Qərbi Azərbaycan

Toponimlərə qarşı soyqırımı

Hər hansı bir etnomədəni arealda toponimlər qatının formalaşması uzun sürən prosesdir. Yer-yurd adlarını orada yaşayan xalqlar formalaşdırır və zaman keçdikcə tarixi mənbələrdə və xəritələrdə öz yerini alır. Müəyyən ərazidəki oykonimlər (yaşayış məntəqələri, şəhərlər, kəndlər, yaylaqlar, qışlaqlar və s.), antrotoponimlər (şəxs adlarından törəmiş coğrafi adlar), hidronimlər (su hövzələrinin adları), oronimlər (dağlar, dərələr, təpələr, aşırımlar və s.), fitotoponimlər (bitki adlarından yaranan toponimlər), zootoponimlər (heyvan adları ilə bağlı coğrafi obyektlər) və s. orada yaşayan xalqların tarixini, coğrafiyasını, mədəniyyətini və etnoqrafiyasını özündə əks etdirir. Digər tərəfdən, toponimlər tarixi hadisələrin şahidləri kimi, yaddaşları təzələyərək, həmin ərazidə cərəyan etmiş prosesləri bir daha xatırladır. 

Cənubi Qafqazda qədim türklərin, oğuz və qıpçaq boylarına məxsus toponimlərin yaranmasından min illərlə zaman keçir. Azərbaycan, Gürcüstan və indiki Ermənistan ərazisində on minlərlə toponim məhz tarixin qədim qatlarında formalaşmışdır. Qədim türklər toponimləri əsasən yaşaıdıqları ərazinin coğrafi relyefi, tarixi şəxsiyyətlərinin və tayfaların adları ilə adlandırmışlar.

Orta əsrlərdən etibarən xristian missionerləri kimi, Cənubi Qafqaza gələn ermənilər əvvəlcə saxta tarix kitabları yazıb, özlərini bu regionun avtoxton sakinləri kimi qələmə versələr də, mövcud toponimlərin dəyişdirilməsinə nail ola bilməmişdilər. Saxta tarix kitablarında ermənilərin uydurduqları toponimlər öz əksini tapsa da, reallıqda oğuz-qıpçaq və alban tayfalarına məxsus toponimlər gündəlik ünsiyyətdə işlədilirdi və bu gün də işlədilir.

Bu gün Ermənistan Respublikası adlanan dövlət əsasən tarixi Azərbaycan torpağı olan İrəvan xanlığının ərazisində yaradılmışdır.

1827-ci ildə İrəvan və Naxçıvan xanlıqlarının Rusiya tərəfindən işğalından sonra yaradılan yeni inzibati-ərazi vahidində, yəni, “Erməni vilayəti”nin ərazisinə daxil edilən 1111 kənddən yalnız 62-də ermənilər yaşayırdı. Onlar da 1828-ci ilədək buraya köçürülmüş ermənilər idi. Yeri gəlmişkən, göstərilən 62 kəndin ancaq 14-nün adı erməni mənşəli idi.

1828-ci ildən 1830-cu ilədək Cənubi Qafqaza 40 min İran və 90 mindən artıq Türkiyə erməniləri köçürülüb yerləşdirilmişdir. 

Rus tədqiqatçısı N. Şavrov 1911-ci ildə yazırdı: “Hazırda Cənubi Qafqazda yaşayan 1 milyon 300 min erməninin bir milyondan çoxu yerli əhali deyil və buraya bizim tərəfimizdən köçürülmüşdür”.

Bir xalqın müəyyən ərazidə əsrlər, minilliklər boyu formalaşmış toponimlər sistemini kökündən dəyişdirmək həmin xalqın tarixi-coğrafi ərazidəki izlərinin silinməsinə xidmət edir. Xəritəçilik baxımından bu, asan məsələ olmasa da, Ermənistan Respublikasında azərbaycanlılara məxsus toponimlərin dəyişdirilməsi rəsmi dövlət siyasətinin tərkib hissəsi olmuşdur.

