Qərbi Azərbaycan

Ermənilərin 1905-1906-cı illərdə Zəngəzur qəzasında törətdikləri qırğınlar

Xalq qəzeti.-2013.-31 mart.-№ 66.-S.3.

 

Ermənilərin 1905-1906-cı illərdə Zəngəzur qəzasında törətdikləri qırğınlar

 

Nazim Mustafa

 

XX əsrdə ermənilər tərəfindən azərbaycanlılara qarşı dəfələrlə kütləvi qırğınlar, soyqırımlar və deportasiyalar həyata keçirilmişdir. Erməni silahlı dəstələri ilk dəfə ötən əsrin əvvəllərində silah gücünə müəyyən ərazilərdən azərbaycanlıların etnik təmizlənməsinə nail olmuşlar. Xalqımızın başına gətirilən bütün soyqırımı faciələrinə 1998-ci ildə hüquqi-siyasi qiymət verilmişdir. Prezident Kitabxanasının şöbə müdiri, AMEA Tarix İnstitutunun əməkdaşı, Dövlət Mükafatı laureatı Nazim Mustafanın xalqımızın başına gətirilən faciələr silsiləsinin bir mərhələsi olan 1905-1906-cı illərdə Zəngəzur qəzasında törədilən qırğınlar haqqında məqaləsini oxuculara təqdim edirik.

 

Zəngəzur qəzasının ərazisi 7,827 kv. km olmaqla, Yelizavetpol quberniyasının ərazicə ən böyük qəzalarından biri idi. Bu qəza İrəvan quberniyasının Şərur-Dərələyəz və Naxçıvan, Yelizavetpol quberniyasının Cavanşir, Şuşa, Cəbrayıl qəzalarının əhatəsində, Araz çayı ilə İranla həmsərhəd idi. Qəzada mövcud olan 406 kənddən 314-də müsəlmanlar, 92-də isə ermənilər yaşayırdılar. 1897-ci il siyahıyaalmanın nəticələrinə görə, qəzanın 138 min nəfər əhalisindən 71 min nəfərini türklər, 1807 nəfərini kürdlər, 62540 nəfərini ermənilər, min nəfərini isə qeyri millətlərin nümayəndələri təşkil edirdi. Qəza o dövrün inzibati bölgüsünə görə 5 polis sahəsinə bölünmüşdü.

Erməni siyasi partiyalarının və onların silahlı dəstələrinin Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında törətdikləri kütləvi qırğınlar, çoxsaylı terror aksiyaları barədə o dövrün arxiv sənədləri və dövri mətbuat materialları arasında kifayət qədər məlumatlar öz əksini tapmışdır. Azərbaycan Respublikası Tarix Arxivində saxlanılan 46, 62, 183, 484 sayli fondların sənədləri içərisində həm erməni siyasi partiyalarının əsl mahiyyətini açan, həm də ermənilərin törətdikləri qırğınların miqyasını göstərən və hələ də elmi araşdırmalar dövriyyəsinə cəlb edilməyən xeyli miqdarda sənədlər mövcuddur. Həmin dövrdə nəşr edilən qəzetlərdə, xüsusən də Bakıda rus dilində nəşr edilən “Kaspi” qəzetində hadisələri xronoloji ardıcıllıqla əks etdirən məqalələr dərc edilmişdir. “Kaspi” qəzetində, həmçinin 1905-1906-cı illər qırğınlarına aid digər dövri nəşrlərdə, xüsusən də “Novoeobozrenie”, “Tiflisskiylistok”, “Sankt-Peterburqskienovosti” qəzetlərində, habelə ermənicə nəşr edilən qəzetlərdə dərc edilən məqalələri buna misal göstərmək olar.  Zəngəzurda baş verən qırğınlar müəyyən dərəcədə Mir Möhsün Nəvvabın “1905-1906-cı illərdə erməni-müsəlman davası” adı ilə çap edilən (Bakı, 1993) əsərində Zəngəzur qəzasının Sisyan və Vağudi kəndlərində ermənilərin törətdikləri qırğınlar və müsəlmanların ələ aldıqları əks tədbirlər haqqında yığcam olsa da məlumat verilmişdir. M.S.Ordubadinin “Qanlı illər” (Bakı,1911) əsəri Azərbaycan dilində 1905-1906-cı illər qırğınlarına həsr olunmuş ən sanballı əsər olsa da, yalnız Zəngəzur qəzasının Oxçu dərəsində və Qatar mis mədənlərində 1906-cı ilin iyulundan sonra baş verən qırğınlar öz əksini tapmışdır. Halbuki ermənilər 1905-ci ilin may ayından etibarən fasilələrlə Zəngəzurda terror və qırğınlar törətmişlər.

1905-1906-cı illərdə törədilmiş qırğınlara aid erməni müəlliflərinin bir neçə əsəri mövcuddur. Əsl adı Hovannes Ter-Martirosyan olan, lakin əsərlərini A-do imzası ilə çap etdirən müəllifin “Qafqazda erməni-türk toqquşmaları (sənədli, statistik, topoqrafik izahlarla” (İrəvan, 1907, ermənicə) əsərində Gəncə quberniyasının səkkiz qəzasından heç birində qırğınların və dağıntıların Zəngəzurda olduğu kimi böyük miqyasda və uzun sürən olmadığı xüsusilə vurğulanır. A-donun bu əsərinin üstün cəhəti odur ki, o, baş verən hadisələrin şərhindən öncə hər bir qəza və yaxud şəhər haqqında topoqrafik təsvir və 1897-ci il ümumrusiya siyahıyaalmalarının nəticələrinə istinadən statistik məlumatlar verir.

