Qərbi Azərbaycan

Zəngəzur məsələsi: dünənin və bu günün prizması

Xalq qəzeti. - 2021.- 25 aprel. - № 86. - S. 3.

 

Zəngəzur məsələsi: dünənin və bu günün prizması

 

Anar Turan

 

Qırx dörd günlük Vətən müharibəsi təkcə Ermənistan ordusunun pərən-pərən salınması, ağır məğlubiyyəti və torpaqlarımızdan qovulması ilə nəticələnmədi, eyni zamanda, XX əsrin ilk onilliklərində Ermənistana güzəştə gedilmiş, daha doğrusu, bolşeviklər tərəfindən əlimizdən alınmış Zəngəzur məsələsini də gündəmə gətirdi. Heç vaxt Qarabağla bağlı danışıqlar masasında olmayan Zəngəzur dəhlizi məsələsi 2020-ci ilin 10 noyabr razılaşmasının bəndlərindən birinə çevrildi. İndi Qarabağda möhkəmlənməyimizlə yanaşı, Zəngəzur dəhlizinin açılması, Naxçıvanla birbaşa əlaqəmizin yaranması, Türk dünyasının quru sərhədlərinin birləşməsi siyasi gündəliyin əsas motividir.

Son vaxtlarda demək olar ki, bütün çıxışlarında Zəngəzur məsələsinə toxunan dövlət başçısı bununla bağlı fikirlərini aydın şəkildə bildirir: “...Zəngəzur 1920-ci ildə, 101 il bundan öncə Ermənistana verilib. Ondan əvvəl bu ərazi bizə məxsus idi...” Bu fikrin altında çox mətləblər dayana bilər, lakin gün kimi aydın olan bir məsələ ortadadır. Ermənilərin Sünik dediyi ( Sünik alban knyazlı­ğı olub- A. T.) Zəngəzur bölgəsinin tarixi torpaqlarımızın bir hissəsi kimi vurğulanması ilk dəfə siyasi müstəviyə qaldırılıb və birinci rəsmi şəxs tərəfindən qətiyyətlə ifadə edilir. Bu isə ölkəmizin əzəli bir parçası olan torpaqlara qayıdı­şımızın başlanğıcı kimi qəbul olun­malıdır. Bəs Zəngəzur nə zaman ermənilərə verildi? Necə oldu ki, Azərbaycanla Naxçıvanın birbaşa əlaqəsi kəsildi? Ümumiyyətlə, bu bölgə haraları əhatə edir?

 

Zəngəzurun Ermənistana “bağışlanması”

 

Azərbaycan Xalq Cümhuriyyəti dövründə Zəngəzur məsələsi həll edilməyə çox yaxın idi. Belə ki, Cavad bəy Şıxlinskinin koman­danlığı altında Milli Ordumuz “Zəngəzur ekspedisiyası” adlı hərbi əməliyyat həyata keçirərək, bu bölgənin bir sıra hissələrini daşnaklardan təmizlədi. Doğrudur, hava şəraitinin çətinləşməsi, rel­yefin dağlıq olması, o cümlədən, Bakıda hökumət böhranının sürətlənməsi, eləcə də, bolşe­vik işğalı əməliyyatın tam icra olunmasına əngəl olsa da, bu məsələdə dövlətimiz prinsipial addım atmağı bacardı və bu­nunla bir növ Zəngəzurdan vaz keçməyəcəyi ilə bağlı qəti iradə göstərdi.

1920-ci ilin 28 aprelində Xalq Cümhuriyyəti devrildikdən son­ra bölgədə daşnakların fəallığı yenidən artdı və Zəngəzur Azərbaycan və Ermənistan bolşeviklərinin həllivacib məsələlərindən birinə çevril­di. Azərbaycan SSR hökuməti (Müvəqqəti İnqilab Komitəsi) 1920-ci il 30 aprel tarixli nota­sında Ermənistandan Zəngəzur və Qarabağı öz qoşunlarından təmizləməsini tələb etdi. Həmin vaxt hakimiyyətdə hələ də daşnak­lar olduğu üçün bu proses, təbii ki, yubadılırdı.

