Qərbi Azərbaycan

Tarixi-memarlıq abidələrinə qarşı vandalizm

Ermənilərin İrəvan ətrafında məskunlaşması 1441-ci ildə erməni katolikosluğunun iqamətgahının Kilikiyadan Valarşabad kəndindəki Üçmüəzzin (Üçkilsə) kilsəsinə köçürülməsindən sonra başlamışdır. 

İrəvan şəhəri bir mərkəz kimi, Çuxur-Səəd bəylərbəyiliyi və İrəvan xanlığı dövrlərində sosial-iqtisadi cəhətdən sürətlə inkişaf etmişdir. Zəngi çayı və Gedər çaylarının arasında yerləşən İrəvan şəhəri şimal-qərb və şimal-şərq tərəfdən dağlarla və təpələrlə, cənub və cənub-qərb tərəfdən isə əkinə yararlı rəvan vadi ilə əhatə olunmuşdu. İrəvan qalası Zəngi çayının sol sahilindəki sıldırımlı təpənin üzərində salınmışdı. 

Qaraqoyunluların hakimiyyəti dövründə İrəvanın daxil olduğu ərazi Səədli tayfasının başçıları tərəfindən idarə edilirdi və Çuxur Səəd əmirliyi adlanırdı. İrəvan şəhəri bir mərkəz kimi, Çuxur-Səəd bəylərbəyiliyi və İrəvan xanlığı dövrlərində sosial-iqtisadi cəhətdən sürətlə inkişaf etmişdir.

Qalanın üç qapısı var idi: cənubda Təbriz qapısı, şimalda Şirvan qapısı (yaxud Meydan qapısı) və Körpü qapısı. 1679-cu ildə Meydan qapısı ilə Köhnə şəhər arasında Zəngi çayının üzərində “Qırmızı körpü” adlanan körpü salınmışdı.

İrəvan şəhəri 4 massivdən ibarət olmuşdur: Qala (yaxud İçəri şəhər), Şəhri (yaxud Bayır şəhər), Təpəbaşı (hazırda Kond adlanır) və Dəmirbulaq (hazırda Karanki Tağ adlanır) massivləri. Qala ilə digər yaşayış massivləri arasında Bazar meydanı və bağlar mövcud idi. Şəhri məhəlləsi Qırxbulaq (yaxud Gedər) çayının sağ sahili ilə İrəvan qalasına kimi uzanırdı. Şəhərin mərkəzi bazarı və bütün meydanları, bir çox karvansaraları və hamamları bu hissədə yerləşirdi. Təpəbaşı məhəlləsi Zəngi çayı ilə Şəhri məhəlləsinin arasındakı təpəlikdə yerləşirdi. Təpəbaşı məhəlləsini Şəhri məhəlləsindən İrəvanın adlı-sanlı adamlarının çoxsaylı bağları ayırırdı. Hüseynqulu xana məxsus məşhur Xan bağı və Yay köşkü Zəngi çayının sağ sahilində yerləşirdi. Dəmirbulaq məhəlləsi Şəhri məhəlləsindən cənub-şərqdə, İrəvan qalasının şərqində yerləşirdi. 

1747-ci ildə Nadir şah Əfşarın öldürülməsindən sonra müstəqil xanlıqlar yaranmış və  İrəvan şəhəri eyniadlı xanlığın mərkəzi olmuşdur. 

XIX əsrin əvvəllərində İrəvanda 7 karvansara mövcud olmuşdur. Culfa, Gürcü, Zərrabi xan (Sərrafxana), Tahir, Sulu, Susuz, Hacı Əli karvansaralarında üst-üstə 851 köşk mövcud olmuşdur. 

Şəhərin mərkəzi hissəsində Böyük Meydan adlanan 400mX400 m ölçüdə meydan yerləşirdi. Digər meydanlar Xan bağı, Zal xan, Hüseynəli xan, Fəhlə bazarı meydanı adlanırdı. Pənah xan Makinskinin imarətinin yerləşdiyi ərazi isə son vaxtlaradək Pənah xan meydanı və yaxud Pənah xan bulvarı adlanırdı. Hazırda Saxarov meydanı adlanır. 

İrəvanda Şərq memarlıq üslubunda 8 hamam – Şəhər, Zal xan, Şeyxülislam, Mehdi bəy, Hacı Bəyim, Təpəbaşı, Hacı Əli, Hacı Fətəli, Kərim bəy hamamları mövcud idi. Hazırda İrəvanın mərkəzindəki “Respublika” meydanının yerləşdiyi yerdə vaxtilə mövcud olan Zal xan hamam kompleksində yeraltı çayxana ilə yanaşı, musiqili məclislərin keçirilməsi üçün xüsusi otaqlar ayrılmışdı. 

