Zəngəzur qəzasının soyqırım faciələri...
Bakı Xəbər. - 2021. - 1-3 may. - № 77. - S. 10.
Zəngəzur qəzasının soyqırım faciələri...
Qismət Yunusoğlu,
Bakı Dövlət Universitetinin müəllimi
Rusiyanın Sankt-Peterburq şəhərindən olan rejissor və telejurnalise Svetlana Kulçitskayanın Ermənistan Respublikasının İctimai Əlaqələr və İnformasiya Mərkəzinin sifarişinə əsasən (“Arsaxa humanitar yardım üzrə Sankt-Peterbuq Komitəsi” xətti ilə) ermənilərin işğal etdikləri Qarabağın dağlıq hissəsinin 1988-1994-cü il tarixi hadisələrinin “erməni yozumuna” həsr etdiyi sənədli “Qayıdış” (bundan əlavə o, “Yaşayın”, “Dincliyin dəyəri”, “Atəşdən sonra” sənədli kinolentləri çəkib) filmi 25 aprel 2019-cu ildə özünün iştirakı ilə Şuşa, Xankəndi və İrəvan şəhərlərində nümayiş etdirilib.
Tədbirdə çıxış edən hay-daşnak jurnalisti-yazıçısı Aşot Bəyləryan deyib:
-Biz dünya sivilizasiyasının yardımı ilə qalib gəldik, o cümlədən, rusiyalı ziyalı
dostlarımızın”.
Qərbi Azərbaycanın Zəngəzur qəzasının inzibati-ərazi vahidi kimi tərkibinə aid edilən Mehri, Qarakisə, Qafan, Gorus, Zəngilan, Laçın və Qubadlı nahiyələrinin əhalisinə qarşı hay kilsə və daşnak silahlı dəstələrinin hücumu 1918-ci ilin may ayından 1920-ci ilin aprelinədək xüsusi amansızlığı ilə əvvəlki dövrlərdən (1905-1916-cı illər ərzində) seçilib, nəticədə 50 minə yaxın (bu statistik rəqəm əslində daha çox olub) günahsız insan soyqırım faciəsini, qətliamını “yaşayıb”. Bu qanlı hücumlara başçılığı əsasən Gorus şəhərində yuva qurmuş hay-daşnak əsilli A.Ozanyan və Q.Njde, himayədarlığı isə çar və bolşevik Rusiyası edib. Belə ki, I Dünya müharibəsində (1914-1918-ci illərdə) çar Rusiyasının Osmanlı Türkiyəsinə qarşı döyüşən Qafqaz cəbhəsindəki ordusunun əsas hissəsini təşkil edən hayəsilli əsgər və zabit heyətinin Cənubi Azərbaycan, Naxçıvan, Zəngəzur və Qarabağ bölgələrində müsəlman-türk qövmünə yönəlik soyqırım qətliamlarında iştirakı barədə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsində (Fövqəladə Təhqiqat Komissiyasının sənədləri), Türkiyə Cumhuriyyətinin “Genelkurmay Askeri Tarih ve Stratejik Etüt Başkanlığı Arşivi”ndə, “Başbakanlık Osmanlı Arşivi”ndə, AFR-nın paytaxtı Berlin şəhərindəki “Almaniya Xarici İşlər Nazirliyinin Siyasi Arxivi”nin “Birinci Dünya Hərbi və İstiqlal Savaş Hərbi” fondlarında, Rusiya Dövlət Tarix Arxivində, Rusiya Xarici Siyasət Arxivində, Rusiya Dövlət Arxivi Fondunda... faktlarla sübut ediləcək kifayət qədər tutarlı məlumatlar öz əksini tapıb və beynəlxalq tədqiqini gözləməkdədir.
Tarixi arxiv məlumatlarından göründüyü kimi, hay kilsəsinin rəhbərliyi və təşkilatçılığı ilə nizami hay-daşnak ordusunun silah-sursat baxımından təchizatına hələ 1914-cü ilin əvvəlindən başlanıb. Həmin ilin ortalarında Rusiyanın Qafqaz Ordusunun komandanı, qraf İ.İ.Vorontsov-Daşkovun (1837-1916) köməkçisi general A.Z.Mışlaevski (1856-1920) ilə görüşən A.Ozanyan Osmanlı Türkiyəsinə qarşı “erməni fədailəri”ndən (bu ad altında xüsusi hay-daşnak quldur-terrorçu dəstələri yaradılmışdı) ibarət döyüşçülərin təşkil olunduğunu bildirib. Nəticədə bu dəstələrin sayını artırmaq və onların döyüş ləvazimatı, silah-sursatla təmin edilməsi razılığına gəlinib. General-leytnant L.M.Bolxovitinovun (1871-1924) Qafqaz Ordu təchizatı idarəsinin rəisinə göndərdiyi 5 oktyabr 1914-cü il tarixli məktubu əsasında ayrılmış 120 tüfəng və 20 min patron Tiflis şəhəri, Qriboyedov küçəsi 23 ünvanında yaşayan məhkəmə andlı iclasçısı Samson Stepanoviç Arutyunov vasitəsilə Eçmiəzdin kilsəsinə çatdırılıb. Daha sonra, həmin dövrdə əlavə olaraq Gümrü (Aleksandropol) qəzasının hay quldurları məskunlaşan 45 kəndinə 1200 “Berdana” sistemli tüfəng və 24 min patron da paylanıb.