1920-ci il noyabrın 4-də Azərbaycan K(b)P MK Siyasi Bürosunun və RK(b)P Qafqaz bürosunun üzvlərinin birgə icla­sında (protokol №4, 2-ci bənd) “Ermənistanda vəziyyət haqqın­da Leqran yoldaşın məruzəsi” müzakirə edildi.

Bu barədə professor Musa Qasımlı yazır: “İclasın sədri Q.Kaminski, katibi isə Lozner idi. İclasda Nərimanov, Hüseynov, Yeqorov, Stalin, Orconikdze, Sta­sova, Şeynman, Leqran, Qabriel­yan və Qarayev iştirak edirdilər. Məruzə ilə Leqran çıxış etdi. Məxfi qərarlar qəbul edildi. Ermənistan ilə Rusiya arasında imzalanacaq sülh müqaviləsində Zəngəzurun Ermənistana verilməsinin əks olunmasına dair məsələ barədə siyasi büro üzvləri belə bir fikir söylədilər ki, bu, siyasi və strateji baxımdan faydalı deyildir və yalnız ən çıxılmaz halda edilə bilər. Yəni Azərbaycana məxsus olan bir ərazini onun iştirakı olmadan Rusi­yanın müqavilə ilə Ermənistana verməsi düzgün hesab edilmədi. Bu zaman Ermənistan hələ sovetləşdirilməmişdi. Müvafiq təklifin Azərbaycandan gəlməsi daha uyğun görüldü. Siyasi Büronun Naxçıvan və Zəngəzur haqqında fikrinin motivlərini tərtib etmək Nərimanova tapşırıldı...

Əlbəttə, eyni zamanda, Çiçeri­nin Nərimanova hədələyici tonda göndərdiyi məktublarda Zəngəzur və Qarabağın Azərbaycanın tərkibində saxlanılması cəhdlərinə ciddi etiraz edilir və bu bölgənin sovetləşməsinin sürətlənməsinin əleyhinə olduğu bildirilirdi.

Zəngəzurun Ermənistana verilməsi 1920-ci il noyabrın 30-da keçirilən Azərbaycan KP MK Siyasi və Təşkilat büroları­nın birgə iclasının qəbul etdiyi qərarla həll olundu. Qərarda Zəngəzur bölgəsinin 2 yerə: Qərbi və və Şərqi Zəngəzur qəzasına bölünməsi təklif edildi. Qərardan sonra Zəngəzur qəzasının 6,742 kvadrat verstlik ərazisindən 3,105 kvadrat versti Azərbaycan SSR tərkibində qalsa da, 3.637 kvad­rat verstlik hissəsi Ermənistana verilmiş oldu.

Moskvanın təzyiqi ilə tapşırığı yerinə yetirməyə məcbur olan N. Nərimanov Bakı Sovetinin 1920-ci il dekabrın 1-də Dövlət Teatrında keçirilən təntənəli icla­sında etdiyi nitqində Zəngəzurun Ermənistana güzəştə gedildiyi­ni bildirdi. Bəyanatda yazılırdı: “Sovet Azərbaycanı Ermənistan və Zəngəzurda ən yaxşı yoldaşla­rımızın – kommunistlərin günahsız qanını tökmüş və tökən daşnak­ların hakimiyyətinə qarşı əməkçi erməni xalqının mübarizəsinə yardım göstərərək elan edir ki, bundan sonra heç bir ərazi məsələsi əsrlərdən bəri qonşu olan iki xalqın: ermənilərin və müsəlmanların bir-birinin qanını tökməsi üçün səbəb ola bilməz; Zəngəzur... qəzalarının ərazisi sovet Ermənistanının bölünməz hissəsidir; ...Zəngəzurun hüdud­larında bütün hərbi əməliyyatlar dayandırılır; sovet Azərbaycanının qoşunları buradan çıxarılır”.

