İrəvan xanlığı
XVIII əsrin ortalarında tarixi Azərbaycan torpaqlarında yaranan İrəvan xanlığı Azərbaycanın Ağrı (Ararat) dağı ilə Alagöz (Ələyəz) dağı arasında qalan və Araz çayının hər iki sahilində yerləşən ərazini əhatə etmişdir. İrəvan xanlığı şimaldan Pəmbək əyaləti, Şəmşəddil, Qazax sultanlıqları və Gəncə xanlığı, şərqdən Qarabağ və Naxçıvan xanlıqları, cənubdan Xoy, Maku xanlıqları və Bayazid paşalığı ilə, qərbdən Qars paşalığı və şimali-qərbdən Şörəyel sultanlığı ilə həmsərhəd idi. İrəvan xanlığının ərazisi təqribən 23,8 min kv. km olmuşdur.
Təsvir olunan ərazi XV əsrin əvvəllərindən başlamış, İrəvan xanlığının yaranmasınadək olan dövrdə Qaraqoyunlu tayfa birliyinə daxil olan Səədli tayfasının başçıları tərəfindən idarə olumuşdur. Yerləşdiyi coğrafi mövqeyinə görə Çuxur Səəd - yəni Səədin Çuxuru adlandırılmışdır.
1501-ci ildə Səfəvilər dövləti yarandıqdan sonra Azərbaycan vilayəti inzibati-ərazi bölgüsü baxımından 4 bəylərbəyiliyə bölünmüşdü və Çuxur-Səəd bəylərbəyliyi onlardan biri idi. Bəylərbəyliyin mərkəzi İrəvan şəhəri idi və o, İrəvan bəylərbəyiliyi kimi də tanınırdı. Çuxur-Səəd bəylərbəyliyi müəyyən vaxtlarda Osmanlı Türkiyəsinin tərkibində olmuş və İrəvan əyaləti statusu ilə tanınmışdır.
1590-cı il tarixli “Müfəssəl dəftər”ə görə, İrəvan əyaləti 10 nahiyəsi olan İrəvan livasından, 16 nahiyəsi və bir qəzası olan Naxçıvan livasından ibarət idi.
1728-ci ildə tərtib edilən “İrəvan əyalətinin icmal dəftəri”nə görə əyalət ərazi-inzibati bölgüsü baxımından aşağıdakı hissələrə bölünmüşdü: İrəvan şəhəri, Qırxbulaq, Karbi, Maku, Xınzirək, Gərni, Vedi, Dərəçiçək, Abaran, Göycə, Dərələyəz, Məzrəə, Sürməli, İğdır, Aralıq, Şərur nahiyələri, Şörəyel (Şürəgəl) və Naxçıvan sancaqları.
Nadir şahın hakimiyyəti dövründə (1736-1747) İrəvan vilayəti Azərbaycan bəylərbəyliyinin tərkibində olmuşdur. Nadir şahın öldürülməsindən sonra Afşarlar imperiyası dağılmış, müstəqil xanlıqlar yaranmışdı. Azərbaycanın digər xanlıqlarında olduğu kimi, İrəvan xanlığı da inzibati-ərazi bölgüsü baxımından mahallara, mahallar isə öz növbəsində kəndlərə bölünürdü.
İrəvan şəhəri ayrıca inzibati-ərazi vahidi kimi götürülürdü. Xanlığın mərkəzi İrəvan idi. İrəvan qalasının özü qala-şəhər kimi möhtəşəm memarlıq kompleksi idi.
İrəvan xanlığının və İrəvan şəhərinin idarəçilik sistemi həmin dövrdə mövcud olan digər Azərbaycan xanlıqlarının idarəçilik sisteminin bənzəri idi. Xanlıqda rəsmi dövlət dili Azərbaycan türkcəsi idi, rəsmi yazışmalarda isə zəruri olduqda fars dilindən də istifadə edilirdi.
Zəngin dövlətçilik ənənələri formalaşmış İrəvan xanlığında idarəçilik sisteminin başında bir qayda olaraq azərbaycanlılar dururdular. İrəvan xanlığının ərazisində yaşayan azsaylı ermənilər xanlığın idarəçiliyində təmsil olunmurdular, onlar yalnız və yalnız adi vergi ödəyiciləri idilər.
