Qərbi Azərbaycan

1905-1906-cı illər kütləvi qırğınları

XX əsrin əvvəllərində Cənubi Qafqazda, xüsusən də indiki Ermənistan ərazisində Azərbaycan türklərinə qarşı törədilən qırğınların ssenarisi ermənilərin XIX əsrin sonunda Şərqi Anadoluda əldə etdikləri təcrübəyə əsaslanırdı. 1877-1878-ci illər Rusiya-Türkiyə müharibəsindən sonra Avropa dövlətlərinin səyləri nəticəsində gündəliyə çıxarılan «Erməni məsələsi» sonralar Şərqi Anadoluda ermənilər üçün muxtariyyət əldə etmək və müstəqil Ermənistan dövləti qurmaq üçün bir vasitəyə çevrilmişdi. Bu muxtariyyətin əldə edilməsi üçün əvvəlcə Şərqi Anadolu vilayətlərində, yəni ermənilərin “Qərbi Ermənistan” adlandırdıqları vilayətlərdə ermənilərin say üstünlüyünə nail olmaq lazım gəlirdi. Lakin Şərqi Anadolu vilayətlərinin heç birində ermənilər say etibarı ilə üstünlük təşkil etmirdilər. 

Həmin illərdə İngiltərə və Fransanın yardımı ilə Türkiyədə erməni üsyanı təbliğatı aparılırdı. Bu işə rəhbərliyi “Armenakan”, “Hnçak” və “Daşnaksutyun” partiyaları öz üzərlərinə götürmüşdülər. Ermənilər kütləvi iğtişaşlar törətmək məqsədilə türklərə və kürdlərə hücumlar edirdilər ki, qırğınlar baş versin və sonradan da Avropanın kütləvi informasiya vasitələri ilə türklərin erməniləri qırğınlara məruz qoyduqlarını dünyaya car çəkə bilsinlər.

Ermənilərin Türkiyədə 1894-1896-cı illərdə törətdikləri iğtişaşlar yatırıldıqdan sonra həmin iğtişaşların iştirakçılarının əksəriyyəti Cənubi Qafqaza axışmışdı. Rus müəllifi N.Şavrovun yazdığına görə, 1896-cı ildə Cənubi Qafqazda 900000, 1908-ci ildə 1301000 erməni yaşamışdır. Deməli, təkcə bu dövrdə Cənubi Qafqaza 400000 erməni gəlib yerləşmişdi. Həmin dövrdə Cənubi Qafqazda törədilən cinayətlərin 80 faizi Türkiyədən gəlmiş ermənilərin və muzdlu qatillərin payına düşürdü. 

XX əsrin əvvəllərində Qafqazda mövcud olan 54 qəzadan yalnız beşində ermənilər çoxluq təşkil edirdilər. İrəvan quberniyasındakı 7 qəzadan 3-də, Yelizavetpol quberniyasındakı 8 qəzadan yalnız 1-də ermənilər çoxluq təşkil edirdilər. 1905-1906-cı illər qırğınları ərəfəsində İrəvan quberniyasında mövcud olan 1301 yaşayış məntəqəsindən 959-da azərbaycanlılar, 342-də ermənilər məskunlaşmışdılar. Yelizavetpol quberniyasının Zəngəzur qəzasında mövcud olan 406 kənddən 314-də müsəlmanlar, yerdə qalan 92 kənddə ermənilər yaşayırdılar. 

1905-ci ildə Rusiyada iğtişaşların baş verməsi, çarizmə qarşı narazılıq dalğasının güclənməsi Cənubi Qafqazda da güclü əks-səda doğururdu. Bu qarışıqlıqdan ermənilər məharətlə istifadə etmişdilər. Qafqaz Canişinliyinin yüksək rütbəli erməni və ermənipərəst məmurları vasitəsilə silahlandırılan erməni dəstələri 1905-ci ildə Cənubi Qafqazda azərbaycanlıların kompakt yaşadıqları ərazilərə silahlı hücumlar edib etnik təmizləmə həyata keçirməklə, həmin ərazilərdə Türkiyədən qaçıb gələn erməniləri məkunlaşdırmaqla özlərinin say üstünlüyünə nail olmaq, sonra isə yeni yaranan erməni anklavlarını birləşdirməklə, erməni dövlətinin əsasını qoymaq istəyirdilər.