Rusiyanın 1827-ci ildə İrəvan xanlığını işğalından başlamış, 1918-ci ildə tarixi Azərbaycan torpaqlarında Ermənistan Respublikası yarananadək ötən müddət ərzində həmin ərazidə yalnız bir neçə azərbaycanlı yaşayış məntəqəsinin adları dəyişdirilmişdi. 1828-ci ildə İrəvan şəhərinin işğalından sonra o, “Erivan” adlandırılmışdı. Rusiya çarı I Nikolayın 1837-ci ildə Gümrüyə gəlməsindən sonra şəhərin adı dəyişdirilərək, çarın arvadı Aleksandra Feodorovnanın şərəfinə “Aleksandropol” qoyulmuşdu. 1828-1829-cu illər rus-türk müharibəsindən sonra ermənilər kütləvi surətdə Türkiyənin Bəyazid paşalığının ərazisindən Göycə gölünün ətrafında məskunlaşdırılmışdı. 1850-ci ildə İrəvan quberniyası yaradılan zaman Kəvər yaşayış məntəqəsinin adı dəyişdirilərək “Novo-Bayazet” adlandırılmış və eyniadlı qəza mərkəzinə çevrilmişdi. Çar Rusiyası dövründə buraxılan inzibati və hərbi-topoqrafik xəritələrdə, statistik məlumatlarda yaşayış məntəqələrinin türkmənşəli adları və digər toponimlər olduğu kimi saxlanılırdı.

Çar Rusiyasının hakim dairələrinin ermənipərəst mövqeyindən istifadə edən ermənilər, Cənubi Qafqazda erməni dövlətinin əsasını qoymaq üçün 1905-1906-cı illərdə azərbaycanlıların yaşadıqları ərazilərdə silah gücünə etnik təmizləmə siyasəti həyata keçirməyə başladılar.

XX əsrin əvvəllərində tarixi Azərbaycan torpaqlarında ilk erməni dövləti – Ermənistan (Ararat) Respublikası yarandıqdan dərhal sonra yerli azərbaycanlı əhaliyə qarşı soyqırımı və deportasiyalarla müşayiət olunan etnik təmizləmə siyasəti həyata keçirilmişdir. Silah gücünə boşaldılmış azərbaycanlı yaşayış məntəqələrində Türkiyədən qaçıb gələn erməni qaçqınlarının məskunlaşdırılması ilə yanaşı, həmin yaşayış məntəqələrinin adlarının dəyişdirilməsinə start verilmişdir.

Azərbaycan Milli Şurasının 1918-ci il mayın 31-də keçirilən iclasının qərarı ilə İrəvan şəhəri o şərtlə Ermənistan Respublikasına paytaxt kimi güzəştə gedilmişdi ki, Azərbaycana qarşı ərazi iddiasından əl çəksin. Lakin Ermənistan hökuməti nəinki vədinə əməl etdi, əksinə, həm Azərbaycan Xalq Cümhuriyyətinin ərazilərinin işğalını, həm də keçmiş İrəvan quberniyası ərazisində azərbaycanlılara qarşı soyqırımı siyasətini davam etdirdi.

1918-ci il iyunun 4-də Türkiyə ilə Ermənistan arasında Batumda imzalanan sülh və dostluq haqqında müqavilə əsasən Ermənistan Respublikasının ərazisi təqribən 10 min kv.km, əhalisi isə 321 min nəfər (o cümlədən 230 min erməni, 80 min müsəlman, 5 min yezdi kürd, 6 min digər millətlər) təşkil edirdi. Lakin erməni silahlı dəstələri ətraf bölgələrin azərbaycanlı yaşayış məntəqələrini silah gücünə ələ keçirməklə respublikanın ərazisini genişləndirmək yolunu tutmuşdular.

1918-ci ilin mart ayınadək erməni silahlı dəstələri təkcə İrəvan quberniyasında 198 kəndi darmadağın etmişdi. Ermənistan daşnak hökuməti Zəngəzuru azərbaycanlılardan tamamilə təmizləməklə, Paris Sülh Konfransını fakt qarşısında qoymaq, daha sonra da Qarabağı və Naxçıvanı ələ keçirməklə daşnak parlamentinin 28 may 1919-cu il tarixli “Birləşmiş Ermənistan” yaradılması haqqında qərarını reallaşdırmaq niyyətində idi. 1916-cı ildə İrəvan quberniyasında 373.582 nəfər azərbaycanlı qeydə alındığı halda, 1920-ci ilin noyabrında Ermənistan SSR-də cəmisi 12,5 min nəfər azərbaycanlı qeydə alınmışdı .

1919-cu ilin dekabrında Ermənistan hökumətinin qərarı ilə Daxili İşlər Nazirliyinin nəzdində kəndlərin, şəhərlərin, çayların və dağların adlarının dəyişdirilməsi üçün xüsusi komissiya yaradılmışdı. 1918-1920-ci illərdə daşnakların hakimiyyəti dövründə indiki Ermənistan ərazisində 17 yaşayış məntəqəsinin adları erməniləşdirilmişdir.

1920-ci ildə Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra türkmənşəli toponimlərin ermənicələşdirilməsi prosesi sürətlə davam etdirilmişdir. İlk illərdə yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi Torpaq Komitəsinə həvalə edilmişdi. 1935-ci ildən etibarən Azərbaycan yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi Ermənistan SSR Ali Sovet Rəyasət Heyətinin qərarları ilə həyata keçirilmişdir.