Qaynaqlar yazır ki, daşnak­ların “Aşxatavor” (“Zəhmətkeş”) qəzeti bəyanatın verilməsinə dair əmrin Moskvadan gəldiyini qeyd edirdi. Sovet mətbuat bürosunun müdiri Yerofeev N.Nərimanovun məlum bəyanatından bir neçə gün sonra, dekabrın 10-da G.Çiçerinə həmin qəzetdə dərc edilmiş bir yazı haqqında məlumat göndərdi. Qəzet yazırdı ki, Moskvadan göndərilən əmrə uyğun olaraq, Azərbaycanın Zəngəzurdan... imtina etməsini biz alqışlayırıq.

Beləcə, Zəngəzurun Ermənistana məcburi şəkildə də olsa güzəştə gedilməsi nəticəsində Azərbaycanın Nax­çıvanla quru əlaqəsi kəsildi. Bu, təkcə Azərbaycanın Naxçı­vanla deyil, həm də Türkiyənin Azərbaycan və digər türk ölkələri ilə də birbaşa əlaqəsinin kəsilməsi demək idi. Əlbəttə, N. Nərimanovun bəyanatından iki gün sonra, 1920-ci il de­kabrın 2-də imzalanan Rusi­ya – Ermənistan hərbi-siyasi müqaviləsində Zəngəzur qəzasının Ermənistanın tərkibinə keçdiyi mübahisəsiz fakt kimi tanı­nırdı. Həmin illərin qaynaqlarında əhali sayımına görə Zəngəzur qəzasında 123 095 nəfər müsəlman 99 257 nəfər erməni yaşayırdı. Əlbəttə, 1923-cü ildə Leninə göndərdiyi məktubunda Nərimanov öz səhvini etiraf edərək yazırdı: “Ermənistanın xeyrinə Azərbaycan hətta, öz ərazilərindən imtina etdi, halbuki, həmin vaxt siyasi mülahizələrə görə bunu etmək olmazdı.”

 

Zəngəzur hansı ərazilərdir?

 

Bu bölgə indiki Ermənistanın cənub hissəsini və Azərbaycan ərazilərinin kiçik bir hissəsini əhatə edən tarixi mahaldır. Hələ çar Rusiyası dönəmində Yeliza­vetpol quberniyasının tərkibində Zəngəzur qəzası adı ilə xəritələr, kameral təsvirlər mövcuddur. Ma­halın tərkibində indi Ermənistanın rayonları hesab edilən Qafan, Mehri, Qarakilsə (Sisian), Gorus və Azərbaycan ərazisində olan Zəngilan, Qubadlı və Laçını əhatə edir. 1993-cü ildən sonra tarixi ma­hal ərazisi tam olaraq ermənilərin əlinə keçsə də, ikinci Qarabağ müharibəsində bu rayonlarımızın geri qaytarılması ilə Zəngəzurun şərq hissəsi ana Vətənə qovuş­du. Heç də təsadüfi deyildir ki, Ali Baş Komandan, Prezident İlham Əliyev öz çıxışında Şərqi Zəngəzurun azad edildiyini bildir­di. Bu ifadə Zəngəzurun bir tam olduğunu və Şərq hissəsinin azad olunmasına baxmayaraq, Qərb hissəsinin hələ də Ermənistanda qalmasına eyhamdır.

Xatırlatmaq yerinə düşər ki, hələ bir neçə il öncə Prezident İlham Əliyev İstanbulda Türkdilli ölkələrin dövlət başçılarının X Zirvə toplantısındakı nitqində də Zəngəzur məsələsini gündəmə gətirmiş və qeyd etmişdi ki, vaxtilə türk dünyasının qədim və ayrılmaz hissəsi olan Zəngəzur bölgəsinin Azərbaycandan qoparılıb Ermənistana verilməsi nəticəsində türk dünyası arasında coğrafi bağlantı pozulub.

