1920-1930-cu illər repressiyası
1920-ci il noyabrın 29-da Ermənistanda Sovet hakimiyyəti qurulduqdan sonra iqtisadi cəhətdən Azərbaycandan asılı olan Ermənistan rəhbərliyi azərbaycanlılara qarşı 1918-1920-ci illərdə törədilən soyqırımı cinayətlərini özündən əvvəlki daşnak hökumətinin ayağına yazmağa başladı. Halbuki, Sovet Ermənistanı hökuməti də azərbaycanlı qaçqınların öz əzəli torpaqlarına qayıtmalarını hər cür bəhanələrlə əngəlləməyə çalışırdı. Ermənistan hökuməti əsasən İran ərazisində sığınacaq tapmış azərbaycanlı qaçqınlara Zəngibasar və Vedibasar mahallarına qayıtmağa o şərtlə razılıq vermişdi ki, onlar gərək 1918-1920-ci illərdə ermənilərə qarşı döyüşlərdə iştirak etmədiklərini sübuta yetirmiş olaydılar.
1921-ci ilin payızında Ermənistan hökuməti ölkənin ağır iqtisadi vəziyyətini və yoluxucu xəstəliklərin yayılmasını əsas gətirərək qaçqınların 1922-ci ilin yazınadək Culfa-İrəvan dəmiryolu xətti ilə reevakuasiyasını dayandırmaq haqqında qərar qəbul etmişdir. Ermənistan hökuməti bir tərəfdən Azərbaycan hökumətinə müraciət etmişdi ki, Azərbaycanda sığınacaq tapmış azərbaycanlı qaçqınların Ermənistana qayıtmalarını dayandırsın, digər tərəfdən isə Türkiyə ərazisindən gələn erməni qaçqınlarının əsasən azərbaycanlılar yaşayan mahallarda yerləşdirilməsi haqda qərar qəbul etmişdi. Ermənistan Himayəçilik Nazirliyi Nazirlər Sovetinə göndərdiyi hesabatda təklif edirdi ki, Türkiyədən gələn erməni qaçqınlarının aşağıdakı qaydada məskunlaşdırılması məsələsini həll etsin: Zəngibasarda 25 min, Vedibasarda 60 min, Gərnibasarda 25 min, Dilican dairəsində 25 min, Qarakilsə dairəsində 25 min, Novo-Bəyazid dairəsində 10 min. Ermənistan hökuməti bunu ona görə edirdi ki, azərbaycanlı qaçqınlar vətənə döndükdə öz evlərinin və eləcə də bütövlükdə kəndlərin erməni qaçqınları tərəfindən məskunlaşdırıldığını görüb geri qayıtsınlar. Bu, Sovet Ermənistanı hökumətinin azərbaycanlı əhaliyə qarşı həyata keçirdiyi düşmənçilik siyasətinin tərkib hissəsi idi. Bütün bunlara baxmayaraq, azərbaycanlı əhali Ermənistandakı doğma ocaqlarına qayıdırdılar. Ermənistana qayıdan azərbaycanlı qaçqınlar qoyub getdikləri evlərində Türkiyədən gələn erməni qaçqınlarının məskunlaşmaları ilə üzləşir, məcburiyyət qarşısında qalaraq, ermənilərlə birgə yaşamağa məhkum olurdular. İndiki Ermənistanda 1988-ci ilədək mövcud olan 80-dən artıq ermənilərlə qarışıq azərbaycanlı yaşayış məntəqələri beləcə yaradılmışdı. Statistikaya görə, 1921-ci ilin mayından 1922-ci ilin may ayının sonunadək indiki Ermənistan ərazisinə 96,5 min nəfər azərbaycanlı qayıtmışdı. O cümlədən İrəvan qəzasına 26 min, Novo- Bəyazid qəzasına 14 min, Eçmiədzin qəzasına 9 min, Aleksandropol qəzasına 10 min, Zəngəzura 15 min, Dərələyəzə 5,5 min, Loru--Pəmbək və İcevana 17 min azərbaycanlı qaçqın qayıtmışdı.
