Qərbi Azərbaycan

1948-1953-cü İLLƏRDƏ AZƏRBAYCANLILARIN DEPORTASİYASINA DAİR

Dirçəliş.-2013.-№ 180.-S.196-204.

 

1948-1953-cü İLLƏRDƏ AZƏRBAYCANLILARIN DEPORTASİYASINA DAİR

(Arxiv materialları əsasında)

 

Əsəd Qurbanlı,

tarix üzrə fəlsəfə doktoru

 

Açar sözlər: arxiv, deportasiya, azərbaycanlılar, ermənilər

Key words: archives, deportation, azerbaijanians, armenians

Ключевые слова: архив, депортация, азербайджанцы, армяне

 

Son illər Ermənistan Respublikası ərazisində XX əsrin əvvəllərindən etibarən soydaşlarımıza qarşı həyata keçirilmiş deportasiya siyasətinin araşdırılması öz aktuallığı ilə diqqəti cəlb edir. Ermənilərin xalqımıza qarşı yeritdikləri düşmənçilik siyasəti ilə bağlı yeni-yeni arxiv sənədləri tariximizin bu dövrünə işıq salmaqdadır.

Azərbaycan türklərinin deportasiya tarixində 1948-1953-cü illər deportasiyası mühüm yer tutur. Bu tarix öz miqyasına və genişliyinə, həyata keçirilmə üsullarına görə sonrakı illərdə azərbaycanlıların deportasiyasında mühüm rol oynamışdır. Bu baxımdan problemin mənbəşünaslıq bazasının araşdırılması mövcud mənbələri aşağıdakı kimi qruplaşdırmağa imkan verir. Bunlar Azərbaycan Respublikası Dövlət Arxivinin və Azərbaycan Respublikası Prezidentinin Işlər İdarəsi Siyasi Sənədlər Arxivinin fondlarından ibarətdir.

1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR-dən deportasiyası problemi ilə bağlı istər Azərbaycan Respublikası Dövlət Arxivində və Azərbaycan Respublikası Prezidentinin Işlər İdarəsi Siyasi Sənədlər Arxivindən toplanmış arxiv sənədlərinin təhlili göstərir ki, azərbaycanlıların deportasiyası sistemli xarakter daşımış, fasilələrlə bu proses davam etmişdir. Bu sənədlərin təhlili onu da göstərir ki, istər 1905-1907, 1918-1920, 1948-1953-cü, istərsə də 1988-1991-ci illərdə deportasiya mərhələləri bir-biri ilə əlaqəli, bir-birini tamamlayan etnik təmizləmə siyasətinin nəticəsində baş vermişdir.

XX əsrin 48-53-ci illərinə aid arxiv sənədlərinin təhlili göstərir ki, Azərbaycan türklərinin qeyd olunan illərdə deportasiyası birdən-birə ortaya çıxmamış, azərbaycanlıların tarixi torpaqlarından deportasiyasına gətirib çıxarmış “səbəbləri” var idi. Azərbaycan SSR K (b) Partiyasının I katibi M. C. Bağırovun və Ermənistan SSR К (b) P MK-nın I katibi Q. A. Arutyunovun imzaları ilə İ. V. Stalinə ünvanlanmış 1947-ci il 23 dekabr tarixli məktub bu gün də öz aktuallığını qoruyub saxlamaqdadır. Məktubun əhəmiyyətini nəzərə alaraq onun qısa təhlilini versək aydın olur ki, bu məktub formal da olsa köçürməyə səbəb olmuşdu [l, v. 13-14]. Məktubda Mingəçevir sisteminin işə salınması ilə əlaqədar Azərbaycanın pambıqçılıq rayonlarında işçi qüvvəsinin təmin edilməsi ilə əsaslandırılır. Məktubda köçürüləcək azərbaycanlı əhalinin sayı 130 min göstərilir, azərbaycanlı əhalinin Ermənistan SSR-dən köçürülməsi nəticəsində boşalan torpaqlar və mənzillərin xaricdən gələn ermənilərin ixtiyarına verilməsi qeyd edilir.