1905-ci il fevralın 6-da Sabunçu qəsəbəsinin sakini Ağarza Babayevin Bakının mərkəzində öldürülməsi ilə şəhərdə və ətraf qəsəbələrdə ilk qırğınlar başlamışdır. Ermənilərin evlərinin damından, pəncərələrindən küçədən keçən azərbaycanlılar gülləbaran edilirdi. Evlər, mağazalar qarət edilir və yandırılırdı. Bakıdakı bir çox fabriklər və müəssisələr yandırılıb dağıdıldı.. 

Bakıda baş verən ilk qırğınlardan sonra ermənilər qanlı əməllərini İrəvanda davam etdirmişdilər. Erməni siyasi partiyalarının əsas məqsədi 1905-1906-cı illərdə kütləvi qırğınlar törətmək yolu ilə əvvəlcə İrəvan quberniyasına yiyələnmək, sona isə Zəngəzur-Qarabağ və Qazax-Tovuz istiqamətlərindən hücum edərək bu iki istiqamət arasında qalan azərbaycanlı kəndlərini ələ keçirərək Gəncədə birləşməkdən ibarət idi. 

1905-ci il fevralın 20-də səhər ermənilər şayiə yayırlar ki, guya İrəvan şəhərindəki Bazar meydanında azərbaycanlılar erməniləri doğrayırlar. Şəhərdə böyük çaxnaşma yaranır. İğtişaşlar iki gün davam edir. Qırğınlar hər iki tərəfdən 100-ə yaxın ölü və yaralının olması ilə nəticələnir. 

1905-ci il mayın 5-də Naxçıvan qəzasının Cəhri kəndində üç nəfər müsəlmanın ağır yaralanması və mayın 7-də bir nəfər müsəlmanın Tumbul kəndində öldürülməsi ilə yenidən qızışmışdı. Ermənilər mayın 10-12-də Naxçıvan şəhərində iğtişaşlar törədirlər. Erməni silahlıları Naxçıvan bazarında müsəlmanları gülləbaran etməyə başlayırlar. Şəhərin bütün küçələrində tüfəng və tapançalardan atəş açılır. Öldürülən, yandırılan və yaralananların sayı 100-ü ötür. İğtişaşlar ətraf kəndlərə də yayılır. Lakin ermənilər Naxçıvanda məqsədlərinə çata bilmirlər. 

Ermənilər Naxçıvan məğlubiyyətindən sonra iğtişaşları yenidən İrəvanda davam etdirmişdilər. Mayın 23-də ermənilərin Qarsaçay bağçasında müsəlman gənclərinə hücumu ilə İrəvanda növbəti qırğınlar başlanır. Mayın 31-də İrəvanda qırğınlar dayandırılsa da, ermənilər ətraf müsəlman kəndlərinə hücum etməyi qərara alırlar. Elə həmin axşam ermənilər İrəvan qəzasının Qırxbulaq mahalının Gözəcik kəndinə hücum edirlər. İyunun 2-də 10 min nəfərlik erməni alayı Məngüs kəndinə hücum edir. Dağıdılmış 12 müsəlman kəndinin əhalisi Təzəkəndə qaçır. Ermənilər iyunun 3-də Güllücə kəndinə hücum edirlər. Silahsız əhali Tutiyə, Damagirməz, Kamal kəndlərinə qaçır. Qırğınlar 18 gün davam edir. Nəhayət, ermənilər Gözəcik, Güllücə, Məngüs, Damagirməz, Tutiyə, Kamal və Məsimli kəndlərinı darmadağın edir, əmlaklarını talan edirlər ki, bir də azərbaycanlılar geri qayıda bilməsinlər. 

İyunun 3-də Abaran, Şörəyel, Pəmbək və Aleksandropoldan gələn silahlı dəstələrin köməyi ilə ermənilər Eçmiədzin (Üçkilsə) qəzasının Üşü kəndinə hücum edir, iyunun 8-də müsəlmanlar kəndi tərk edirlər. İyunun 9-da ermənilər Pərsi, Nəzrəvan, Kiçikkənd, Kötüklü, Qoşabulaq, İrku, Əngirsək, Təkiyə kəndlərini dağıdırlar. İyunun 10-da ermənilər Eçmiədzində 10 kəndi dağıdırlar. 

