızın da təxminən üçdəbiri bütün məhrumiyyətləri göz önünə alaraq öz yer-yurdlarına qayıda bilmişdilər.

1987-1991-ci illərdə Qərbi Azərbaycanda soydaşlarımıza qarşı etnik təmizləmənin başa çatdırılmasından sonra qaçqın kimi Azərbaycana pənah gətirən didərginlərin problemlərinin həlli və hüquqlarının müdafiəsi istiqamətində bir neçə ictimai təşkilatlar yaranmışdı. Pərakəndə halda fəaliyyət göstərən həmin təşkilatlar qaçqınların problemlərinin həlinə əməli köməklik göstərə bilmirdilər. Həmin dövrdə Azərbaycanın mövcud rəhbərliyi də qaçqınların taleyinə biganəlik göstərmiş, onları taleyin hökmü ilə baş-başa buraxmışdı. Belə ağır bir şəraitdə Qərbi Azərbaycandan olan bir qrup ziyalıların təşəbbüsü ilə Qaçqınlar Cəmiyyəti yaradıldı. Azərbaycan Qaçqınlar Cəmiyyəti 1989-cu ilin dekabrında təsis edilsə də, 1992-ci ilin fevralında rəsmi dövlət qeydiyyatına alınıb.

Azərbaycan Qaçqınlar Cəmiyyətində Qərbi Azərbaycandan qovulan qaçqınların hər bir ailə üzrə (ad, soyad, ata adı göstərilməklə) dəqiq statistikası aparılıb və onların elektron bazası yaradılıb. Ermənistan SSR ərazisində yalnız azərbaycanlıların yaşadığı 170-dən artıq kənddən, azərbaycanlılarla ermənilərin qarışıq yaşadığı 100-ə yaxın yaşayış məntəqəsindən (kənd, qəsəbə və şəhərdən) 49.928 ailədə 300 min nəfərədək azərbaycanlının ermənilər tərəfindən öz doğma yurdlarından zorla qovulduqları təsbit edilib. 200 nəfərdən çox soydaşımızın erməni şovinistləri tərəfindən öldürülməsi (güllələnmiş, qəsdən avtomobil qəzasına salınmış, dağ yollarında donmuş və s.), 400 nəfərdən çox azərbaycanlının isə yaralanması barədə sənədlər toplanılıb. Bir çox azərbaycanlıların evlərinin, əmlaklarının yandırılması və ya talan edilməsi barədə verilən ifadələr sənədləşdirilib.

Bu gün müxtəlif dövrlərdə Qərbi Azərbaycandan qovulan bütün azərbaycanlıları və onların varislərini öz cərgəsində birləşdirən Qərbi Azərbaycan İcması 2014-cü ilin sentyabrında “Azərbaycan Qaçqınlar Cəmiyyəti İctimai Birliyi” adı ilə təkrar dövlət qeydiyyatına alınan təşkilatın hüquqi varisidir. 2022-ci il avqustun 3-də İctimai Birliyin Ümumi yığıncağında təşkilatın adı dəyişdirilərək “Qərbi Azərbaycan İcması”na çevrilib və İcmanın yeni Nizamnaməsi təsdiq olunub.

Qərbi Azərbaycan İcması indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə, sülh yolu ilə geriyə qayıtmasının təmin edilməsi barədə konsepsiya – "Qayıdış Konsepsiyası”nı qəbul etmişdir. Konsepsiyaya görə İcma ötən iki əsr ərzində Qərbi azərbaycanlılara qarşı törədilmiş ədalətsizliyi qəbul etmir və bu ədalətsizliyin nəticələrini rədd edir. İcma Ümumdünya İnsan Hüquqları Bəyannaməsində, Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Paktda, Qaçqınların Statusuna dair Konvensiyada və digər mühüm beynəlxalq aktlarda təsbit olunmuş geriyə qayıtmaq hüququna əsaslanmaqla, indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların öz yurdlarına qayıtmalarına şərait yaradılmasını və oraya qayıtdıqdan sonra onların fərdi və kollektiv hüquqlarının təmin edilməsini özünün əsas hədəfi kimi bəyan etmişdir.