Qarakisə nahiyəsinin (1930-cu ildən sonra Sisiyan rayonu adlanıb) Vağudi kəndinin (90-100 evli) sakinləri Abbasəli Allahverdi oğlu (1876-1956), Ağaxan Vəlinəvəsi (1873-1963) söhbətlərində bildiriblər ki, İrəvan istiqmətindən qonşu Darabas, Zor və Dığ kəndlərindən hay quldurları (quldurbaşı Stepan, Dro, Qəzəl başda olmaqla) müsəlman-türk kəndlərinə hücum edəndə (eləcə də “Qızıl qaya” istiqamətindən Vağudi kəndinə) istifadə etdikləri “Maksim” pulemyotlarının atəşini camaat ayırd edə bilmirdi tüfəng atəşindən, çünki bu silahın mövcudluğundan xəbərləri yox idi, elə biliblər ki, “camaatı nə iləsə qorxuzurlar.” Və yaxud, Ağadu kəndi yaxınlığındakı yüksəklikdə hündürlüyü 3 m-ə çatan daş qalağı ilə əhatələnmiş səngəri ələ keçirən hay quldurlarına qarşı kənd sakinlərinin həmlələri balta, dəryaz, oraq, hətta çomaqla olub. Belə ki, üç çoban əlindəki çomaqla gecə vaxtı həmin səngərə üç tərəfdən daxil olaraq silahlı hayları döydükdən sonra səngəri və silahları ələ keçirə bilmişlər. Digər bir quldur Stepan da bu kəndə hücum edəndə silahsız olan yerli müdafiəçilər kəndin girəcəyində pusqu quraraq alaqaranlıqda arxadan atının belinə atılaraq onun başını oraqla üzüb atmışlar. Bu müqavimətdən sonra hay quldurları 1918-1920-ci illərdə o ərazilərə bir daha gəlməyiblər.
Ondan sonra el arasında belə bir deyim tez-tez xatırlanırdı:
Hayın getdi, vayın qaldı, Stepan,
İstəkanda çayın qaldı, Stepan.
Ağadu kəndinin igidləri həm də qonşu kəndlərin müdafiəsində iştirak ediblər, onlar bəzən kəndlərini onlarla çiyin-çiyinə döyüşən qadınlarına etibar etmişlər:
- Qadınlarımız şişlə düşmənə qarşı döyüşə bilər, deyiblər.
Başqa azğınlaşmış quldur Qəzəli də bu kəndin yaxınlığındakı (2 km aralıda, Qarakisə nahiyəsinə sarı) yolun üstündə olan qayalıqda öldürmüşdülər və o yer “Qəzəlölən” adlanırdı.
Bu cür qanlı hücumlar qonşu Şam kəndində də (orada 25-30 ev olub) baş verdiyindən, qətliamdan qurtulan az sayda əhali yaxınlıqdakı Urud kəndində sığınacaq tapıb. Hətta onlardan Özbəkistana, Türkmənistana köçənlər də olmuşdu. Urud kəndinin şimalında (1,5-2 km aralıda) “Baydar başı” deyilən yerdə “Gavur damı” adlanan təbii səngər yeri vardı. İçəriyə bacadan düşmək olurdu, ətrafı sıldırım qayalıq idi. Həmin qadalı illərdə hay quldurları buranı ələ keçirsələr də, yerli özünümüdafiə qüvvələri yalın əllə döyüşərək qan bahasına oranı yağılardan azad edə bilmişlər.
Zəngəzur qəzasının faciəvi illərini yaşayan Qarakisə nahiyəsində daşnak hay kilsəsi və quldurlarının fəaliyyətini Urud kənd sakini Abbas Yusif oğlu (1882-1982) belə qiymətləndirib:
-Ruslar ermənilərə kömək etməsəydilər, biz qalib gələrdik.