1947-ci il 23 dekabrda gözlənilməz şəkildə SSRİ Nazirlər Sovetinin sədri İ.V. Stalin və İşlər idarəsinin rəisi J. Çaadayevin imzası ilə “Kolxozçuların və başqa azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” qərar qəbul edilir. 11 maddədən ibarət olan qərarda göstərilirdi ki, 1948-1950-ci illərdə “könüllülük prinsipləri əsasında” Ermənistan SSR-də yaşayan 100 min kolxozçu və digər azərbaycanlı əhali Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülsün. 1948-ci ildə 10 min nəfərin, 1949-cu ildə 40 min nəfərin və 1950-ci ildə isə 50 min nəfərin köçürülməsi nəzərdə tutulurdu [1, v.13].

Azərbaycan SSR və Ermənistan SSR nazirlər sovetlərinə tapşırılırdı kı, köçürüləcək əhalı arasında köçürülmənin şərtləri və köçürülənlərə dövlət tərəfindən güzəştlər haqqında geniş izahat işləri aparılması müvafiq təşkilatlar qarşısına qoyulurdu. Köçürülənlər ilə onların yola salınmasından ən geci 10 gün qabaq bütün hesablar aparılması, qazandıqları əmək günlərinin haqqının ödənilməsi, köçənlərin şəxsi istifadəsində olan bütün əmlakın, о cümlədən heyvan və quşların aparılmasına şərait yaradılması nəzərdə tutulurdu.

1948-ci il mart ayının 10-da SSRİ Nazirlər Sovetinin sədri İ.V. Stalinin imzası ilə “Kolxozçuların və digər azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi ilə əlaqədar tədbirlər haqqında” qəbul etdiyi ikinci qərarda isə göstərilirdi ki, bu qərar “SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr tarixli qərarına əlavədir.” 1948-ci il 10 mart tarixli qərarında artıq köçürmə ilə əlaqədar konkret tədbirlərdən bəhs olunur, göstərilirdi ki, Ermənistan SSR-dən Kür-Araz ovalığına köçən kolxozçular özləri ilə istehsal vasitələrini-kənd təsərrüfatı maşınlarını, avadanlığı, canlı və mexaniki qoşqu qüvvələrini, nəqliyyat vasitələrini apara bilərlər [1, v. 14].

Azərbaycan SSR Nazirlər Sovetinə icazə verilirdi ki, Ermənistan SSR-dən kolxozçular və başqa əhalinin Kür-Araz ovalığına köçürüləcəyi müddətdə İrəvan şəhərində öz xüsusi nümayəndəliyini açsın. SSRİ Nazirlər Sovetinin məlum qərarından irəli gələn vəzifələri yerindəcə tez və operativ həll etmək məqsədilə Azərbaycan SSR K(b) P MK-sı 13 mart 1948-ci il tarixli qərarı ilə Azərbaycan SSR Nazirlər Sovetinin xüsusi nümayəndəliyini açmış, həmin vəzifəyə M. Məmmədov təyin edilmişdi [3, v.19-20].

Azərbaycan SSR Nazirlər Soveti yanında İrəvandakı xüsusi nümayəndəsi M. Məmmədovun Azərbaycan SSR К (b) P MK-nın I katibi M.C. Bağırova və Nazirlər Sovetinin sədri Teymur Quliyevə göndərdiyi sənəd köçürmə ilə bağlı bir çox həqiqətlərin üzə çıxarılmasında xüsusi əhəmiyyət daşıyır.

Sənəddən aydın olur ki, respublikanın 1948-ci il üçün 53 yaşayış məntəqəsindən 11.244 nəfərin köçürülməsi nəzərdə tutulurdu. İlkin köçürmə planından aydın olur ki, ermənilər ilkin olaraq azərbaycanlılarla ermənilərin birgə yaşadıqları qarışıq kəndləri, əsasən də iri azərbaycanlı kəndlərini köçürmək istəyirdilər. Bunlardan biri 245 təsərrüfatı olan (1179 nəfər) Noyeberyan rayonunun Ləmbəli kəndi, 238 təsərrüfatı olan (1410 nəfər) Zəngibasar rayonunun Mehmandar kəndləri idi. Sənəddən aydın olur ki, belə bir böyük köçürülmə tədbirləri köçürüləcək azərbaycanlı əhali arasında həddən çox suallar doğurmuş, bu məqsədlə Ermənistanın müxtəlif rayon və kəndlərindən azərbaycanlı əhalinin müxtəlif təbəqələrindən olan şəxslər İrəvana-Azərbaycan SSR Nazirlər Sovetinin nümayəndəliyinə üz tutur, bir çox suallara cavab axtarırlar.