2020-ci ilin payızında Azərbaycan ordusunun torpaqların Ermənistanın təqribən 30 illik işğalından azad edilməsi üçün həyata keçirdiyi 44 günlük müharibə “Qalib erməni xalqı”, “Yenilməz erməni ordusu” mifinə son qoyuldu. 2020-ci il həm Azərbaycan, həm də erməni xalqının tarixinə dönüş nöqtəsi kimi yazıldı. Azərbaycan tarixinə “Zəfər günü” kimi, Ermənistan tarixinə isə matəm günü kimi həkk olundu. 2023-cü il sentyabrın 19-20-də Qarabağ iqtisadi rayonunda Ermənistan silahlı qüvvələrinin qalıqlarına və qeyri-qanuni erməni silahlı dəstələrinə qarşı həyata keçirilmiş antiterror əməliyyatını nəticəsində Azərbaycanın suverenliyi tam bərpa edildi. Yaranan yeni reallıq Qərbi Azərbaycandan zaman-zaman deportasiya edilən azərbaycanlıların öz tarixi vətənlərinə qayıtmaq arzusunun reallaşması üçün zəmin yaratdı. Beynəlxalq humanitar hüquq da bu istəyin reallaşması üçün imkan yaradır. Azərbaycan Respublikası Baş Prokurorluğunda Ermənistan ərazisində azərbaycanlılara qarşı törədilən cinayətləri təhqiq edən istintaq qrupu yaradılıb. Azərbaycan Respublikası Milli Məclisində Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupu fəaliyyət göstərir.

Prezident İlham Əliyev 24 dekabr 2022-ci ildə Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə demişdir: “Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir. Ancaq əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki tarix var, sənədlər var, xəritələr var.”

Qərbi Azərbaycan İcması tərəfindən həm Ermənistan hökumətinə, həm də beynəlxalq təşkilatlara müraciətlər qəbul edilmişdir. Birləşmiş Millətlər Təşkilatının katibliyi Qərbi Azərbaycan İcmasının Qayıdış Konsepsiyasını BMT Təhlükəsizlik Şurasının, Baş Assambleyasının və İqtisadi və Sosial Şurasının rəsmi sənədi kimi yaymışdır.

Prezident İlham Əliyev 2025-ci il yanvarın 7-də yerli televiziya kanallarına verdiyi müsahibəsində Ermənistanın faşist rəhbərliyi tərəfindən azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirildiyini, vaxtilə azərbaycanlıların yaşadıqları kəndlərin böyük əksəriyyətinin indi tamamilə boş qaldığını, orada heç kimin yaşamadığını, ora qayıtmağın o qədər də böyük problem olmayacağını, sadəcə olaraq, Ermənistan dövləti tərəfindən qayıtmaq hüququnun tanınmalı olduğunu, qayıdanların orada yaşamaları üçün təhlükəsizlik zəmanətinin verilməli olduğunu bildirmiş və Qərbi azərbaycanlıların öz doğma torpaqlarına qayıdacaqlarına ümid etdiyini bildirmişdir.

Prezident İlham Əliyev həmçinin bildirmişdir ki, Qərbi azərbaycanlıların öz doğma torpaqlarına qayıtması məsələsi artıq həm beynəlxalq leksikona, həm beynəlxalq gündəliyə salınmışdır. Dövlət başçısı qeyd etmişdir ki, Ermənistandan qovulan azərbaycanlıların öz doğma torpaqlarına qayıtmalarını tələb etmək Ermənistana qarşı hər hansı bir ərazi iddiasında olmaq demək deyil və sadəcə olaraq, buna insan hüquqları nöqteyi-nəzərindən yanaşmaq lazımdır və bu məsələ gündəlikdən çıxarılmayacaqdır.

Qərbi Azərbaycan İcması son 200 il ərzində etnik təmizləmə, deportasiya və soyqırımlara məruz qalaraq ata-baba yurdlarından ədalətsizcəsinə qovulan soydaşlarımızın, onların varislərinin öz doğma yurdlarına geri dönmələri üçün bütün hüquqi mexanizmlər işə salmışdır.