1905-1906-cı illərdə İrəvan şəhərində ermənilər 5 dəfə kütləvi qırğınlar törətmişlər. Birinci qırğınlar 20-21 fevral 1905-ci ildə, 2-ci qırğınlar 23-26 may 1905-ci ildə, 3-cü qırğınlar 18 sentyabr 1905-ci ildə, 4-cü qırğınlar 27 may 1906-cı ildə, 5-ci qırğınlar 8-9 iyun 1906-cı ildə törədilmişdi.

1897-ci ildə İrəvan quberniyasında 313.176 nəfər azərbaycanlı əhali qeydə alındığı halda, 10 ildən sonra – yəni 1907-ci ildə 302.965 nəfər qeydə alınmışdı. Deməli, 1905-ci və 1906-cı illərdə İrəvan quberniyasında əhalinin 10 illik təbii artımından əlavə, 10 min nəfərdən artıq azərbaycanlı ya qətlə yetirilmiş, ya da İrəvan quberniyasından didərgin düşmüşdü. 

1905-1906-cı illər qırğınları istər İrəvan şəhərindən, istərsə də İrəvan quberniyasının qırğınlar törədilən digər ərazilərindən imkanlı azərbaycanlı ailələrinin köç etmələrinə səbəb olmuşdu. Ermənilərin təzyiqlərinə tab gətirməyən azərbaycanlı ailələrinin əksəriyyəti Bakı və Yelizavetpol quberniyalarına, az bir qismi isə İran və Türkiyəyə köçməyə məcbur olmuşdular.

Zəngəzur qəzasında ilk qırğınları ermənilər 1905-ci ilin iyun ayında Naxçıvan qəzası ilə həmsərhəd olan iki kənddə törətmişdilər. 

1905-ci il sentyabrın 22-də Xoznavar və Xnaçax erməniləri ətraf kəndlərdən gələn silahlı dəstələrin köməyi ilə azərbaycanlı kəndlərinə hücum edərək Bayandur, Hələk, Kosalar, Malıbəyli, Cağacur, Çaylı, Kalavalax, Novruzlu kəndlərini dağırdılar. Birinci üç kənd isə tamamilə qarət edilir. 

1905-ci ilin oktyabrında Zəngəzur qəzasının 10 erməni kəndinin silahlıları qəzanın azərbaycanlılar yaşayan Sisyan kəndinə hücum etmiş, 75 nəfər öldürülmüş və yaralanmışdılar.

1905-ci il dekabrın 29-da Tatev erməniləri azərbaycanlıların yaşadıqları Kürdlər adlanan kəndə hücum etmiş, lakin azərbaycanlılar müqavimət göstərə bilməmiş, çoxsaylı itki verərək kəndi tərk etmək məcburiyyətində qalmışdılar. Kənd talan edilmiş, sonra isə yandırılaraq xarabalığa çevrilmişdi. 

1906-cı ilin fevral ayında Tiflisdə Qafqazın canişini Voronsov-Daşkovun təşəbbüsü ilə erməni-müsəlman qırğınlarına son qoymaq məqsədilə sülh konfransı (məclisi) keçirilmişdir. Həmin konfransda müsəlman nümayəndələri Əhməd bəy Ağayev, Əlimərdan bəy Topçubaşov, Ədil xan Ziyadxanov və başqaları "Daşnaksutyun" partiyasının niyyətlərini ifşa etmiş, onun Cənubi Qafqazda törədilən qırğınların, terrorçuluğun təşkilatçısı və icraçısı olduğunu göstərmiş, rəsmi hökumət dairələrinin bu təşkilatın əməllərinə göz yumduğunu sübuta yetirmişdilər. 