M. Məmmədovun Azərbaycan rəhbərliyinə ünvanlanmış ilkin köçürmə planından aydın olur ki, ona çoxlu azərbaycanlı müraciət edərək bildirmişdir ki, onları mümkün qədər tez bir müddətdə Azərbaycana köçürsünlər. Aydın olur ki, nümayəndəliyə müraciət edənlərin əksəriyyəti işsiz insanlardır. Belə ki, Ermənistanın vəzifəli şəxsləri erməni-repatriantları yerləşdirmək adı altında azərbaycanlıları kütləvi surətdə işdən azad etmişlər.

Diqqət çəkən məsələlərdən biri də odur ki, azərbaycanlıların Ermənistandan köçürülməsi üçün nəzərdə tutulmuş carı plana İrəvan şəhərinin müxtəlif kateqoryalarından olan azərbaycanlı sakinləri də salınmışdı. 230 nəfərlik şəhər sakinlərinin Kür-Araz ovalığı ilə heç bir əlaqəsi olmadığını, onların oraya köçürülməsinin yolverilməz olduğunu başa düşən M. Məmmədov, M.C. Bağırovdan xahiş edir ki, bu sakinlərin Bakı şəhərinə yaxın olan Abşeronda yerləşdirilməsinə kömək etsin [1, v.5-6].

Sənəddən məlum olur ki, köçürüləcək əhali iqlim şəraiti ilə bağlı narahatlıqlarını gizlətmir, onların, əsasən dağlıq və dağətəyi rayonlarda yerləşdirilməsini hökumətdən xahiş edirdilər. M. Məmmədovun məlumatında göstərilirdi ki, köçkünlər Kirovabad (indiki Gəncə) Şamxor (indiki Şəmkir), Tovuz, Ağstafa, Qazax və Kirovabad (indiki Gəncə) ətrafında məskunlaşmaq istəyirdilər [1, v. 20-27].

Tədqiqat işimizlə bağlı Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivində işləyərkən rast gəldiyimiz bir arxiv sənədi tarixi həqiqətlərin üzə çıxarılmasında xüsusən də, türk əhalisinin bu amansız və dəhşətli siyasətə aydınlıq gətirmək baxımından qiymətli mənbə sayılmalıdır. Arxiv sənədindən məlum olur ki, SSRİ Nazirlər Sovetinin “Kolxozçuların və başqa azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” 23 dekabr 1947-ci il tarixli qərarında nəzərdə tutulduğu kimi, köçürülmə heç də xoşluqla olmayıb və məcburi xarakter daşıyıb.

Azərbaycan SSR daxili işlər nazirinin müavini olmuş, azərbaycanlıların repressiyasında xeyli dərəcədə aktiv, cinayətkar rol oynamış və köçürmə illərində Ermənistan SSR daxili işlər naziri işləmiş X. Qriqoryanın Azərbaycan К (b) P MK-nın birinci katibi М. C. Bağırova ünvanladığı, üzərində “tamamilə məxfidir” qrifli 3 may 1948-ci il tarixli “ Ermənistan SSR-in azərbaycanlı əhalisi arasında köçürülməyə dair əhvali-ruhiyyə haqqında” arayışı diqqəti çəkəndir. X. Qriqoryan arayışda bildirirdi: “Xarakterik haldır ki, gələcək köçürmə ilə bağlı əhaliyə xəbər verilən kimi və bu tədbirin məqsədləri kolxozçuların ümumi yığıncağında açıqlandığı zaman iştirakçılar öz tərəfindən hökumətin bu qərarını yekdilliklə müsbət qarşılasalar da, öz aralarında olan təkbətək söhbətlərində əhalinin çoxu bu tədbirə qarşı öz etirazlarını bildirirlər”[2, v.27].

