Qərbi Azərbaycan

Ermənistan İrəvan xanlığının torpaqları üzərində yaradılıb

Bakı Xəbər.-2016.-15 yanvar.-№ 8.-S.13.

 

Ermənistan İrəvan xanlığının torpaqları üzərində yaradılıb

 

Fazil QARAOĞLU,

Professor

 

Tarixən müstəqil coğrafi ərazisi, müstəqil dövləti və heç bir dövlətçilik ənənəsi olmayan ermənilər böyük dövlətlərin maraqları toqquşanda vəziyyətdən və tarixi şəraitdən istifadə ediblər. Belə bir növbəti şərait I Dünya müharibəsində də yarandı. Bütün dünyanı çulğayan müharibə dövründə Antanta ittifaqı Almaniya-Avstriya-Macarıstan-Türkiyə-Bolqarıstan birliyinə qarşı müharibədə qələbə qazanmaq üçün Osmanlı imperiyasında yaşayan ermənilərin müstəqil erməni dövləti yaratmaq ideya və intriqan məqsədindən istifadə edib dünya ermənilərini müharibəyə cəlb etdi.

Müharibənin gedişində Rusiyada çevriliş baş verdi. Müharibədən çıxan bolşevik Rusiyası Brest-Litovsk (mart 1918) sülh müqaviləsinə görə, Qərbdə və Qafqazda bir çox əraziləri itirərək ordusunu həmin ərazilərdən geri çəkdi. Zaqafqaziyada yüz minlərlə rus ordusunun silahları ermənilərə qaldı.

Zaqafqaziya xalqları yaranan vəziyyətdən istifadə edərək özlərini müstəqil dövlət elan etdilər. Heç bir əraziləri olmayan ermənilər yaranan vəziyyətdən istifadə edərək Azərbaycanın tarixi ərazisi olan İrəvan xanlığı torpaqlarında, əhalinin etnik demoqrafik tərkibinə əhəmiyyət verməyərək rusların təzyiqi və silahlı ordu gücü ilə müstəqil erməni dövləti elan etdilər. Beləliklə, Sovet Rusiyasının dəstəyilə ermənilər tərəfindən Azərbaycanın tarixi ərazisi olan İrəvan xanlığında qondarma bir Ermənistan yaradıldı və müstəqil bir respublika kimi SSRİ-nin tərkibinə daxil edildi.

Ermənistan Zaqafqaziyanın cənub hissəsindədir, şimalda Gürcüstan, cənub-şərqdə Azərbaycan, qərbdə Türkiyə, cənubda İranla həmsərhəddir. Paytaxtı İrəvan şəhəridir. Müstəqil Ermənistan işğalçı və terrorçu bir dövlətdir.

Ermənilər bu gün də “Böyük Ermənistan” xülyası ilə yaşayırlar. Ermənilərin tərtib etdikləri saxta xəritə üç dənizi (Qara dəniz, Ağ dəniz, Xəzər dənizi) birləşdirən “Böyük Ermənistan”ı əhatə edir. Bu təcavüzkar xəritə nəinki Orta Şərqi, Zaqafqaziya və Anadolunu, hətta digər dövlətləri ehtiva edir.

1919-cu ildə “Daşnaksütyun” orqanı olan “Joqovurdu dzayn” qəzetində Zaqafqaziya Ermənistanının sərhədi verilib. Belə ki, qəzet “Qarabağ, Axalkalaki və Qoris” məsələlərində ermənilərin etnoqrafik hüquqlarına istinad edərək Ermənistanın sərhədini verir: “Böyük İrəvan quberniyası, bütövlükdə Qars ərazisi, Tiflis quberniyasının aşağıdakı rayonları, Axalkalaki qəzasının iki hissəsi, Tapaxuri gölündən şimalda yerləşən ərazi, Borjum kənd ərazisinin kiçik hissəsi, Sxaro, Qori qəzasının ətrafındakı dağlar, Sağcdan və bu qəzadan şimalda yerləşən Borçalı qəzasının qərb hissəsi. Arqavan dağının 8 verstliyində bu sektoru Ulu dağın zirvəsi ilə birləşdirən düz xətt boyunca qərb hissəsi. Akriqar dağından başlayaraq Xram çayının axını boyu dəmir yoluna kimi Borçalı qəzasının şimal hissəsi, belə ki, Bolnis-Xocel və Şulaveri sərhədlərindən cənubda qalır”. Ermənilərin fikrincə, qədim İberiya orta əsrlər Gürcüstanına yox, onlara məxsus imiş.