1935-ci ilədək Ermənistanda 200-ə yaxın yaşayış məntəqəsinin (oykonimlərin) adları dəyişdirilmişdir. 

Sovet hakimiyyəti dövründə Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanları əsasında 1935, 1938, 1939, 1940, 1946, 1947, 1948, 1949, 1950, 1957, 1962, 1968, 1969, 1977, 1978, 1980-ci illərdə addəyişmə əməliyyatları həyata keçirilmişdir. 1988-ci ilin avqust ayınadək – yəni azərbaycanlıların tarixi-etnik torpaqlarından deportasiya olunmalarınadək indiki Ermənistan ərazisində türkmənşəli 521 yaşayış məskəninin adları dəyişdirilmişdir.

Ümumiyyətlə, indiki Ermənistan ərazisində 499 azərbaycanlı yaşayış məntəqəsi müxtəlif yollarla (əhalisi kütləvi qırğınlara, soyqırımına məruz qoyulmaqla, deportasiya edilməklə və s.) yaşayış məntəqələri siyahısından silinmişdir. Bu kəndlərin böyük əksəriyyəti Ermənistanda azərbaycanlılara qarşı 1918-1920-ci illər soyqırımından və 1948-1953-cü illər deportasiyasından sonra xaraba qalmışdır.

1935-ci il yanvarın 3-də Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin verdiyi fərmanla 29 rayonda 72 türkmənşəli toponim dəyişdirilərək, mənəvi soyqırımına məruz qoyulmuşdur.

SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il və 10 mart 1948-ci il tarixli qərarları əsasında 100 mindən artıq azərbaycanlının 1948-1953-cü illərdə Ermənistan SSR-dəki tarixi-etnik torpaqlarından Azərbaycan SSR-in Kür-Araz ovalığına deportasiyasından sonra 60-dan artıq yaşayış məntəqəsinin adları dəyişdirilmişdir. Qarabağlar rayonu azərbaycanlıların depotasiyasından sonra ləğv edilmiş, onun kəndlərinin çoxu indiyədək xaraba qalmışdır.

Təkcə 1978-ci ildə 23 rayonda türkmənşəli 60 toponim dəyişdirilmişdir.

1988-ci ildə Dağlıq Qarabağ Muxtar Vilayətində baş qaldıran erməni separatizminin qarşısının vaxtında alımaması öncə Ermənistana yaşayan azərbaycanlıların tarixi-etnik torpaqlarından deoprtasiyası ilə nəticələndi. Məhz Moskvanın ermənilərə arxa durması nəticəsində 1988-1989-cu illərdə indiki Ermənistan ərazisində azərbaycanlıların yaşadıqları 170 təmiz və 94 qarışıq yaşayış məntəqələri boşaldıldı. Ermənistanın Meğri rayonunun Zəngilan rayonu ilə həmsərhəd bölgəsində qalmış axırıncı azərbaycanlı kəndi – hazırda “Nrnadzor” adlandırdıqları Nüvədi kəndi 1991-ci il avqustun 8-də boşaldıldı. Ümumiyyətlə, həyata keçirilən sonuncu etnik təmizləmə nəticəsində Ermənistanın 22 kənd, rayonundan və 6 şəhərindən təqribən 250 min azərbaycanlı tarixi-etnik torpaqlarından vəhşicəsinə qovuldular

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 1991-ci il 9 aprel tarixli fərmanı ilə 90 yaşayış məntəqəsinin, 8 avqust 1991-ci il fərmanı ilə 16 yaşayış məntəqəsinin, Ermənistan parlamentinin 4 iyul 2006-cı il tarixli qərarı ilə isə əvvəllər azərbaycanlılara məxsus olmuş, 31 yaşayış məntəqəsinin adları dəyişdirilərək ermənicələşdirilmişdir.

Elə azərbaycanlı yaşayış məntəqəsi olmuşdur ki, onun adı indiyədək bir neçə dəfə dəyişdirilmişdir. Məsələn, azərbaycanlıların 1988-ci ildə deportasiya olunduqları Amasiya rayonundakı Yeniyol kəndinin adını 1991-ci ildə dəyişdirərək Ağvorik qoymuşlar. Lakin 1935-ci ilədək Yeniyolun adı Qaranamaz olmuşdur. Daha bir nümunə Pəmbək bölgəsindəki Böyük Qarakilsə yaşayış məntəqəsinin adı 1926-cı ildə dəyəşdirərək Martunaşen qoyulmuş, 1935-ci ildə bir daha dəyişdirərək Kirovakan adlandırmış, indi isə Vanadzor adlandırırlar. 