Öz yurdlarına dönən azərbaycanlı qaçqınlar kommunist qiyafəsinə bürünmüş daşnak tör-töküntülərinin təzyiq və təqiblərinə məruz qalaraq, yenidən Ermənistanı tərk etməyə məcbur olurdular. 1922-ci ilin mayında Ermənistana təxminən 100 min azərbaycanlı qayıtdığı halda, 1926-cı ildə keçirilən ümumi Zaqafqaziya siyahıyaalınmasının nəticələrinə görə, Ermənistanda 84.717 türk qeydə alınmışdı. Göründüyü kimi 1922-1926-cı illər arasında (əhalinin təbii artımını da nəzərə almaqla) indiki Ermənistan ərazisini ən azı 25 min azərbaycanlı tərk etmişdir.
Ermənistanda Sovet hakimiyyəti qurulduqdan sonra öz əvvəlki yaşayış yerlərinə qayıdan azərbaycanlıların varlı və imkanlılarına Fövqəladə Komissiyanın qərarı ilə "kulak" damğası vurulur, əmlakları müsadirə edilir, özləri isə təqib edilirdilər. Ona görə də, imkanlı azərbaycanlıların əksəriyyəti müxtəlif gizli yollarla yenidən İran və Türkiyəyə qaçırdılar.
1922-ci ilin dekabrında Zaqafqaziya Ölkə Komitəsinin qərarı ilə Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsi nəzdində Azlıqda qalan millətlərlə iş şöbəsi yaradılmışdı. Sonralar bu şöbə Ermənistan Mərkəzi İcraiyyə Komitəsinin nəzdinə verilmiş və Milli azlıqlar arasında iş aparan bölmə adlanırdı.
Əgər daşnakların hakimiyyəti dövründə Ermənistanda yaşayan azərbaycanlılar fiziki soyqırımına məruz qoyularaq, onların yaşayış məskənlərində Türkiyədən gələn erməni qaçqınları yerləşdirilmişdisə, Sovet Ermənistanı qurulandan sonra, Ermənistan Xalq Xarici İşlər Komissarlığı 1921-ci ilin payızında əvvəlcə Rusiyanın, sonra isə İngiltərənin xarici işlər nazirliklərinə müraciət edərək, Mesopotamiyadakı erməni qaçqınlarının Ermənistana köçürülməsinə yardımçı olmalarını istəmişdi. 1922-ci ilin martında Mesopotamiyadan 9 min erməni qaçqını Batuma, oradan da Ermənistana gətirilərək, Qəmərli (Artaşat) və Arazdəyənin (Vedi rayonu) şimal-qərbində məskunlaşdırılmışdı. 1922-ci ilin aprelində Ermənistan MİK-in qərarı ilə ermənilərin "repatriasiyası" müvəqqəti dayandırılmışdı. Xaricdən gətirilən ermənilər əsasən İrəvan ətrafında, Əştərək, Qəmərli, Vedibasar, Eçmiədzin, Zəngibasar, Ellər rayonlarında yerləşdirilmişdilər. Məqsəd həmin rayonlarda erməni əhalisinin xüsusi çəkisini artırmaqdan ibarət idi. Digər tərəfdən, həm 1918-20-ci illər daşnakların hakimiyyəti dövründə, həm də 1921-ci ilin yazında Sovet hakimiyyəti dövründə Vedibasarda Abbasqulu bəy Şadlinskinin rəhbərliyi altında könüllü silahlı dəstələr daşnaklara ağır zərbə endirmişdi. Ona görə də Ermənistan hökuməti İrəvan ətrafında, xüsusən də Zəngibasar və Vedibasarda, Dərələyəzdə ermənilərin sayca üstünlüyünü təmin etmək üçün azərbaycanlıları müxtəlif üsullarla sıxışdırırdı.