Lakin sülh konfransının keçirilməsindən bir qədər sonra erməni silahlı dəstələri yenidən qırğınlara başlamışdılar. İrəvandan Zəngəzura, Zəngəzurdan Qarabağa qədər ərazidə erməni əhalisinin sayı olduqca az olduğu üçün erməni silahlı dəstələrinə yol üstündə yerləşən müsəlman kəndlərinə hücum etmək əmri verilmişdi. 1906-cı il iyulun 29-da "Daşnaksutyun" partiyasının göstərişi ilə ermənilər Zəngəzur qəzasının Mədən bazarında Səfyar bəyi qətlə yetirir, sonra isə Karxana kəndinə hücum edirlər. Ermənilər bu kənddə heç kəsə aman vermir, kəndin bütün əhalisini öldürür və ya əsir götürürlər. Elə həmin gün ermənilər Lov, Xələc, Saldaşlı, İncəvar, Daşnov kəndlərini viran qoyurlar. Avqustun 1-də ermənilər Qatar kəndinə hücum edirlər. 9 gün qatarlılar kəndi müdafiə edirlər.1906-cı ilin avqust-sentyabr aylarında erməni silahlı dəstələri qırğınların ağırlıq mərkəzini Zəngəzurun Oxçu-Şəbədək bölgəsinə keçirirlər. Ermənilər qırğınlardan canını qurtaran azərbaycanlıların cəmləşdiyi Saqqarsu kəndində əsl soyqırım törədirlər. Zəngəzurda ermənilərin törətdikləri qırğınlara son qoyulması üçün Ordubad nahiyəsində yaradılan könüllü dəstələr hərəkətə keçirlər. 800 nəfərə yaxın Ordubadlı könüllülərin də köməyi və 1000 nəfərə yaxın Oxçu-Şəbədək silahlılarının iştirakı ilə sentyabrın 16-17-də Oxçu-Şəbədək kəndləri ermənilərin işğalından azad edilir. Bundan sonra sağ qalan əhalinin yenidən öz kəndlərinə qaytarılması prosesi başlanır. Erməni müəllifi A-Do dağıntılara məruz qoyulan 43 azərbaycanlı kəndlərinin adlarını aşağıdakı kimi təsbit etmişdir: Bayandur, Hələk, Binəyeri, Kosalar, Malıbəyli, Cağazur, Çaylı, Kalavalax, Novruzlu, Cecimli, Hacılar, Bağırbəyli, Qarahunc, Unanav, Kürdlər, Ağvani, Danzaver (Armuldlu), Sisyan, Ağudi, Dərəbas, Pul, Ərikli, Şükar, Məliklər, Yeməzli, Xəştap, Almalı, Karxana, Qatar, Cibili, Xələc, Keçi-Şabadin, İncəvar, Çullu, Oxçu, Atqız, Pirdavudan, Əclıli, Buğaçıq, Kollu-Qışlaq, Mtnadzor, Sanalı.

Azərbaycanlıların təşkilatlanması, 1906-cı ilin payızında “Difai” partiyasının formalaşaraq ermənilərin terroruna terrorla cavab verməsi erməniləri qırğınlar törətməkdən əl çəkməyə məcbur etmişdi.

Ümumiyyətlə, ermənilər 1905-1906-cı illərdə Cənubi Qafqazın 15 qəzasında - İrəvan, Naxçıvan, Şərur-Dərələyəz, Novo-Bəyazid, Eçmiədzin, Aleksandropol, Sürməli, Şuşa, Cavanşir, Cəbrayıl, Zəngəzur, Gəncə, Qazax, Ərəş, Borçalı qəzalarında və 8 şəhərində - Bakı, İrəvan, Naxçıvan, Gümrü, Gəncə, Şuşa, Qazax və Tiflis şəhərlərində qırğınlar törətmişlər.

1905-1906-cı illərdə Cənubi Qafqazda 1,5 milyon əhalinin yaşadığı ərazini əhatə edən milli münaqişələr zonasında təqribən 100 min nəfər qəzalardakı, bir neçə min nəfər şəhərlərdəki ev-eşiklərindən didərgin düşmüş, insan itkisi 10 min nəfərdən artıq olmuşdu. Ümumiyyətlə, İrəvan və Yelizavetpol (Gəncə) quberniyaları ərazisində 200-dən artıq azərbaycanlı yaşayış məntəqəsi viran edilmiş, əhalisi etnik təmizlənməyə və kütləvi qırğınlara məruz qoyulmuşdur. 

Ermənilərin 1905-1906-cı illərdə törətdikləri kütləvi qırğınlar XX əsrdə soydaşlarımızın məruz qoyulduqları soyqırımları və deportasiyalar silsiləsinin ilk mərhələsidir.

 

Nazim Mustafa, 

tarix üzrə fəlsəfə doktoru