Köçürmə ərəfəsində Ermənistan xüsusi xidmət orqanları və onların yerlərdəki çoxsaylı agentləri vasitəsilə azərbaycanlı əhalinin köçürmə siyasətinə olan münasibəti öyrənilir və lazimi dövlət instansiyalarına çatdırılırdı. Azərbaycanlı əhalisi arasında aparılan dinləmələr və ictimai rəyin öyrənilməsi zamanı məlum olur ki, əhali tərəfındən köçürülməyə olan münasibət heç də rəsmi orqanların bildirdiyi kimi birmənalı deyildi. Ermənistan SSR daxili işlər naziri X. Qriqoryan azərbaycanlı əhali arasında yaranmış mənfi əhvali-ruhiyyəni onlar arasında aparılmış zəif izahat işləri ilə bağlasa da, əsl həqiqətdə Azərbaycan türkləri min illər boyu yaşadıqları, onlara məxsus tarixi-etnik torpaqlarını heç də asanlıqla tərk etmək istəmirdilər. Bu faktı təsdiq edən X. Qriqoryan Azərbaycan rəhbərinə ünvanladığı arayışda bildirirdi: “ Bizim tərəfımizdən çoxlu faktlar əldə olunmuşdur ki, azərbaycanlılar yaşayış yerlərindən köçmək istəmirlər. Onların öz yaxın adamlarının qəbirlərini yad edərkən, məzar başında ayrılıq haqqında ağı demələri onların köçmək istəmədiklərini göstərir” [2, V.20-21].

Köçürməyə qarşı qeyri və yarımleqal formalarda gizli də olsa mənfi münasibət davam edir, demək olar ki, Ermənistanın azərbaycanlılar yaşayan bütün rayonlarını əhatə etmişdir. Köçürməyə qarşı mənfi münasibət Zəngibasar, Amasya, Noyemberyan, Basarkeçər, Sisyan, Vedi, Qarabağlar, Artaşat (Qəmərli), Oktomberyan, Qafan, Meğri və s. başqa rayonların azərbaycanlıları arasında kəskin şəkildə nəzərə çarpırdı [ 2, v.20].

Amasya rayonunun Çivinli, Basarkeçər rayonunun Şişqaya kəndlərinin böyük bir hissəsi qəti surətdə Azərbaycana köçməkdən imtina etmiş, Artaşat rayonunun Axund Bozavənd, Darğalı kəndinin 20 nəfərlik azərbaycanlı əhalisi isə bildirirdilər ki, bizimlə nə edirlər etsinlər, heç bir halda biz buradan köçən deyilik. Qoy bizi elə yerimizdəcə öldürsünlər. Qafan rayonunun Siznak kənd kolxozunun sədri Bəşir Tağıyev isə bütün həmkəndlilərinin köçürməyə olan münasibətini ifadə edərək deyirdi: “Doğma kənddə ölmək, təzə yerə köçməkdən yaxşıdır” [2, v.25].

Zəngibasar rayonunun Zəngilər, Xırda Dəmirçi, Oktomberyan raynunun Baxçalar kəndlərinin bir qrup sakinləri köçürülmənin səbəbini erməni-repatriantlarının gəlişi ilə əlaqələndirirdilər. Onlar bu qənaətdə idilər ki, təsərrüfatlarında erməni-repatriantlar yerləşdiriləcək. Amasya rayon Maşın Traktor Stansiyasının (MTS) bir qrup traktorçusu isə bu fikrə gəlmişdilər ki, bir yaz əkinini keyfiyyətsiz keçirəcəyik. Çünki bu məhsulu ermənilər yığacaq və bizə heç nə çatmayacaq.

Amasya rayonunun Çivinli, İbiş, Daşkörpü, Zəngibasar rayonunun Şurakənd, Zəngilər, Kolanlı, Agahəmzəli, Vedi rayonunun Böyük Vedi, Taytan, Şirazlı kəndlərinin bir qrup sakinləri isə öz evlərini sökür, tikinti materiallarını satır və həyətyanı meyvə ağaclarını kəsib doğrayırdılar ki, onlara qismət olmayan fərdi təsərrüfatlar və tikililər ermənilərə qalmasın.