Suveren dövlətçilik atributlarına malik olan, tipik feodal dövləti hesab olunan İrəvan xanlığında, müasir terminlərlə ifadə etsək, ali hakimiyyət – qanunverici, icraedici və məhkəmə hakimiyyəti xana (yaxud sərdara) məxsus idi. Xanın özü isə bir qayda olaraq mərkəzi hakimiyyət, başqa sözlə şah tərəfindən təyin edilirdi.
Ölkənin taleyi ilə bağlı olan ən mühüm məsələlər barədə xanın təkbaşına qərar çıxarmaq hüququ var idi. Corc Burnoutyan yazır ki, xan məsuliyyəti mülki, hərbi və dini sahələr üzrə bölərək, öz idarəetmə aparatını mərkəzi hökumət formasında qurmuşdu. Xanın ailəsi və ya sarayı ayrıca bir qurum kimi fəaliyyət göstərirdi və onu dördüncü idarəetmə sahəsi hesab etmək olardı.
Xanlığın təsərrüfat işlərini xandan sonra ikinci şəxs hesab edilən vəzir idarə edirdi. Qeyri-məhdud səlahiyyətlərə malik olmasına baxmayaraq, xanın yanında xüsusi məşvərətçi şura - divan və yaxud xan şurası fəaliyyət göstərirdi. Divanın tərkibi xan və vəzir də daxil olmaqla, sarayda mühüm vəzifə tutan şəxslərdən və şeyxülislamdan ibarət idi. Divana bir qayda olaraq xana ən yaxın olan və nüfuzlu şəxs hesab edilən divanbəyi başçılıq edirdi. Xanın divanında yüzə qədər məmur çalışırdı. Xan sarayında vəzirlə birlikdə maliyyə işlərinə baxan sərkər-ali, xanın saray təsərrüfatını idarə edən eşikağası, xəzinəyə başçılıq edən xəzinədar, xəzinənin mədaxil və məxaricinə nəzarət edən sandıqdarağası, məhsul yığılan anbarlara nəzarət edən anbardarağası, saray mühafizəçilərinin başçısı qoruqbaşı və digər vəzifələr də var idi. Mühafizə xidməti xanın buyruqlarının vaxtında yerinə yetirilməsini təmin edir, ölkədə qayda-qanun yaradılmasında mühüm rol oynayırdı. Xanın əmrlərinin və məhkəmə qərarlarının icrası ilə müsaillər məşğul olurdular. Məhsulla alınan vergilərin yığılması ilə yerlərdə darğalar məşğul olurdu.
İrəvan şəhəri bir mərkəz olaraq xanılığın tərkibinə ayrıca inzibati vahid kimi daxil edilmişdi. Şəhər rəisi vəzifəsini xan tərəfindən təyin edilən naib idarə edirdi. Naib təsərrüfat və inzibati işlərlə məşğul olur, vergilərin vaxtında toplanılmasına nəzarət edirdi. Xan müvəqqəti olaraq şəhəri tərk etdikdə bütün şəhərin idarəsi naibin əlində cəmləşirdi. İrəvan qala-şəhər olduğundan, qala daxilində asayişi qorumaq, onun müdafiəsinə nəzarət etmək qalabəyinin vəzifəsi idi. Şəhərdə asayişin qorunmasına darğa (yəni polis rəisi) nəzarət edirdi. Yüzbaşılar, onbaşılar (yasavullar) darğaya tabe idilər.
Mahalları idarə edənlər mirbölük adlanır, xan (yaxud sərdar) tərəfindən təyin edilirdilər. Mirbölüklər nüfuzlu bəylərin və digər yüksək təbəqənin nümayəndələri arasından seçilirdi. Kəndləri isə kəndxudalar və yaxud koxalar idarə edirdilər. Onlar da öz növbəsində mirbölüklər tərəfindən təyin olunurdular.
Xarici dövlətlərdən gələn yüksək səviyyəli qonaqlar İrəvan xanı tərəfindən təmtəraqla qarşılanır və rəsmi mərasimlə yola salınırdı.