 

“Biz Zəngəzur dəhlizini icra edəcəyik”

 

Yüz bir ildən sonra ilk dəfədir ki, Zəngəzur məsələsi gündəmə gəlir. Bundan əvvəl danışıqlar gündəliyində olmayan bu ərazidən keçəcək dəhliz məsələsi 10 noyabr birgə bəyanatının əsas uğurlu tərəflərindən biridir. Bunu dövlət başçısı da bildirdi ki, müharibənin nəticələrindən biri də, əlbəttə ki, bu gün müzakirə mövzusu olan Zəngəzur dəhlizidir. Zəngəzur dəhlizi tarixi nailiyyətdir. Bəyanatda xüsusilə bu məsələnin əks olunması bizim, eyni zaman­da, böyük siyasi qələbəmizdir.

Şübhəsiz ki, bu erməni millətçiləri üçün bir nonses ola bilər, lakin bu günün reallığıdır. Bu dəhliz vasitəsilə Azərbaycan Naxçıvanla quru əlaqəsini bərpa edir, bu yoldan dəmir yolu çəkilir və beləliklə, Türk dünyasının siya­si və iqtisadi əlaqələri bütünləşir. Bu baxımdan, Zəngəzur dəhlizinin yaradılması zərurətdir və Azərbaycanın milli, tarixi və gələcək maraqlarına tam cavab verir. Dövlət başçısının 10 noyabr birgə bəyanatının şərtlərinə əməl etməyin vacibliyini Ermənistana xatırlatması və revanşist qüvvələrə xəbərdarlığı bu planın tezliklə icra olunacağına inamı ar­tırır. Bu günlərdə Hacıqabul rayo­nuna səfəri zamanı dəhliz barədə danışan Prezident qəti şəkilə bil­dirdi ki, biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik. Necə ki, mən müharibədən əvvəl və müharibə dövründə demişdim ki, bizim torpağımızdan öz xoşunuzla rədd olun, yoxsa sizi zorla çıxaracağıq. Belə də oldu. Zəngəzur dəhlizinin taleyi də eyni olacaq”.

Ölkə rəhbəri əlavə etdi ki, ha­zırda bizim əsas rəqibimiz zaman­dır. Çünki dəmir yolunun, avtomo­bil yolunun çəkilişi vaxt tələb edir. Ona görə bütün güclər səfərbər olunub ki, bu layihə icra edilsin. Beləliklə, Azərbaycan xalqı 101 il bundan əvvəl bizim əlimizdən alınmış Zəngəzura qayıdacaqdır.

Əlbəttə, dövlət başçısının çıxışındakı fikirlər onu deməyə əsas verir ki, əgər Ermənistan imza atdığı sənədə əməl etməsə, Azərbaycan heç nəyə baxma­yaraq, düşməni buna məcbur edəcək. Əgər ikinci münaqişə ocağı yaransa, bu məcburiyyətin içində Azərbaycan Ordusu­nun tarixi torpaqlarımız olan Zəngəzuru, bütövlükdə azad edilməsi məsələsini qaldırma­yacağını heç kim indidən deyə bilməz. Ermənistan da bunu bilməlidir ki, yeni münaqişə ocağı yaratmadan imza atdığı birgə bəyanatın reallaşmasından boyun qaçırmasın, bəndlərin icrasına maneçilik törətməsin. Əks halda, bunun cavabı ağır ola bilər. Bu baxımdan, hadisələrin gedişatı onu deməyə əsas verir ki, tarix təkrarlanır, lakin bu dəfə əks tərəfə qarşı. Ermənilərin 101 il bundan əvvəl zorla qopardıqları torpaq­larımıza qayıtmağımızın təməli artıq qoyulub. Bir vaxtlar xəyal kimi görünən, yozulan bu məsələ son 100 ildə heç bir vaxt bu qədər gerçəkləşməyə yaxın olmayıb.