Kolxoz təsərrüfatlarında çalışan azərbaycanlı əhali köçürmə siyasətinə etiraz əlaməti olaraq tarlalara çıxmır, vergi ödəməkdən imtina edirdilər. Oktomberyan rayonunun Bağçalar kəndinin kolxozçuları, Zəngibasar rayonunun Zəngilər, Kolanlı, Ağahəmzəli, Basarkeçər rayonunun Çaxırlı, Amasya rayonunun Çivinli kəndlərinin kolxozçuları kütləvi surətdə işə çıxmaqdan imtina etmişlər. Onlardan işə çıxmamalarının səbəbini soruşduqda onlar cavab verirdilər ki, bir halda ermənilər bizi Ermənistandan köçürürlər, kim üçün və nə üçün biz işləməliyik [1, v.20 ].

Vergi ödəməkdən imtina edən Zəngibasar rayonunun Sarıcalar kəndinin kolxozçuları isə bunu onunla izah edirdilər ki, onsuz da hamımızı köçürəcəklər. Nahaq yerə bizim kolxozçular vergi ödəyirlər. Göygümbəz kəndinin kolxozçuları isə söhbətdə bildirirdilər ki, nahaq yerə biz kolxozda işləyirik, bizim bütün əməyimiz ermənilərə qalacaq. Ümumiyyətlə, ermənilərlə yaşamaq çətindir. Çünki onlar bizi sıxışdırırlar, hətta kolxozlarda belə, bizə münasib iş vermirlər [2, v.21].

Dinləmələrdən aydın olur ki, azərbaycanlı əhalinin əksər hissəsi köçürülmənin əsas səbəbini ermənilərin türklərə qarşı olan tarixi etnik düşmənçiliklərində görürdülər. Bütün bunlar təsadüfi deyildi. Bu insanların yaşlı və cavan nəsli həmin ərazidə ermənilərin zaman-zaman onların başına gətirdikləri qanlı faciələrin şahidi idilər. 1905-1907-ci illərin məşəqqətli hadisələrini, 1918-1920-ci illərin qaçqınlıq illərini yaşamış əhalinin qan yaddaşı ermənilərin törətdikləri dəhşətli faciələri hələ də unuda bilməmişdi’

Azərbaycan türklərinin köçürülməsi haqqında SSRİ Nazirlər Sovetinin məlum qərarının kütləvi məlumat vasitələri ilə əhaliyə çatdırılmaması, qərarın onlardan gizli saxlanılması azərbaycanlı əhalidə onların köçürüləcəyi ərazi, onun istiqaməti ilə bağlı şübhələrin meydana çıxmasında və bəzən şayiə xarakteri daşımasında həlledici sözünü deyirdi. Köçürüləcək azərbaycanlı əhali köçürülmənin nə dərəcədə dəhşətli olduğunu bildirdilər. Onlar Krımdan Krım türklərinin, Ahıskadan Ahıska türklərinin hansı şəraitdə köçürülmələrindən xəbərdar idilər. Köçürüləcək ərazi və onun istiqaməti ilə bağlı şübhələrin yaranması onlarda sovet dövlətinə olan inamsızlıqlarından irəli gəlirdi. Amasya rayonunun Quzukənd, Təpəköy, Zəngibasar rayonunun Sarıcalar kəndlərinin türk əhalisi isə belə hesab edirdilər ki, köçürülmə heç də könüllü olmayacaq və onlar Axalkələkdə olduğu kimi dəmiryol vaqonlarına doldurulub Qazaxıstana aparılacaqlar.

Ən cəsarətli etiraz forması isə Arpaçay (Axuryan) və Araz boyunca yaşayan azərbaycanlı əhalinin müəyyən qrupu tərəfindən irəli sürülürdü. Onlar köçürülmə tədbirlərinə qoşulmaqdansa Türkiyəyə və İrana keçmək haqqında götür-qoy edir, bəziləri isə vaxtında bu ölkədən çıxıb getməməkdə öz təəssüflərini gizlətmirdılər.