Xan müstəqil xarici siyasət yürüdür, zəruri hesab etdikdə qonşu dövlətlərə müharibə elan edir, öz qoşununu müttəfiqlərinin köməyinə göndərirdi. Xanın nizami qoşunu iki sərbaz alayından, süvarilərdən, bir neçə 6 funtluq səhra toplarından və zəmbərəklərdən (yəni dəvə üstündə quraşdırılmış falkonetləri – kiçik topları) ibarət idi. Lazım gəldikdə, xanlığın ərazisində yaşayan və əli silah tuta bilən hər bir şəxs ucdantutma orduya cəlb edilirdi. Bunlardan əlavə qala bürcləri üzərində xüsusi altilleriya topları mövcud idi. Sonuncu İrəvan xanı Hüseynqulu xanın dövründə xanın qardaşı Həsən xan ali baş komandan sifətilə orduya sərkərdəlik edirdi.
Bütün müsəlman dövlətlərində olduğu kimi, İrəvan xanlığında da şəriət məhkəməsi mövcud idi. Şeyxülislamın, qazinın və yüksək rütbəli din xadimlərinin daxil olduğu şəriət məhkəməsi mülki iddialara baxırdı.
İrəvan xanlığında təhsil sistemi digər Azərbaycan xanlıqlarında olduğu kimi idi. Təhsillə əsasən din xadimləri məşğul olurdular. Hər bir məscidin nəzdində mədrəsə fəaliyyət göstərirdi.
1795-ci ildə Ağa Məhəmməd xan Qacar İrəvan xanlığını özündən asılı vəziyyətə salmışdı. Qacar, eyni zamanda Şörəyel və Pəmbək ərazilərini xüsusi fərmanla İrəvan xanı Məhəmməd xanın tabeçiliyinə vermişdi.
İrəvan xanlığının Rusiya qoşunları tərəfindən 1827-ci ildə işğalı ərəfəsində xanlığın inzibati-ərazi bölgüsü 15 mahaldan və xanlıqdan yarıasılı Şörəyel sultanlığından ibarət olmuşdur. Mahalların adları belə idi: 1.Qırxbulaq, 2.Zəngibasar, 3.Gərnibasar 4.Vedibasar, 5.Körpübasar, 6.Sərdarabad, 7.Talın, 8.Səədli, 9.Abaran, 10.Seyidli-Ağsaqqallı, 11.Dərəçiçək, 12.Göycə, 13.Şərur, 14.Dərəkənd-Parçenis, 15. Sürməli.
Mahallardan yalnız ikisi - Dərəkənd-Parçenis və Sürməli mahalları Araz çayının sağ sahilində yerləşirdi.
Mahalların təşkili zamanı suvarma sistemlərinin mövcudluğu, kəndlərin çay hövzələrinə yaxınlığı əsas meyar kimi götürülürdü.
İrəvan xanlığının əhalisinin etnik tərkibini oğuz-türk boyları təşkil etmişdir. Tarixi qaynaqlar göstərir ki. Xanlığın əhalisinin əsasını qaraqoyunlu, ağqoyunlu və qızılbaş tayfa birliklərinə daxil olan bayat, əfşar, səədli, baharlı, bayandur, qaçar, şamlı, rumlu, ustaclı, təkəli, ayrımlı, muğanlı və s. kimi tayfalar təşkil etmişlər.
Qaraqoyunlu, Ağqoyunlu və Səfəvi dövlətlərinin himayəsindən sui-istifadə edən Üçkilsə katolikosları və onların Avropadakı havadarları Azərbaycanın olduqca münbit bu ərazisində ermənilərin məskunlaşmasına başçılıq edirdilər. Xristian dövlətlərinin və missionerlərinin vəsaiti hesabına varlanan erməni kilsələri yerli müsəlman hakimlərdən yeni-yeni torpaqlar alırdılar. Bu yollarla ermənilər Azərbaycan torpaqlarında özlərinə yeni yaşayış məskənləri yaradırdılar.
Tarixi ədəbiyyatda İrəvan xanlığının əhalisi haqqında səhih məlumatların olmaması həmin ərazidə gedən çoxsaylı müharibələrlə bağlıdır. İrəvan xanlığını ələ keçirmək uğrunda Osmanlı imperiyasının Səfəvilər və Əfşarlar imperiyaları ilə apardığı müharibələr əhalinin etnik tərkibinə ciddi təsir göstərmişdir.