XIX əsrin sonu, XX əsrin əvvəllərində İrəvan şəhərində adları azərbaycanca səslənən onlarla küçə mövcud idi. Qədim İrəvanda bu küçələr məşhur idi: Şəriət, Karvansara, Qala, Sultan, Çölməkçi, Naxçıvan, Bazar, Daşlı, Paşa xan, Qəriblər ocağı, Dəyirmanlı, Məscid, Fəhlə bazarı, Təpəbaşı, Qəbiristan, Naib, Mir Cəfər, Rüstəm xan, İmamrə, Korbulaq, Bəy, Kətan, Dükanlı, Sallaxlar və s.

Bağlar diyarı İrəvanda və onun ətrafında 1473 bağ mövcud olmuşdur ki, onlardan 772-si şəhərin içərisində idi. Sərdar bağı, Dəlmə, Abbasdərəsi, Abuhəyat, Keşağlı, Qızılqala, Dərə bağı, Səvzikəri, Xosrovabad, Söyüdlü, Qul dərəsi, Kənkan, Kərpicxana bağlarının ad-sanı İrəvandan çox-çox uzaqlara yayılmışdı. İrəvan bağlarının bəzi məhsulları qurudulmuş şəkildə Avropaya ixrac edilirdi. 

Tarixi ədəbiyyatda İrəvan şəhərində 15-ə yaxın məscidin və iki erməni kilsəsinin adları keçir. Göy məscid (yaxud Hüseynəli xan), Təpəbaşı, Zal xan (yaxud Şəhər), Sərtib xan, Hacı Novruzəli bəy, Qala məscidi (Sərdar, yaxud Abbas Mirzə), Dəmirbulaq, Hacı Cəfər bəy, Rəcəb paşa, Məhəmməd Sərtib xan, Hacı İnam məscidlərinin minarələri uzaqdan İrəvanın müsəlman şəhəri olmasını nişan verirdi. 1902-ci ildə İrəvan quberniyasının statistika komitəsinin İrəvandakı “Edelson” mətbəəsində “İrəvan quberniyasının 1902-ci il üçün yaddaş kitabçası” çap edilmişdir. Həmin kitabında göstərilir ki, İrəvan quberniyasında 310 məscid mövcuddur ki, onlardan 7-si İrəvan şəhərindədir.

İrəvan yaxınlığındakı Cəfərabad kəndindəki Əmir Səəd məqbərəsi Qarqoyunlu əmirlərindən olan Əmir Səədin oğlu Pir Hüseyn tərəfindən 1413-cü ildə inşa etdirilmişdir. 2001-ci ilin sonunda Türkmənistanın Ermənistandakı səfirliyinin vəsaiti hesabına Əmir Səəd məqbərəsinin ətrafında abadlıq işləri aparılmışdır. Əmir Səəd məqbərəsi hazırda “türkmən əmirləri ailəsinə məxsus mavzoley” adı altında Ermənistanda qorunan tarixi abidələr siyahısına daxil edilmişdir.

Avropadan və Rusiyadan gələn səyyah və tədqiqatçılardan Jan Tavernye, Jan Şardən, Ceyms Morier, İvan Şopen, Dübua da Monpere, qrafinya Praskovya Uvarova, Henri Linç, akademik Nikolay Marr və başqaları müxtəlif vaxtlarda İrəvanda olmuş, Xan sarayını, onun Güzgülü salonunu, Yay köşkünü, qaladakı və şəhərdəki məscidləri, karvansaraları, hovuz və hamamları öz əsərlərində təsvir etmişlər.

Şərqin nadir memarlıq incilərindən hesab edilən Xan sarayı, yaxud Sərdar sarayı İrəvan sərdarı Əmirqunə xan Qacar (1605-1625) tərəfindən ucaldılmış, 1760-1770-ci illərdə İrəvan xanı Hüseynəli xan (1762-1783) tərəfindən təkmilləşdirilmişdi. 1791-ci ildə Hüseynəli xanın oğlu Məhəmməd xan (1784-1805) sarayın Şüşəbənd adı ilə də tanınan Güzgülu salonu və Yay imarətini inşa etdirmişdi. Sərdar sarayı 1914-cü ildə dağıdılmışdır və Mirzə Qədim İrəvaninin XIX əsrin ikinci yarısında sarayın divarlarında 2x1 m ölçüdə çəkdiyi portretlər divardan qopardılaraq Tiflisdəki Hərb-Tarix muzeyinə təhvil verilmişdir.

1865-ci ildə İrəvan qalasının ərazisinin bir hissəsini Nerses Tahiryan adlı tacir satın alaraq orada şərab zavodu (indiki Konyak zavodu) inşa etdirmişdir.

Tanınmış rus arxeoloqu qrafinya Praskofya Uvarova 1880-ci ildə İrəvan şəhərində olmuş, Xan sarayının yaxınlığında yerləşən Sərdar məscidini Vereşşaginin fırçasından çıxan tabloya bənzətmişdi.

