Qərbi Azərbaycan

1918-1920-ci illər soyqırımı

Ermənilərin 1918-1920-ci illərdə azərbaycanlılara qarşı həyata keçirdikləri vəhşiliklər, azərbaycanlı yaşayış məntəqələrinin silah gücünə darmadağın edilməsi bərədə o dövrün arxiv sənədlərində və dövri mətbuatında kifayət qədər materiallar öz əksini tapmışdır.

1917-ci il noyabrında Rusiyada hakimiyyət dəyişikliyindən sonra Şərqi Anadoludan və Qafqaz cəbhəsindən geri çəkilən rus qoşunlarının silahlarını ələ keçirən ermənilər türk-müsəlman əhaliyə qarşı soyqırımları həyata keçirdilər. İrəvan quberniyasında azərbaycanlılara qarşı erməni silahlı dəstələrinin törətdikləri kütləvi qırğınların ilk mərhələsi 1918-ci ilin əvvəlindən başlamışdır. 1918-ci ilin mart ayınadək erməni silahlı dəstələri təkcə İrəvan quberniyasının İrəvan qəzasında 32, Eçimədzin qəzasında 84, Novo-Bəyazid qəzasında 7 və Sürməli qəzasında 75 kəndi – üst-üstə 198 kəndi darmadağın etmiş, həmin qəzalarda təqribən 135 min nəfər soydaşımız soyqırımına məruz qoymuşdu.

1918-ci ilin aprelində Türk qoşunlarının Qarsı erməni işğalından azad etməsindən sonra Andranikin qoşunu geri çəkilərək Gümrü şəhərinə daxil olmuş, sonra isə Axılkələk istiqamətində hərəkət etmişdi. Həmin qoşun Ağbaba nahiyəsinin Arpaçay boyunca yerləşən Böyük Şiştəpə, İlanlı, Düzkənd, Qaranamaz, Təzəkənd kəndlərini viran etdikdən sonra qonşu Xocabəy (sonralar Boqdanovka rayonu) nahiyəsinin türk kəndlərini xaraba qoymuşdur. Axılkələkdə türk qoşunlarına məğlub olan Andranikin qoşunu may ayının 14-dən 18-dək İrəvan quberniyasına bitişik ərazilərdə Voronsovka (sonralar Kalinino rayonu) və Cəlaloğlu (sonralar Stepanavan rayonu) nahiyələrinin azərbaycanlı kəndlərini viran qoymuşdur. Mayın 21-22-də Voronsovka və Cəlaloğluda türk qoşunlarına məğlub olan Andranikin qoşunu Loru bölgəsindən Dilicana keçmiş, oradan Qaraqoyunlu dərəsi ilə irəliləyərək iyunun 12-də Göyçə gölünün sağ sahilindəki Axta nahiyəsinin azərbaycanlı kəndlərini darmadağın etmiş və sonra isə Novo-Bəyazid (Kəvər) qəzasını, daha sonra isə Dərələyəz mahalının kəndlərini viran qoymuşdur. 1918-ci il iyunun 20-də Dərələyəz istiqamətindən Naxçıvana daxil olan Andranikin qoşunu orada da qırğınlar törədərək, Culfa istiqamətindən Cənubi Azərbaycana daxil olmuşdur. İyunun 24-də Xoy şəhərində soyqırımı törədən Andranikin qoşunu Urmiya üzərinə hücum etmiş, türk qoşunları ilə qarşılaşmaqdan qorxaraq, yenidən Naxçıvana qayıtmış, avqustun əvvəlində Oxçu vadisi ilə Zəngəzura daxil olmuşdur. 1919-cu ilin aprel ayınadək Andranikin qoşunu Ərzurumdan Zəngəzuradək hərəkət trayektoriyası üzərində yerləşən 500-dən artıq türk-müsəlman yaşayış məntəqəsini viran qoymuşdur. Zəngəzuru ələ keçirməklə Andranik, Qərb dövlətlərinin Türkiyə ilə türk dünyasının əlaqəsini kəsmək niyyətlərini reallaşdırmış oldu. Sovet Rusiyası isə Zəngəzurun Ermənistana verilməsini rəsmiləşdirdi, Naxçıvan Azərbaycandan ayrı salındı.

İrəvan quberniyasında erməni vəhşiliklərinin qarşısını almaq məqsədilə İrəvan Müsəlman Milli Şurası yaradılmışdı. Milli Şuranın sədri Əli xan Makinski, katibi isə Cabbar Məmmədzadə idi. 