Bu saxta xəritədə Gürcüstana nisbətən daha çox Azərbaycan əraziləri erməni torpaqları kimi göstərilib. Azərbaycanın göbəyi olan qədim Gəncə quberniyasının bir hissəsi:

a)Qazax qəzasının cənub hissəsi, belə ki, Koqub, Uzun Tala və Qulani sərhəddən cənubda qalır;

b) Gəncə qəzasının cənub hissəsi, belə ki, Çardaxlı sərhəddən cənubda qalır;

v) Cavanşir qəzasının cənub-qərb hissəsi;

q) Şuşa qəzasının şimal hissəsi, deməli, Ağdam və Qacar Ermənistanın tərkibinə daxil olur;

d) Cəbrayıl qəzasının bir hissəsi Vəng, Hadrut, Edilli və Aragül kəndləri ilə qəzanın cənub-qərbində yerləşən Kirs dağları, Şahverdilər kəndi və Araz üstündə yerləşən stansiya istisna olmaqla, Zəngəzur qəzası.

Fəqət, müasir daşnaklar bu xəritə ilə də kifayətlənmirlər. Belə ki, indiki münaqişənin başlanğıcında, 1988-ci il iyun ayının 6-da “Qarabağ komitəsi”nin qurultayında erməni ideoloqlarından nə Z.Balayan, nə də İ.Vazgen keçmiş daşnakların bu ərazi proqramları ilə razılaşmayaraq bunu qısa, yəni minimum proqram kimi hesab etdilər. Balayanın fikrincə, gürcülər Qafqaz dağlarının arxasına sıxışdırılmalı, azərbaycanlılar isə ölkəni tərk edib Xəzər dənizinin o tayına köçürülməli idilər. Bütün çıxışlarında Azərbaycanı hədəf alan Zori Balayan saxta dəlillərlə dinləyicilərini inandırmağa çalışırdı ki, Gəncəbasar, Mil, Muğan, Şirvan torpaqları dənizə qədər ermənilərə məxsus olub. Əsrin əvvəlində Naxçıvanda əsasən ermənilərin yaşadığını tarixə məlum olmayan dəlillərlə sübut etməyə çalışdı. Dağlıq Qarabağda yaşayan ermənilərin dillərində dəyişikliyin olmasını qızlarının başqa millətlərlə ailə qurub dildən, dindən uzaqlaşması ilə əlaqələndirərək türkləşməyə doğru getdiyini iddia etdi. Balayanın fikrincə, müsəlman ölkələrində doğumun çoxalması xristianlar üçün təhlükə yaradır, milli qeyrətlərini tapdalayıb qürur hisslərini ləkələyirdi.

I Vazgenin əli şimaldan yığılmırdı, Dağıstan, Armavir, Rostov (Rostov vilayəti) da Ermənistanın olmalıdır deyirdi. Bir vaxtlar rus-türk müharibələrində istila olunarkən çarizm bu torpaqlarda hakimiyyətini saxlamaq, həmin türk-müsəlman torpaqlarını birdəfəlik özününkü etmək məqsədilə ora erməniləri köçürmüşdü. İndi “millət rəhbəri”, onun mənəvi atası millətin oralara dağılıb çoxalması ilə məskunlaşması və rəhbər vəzifələrdə çoxluq təşkil etməsi ilə buna nail olmağı irəli sürürdü. Göründüyü kimi, “Böyük Ermənistan” xəritəsi fantastik dərəcədə böyüdülməkdədir.

Fəqət, tarixi faktlar sübut edir ki, adına “Ermənistan” deyilən bu diyar antik dövrdən Azərbaycan torpağı olub. 1828-ci ildə İrəvan və Naxçıvan xanlıqları Rusiya tərəfindən zəbt edilib, Türkiyə və İrandan köçürülən ermənilər burada yerləşdirilib. Ermənilər isə “Böyük Ermənistan” xülyasını gerçəkləşdirmək məqsədilə həm tarixi dövrlərdə, həm də müasir dövrdə tarixi geocoğrafi baxımdan saxtalaşdırmaqla məşğul olub, müxtəlif formalarda miflər, illüziyalar, saxta sənəd və xəritələr düzəldiblər. Onlar özlərini bizim eradan əvvəl Şərqi Anadoluda, Zaqafqaziyada və Qara dəniz, Ağ dəniz və Xəzər dənizi arasında olan dövlətlərin varisi hesab edirlər.