1918-ci il mayın 28-də Azərbaycan Milli Şurası 29 may tarixli qərarı ilə Dağlıq Qarabağa ərazi iddiası sürməmək şərti ilə İrəvan şəhərini paytaxt kimi ermənilərə güzəştə getmişdir. 

Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra məscidlər bir-birinin ardınca erməni vandalları tərəfindən dağıdılmış və yaxud təyinatı dəyişdirilmişdir. Cənubi Qafqazın ən böyük məscidi olan Göy məsciddə İrəvan şəhərinin tarix muzeyi yerləşdirilmiş, Zal xan məscidi rəssamların sərgi salonuna çevrilmişdi. Yalnız Dəmirbulaq məscidi 1988-ci ilədək öz məqsədinə xidmət edirdi, 1990-cı ildə həmin məscid də yer üzündən silinmiş, onun yerində hündürmərtəbəli bina ücaldılmışdır.

1995-ci ildə İranla Ermənistan arasında imzalanan müqaviləyə əsasən İran hökuməti Göy məscidin yenidən qurulması xərclərini öz üzərinə götürdü. Rekonstruksiya işləri İranın “Bünyad-e Müstəzəfan və Canbazan” (Müharibə veteranları və şəhidlər”) xeyriyyə fonduna həvalə edildi. Məsciddə tamamlama işləri 2006-cı ildə başa çatdırılmışdır. Rekonstruksiya işləri məscid kompleksinin yalnız cənub-qərb və şimal hissəsində aparılmışdır. Göy məscidin 24 metrlik minarəsi, 28 köşkü (hücrə), kitabxanası, böyük zalı, günbəzi və həyəti rekonstruksiya edilmişdir. Hazırda Ermənistan rəsmiləri Göy məscidi xaricdən gələn qonaqlara “Fars məscidi” kimi təqdim edirlər.

1924-cü ildə Aleksandr Tamanyanın layihəsi əsasında həyata keçirilən İrəvan şəhərinin rekonstruksiyası, əslində azərbaycanlıların izini silməyə xidmət edirdi. Bunun nəticəsidir ki, İrəvan şəhərində Göy məsciddən savayı, yaşı 250 ildən yuxarı bircə dənə də olsun tarixi-memarlıq abidəsi qalmamışdır. 

Bu gün müasir İrəvan şəhərində azərbaycanlıların izini qoruyub saxlayan yeganə ərazi Təpəbaşı məhəlləsidir. Bu məhəllədə azərbaycanlıların izləri Hacı İmamverdi məscidində, Abbasqulu xan İrəvanskinin mülkündə, Axund məhəlləsində, Şexülislam, Əsəd bəy, İmarət,  Adalyar və Daşlı küçələrində bu gün də yaşayır. Hazırda Ermənistan hökuməti tarixi Təpəbaşı məhəlləsinin tamamilə sökülərək yerində müasir tipli binalar inşa etməklə izimizi tamamilə silmək istəyir. 

İndiki Ermənistan ərazisində azərbaycanlılara məxsus tarix-memarlıq abidələrinin qəsdən dağıdılması, onların mənsubiyyətinin dəyişdirilməsi və yaxud özününkiləşdirilməsi beynəlxalq humanitar hüququn, xüsusən də 1949-cu il Cenevrə Konvensiyalarının, UNESCO-nun 1954 və 1970-ci il Konvensiyalarının kobud şəkildə pozulmasıdır. 

Təəssüf ki, Ermənistan dövləti cəzasızlıq mühitindən istifadə edərək azərbaycanlıların maddi-mədəni irsini barbarcasına dağıtmaq siyasətini davam etdirir. 

Azərbaycanlılara qarşı törədilən 1905-1906-cı illər kütləvi qırğınalrı, 1918-1920-ci illər soyqırımı, 1948-1953-cü illər və 1988-1989-cu illər deportasityaları İrəvan şəhərinin azərbaycanlı simasını ermənilərin xeyrinə tamamilə dəyişdirdi. İrəvan şəhərindən azərbaycanlıların maddi-mədəniyyət izlərini silən, ardınca azərbaycanlı etnik kimliyini yox edərək monoetnik erməni şəhəri yaratmağa nail olan ermənilər indi də tarix kitablarından, dərsliklərdən azərbaycanlıların izini silməyə çalışırlar. 

Ermənilərin mövqeyi belədir ki, İrəvan ərazisində mövcud olan və bu günədək gəlib çatan azərbaycanlılara məxsus abidələr tarixi saxtalaşdırmaq yolu ilə qoy “fars”, “türkmən”, “monqol” abidəsi adlandırılsın, bununla da həmin abidələrin əsl sahiblərinin kimlər olduğu ört-basdır edilsin.

 

Nazim Mustafa,

tarix üzrə fəlsəfə doktoru