Müsəlman Milli Şurasının 1918-ci il mayın 29-da keçirilən iclasında İrəvanın siyasi mərkəz kimi Ermənistana güzəşt edilməsindən sonra vəziyyət daha da ağırlaşmışdı.

İyunun 4-də Türkiyə ilə Ermənistan arasında Batumda sülh və dostluq haqqında imzalanan müqaviləyə əsasən Ermənistan Respublikasının ərazisi təqribən 10 min kv.km təşkil edirdi. Bu respublikanın ərazisinə Novo-Bəyazid qəzası, İrəvan qəzasının beşdə üçü, Eçmiədzin qəzasının dörddə biri, Aleksandropol qəzasının dörddə biri daxil idi. Lakin ermənilər bununla kifayətlənməyib, silah gücünə azərbaycanlılara qarşı etnik təmizləmə siyasətini davam etdirməklə yeni-yeni əraziləri ələ keçirirdilər. 

Azərbaycan Milli Şurasının 1918-ci il iyunun 13-də keçirilən iclasında ermənilərin müsəlmanlara qarşı törətdikləri qırğınlar barədə İrəvandan gələn həyəcanlı xəbərlər müzakirə edilmişdi. İrəvan quberniyası ərazisində ev-eşiklərindən didərgin salınan və ac-yalavac dolanan qaçqınların sayının 150 min nəfərə çatdığı, ermənilərin 206 kəndi dağıtdığı bildirilirdi. 

30 oktyabr 1918-ci ildə imzalanan Mudros sazişinə əsasən türk qoşunları 1914-cü il sərhədlərinə geri çəkilmək məcburiyyətində qalmışdı. Bundan sonra Ermənistan ordusu İrəvan quberniyasının və Qars vilayətinin ərazilərində türk-müsəlman əhalisini tamamilə məhv etməyə başlamışdır. 1918-ci ilin dekabrında türk qoşunlarının sonuncu hissələrinin İrəvan quberniyasını tərk etməsindən sonra yerli müsəlman əhalinin müdafiəsi yerli milli şuraların özünümüdafiə dəstələrinin ümidinə qalmışdı. Geri çəkilməzdən öncə türk ordusunun komandanlığı həmin özünümüdafiə dəstələrinin silah-sursatla təmin edilməsində əlindən gələn köməyi əsirgəməmişdi.

1919-cu il yanvar ayının əvvəlində Azərbaycan xarici işlər nazirinin müavini Adil xan Ziyadxanovun imzası ilə Ermənistanın xarici işlər nazirinə göndərilən notada qeyd edilirdi ki, İrəvan quberniyasında çoxsaylı erməni silahlı qüvvələri tərəfindən müsəlmanlar zorakılığa məruz qalır, şəhərlərdə və kəndlərdə onlar tərksilah edilir, öldürülür və qarət edilir, zor gücünə onları özlərinə tabe etdirməyə çalışırlar, təkcə ermənilərin təqibindən yaxa qurtarmaq üçün Araz çayını keçmək istəyərkən boğulanların sayı 300 nəfərə çatır.

1919-cu il fevralın 24-də Azərbaycan xarici işlər nazirinin müavini A.Ziyadxanov ermənilərin Novo-Bəyazid qəzasında müsəlmanlara qarşı törətdikləri vəhşiliklər barəsində müttəfiq dövlətlərin birləşmiş qüvvələrinin komandanı general V.Tomsona məlumat vermişdi. Novo-Bəyazid qəzasının 26 azərbaycanlı kəndinin sakinlərinin 1919-cu il martın 29-da keçirdikləri icma yığıncağında Azərbaycan hökumətinə və xalqına qəbul olunmuş müraciətdə qeyd edilirdi: “Ararat Respublikasının qoşunları, erməni şovinist və quldur dəstələri tərəfindən dəfələrlə dinc müsəlman kəndlərinə hücumlar edilərək kəndlər dağıdılır, sakinlərin başlarına görünməmiş müsibətlər açılır və qeyri-insani hərəkətlərlə təhqir edilirlər. 270-dən çox müsəlman kəndi dağıdılmışdır ki, bundan başlıca məqsəd İrəvan quberniyasında qalan müsəlman əhalisini sıxışdırıb tamamilə qovmaqdan ibarətdir”.