Orta əsrdən bəri dağınıq halda yaşayan, Zaqafqaziya və Yaxın Şərqdə cürbəcür sənətkarlıq və nökərçiliklə məşğul olan ermənilər haqda V.P.Veliçko yazır: “İşğal olunan ərazilərin yerli əhalisi rişxəndlə şikayətlənib bizə deyirlər ki, bizi bizim dünənki nökərlərimiz olan ermənilər üçün işğal edən ruslar haradadırlar? Dövləti bu yaramaz adamlara vermək üçün vuruşmağa dəyərdimi?”

Erməni müəlliflərinin özləri faktlarla özlərinin işğalçı Rusiya imperiyası tərəfindən Qafqaza köçürülməsi və Azərbaycan torpaqlarında yerləşdirilməsi həqiqətini deməyə məcbur olublar.

Məsələn, Qafqaz xalqının tarixini tədqiq edən erməni tarixçisi B.İşxanyan yazır: “Tarixi qədimlik təsəvvürünə görə, ermənilərin Böyük Ermənistan hesab edilən həqiqi vətəni Rusiya hüdudlarından kənarda, daha doğrusu, Kiçik Asiyada yerləşir… Dağlıq Qarabağda yaşayan ermənilərə gəlincə, onların bir hissəsi aborigen olub, xristian dinini qoruyub-saxlayan qədim albanların nəslindəndir, bir hissəsi isə təqib və hücumlardan qurtarmaq üçün Azərbaycan torpaqları sığınacaqlarına çevrilən İran və Türkiyə qaçqınlarıdır”.

Ermənilərin, epizodik hallar istisna olmaqla, Şimali Azərbaycan torpaqlarına XIX əsrin əvvəllərindən, xüsusən də 1828-ci ildə bağlanan Türkmənçay müqaviləsindən sonra intensiv və ardıcıl şəkildə gəldiklərini göstərən faktları, sənədləri Parsamyan, Korkodyan, İşxanyan və yazıçı olmaqdan çox provokasiyaçı kimi tanınan Zori Balayan “Ocaq” əsərində özü də təsdiq edir. O yazır:

1. “Qəsəbədə az qala Yer kürəsinin hər yerindən gələn ermənilər yaşayır”.

2. “Yerevan – bir nəslin gözünün qarşısında yaradılan, sakinləri gəlmə olan bir şəhərdir”.

3. “Yetmiş beş qəsəbədə yerli sakinlərlə görüşlərim oldu. Bu qəsəbələrin əksəriyyətinin dünyaya gəlmə tarixi dəqiq bəllidir – 1828-ci il. Bəzi rayonlar böyük dostluğun canlı tarixidir. 1828-ci il olmasaydı, məşhur müqavilə (Türkmənçay müqaviləsi) olmasaydı, Qriboyedov və Abovyan olmasaydı, rus əsgərləri olmasaydı, bu gün müasir kənd və şəhərlərə çevrilən yüzlərlə yeni yaradılan erməni ocaqları olmayacaqdı”.

4. “Ermənistanda kəndlərin əksəriyyəti ya min-min illərlə, ya da düz yüz əlli ildir mövcuddur”.

5. “Beləliklə, on yeddi inzibati rayonu keçərkən, mən bir dənə də olsun taleyi bu və ya başqa yolla böyük tarixə – 1828-ci illə bağlı olmayan yaşayış məntəqəsi görmədim”.

6. “Təkcə son onillikdə vətənə iki yüz mindən çox erməni köçüb”.

7. “Demək olar ki, bölgələrdə yaşayanların hamısı – Qars və Vandan, Muş və Bitlisdən, Qərbi Ermənistanın başqa əyalətlərindəndir”.

8. “Hesablanıb ki, Axuryan rayonuna Qərbi Ermənistanın səksəndən çox yaşayış məntəqəsindən vaxtilə türk yatağanlarından qaçıb qurtaran ermənilər gəliblər.”

9. “Spitak rayonu böyük bayrama hazırlaşır. Az qala onun iyirmi yaşayış məntəqəsinin hamısı – 1828-1830-cu və ya 1877-1878-ci illərdə yaradılıb”.

