Səid Rüstəmov
Səid Əli oğlu Rüstəmov 1907-ci ildə İrəvanda doğulmuşdur. 1930-cu ildə Azərbaycan Dövlət Konservatoriyasının xalq musiqisi fakültəsini, 1932-ci ildə Azərbaycan Pedaqoji Institutunu bitirmişdir. Bəstəkar, dirijor, Azərbaycanın xalq artisti, SSRİ Dövlət mükafatı laureatı olmuşdur.
Səid Rüstəmov 1931-ci ildən Azərbaycan radiosunun xalq çalğı alətləri orkestrinin konsertmeysteri, 1935-ci ildən isə direktoru və bədii rəhbəri olmuşdur. O, 1940-1949-cu illərdə Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri və direktoru, 1943-48-ci illərdə Azərbaycan Radio Komitəsinin musiqi verilişləri redaksiyasının rəhbəri olmuşdur. S. Rüstəmov “Azərbaycan rəqs melodiyaları”, “Beş yüz Azərbaycan xalq mahnıları”, “Azərbaycan aşıq mahnıları”, “Azərbaycan xalq mahnıları”, “Azərbaycan xalq rəngləri” kitablarında musiqi işləmələri apararaq onları nəşr etdirmişdir. 1948-1952-ci illərdə Azərbaycan bəstəkarlar ittifaqının sədri olmuş, 1928-ci ildən Bakı musiqi məktəbində, 1958-1983-cü illərdə Azərbaycan dövlət konservatoriyasında tar sinfində dərs demişdir. S. Rüstəmovun əsas əsərləri “Beşmanatlıq gəlin”, “Durna” və “Rəisin arvadı” komediyaları, solo, xor və orkestr üçün “Azərbaycan” kantatası, xalq çalğı alətləri üçün “Bayatı kürd” fantaziya - kantatası, tar və orkestr üçün konsert, Azərbaycan mahnı, rəqs və xalq çalğı alətləri orkestri üçün “Günəşli Azərbaycan” musiqili dramatik kompozisiya və başqalarıdır. Dramatik səhnə əsərlərinə musiqilər yazmışdır. S. Rüstəmovun “Alagöz”, “Sürəyya”, “Gəlmədin”, “Həkim qız” mahnıları lirik və qəlboxşayandır.
Səid Əli oğlu Rüstəmov dəfələrlə Azərbaycan Ali Sovetinə deputat seçilmiş, orden və medallarla təltif olunmuşdur. 1983-cü ildə Bakıda vəfat etmişdir.