“Azərbaycan” qəzeti (rusca) 19 iyul tarixli sayında yazırdı ki, 1919-cu ilin yay ayları ərzində erməni quldur birləşmələri 300 azərbaycanlı kəndini yağmalamış və yandırmışlar. On minlərlə adam - kişilər, qadınlar və uşaqlar həlak edilmişdir. Ermənistan ordusunun İrəvan quberniyasının azərbaycanlılar yaşayan bölgələrində silah gücünə həyata keçirdiyi etnik təmizləmə siyasətinə qarşı aparılan bütün diplomatik yazışmalar heç bir nəticə verməmişdi. 

Himayədarlıq Nazirliyinin Ermənistandakı müvəkkili Teymur bəy Makinskinin 11 noyabr 1919-cu il tarixli məruzəsində Ermənistan hökumətinin əsl siması açılırdı: “1918-ci ilin fevralından davam edən qırğınlar nəticəsində yarım 0,5 milyon əhali dilənçi vəziyyətinə düşüb. (Naxçıvan qəzasından, Şərur məntəqəsindən, Sürməli məntəqəsinin 2-3-cü polis sahələrindən və Zəngibasar rayonundan başqa). Həmin ərazilərdə müsəlman əhali hər şeyini itirib. Dağıntıya məruz qoyulan rayonlarda əhali 200 min nəfərdən artıqdır. Onlar xəstəlikdən və aclıqdan məhv olurlar, dəfələrlə talanlara və qırğınlara məruz qalıblar. Bu kateqoriyaya İrəvan şəhərinin müsəlmanları, Zəngibasarın Göykümbət, Arbat, Ağcaqışlaq və Çarbax kəndləri aiddir. Qəti demək olar ki, ölənlərin sayı 100-120 min nəfərdir. 50 min nəfər Azərbaycana qaçqın kimi gəlib. Təqribən bir o qədər İrəvanda, Zəngibasar rayonunda, Sürməli qəzasının 2 məntəqəsində və Eçmiədzində yaşayırlar. Qalan qaçqınlar Naxçıvan qəzasına, Şərur məntəqəsinə, Sürməli qəzasının 3-cü sahəsinə və Qars vilayətinin Qağızman dairəsinə sığınıblar. Bəziləri Maku xanlığına və Türkiyə ərazisinə köçüblər... İrəvan şəhərində aclıq keçirən əhalinin sayı 8 min nəfərdir”.

1919-cu il dekabrın 16-da Ermənistan Nazirlər Soveti Zəngibasara hücum məsələsini müzakirə edir. Dekabrın 21-də Ermənistan ordusu Zəngibasar rayonunun müsəlmanlarına qarşı hərbi əməliyyatlara başlayır. İrəvan quberniyasının Zəngibasar rayonunun müsəlmanlarının müvəkkillərinin 3 yanvar 1920-ci ildə Azərbaycanın Gürcüstandakı diplomatik nümayəndəliyinə göndərdikləri məktubda Müttəfiq Dövlətlərin Ali Komissarı ilə görüşə bilmədiklərindən, onların Zəngibasar müsəlmanlarının vəziyyətinə dair məruzələrini Ali Komissara çatdırmağı xahiş edirdilər. Onlar hər bir gecikilən saatın minlərlə müsəlman ailəsinin məhvinin demək olduğunu öz müraciətlərində ifadə edirdilər .

Azərbaycanın Ermənistandakı diplomatik nümayəndəliyindən Mir Mahmud Mirbabayev 25 yanvar 1920-ci ildə Azərbaycan XİN-ə göndərdiyi məxfi məktubunda göstərirdi ki, erməni silahlı birləşmələri Zəngəzurun müsəlmanlardan tamamilə təmizləməklə Paris Sülh Konfransını fakt qarşısında qoymaq istəyirlər. M.M.Mirbabayev sonra yazır ki, İran tərəfi ingilislər və ermənilərlə əlaqəyə girərək, böyük şirnikləndirici vədlər verməklə, naxçıvanlıları İrana köçürməyə təşviq edir ki, Naxçıvan zəifləsin və ermənilər oraya soxulmaq imkanı qazansınlar. Naxçıvan təşkilatının fəaliyyəti (Milli Şura və yaxud Araz-Türk hökuməti nəzərdə tutulur-N.M.) Böyük Vedi və Aralıq rayonlarını əhatə edir, Zəngibasarla əlaqə qurulub. Sürməli və Eçmiədzində törədilən qırğınlardan sonra Zəngibasar əhalisi silahlanmaq məcburiyyətində qalmış və hərbi təlimlər keçirmək üçün təlimatçılar dəvət etmişdir. M.M.Mirbabayev daha sonra yazır ki, Zəngibasarda 12 kənddə tamamilə müsəlmanlar yaşayırlar və İrəvandan 8-12 verst məsafədə yerləşirlər və bir ucu Araz çayına çatır. Azərbaycan Parlamenti 5 yanvar 1920-ci ildə keçirilən iclasında qaçqınların məsələsi müzakirə edilmiş, Ermənistandan 300 min qaçqının gəldiyi qeyd olunmuşdur.