Göründüyü kimi, Zori Balayan Qərbi Azərbaycanın kiçik bir hissəsini, indiki Ermənistanı gəzərək orada min illərlə ermənilərin yaşadığını desə də və buna dəlil-sübut bilmədiyi üçün dolayı yolla boynuna alır ki, bu “Ermənistan” Azərbaycan torpağıdır. Qərbi azərbaycanlılar yaxşı bilirlər ki, “Ermənistanın” Rusiyaya ilhaq edilməsinin 150 illik yubileyi (1978) münasibətilə bütün yaşayış məntəqələrinin girəcəyinə 1828-ci il rəqəmi yazılıb. Bu ilhaqın vaxtaşırı bayram edilməsi münasibətilə qoyulan abidələr yuvarlaq rəqəmlərlə göstərilir – 100, 120, 130, 140. Dağlıq Qarabağda ucaldılan belə abidələrin bəzilərinin rəqəmləri suvansa da, pozulsa da, izi itirmək üçün bəziləri dağıdılsa da, fotosurətləri o vaxtkı Ermənistan SSR-in, o cümlədən Azərbaycan SSR-in qəzetlərində qalır…

Ermənilər hansı dövlətin himayəsində yaşayıblarsa, o dövlətin çətin məqamında ona qarşı satqın çıxıblar. O cümlədən Osmanlı imperiyasının, İran imperiyasının, Rus imperiyasının, Sovet imperiyasının dağılmasında zirək ermənilər arxadan və altdan vurmaqla böyük rol oynayıblar. Onlar həmişə yaranan situasiyalardan məharətlə istifadə ediblər. Məsələn, A.İ.Mikoyan əmisinin tapşırığı ilə 1920-ci ilin sentyabrında həbs edilən 26-ların siyahısını ingilislərə verdi, özünü azad etdirdi, Rusiyaya qaçdı. Rusiyada baş vermiş qarışıqlıqlardan istifadə edərək o, özünün 26-lardan olduğunu və qaçdığını bildirdi. Kreml çağırılmamış qonağı çox hörmətlə qəbul edib, ondan satqınçı kimi ölənə qədər istifadə etdi. O isə özünü 26-ların yadigarı olaraq bir saylı bolşevik lideri kimi lovğa aparırdı və hər cür avantüralar törədirdi. Bu baxımdan bir dəfə İ.Stalin onu yanına çağırıb hədə ilə deyir: “Tarix öz qaranlığı və unutqanlığı ilə maraqlıdır ki, necə olmuşdur ki, 26 Bakı komissarları güllələnib, onlardan yalnız Mikoyan sağ qalıb. Anastas, sən bizi bu tarixə qayıtmağa məcbur etmə!”. Bundan sonra o, millətinin geninə qayıdır, özünü qısqanc, qorxaq aparır və ikiüzlülükdən çoxüzlülüyə keçir.

Yeri gəlmişkən, XX əsr erməni şovinizminin lideri A.Mikoyan “Ermənistan”ın türk torpaqları olduğunu təsdiqləyib. Belə ki, Mikoyan Zəngəzuru həmişə nəzarət altında saxlayırdı. O, 1960-cı illərdə Zəngəzura tez-tez gəlirdi. Bir dəfə Gorus şəhərinə gələrkən Xınzirək kəndinin camaatı yığışıb onun yanına şikayətə gedirlər. Ona çatdırırlar ki, köhnə Xınzirək kəndinin camaatı kəndin yaxınlığındakı düzənlikdə özlərinə torpaq götürüb ev tikmək istəyirlər. Fəqət, kolxoz sədri camaata 7 paydan (700 kv.m) artıq torpaq vermir. Bu torpaqda da ancaq ev tikmək olar. Həyətyanı sahə üçün yer qalmır. Mikoyan kolxoz sədrini tapdırıb iclas keçirir, iclasda ona deyir ki, “Ay itin balası, bu torpaqlar sənin atanın torpaqları deyil, türk torpaqlarıdır. Onu almışıq ki, xalqımız azad yaşasın”. Beləcə, daşnak Mikoyan o torpaqların əzəli Azərbaycan torpaqları olduğunu təsdiqləyib.

Son iki əsrdə azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilən soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə, milli faciə və məşəqqətlərə məruz qalıb. Mərhələ-mərhələ gerçəkləşdirilən qeyri-insani siyasət nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən, min illər boyu yaşadıqları öz doğma tarixi-etnik torpaqlarından qovularaq kütləvi qətl və qırğınlara məruz qalıb, öz dədə-baba ocaqlarından zorla köçürülüb, ardıcıl şəkildə həyata keçirilən etnik təmizləmə siyasətinin qurbanları olub, öz tarixi vətənlərindən didərgin salınıblar.

 

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.