1801-ci ildə rus qoşunlarının İrəvan xanlığının şimal sərhədində yerləşən Pəmbək əyalətini, 1804-cü ildə Şörəyel sultanlığını işğal etməsindən sonra azərbaycanlıların deportasiyası və ermənilərin həmin ərazilərə kütləvi axını başlanmışdır. Rus qoşunlarının Pəmbək və Şörəyel əyalətlərini işğalınadək bölgədə mövcud olan 200 azərbaycanlı yaşayış məntəqəsindən 190-ı XIX əsrin əvvəlində azərbaycanlılardan təmizlənmişdi. 1813-cü ildə imzalanan Gülüstan müqaviləsi ilə İrəvan xanlığından Rusiyanın tabeçiliyinə keçən ərazilərdə, xüsusən də müharibə nəticəsində boşalmış azərbaycanlı kəndlərinin əksəriyyətində ermənilər məskunlaşmışdı. Həmin müddətdə təkcə Pəmbək-Şörəyel bölgəsinə Türkiyədən 32 mindən artıq erməni köçürülmüşdü.
İngiltərənin Qacarlar İranındakı səfirliyinin katibi Ceyms Morier 1813-cü ildə İrəvanda olmuş, xanlığın ərazisində təqribən 100 min nəfər əhalinin yaşadığını göstərmişdir. Bu məlumat rus müəlliflərinin əsərlərində də öz təsdiqini tapmişdır. XIX əsrin əvvəllərində Rusiya xarici işlər nazirliyinin Asiya departamentinin direktoru olmuş Semyon Bronevskinin verdiyi məlumata görə, İrəvan xanlığında 18 min ailə yaşamışdır.
İrəvan xanlığının əhalisi haqqında həqiqətə yaxın məlumatı 1829-1832-ci illərdə xanlığın ərazisində kameral siyahiyaalma keçirən İvan Şopenin 1852-ci ildə Sankt-Peterburqda çap edilən “Исторический памятник состояния Армянской области в эпоху её присоединения к Российской империи” kitabından əldə etmək olar. İ.Şopeni müşayiət edən tərcüməçinin erməni olması əhalinin milli tərkibinin ermənilərin xeyrinə qeydə alınmasına təsir göstərmişdir. Həmçinin kitabın əvvəlində İ.Şopenin verdiyi tarixi xülasəni əsasən erməni müəlliflərinin əsərlərinə istinadən qələmə alması bəzi məqamlarda müəllifin obyektiv nəticə çıxarmasına mane olmuşdur. Bununla belə, İ.Şopenin əsəri İrəvan xanlığı haqqında müfəssəl məlumat verən əsər hesab edilməlidir.
Müəllifin verdiyi məlumata görə, işğal ərəfəsində İrəvan xanlığının ərazisində 831 kənd mövcud olmuşdur ki, onlardan 310-u müharibə nəticəsində dağıdılmışdı. Hər kənddə orta hesabla 25 ailə, hər ailədə 5-6 nəfər hesabı ilə götürdükdə, dağıdılmış 310 kənddə təqribən 43 mindən artıq əhalinin yaşamış olduğunu müəyyən etmək olur. İ.Şopenin məlumatına görə, işğaldan sonra İrəvan şəhərində 7331 nəfər, mahallarda isə 57364 müsəlman qeydə alınmışdır. Əslində isə İrəvan şəhərində işğaldan öncə 16 min nəfər müsəlman yaşamışdır. Bu rəqəmlərin üzərinə dağıdılmış kəndlərdə yaşamış olan 43 min nəfəri də əlavə etsək, onda İrəvan xanlığında işğaldan öncə azı 116 min nəfər müsəlman yaşadığı bəlli olur. Ermənilərə gəlincə, İ.Şopen mahallarda 20073 nəfər, İrəvan şəhərində isə 2369 nəfər yerli erməninin yaşadığını yazır: cəmisi 22442 nəfər. Əslində isə həmin 22442 nəfər erməninin bir çoxu yerli sakin deyil, 1804-cü ildən bəri xanlığın ərazisində gedən müharibələrdən sonra Türkiyə ərazisindən gəlib regionda məskunlaşmışdı. Bununla belə, faizlə ifadə etsək, işğaldan öncə ermənilər xanlığın ümumi əhalisinin təqribən 19 faizini təşkil etmişdir.