Ermənistanda azərbaycanlıların repressiyalara məruz qalmalarını Mərkəzi Komitənin nəzdində fəaliyyət göstərən Azlıqda qalan millətlərlə iş şöbəsinin türk bölməsinin 1922-1925-ci illərə aid hesabatlarından aydın görmək olar. Bölmənin müdiri B. Əfəndiyevin Ermənistan KP MK-ya təqdim etdiyi hesabatında respublikada torpaq fondu yaradılması bəhanəsi ilə azərbaycanlıların yaşadıqları kəndlərdən zorla çıxarılaraq, başqa azərbaycanlı kəndlərinə köçürülmələri, boşalmış kəndlərdə isə digər rayonlarda yaşayan ermənilərin yerləşdirilmələri qeyd olunmuş, Ermənistan KP MK qarşısında bu cür hallara son qoyulması məsələsi qaldırılmışdı.
Ermənistanda azərbaycanlılara qarşı zorakılıq halları o həddə çatmışdı ki, Dərələyəz qəzasında yaşayan əhali 1925-ci ilin əvvəlində SSRİ Xalq Komissarları Sovetinin sədri A. Rıkova və Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri Mir Cəfər Bağırova şikayət ərizəsi göndərmişdilər. Dərələyəzlilərin şikayətini yoxlamaq məqsədilə həmin ilin mayında Bala Əfəndiyevin iştirakı ilə üç nəfərlik komissiya yaradılmışdı. Komissiya Dərələyəzin Qurban Kəsilən, Cğatay, Daşaltı, Göyərçin, Qayalı, Çarxılı Gümüşxana, İstisu, Kotanlı, Qabaxlı, Zeytə Çatma, Qurdqulaq, Göykənd, Çaykənd, Çul, Tarp, Terp, Ceyranlı, Gendərə, Qaçiqut, Güneyvəng, Ələyəz, Alxan Pəyəsi və Hostun kəndlərində vəziyyəti yoxlamışdır. Komissiyanın gəldiyi nəticə ondan ibarət olmuşdur ki, azərbaycanlıların köçürürlməsinə elə bir əsas olmamışdır və çox zaman bu tədbir zorakılıqla həyata keçirilmişdir. Komissiyanın hesabatında göstərilir ki, köçmək istəməyən adamları həbs etmiş, hətta qonşu erməni kəndlərinin əhalisini türk kəndlərinin üzərinə basqın etdirmişdilər.
Ümumiyyətlə, 1921-ci ildən 1936-cı ilədək Ermənistanda xaricdən 42 min erməni gətirilib yerləşdirilmiş, onlara torpaq ayrılmış və işlə təmin edilmişdilər.
1930-cu il yanvarın 3-də Zaqafqaziya Ölkə Komitəsi antisovet elementlərin tərksilah olunması barədə sanksiyalaşdırılmış kütləvi əməliyyatlar keçirilməsi barədə qərar qəbul etmişdir. Bu qərarın icrasını həyata keçirmək məqsədilə "üçlüklər" və "beşliklər" yaradılmışdı. Ermənistan hökuməti bu qərarın verilməsi fürsətindən istifadə edərək azərbaycanlılara qarşı repressiya aparatını işə salmışdı.
1930-cu ilin fevral ayında ÜİK(b)P-nin “Kənddə partiyanın sinfi xəttinin düzəldilməsi və qolçomaqların bir sinif kimi ləğv edilməsi şüarının həyata keçirilməsi haqqında” qərarının yerinə yetirilməsi ilə əlaqədar olaraq minlərlə azərbaycanlı ailəsi Ermənistandan sürgün edilmişdi.