Sənəddən görünür ki, ıstər azərbaycanlı əhalinin, istərsə də ermənı əhalisinin fikir və mülahızələrində Sovet hökumətinin türk əhalısınə olan etimadsızlığı da öz əksinı tapmışdı. Zəngibasar rayonunun Xırda Dəmirçi, Rəncbər və başqa kəndlərinin sakinləri belə hesab edırlər kı, onları ona görə köçürürlər ki, Sovet hökuməti azərbaycanlıların Türkıyə ilə sərhəd zolağında yaşamasına inanmır. Çünki, SSRİ ilə Türkıyə arasında müharibə olarsa, sərhəd rayonlarında yaşayan azərbaycanlılar Türkiyəyə keçə bilərlər. Budur bizim köçürülməyimizin əsas səbəbi.

Respublikanın erməni əhalisi arasında aparılan dinləmələrdə SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr tarixli qərarı ermənilər tərəfındən sevinclə qarşılanır, onlar bunu “tarixi hadisə” kimi qarşılayırdılar. Ermənistan SSR daxili işlər naziri general-mayor Xoren Qriqoryanin məlumatına görə azərbaycanlıların köçürülməsi ilə bağlı İrəvan, Leninakan və eləcə də respublikanın başqa şəhər, rayon və kəndlərinin erməni əhalisi tərəfindən də müxtəlif mülahizələr səslənirdi ki, bunlar da millətçi xarakter daşıyırdı [2, v.22].

Ermənistanın erməni əhalisi arasında da Azərbaycan türklərinin məcburi köçürülməsini Sovet İttifaqı və Türkiyə Respublikası arasında ola biləcək müharibə ehtimalı ilə əlaqələndirənlər vardı. Sovet-Türkiyə münasibətlərində yaranmış gərgin vəziyyət ermənilərdə psixoloji əhvali-ruhiyyənin yaranmasında özünü göstərirdi. Bu əhvali-ruhiyyə daha çox yerlı və xarıcdən gəlmış ermənı-repatrıantlar arasında kəskın şəkıldə müşahıdə olunurdu. İrəvan şəhər sakını Şura Arutyunovna Orduyanın ermənı-repatrıant qonşularına dedıklərı də bu faktı sübut edır. O, xarıcdən gəlmış ermənı-repatrıant qonşularına məsləhət görürdü: “Sız xarıcdə yaşayan və Sovet Ermənıstanına gəlmək ıstəyən öz qohumlarına məktub yazaraq bıldırın ki, tələsıb gəlməsınlər, tezliklə SSRI ılə Türkıyə Respublıkası arasında müharıbə olacaq’’ [2, v.22].

Azərbaycan türklərinin Ermənistan SSR-dən köçürülməsinin səbəblərinin respublikanın istər azərbaycanlı, istərsə da erməni əhalisi tərəfindən bu şəkildə qiymətləndirilməsi heç də təsadüfi deyildi. Bu dövrdə Sovet İttifaqının təqsiri üzündən SSRİ ilə Türkiyə Respublikası arasında münasibətlər müharibə həddinə qədər gərginləşmiş, bunun da səbəbi Sovet İttifaqının Türkiyə Respublikasına qarşı irəli sürdüyü əsassız ərazi tələbləri idi. Köçürülmənin səbəbləri barədə ermənilər və azərbaycanlılar tərəfindən irəli sürülən mülahizələr regionda yaranmış hərbi gərginliklə bağlı idi və azərbaycanlıların köçürülməsini sürətləndirən amillərdən biri idi.

Arxivdə qorunub saxlanılan sənədlərdən biri də Vedi rayonunun İcraiyуə Komitəsinin sədri Ə. Məmmədovun Ermənistan SSR Nazirlər Sovetinin sədr müavini Çarçoğluyana məktublarıdır. Bu məktublar Vedidə, Qarabağda azərbaycanlı əhalinin necə və hansı şəraitdə köçürülməsinə aydınlıq gətirir.