Azərbaycanın Ermənistandakı diplomatik nümayəndəsi Əbdürrəhim bəy Haqverdiyev martın 7-də Tiflis-İrəvan qatarında İrəvana gedərkən erməni quldurları onu silahla hədələyərək qarət etmiş, onun diplomatik missiya üçün apardığı 2 milyon Cənubi Qafqaz bonunu və 3,4 milyon Azərbaycan bonunu, 40 min manatlıq şəxsi vəsaitini əlindən alıb aparmışdılar. Ə.Haqverdiyev bu hadisədən bir müddət sonra Ermənistanda daimi nümayəndə vəzifəsindən istefa vermişdi. Martın 16-da onun yerinə Himayədarlıq Nazirliyinin Ermənistandakı müvəkkili Teymur bəy Makinski təyin edilmişdi. 

1920-ci il iyunun 15-də Ermənistan XİN Azərbaycanda bolşevik hakimiyyətinin qurulmasını səbəb göstərərək, İrəvandakı diplomatik nümayəndəliyin fəaliyyətinə xitam verildiyini bildirmişdir. Ermənistan ordusunun Vedibasara 1920-ciu ilin iyulunda növbəti hücumundan sonra Abbasqulu bəy Şadlinskinin başçılıq etdiyi “Qırmızı tabor” döyüşə-döyüşə İran sərhədinə çəkilmişdi və sağ qalan əhali də İrana keçmişdi. Bununla da ermənilər Vedibasarı tamamilə ələ keçirmişdilər. 

Fransanın Qafqaz üzrə Ali Komissarı Damien de Martel tərəfindən 20 iyul 1920-ci ildə Fransanın Xarici İşlər Nazirliyinə göndərilən məktubda ermənilərin xalqımıza qarşı törətdiyi cinayətləri sübuta yetirən faktlar öz əksini tapmışdır. Hazırda Fransa XİN-in arxivində saxlanılan həmin məktubda Ali Komissar Ermənistanın paytaxtı İrəvan ətrafında yaşayan qadın və uşaqlar da daxil olmaqla, 4.000 azərbaycanlının 1920-ci ilin iyun ayında erməni ordusu tərəfindən necə kütləvi qırğına məruz qaldığı göstərilir. Həmin sənəddə erməni əsgərlər tərəfindən qadın və uşaqlar da daxil olmaqla 4.000 nəfərin Araz çayına tökülərək öldürüldüyü də xüsusilə qeyd edilir.

Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli nümayəndəsinin Ermənistan XİN-ə göndərdiyi 5 iyul 1920-ci il tarixli teleqramda bildirilirdi ki, Ermənistanın hərbi hissələri Zəngibasarı darmadağın etdikdən və bölgəni müsəlman kəndlilərindən təmizlədikdən sonra Naxçıvan-Şərur rayonuna hücuma keçib. Həmçinin bildirilirdi ki, iyulun 5-də səhər saat 4-də Ermənistan hərbi hissələri Qazax qəzasına hücuma keçmişdir. Azərbaycan hökuməti bunu iyulun 2-də əldə edilmiş razılığın pozulması və Sovet Azərbaycanına qarşı açıq hücum kimi qiymətləndirmişdi.

1916-cı ildə İrəvan quberniyasında 373.582 nəfər azərbaycanlı qeydə alındığı halda, 1920-ci ilin noyabrında Ermənistan SSR-də cəmisi 12 min nəfər azərbaycanlı qeydə alınmışdı. Ümumiyyətlə, təkcə 1905-1920-ci illərdə indiki Ermənistan ərazisində 500-ə yaxın azərbaycanlı kəndlərinin əhalisi soyqırımına məruz qoyulmuşdur. 1918-1920-ci illərdə indiki Ermənistan ərazisində azərbaycanlıların yaşadıqları 130 kənd erməni silahlı dəstələri tərəfindən dağıdıldıqdan sonra həmişəlik olaraq xaraba qalmışdır. 

Nazim Mustafa, 

tarix üzrə fəlsəfə doktoru