İrəvan şəhəri istisna olmaqla, o dövrdə azərbaycanlılar əsasən kənd yerlərində yaşayırdılar. Ona görə də azərbaycanlılar ilk növbədə "qolçomaq", "kulak" damğası ilə ittiham edilir, onlara qarşı repressiya tətbiq edilirdi. Repressiyadan xilas olmaq üçün 1930-cu ilin əvvəlindən etibarən azərbaycanlılar fürsət əldə edən kimi, gizli yollarla Türkiyəyə və yaxud İrana qaçırdılar. 30-cu illərin əvvəllərində bütün Sovetlər İttifaqında həyata keçirilən kütləvi kollektivləşmə tədbirləri ən sərt şəkildə Ermənistanda yaşayan azərbaycanlılara qarşı tətbiq edilirdi. İlk növbədə varlı azərbaycanlı-ların var-dövləti, mal-qarası əllərindən alınır, özləri isə "qolçomaq" damğası ilə Qazaxıstanın və Sibirin çöllərinə sürgün edilirdilər. Xüsusən, Türkiyə və İranın sərhədləri boyunca yerləşən azərbaycanlı kəndləri daha sərt cəza tədbirlərinə məruz qalırdılar. Amansız cəza tədbirlərinə etiraz əlaməti olaraq Zəngibasar, Vedibasar, Qəmərli, Qarabağlar rayonlarının azərbaycanlı kəndləri üsyan qaldırmışdılar.
Vedibasarda üsyançılar 20 kəndi öz nəzarətləri altına almışdılar. Üsyançılara 20-ci illərdə daşnaklara qarşı silahlı müqavimətin təşkilində yaxından iştirak edən Kərbəlayı İsmayıl rəhbərlik edirdi. Ermənilər üsyanı yatırmaq üçün Abbasqulu bəy Şadlinskini göndərirlər. Kommunist qiyafəsinə girmiş daşnakların qurduqları plan əsasında üsyanı yatırmağa göndərilən Abbasqulu bəy 1930-cu ilin fevralında qətlə yetirilmişdiş
Ermənistanda azərbaycanlı kəndlərinin üsyanı yatırıldıqdan sonra üsyançıların xeyli hissəsi İran və Türkiyəyə qaçmağa nail olmuşdularsa da, bu üsyanı bəhanə edərək azərbaycanlıların kütləvi surətdə həbsi prosesi başlanmışdı. Həbslərin başlanmasına ikinci bəhanə isə Ermənistanda yaşayan azərbaycanlıların İran və Türkiyə ilə qohumluq əlaqələrinin olması və onların guya həmin ölkələrə mühacirət etmiş "əksinqilabçı" qüvvələrlə əlaqə saxlamaları olmuşdu
Ermənistanı əksinqilabçı və antisovet ünsürlərdən təmizləmək adı altında aparılan milli ayrıseçkilik siyasəti nəticəsində demək olar ki, azərbaycanlı kadrları qalmamışdı. Azərbaycanlıların siyasi repressiya o həddə çatmışdı ki, "parçala, hökm sür" siyasəti yeridən, Sibiri türk xalqlarının zindanına çevirən Moskva belə, Ermənistanda azərbaycanlıların diskriminasiyaya məruz qalmalarını etiraf etmişdi. 1936-cı ilin noyabrında SSRİ Mərkəzi İcraiyyə Komitəsi Millətlər Şurasının rəyasət heyəti "Ermənistanda milli azlıqlar arasında aparılan işlərin vəziyyəti" haqqında məsələ müzakirə etmişdi. Həmin məsələ ilə bağlı qəbul edilən qərarda göstərilirdi ki, əsassız olaraq Ermənistan MİK-nin nəzdində fəaliyyət göstərən milli azlıqlar arasında iş şöbəsi ləğv edilmişdir. Həmçinin qeyd edilirdi ki, milli azlıqların mədəni və təsərrüfat ehtiyaclarının ödənilməsi təmin edilməmiş, milli azlıqlar içərisindən mərkəzi aparatlar üçün milli kadrların hazırlanması, milli rayonların türk və kürd kadrları ilə təmin edilməsi və dövlət işlərinin yerlərdə onların dilində aparılması qeyri-kafi vəziyyətindədir.