Ermənistan rəhbərləri Vedi rayonundan türk əhalini köçürmək üçün daha sərt üsuldan istifadə edirdi. Köçürmənin ilk ilində planda nəzərdə tutulduğu kimi, Vedi rayonundan 500 adamın köçürülməsi nəzərdə tutulsa da 1948-ci il aprel ayının 28-nə kimi 9.915 min adamın köçmək üçün ərizəsi alınmışdı. Rayondan daha çox azərbaycanlı əhalini köçürmək məqsədilə Ermənistan K(b)P MK-nın xüsusi tapşırığı ilə rayonun əlaqədar təşkilatları bir neçə kəndlərdən 628 təsərrüfatın köçürülməsi haqqında ərizələri alınmışdı [2, v.296].

Vedi rayonu İcraiyyə Komitəsinin sədri Ə. Məmmədovun 1949-cu il noyabr ayının 3-də Çarçoğluyana vurduğu teleqramdan aydın oldu ki, rayonun Kölcığ, Mənkük, Armik, Qaraqoyun, Sünbül kəndlərinin əhalisi evlərini, mal-qaralarını satmış və onlar arasında daha çox gündəlik ərzaq, çörək ehtiyatları tükənmiş adamlar var. RİK sədrinin “ Bir azdan qar yolları örtəcək və onların köçürülməsi mümkün olmayacaq” barədə xəbərdarlığına baxmayaraq Ermənistan rəhbərləri bu vəziyyətdən faydalanmağa çalışır, zavallı insanların taleyinə qarşı dözümlülük və biganəlik nümayiş etdirir.

Vedi RİK-in sədri Ə. Məmmədovun Ermənistan SSR Nazirlər Sovetinin sədri S. Kazanetyana göndərdiyi dıgər məktubda vəziyyətin daha ciddi olduğunu bildirir. Məktubda deyilir: “Sizi təkidlə inandırıram ki, əgər mütəşəkkil sürətdə köçürmə işi təxirə salınsa qeyd olunan təsərrüfatların ən azı 80-85 faizi bir neçə gün müddətdə qeyri-qanuni köçəcəkdir. Bu vəziyyət köçürüləsi kəndlərdə olan 8 min baş xırdabuynuzlu və 3.500 baş iribuynuzlu malların saxlanılmasını təhlükə qarşısında qoymaqla bərabər insan tələfatı da gözlənilir. Rayon icraiyyə komitəsinin sədri təkrarən xahiş edir ki, bu işə şəxsən özünüz qarışasınız, çünki, 3.200 nəfərin həyatına belə qayğıkeşsizcəsinə yanaşmaq olmaz [2, v.297].

Köçürülmə tədbirlərinə qarşı etiraz edən azərbaycanlı əhali onların köçürülməsi ilə bağlı Sovet hökumətinə, Azərbaycan rəhbərliyinə teleqramlar vurur, teleqramlarda onların narazılığı açıq-aşkar ifadə olunurdu. Mərkəzi hökumətə vurulan teleqramlar Ermənistanın poçt idarələrində ciddi nəzarətə götürülür, onun mətni yoxlandıqdan sonra teleqramların vurulmasına icazə verilirdi. Bəzi hallarda isə onlara göndərilmiş cavab teleqramları sahiblərinə bilərəkdən çatdırılmırdı.

Köçürülmə tədbirlərinə qoşulmayan və bütün əhalisi ilə birlikdə bu siyasi tədbirə etiraz edən Noyanberyan rayonunun Ləmbəli kəndinin əhalisi hələ 1948-ci ildə köçürülməsi nəzərdə tutulan kəndlərin siyahısında idi. Onlar Azərbaycanın Salyan rayonuna köçməkdən qəti imtina edir, açıqdan-açığa hökumətin qərarına itaətsizlik nümayiş etdirirdilər. Azərbaycan SSR Köçürmə İdarəsinin rəisi A. Gözəlovun, Azərbaycan SSR NS-nin sədri T. Quliyevin adına göndərilmiş 26 oktyabr 1948-ci il tarixli məktubunda bildirirdi ki, 245 təsərrüfatdan (1192 nəfər) ibarət olan Ləmbəli kəndinin əhalisi Azərbaycanın Salyan ərazisinə köçmək istəmirlər [ 5,s.38].