Erməni əsilli ABŞ tədqiqatçısı Georgi Burnoutyan da İ.Şopenin kameral siyahıyaalmasının nəticələrini təhlil edərək belə qənaətə gəlmişdir ki, işğaldan öncə İrəvan xanlığının ərazisində 20 minə yaxın erməni yaşamışdır ki, bu da ümumi əhalinin 20 faizini təşkil etmişdir.
İ. Şopenin İrəvan xanlığının əhalisinin müxtəlif təbəqələri haqqında verdiyi məlumat xanlığın köklü əhalisinin kimlərdən ibarət olması mənzərəsini ortaya qoyur. Kameral siyahıyaalmanın nəticələri göstərir ki, İrəvan xanlığı ərazisində zadəgan sayılan 270 xan və bəy müsəlman ailəsi, 30 erməni məlik və ağa ailəsi qeydə alınmışdı. Deməli, erməni zadəganları xanlığın ərazisindəki zadəganların cəmisi 10 faizini təşkil etmişdi.
Lakin İrəvan xanlığının 1827-ci ildə rus qoşunları tərəfindən işğalından sonra da bir müddət həmin ərazidə azərbaycanlılar sayca ermənilərdən üstün olmuşdur. Yalnız Türkmənçay (1828) və Ədirnə (1829) müqavilələri əsasında İran və Türkiyədən ermənilərin kütləvi surətdə İrəvan xanlığı ərazisinə köçürülməsindən sonra demoqrafik vəziyyət ermənilərin xeyrinə dəyişmişdir.
Çar Rusiyasının köçürmə siyasəti nəticəsində ermənilər kompakt şəkildə əsasən azərbaycanlı yaşayış məntəqələrində məskunlaşdırılmışdılar. Bunun nəticəsində azərbaycanlılar ermənilərdən sayca azlıq təşkil etsə də, azərbaycanlı yaşayış məntəqələri erməni yaşayış məntəqələrindən sayca çox idi. 1865-ci ilin məlumatına görə, İrəvan quberniyasında mövcud olan 1198 kəndə 694-də müsəlmanlar, 413-də ermənilər, 10 kənddə ruslar, 91 kənddə isə ermənilərlə müsəlmanlar qarışıq şəkildə yaşayırdılar.
Azərbaycanlılar İrəvan şəhərini üzük qaşı kimi əhatə edən və quberniyanın nüvəsi hesab olunan İrəvan qəzasında işğaldan sonra da sayca çoxluq təşkil edirdilər. 1865-ci ildə qəzada qeydə alınan 79661 nəfər əhalinin 46617 nəfərini azərbaycanlılar (tatarlar), 26709 nəfərini isə ermənilər təşkil edirdi. Başqa sözlə, əhalinin 58,5 faizini azərbaycanlılar, 33,5 faizini isə ermənilər təşkil edirdilər.
XX əsrin əvvəllərində azərbaycanlılar İrəvan qəzasında hələ də əhalinin əksəriyyətini təşkil edirdi. Həmin vaxt İrəvan qəzasında yaşayan 121809 nəfər əhalinin 65871 nəfərini azərbaycanlılar, 45624 nəfərini ermənilər, 7865 nəfərini kürdlər, 869 nəfərini isə ruslar təşkil edirdi. Faiz nisbəti ilə əhalinin 54, 1 faizini azərbaycanlılar, 37,5 faizini ermənilər, 6,5 faizini kürdlər, 0,7 faizini isə ruslar təşkil edirdi.
Yuxarıda sadalanan faktlar bir daha sübut edir ki, İrəvan xanlığının yerli əhalisi yalnız Azərbaycan türklərindən ibarət olmuşdur, ermənilər isə orta əsrlərdən etibarən müxtəlif yollarla gəlib həmin ərazidə məskunlaşmışlar. Erməni tarixçilərinin İrəvan xanlığının ərazisinin qədim erməni torpağı, əhalisinin əksəriyyətinin isə erməni olması haqında iddialarının da cəfəngiyatdan başqa bir şey olmadığı yuxarıda göstərilən rəqəmlərdən aydın görünür.
Bütün yuxarıda qeyd edilənlərdən belə qənaət hasil olur ki, İrəvan xanlığında dövlətçilik ənənələrinə əsaslanan kifayət qədər təkmil idarəçilik sistemi mövcud olmuşdur.
Nazim Mustafa,
tarix üzrə fəlsəfə doktoru