Həmin qərarda SSRİ MİK Millətlər Şurasının rəyasət heyəti Ermənistan SSR Mərkəzi İcraiyyə Komitəsinə tapşırılmışdı ki, qısa müddət ərzində milli azlıqlarla iş şöbəsini bərpa etsin, türk və kürd əhalisinin yaşadıqları rayonların aparatlarını milli kadrlarla əvəz etsin, milli azlıqlar içərisindən kadrlar hazırlasın, türklərin və kürdlərin milli kolxozlarında torpaqların əbədilik olaraq onların istifadəsinə verilməsi haqqında fərman versin.
1937-ci ilin payızında keçmiş SSRİ-nin hər bir yerində olduğu kimi, Ermənistanda da repressiya dalğası güclənmişdi. Ermənistanda antisovet ünsürləri, xalq düşmənləri, trotskiçi-buxarinçi casusları ifşa etmək məqsədilə A. Mikoyan, N. Yejov və L. Beriyanın daxil olduqları nümayəndə heyəti Ermənistana gəlmişdi. İrəvanda, Leninakanda (Gümrüdə) və Ermənistanın digər iri şəhərlərində yığıncaqlar keçirilir, hər bir yığıncaqda isə hansısa bir qrup "ifşa" edilirdi. Moskvanın göstərişi ilə həyata keçirilən bu kampaniya Ermənistanın rəhbərlərinə fürsət vermişdi ki, azərbaycanlı ziyalıların kökünü birdəfəlik kəssinlər. A.Mikoyanın rəhbərliyi altında keçirilən kampaniya zamanı Moskvaya belə bir məlumat verilmişdi ki, Ermənistanın Araz və Yuxarı Arpaçay boylarında yaşayan azərbaycanlılar guya elliklə Türkiyəyə keçmək fikrindədirlər. Ona görə də həmin ilin payızında Vedi, Zəngibasar, Qarabağlar, Eçmiədzin, Hoktemberyan, Amasiya (Ağbaba) rayonlarının Türkiyə ilə həmsərhəd kəndlərində yaşayan azərbaycanlılar kütləvi surətdə repressiyaya məruz qalmış, minlərlə ailə Qazaxıstan çöllərinə sürgün edilmişdi. Ermənistanda yaşayan azərbaycanlılara uydurma şablon ittiham sürülürdü: əhali arasında “antisovet təbliğatı aparmış", onları "Türkiyəyə və İrana qaçmağa təşviq etmiş", "Türkiyə və İran kəşfiyyatçıları ilə gizli əlaqə yaratmış", onlara "kəşfiyyat xarakterli məlumatlar vermişdir".
NKVD-nin yalançı şahidlərinin ifadələri əsasında, heç bir istintaq aparmadan və məhkəmənin hökmü olmadan minlərlə azərbaycanlılara "troyka"nın qərarı ilə sürgün edilməkdən tutmuş, güllələnmək kimi ən ağır cəzalar verilmişdir.
İ. Stalinin ölümündən sonra 30-cu illərdə repressiyalara məruz qalan azərbaycanlıların cinayət işləri-nə təzədən baxılmış və onlara qarşı sürülən ittihamlar əsassız olduğu üçün bir nəfər kimi hamısına bəraət vermişdilər.
1930-cu illərdə indiki Ermənistan ərazisində 50 minə yaxın azərbaycanlı repressiyaya məruz qoyularaq sürgün və yaxud həbs edilmiş, yaxud güllələnmiş, xeyli hissəsi İran və Türkiyəyə qaçmağa məcbur olmuşdu.
Ümumiyyətlə, XX əsrin 20-30-cu illərində indiki Ermənistan ərazisində azərbaycanlılara qarşı həyata keçirilən repressiyalara istər hüquqi-siyasi, istərsə də elmi-nəzəri nöqteyi-nəzərdən obyektiv qiymət verilməmişdir.
Nazim Mustafa,
tarix üzrə fəlsəfə doktoru