Ləmbəli kənd sakini Seyidov Əlinin Azərbaycan K(b)P MK-nın birinci katibi M. Ç. Bağırovun ünvanına göndərdiyi məktub təkcə Ləmbəlidə deyil, bunun Ermənistanda Azərbaycan türklərinin necə və hansı şəraitdə köçürülməsinə aydınlıq gətirir. Seyidov Əli Məhəmməd oğlunun Azərbaycan K(b)P MK-nın I katibi M.Ç. Bağırovun adına göndərdiyi məktubunda Ləmbəli camaatının köçürmə qanununa itaətsizliyi öz əksini tapmışdır.

Ləmbəlilərin düçar olduğu bu vəziyyətlə bağlı Azərbaycan SSR kənd təsərrüfatı nazirinin müavini M. Poladovun 1950-ci ildə Ermənistan SSR-də olarkən hazırladığı arayışda göstərilirdi ki, Ləmbəli əhalisinin evləri köçürülən erməni ailələri arasında paylanmış, azərbaycanlıların qəbiristanlığı dağıdılaraq, məzar daşlarından yeni binaların tikintisində istifadə edildiyi bildirilir [5, s.38].

Yerli əhalinin Mərkəzi hökumətə ardı-arası kəsilməyən şikayəti nəticəsində 1950-ci ilin ortalarında Ermənistan KP MK-si “Ləmbəlidə evlərin keçmiş sahiblərinə qaytarılması və onların sovxozda işə qəbul edilməsi barədə” qərar qəbul edir [5, s.40].

Ermənistanın kommunist rəhbərləri və hüquq-mühafizə orqanları azərbaycanlıların köçürülməsini sürətləndirmək məqsədilə yerli partiya, sovet təsərrüfat rəhbərlərinə təzyiq edir, onları əhali ilə birlikdə köçməyə məcbur edirdilər. Köçkün əhali kütləvi surətdə Kür-Araz ovalığındakı Ucar, Zərdab, Əli-Bayramlı, Saatlı, Sabirabad, Kürdəmir, Tərtər və s. rayonlara köçürülürdü.

Bütün bu deyilənlərdən sonra aşağıdakı yekun nəticəyə gəlmək olar:

– azərbaycanlı əhalinin köçürülməsi Azərbaycan türklərinə qarşı cinayətkar siyasi tədbir idi;

– Azərbaycan türklərinin deportasiyası prosesi ermənilərin azərbaycanlı əhaliyə qarşı tarixi-etnik düşmənçiliyi zəminində həyata keçirilirdi;

– köçürülmə məcburi köçkünlərin deportasiya siyasətinə qarşı bəzən açıq, bəzən da gizli formada müqaviməti ilə müşayiət olunurdu.

– Ermənistan SSR-dən 100 min- dan yuxarı Azərbaycan türkü köçürülmüşdür.

 

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT

  1. ARPİİSSA f. l, siy. 222, iş 48
  2. ARPİİSSA f. l, siy. 221, iş 5
  3. ARDA f. 411, siy. 9, iş 734
  4. ARPİİSSA f. 1, siy. 206, iş 29
  5. Paşayev A. Köçürülmə. Bakı, 1995, s.40

 

ON DEPORTATION OF THE AZERBAIJANIS IN 1948-1953 (BASED ON ARCHIVAL MATERIALS). Asad Kurbanly. The article focuses on deportation of Azeri Turks in 1948-1953 from their native lands, now part of the Republic of Armenia. The author of the article on the basis of archival materials presented a deep analysis of the resettlement of the Azerbaijani population in Kur-Araz lowland. The article also reflected dissatisfaction of the deported population with the activities carried out by the Soviet authorities.

 

О ДЕПОРТАЦИИ АЗЕРБАЙДЖАНЦЕВ В 1948-1953 гг. (НА ОСНОВЕ АРХИВНЫХ МАТЕРИАЛОВ). Асад Курбанлы. Статья посвящена проблеме депортации азербайджанских тюрок в 1948-1953 гг. из своих родных очагов, ныне входивших в состав Республики Армения. Автор статьи на основании архивных материалов представил глубокий анализ переселения азербайджанского населения в Кура-Араксинскую низменность. Также в статье нашли отражение формы недовольства депортированного населения мероприятиями, реализуемыми советскими органами власти.