İndiki Ermənistan ərazisində azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti, soydaşlarımızın tarixi-etnik torpaqlarından sonuncu nəfərinədək deportasiyası məhz inzibati rayonlar üzrə bölgünün mövcud olduğu dövrdə, hələ Ermənistanda sovet hakimiyyəti dövründə başa çatdırılmışdır. Əhalinin yaddaşında və şəxsiyyətini təsdiq edən sənədlərdə də məhz onların o dövrdə doğulub boya-başa çatdıqları kəndin və rayonun adları qeyd olunmuşdur və yaddaşlarda da o cür yaşayır.

Ermənistan Dövlət Daşınmaz Əmlakın Kadastrı Komitəsinin 2007-ci ildə verdiyi məlumata görə, yerdə qalan 21 yaşayış məntəqəsinin adlarının dəyişdirilməsi ilə addəyişmə əməliyyatı başa çatdırılmışdır.  Ermənistanda siyasi motivlərə əsasən, bilərəkdən dəyişdirilməyən cəmi bir neçə yaşayış məntəqəsinin adları indiyədək olduğu kimi saxlanılmışdır. Məsələn, Nizami (Zəngibasar), Avşar (Vedi), Hallavar (Quqark), Şamlıq (Tumanyan (Allahverdi)) və s.

Ümumiyyətlə, son dövrədək Ermənistanda 700-dən artıq türkmənşəli inzibati-ərazi vahidinin adları dəyişdirilmişdir.

Ermənistan ərazisində oykonimlərlə yanaşı, hidronimlərin və oronimlərin adlarının da dəyişdirilməsi prosesi sovet hakimiyyəti illərində mütəmadi olaraq davam etdirilmişdir. Məsələn, Göycə gölünü “Sevan”, Zəngi çayını “Hrazdan”, Arpaçayı “Axuryan”, Bazarçayı “Vorotan”, Alagöz (Ələyəz) dağını “Araqats”, Ağbaba dağını “Medz Yeğnasar”, Ağlağan dağını “Urasar”, Dərəçiçək yaylağını “Tsaxkadzor”, İşıxlı dağını “İşxanasar”, Şahdağ dağını “Kaputan”, Leyli dağını “Açkasar”, Ağlağan dağını “Yeğnasar” və s. adlandırılmışdır. Sovet hakimiyyəti illərində adları dəyişdirilən toponimlər barəsində Ermənistan SSR Ali Sovetinin qərarlarının bir nüsxəsi bir qayda olaraq SSRİ Ali Sovetinin Rəyasət Heyətinə, onun Katibliyinə və SSRİ Nazirlər Sovetinin nəzdindəki Dövlət Geodeziya və Kartoqrafiya Baş İdarəsinə göndərilirdi ki, həmin dəyişikliklər yaşayış məntəqələrinin siyahısında və buraxılan xəritələrdə nəzərə alınsın. Bu gün həmin sənədlər Rusiya Federasiyası Dövlət Arxivinin müvafiq fondlarında saxlanılır.

2014-cü ildə AMEA Tarix İnstitutu indiki Ermənistan ərazisində soyqırımına məruz qoyulan və 702 inzibati-ərazi vahidini əhatə edən “Vandalizm: tarixi adlara qarşı soyqırımı” Kitabın elektron versiyası Kitabxananın www.preslib.az saytında yerləşdirilib: https://www.ebooks.az/book_nkuTAyEF.html

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev indiki Ermənistan Respublikasının ərazisinin qədim Azərbaycan torpağı olması barəsində demişdir: “Bu tarixi hər kəs bilməlidir, xüsusilə gənclər bilməlidir, olduğu kimi bilməlidir.. Bu, faktdır, tarixi faktdır. Heç uzağa getmək lazım deyil. XX əsrin əvvəllərində çar Rusiyası tərəfindən dərc edilmiş xəritələrə baxmaq kifayətdir. Hər kəs görər ki, indiki Ermənistanın bütün ərazisindəki toponimlərin demək olar ki, mütləq əksəriyyəti Azərbaycan mənşəlidir.” 

Ermənistanın toponimik cinayətləri bu gün də davam etdirilir. Ermənilər tarixi saxtalaşdırdıqları kimi, tarixi xəritələri də saxtalaşdırır, mövcud türkmənşəli toponimlər və mikrotoponimlər erməni adları ilə əvəz edirlər. Lakin Qərbi Azərbaycanda azərbaycanlılara məxsus olmuş toponimləri tarixin yaddaşından, Çar Rusiyası dövründə tərtib edilən xəritələrdən silmək mümkün deyil. 

 

Nazim Mustafa,

tarix üzrə fəlsəfə doktoru