1916-cı ildə Qafqaz Ordu komandanının Qərargah rəisi, general N.N.Yudeniçin (1862-1933) razılığı ilə hay silahlılarından ibarət atıcı batalyon yaradılaraq A.Ozanyanın rəhbərliyi ilə (onun dəstəsində yerli quldurlardan Tork və Canpoladyan xüsusi amansızlığı ilə seçilib Qərbi Azərbaycanın Zəngəzur qəzasının Gorus-Qafan nahiyələrində daha çox cəmləşdirilir. 1917-ci ilin sonlarında Qafqaz cəbhəsində hay quldurlarından ibarət 81-ci Abşeron piyada alayının komandanı təyin edilən general-mayor E.V.Lebedinski “könüllü erməni korpusu” adı altındakı bu qüvvələri general Foma Nəzərbəyovun (bu daşnak 1918-1920-ci illərdə qondarma “Ermənistan Respublikası Silahlı Qüvvələri”nin baş komandanı olub ixtiyarına verilib. Bu proses Ərzincan sülh müqaviləsi ( 5 dekabr 1917-ci ildə Osmanlı Türkiyəsi ilə Zaqafqaziya Komissarlığı arasında Ərzincan şəhərində bağlanmışdır) razılığı dövrünə təsadüf etdiyi üçün çar Rusiyasının Qafqaz cəbhəsindəki bütün hayəsilli-daşnak silahlı quldurlardan Qərbi Azərbaycanın yerli, kökənli əhalisinin zorla, ilk növbədə Naxçıvandan və Zəngəzurdan köçürülməsi, bu ərazilərdə Cənubi Azərbaycandan, Şərqi Anadoludan, İraqdan, Suriyadan, Livandan... hay ailələrinin yerləşdirilməsi, qətliam-soyqırım işkəncələri ilə müsəlman-türk əhalisinin sayının azaldılması (ərazilərin boşaldılması) və ümumilikdə Şərqi Azərbaycan ərazilərini kökənli müsəlman-türk əhalisini yox etmək üçün ardıcıl olaraq silahlı basqınların genişləndirilməsi əməliyyatlarında istifadə olunub. Bu silahlı quldurların tərkibində Osmanlı Türkiyəsinin Ordusunda qulluq edən ermənilər də az olmayıb.
Sovet hakimiyyəti illərində belə döyüşçülərdən birinin oğlu Bağdasar Azoyan Sisyan rayonunun azərbaycanlılar və ermənilər yaşayan Vağudi kəndində “Dostluq” kolxozunun sədri olub. Bu kəndə hayların köçürülmə tarixi də 1918-1920-ci illərin qanlı hadisələrinin nəticəsi idi. Belə ki, həmin illərdə quldur hay-daşnak dəstələrinin (xüsusi ilə Stepan və Dronun başçılığı ilə) hücumundan canını qurtarmış ailələr Zəngilan, Qubadlı, Cəbrayıl nahiyələrinin Arazboyu kəndlərinə üz tutsalar da, Osmanlı Türkiyəsi Ordusunun qəzaya gəlişindən sonra geri qayıtdıqda evlərini zəbr etmiş haylarla yenidən qarşılaşıblar.
Qafan nahiyəsinin Şabadin kəndi (80-100 evli) hay quldurları tərəfindən bütünlüklə yerlə-yeksan edilib, dins cakinləri amansızlıqla qətlə yetirilib, evləri isə qarət edilərək yandırılıb. Yalnız bir nəfər sağ qalıb. Qonşu Zəngilan nahiyəsinin Yuxarı Yeməzli kəndində İsgəndər bəyin təsərrüfatında işləyən o vaxt kənddə olmadığı üçün...
Hay kilsə və daşnak sürüsünün törətdiyi müsəlman-türk soyqırımı siyasətinin Zəngəzur qəzasına aid 1917-1920-ci illərə aid tarixi-statistik məlumatlarını aşağıdakı kimi səciyyələndirmək olar:
-qəza 123 min nəfər əhalisi yaşayan 115 kəndi vəhşicəsinə dağıdılıb, 12 kənd yer üzündən silinib, 50 min nəfər xüsusi amansızlıqla qətlə yetirilib, o qədər dinc sakin də ölkənin müxtəlif ərazilərinə (xüsusilə Şuşa, Cavanşir və Cəbrayıl qəzalarına) köç edərək məskunlaşıb;
-Gorus nahiyəsinin Qurbanlı nahiyəsinin 200 nəfər dinc sakini bütünlüklə soyqırıma məruz qalıb;
-qəzanın müxtəlif kəndlərinin ayrı-ayrı yerlərində əlavə olaraq 3257 kişi, 2276 qadın, 2196 uşaq amansızlıqla qətlə yetirilib, 1060 kişi, 794 qadın, 485 uşaq yaralanıb;
-soyqırım-qətliam faciələri nəticəsində Zəngəzur qəzasında müsəlman-türk əhalisinin sayı 1926-cı ildə cəmi 5000 nəfərə qədər olub.
P.S. Yazının hazırlanmasında həm də Qərbi Azərbaycanın Qarakisə nahiyəsinin Vağudi, Urud və Sofulu kənd sakinləri Xanvəli Şahvəli oğlu Abdullayevin (1936), Hilal Muradxan oğlu Tahirlinin (1949), Hacı Sərxan oğlu Quliyevin (1963) məlumatlarından istifadə edilib.