Digər erməni müəllifləri S. Zavaryanın “Qarabağın iqtisadi şəraiti və 1905-1906-cı illər aclığı” (Sankt-Peterburq, 1907, rus dilində), İ. Alibekovun “Yelizavetpolun qanlı günləri cəmiyyətin mühakiməsi qarşısında” (Tiflis, 1907, rus dilində) əsərlərində 1905-1906-cı illər qırğınlarının əsl mahiyyəti təhrif edilsə də, bu əsərlər faktoloji baxımdan tədqiqatçılara xeyli material verir.

İndi isə qırğınların törədilməsindən öncə mövcud olan vəziyyətə nəzər salaq. XIX əsrin sonlarında formalaşan “Armenakan”, “Daşnaksutyun” və “Hnçak” erməni siyasi-terrorçu partiyaları öz məqsədlərinə nail olmaq üçün əvvəlcə Türkiyənin Şərqi Anadolu vilayətlərində, sonra isə Cənubi Qafqazda kütləvi qırğınlar törətmiş və terror aksiyaları həyata keçirmişlər. 1895-1896-cı illərdə Şərqi Anadoluda xarici qüvvələrin təhriki ilə baş qaldıran erməni üsyanları yatırıldıqdan sonra həmin iğtişaşların təşkilatçılarının və icraçılarının əksəriyyəti Cənubi Qafqazda, əsasən də İrəvan və Yelizavetpol (Gəncə) quberniyalarında yerləşmişdilər. Rus müəllifi N.Şavrovun yazdığına görə, 1896-cı ildə Cənubi Qafqazda 900 min erməni yaşamışdısa, 1908-ci ildə 1,3 milyon erməninin yaşadığı qeydə alınmışdı. Deməli, təkcə bu dövrdə kənardan Cənubi Qafqaza 400 min erməni gəlib yerləşmişdi.

Bununla belə, XX əsrin əvvəllərində İrəvan quberniyasının 7 qəzasından 4-də, Yelizavetpol quberniyasının 8 qəzasının hamısında azərbaycanlılar çoxluq təşkil edirdilər. Hər iki quberniyada torpaqların böyük bir qismi azərbaycanlı mülkədarların və kəndlilərin əlində cəmləşmişdi. Erməni siyasi partiyaları öz nizamnamələrində nəzərdə tutulduğu kimi, məqsədlərinə çatmaq-yəni sənaye müəssisələrini və torpaqları ələ keçirmək üçün ciddi hazırlıq işləri görmüşdülər. 1905-ci ildə Rusiyada baş qaldıran inqilabi hərəkat və kütləvi iğtişaşlar ermənilərə fürsət vermişdi ki, öz niyyətlərini həyata keçirsinlər. Ermənilərin başlıca məqsədləri isə Bakıda və Cənubi Qafqazın digər şəhərlərində sənaye müəssisələrini, İrəvan və Yelizavetpol (Gəncə) quberniyalarında isə silah gücünə etnik təmizləmə həyata keçirməklə yeni-yeni torpaqlar ələ keçirməkdən ibarət idi.

Cənubi Qafqazda başlıca olaraq “Daşnaksutyun” və “Hnçak” partiyaları öz yerli təşkilatlarını yaratmış və nüfuz dairələrini genişləndirmək uğrunda bir-biriləri ilə mübarizə aparırdılar. Erməni terrorçu siyasi partiyalarının əsas məqsədlərini M.S.Ordubadi “Qanlı illər” (Bakı,1991) əsərində kifayət qədər dəqiqliklə ifadə etmişdir: “İrəvandan Naxçıvana qədər yol üstündə yerləşən islam kəndlərini dağıtmaqla İrəvan ermənilərini Naxçıvanda hazır olan əsgəri qüvvələrlə birləşdirmək Naxçıvandan Zəngəzura kimi yol boyunda olan köyləri dağıdıb Zəngəzur könüllüləri ilə Naxçıvandakı əsgəri qüvvələri birləşdirmək kimi alçaq xəyallardan ibarət idi”.

XIX əsrin sonlarından etibarən Zəngəzurda “Hnçak” və “Daşnaksutyun” partiyalarının özəkləri fəaliyyətə başlamışdı. Arxiv sənədləri göstərir ki, erməni təşkilatları hələ 1904-cü ildə Zəngəzurun erməni əhalisi arasında milli zəmində qarşıdurma yaratmaq istiqamətində təbliğat işini gücləndirmişlər. Bu məqsədə xidmət etmək üçün orada “Hnçak” və “Daşnaksutyun” partiyalarının şöbələrini yaratmış, əhalini silahlandırmış, alınan silahların bir hissəsi gizli yolla Bakıya göndərilmişdi. Zəngəzur sahə prokurorunun müavini İv. Yakubovski Yelizavetpol dairə məhkəməsi prokuroruna 4 iyun 1905-ci ildə göndərdiyi təqdimatında yazırdı ki, 1905-ci il mayın 31-də Xınzirək məktəbinin nəzarətçisi Nazaret Şirakuni dindirilərkən ifadəsində göstərmişdir ki, kənddə “Hnçak” və “Daşnaksutyun” partiyaları fəaliyyət göstərir. Şirakuni Xınzirək komitəsinin keşiş Ter-David Ter-Arutyunov başda olmaqla daha üç nəfər təbliğatçıdan ibarət olduğunu və fəaliyyətinin bütün Zəngəzur qəzasını əhatə etdiyini bildirmişdir. N.Şirakuni həmin komitənin əhalidən pul yığanların və terrorçuların olduğunu da öz ifadəsində göstərmişdir. Təbliğatçıların hər ay 120, pul yığanların 25-30 rubl aldıqları, terrorçuların isə aylıq yox, hər bir qətlə görə xeyli məbləğ aldıqları məlum olmuşdur. Qeyd edilənlərdən asılı olmayaraq şahid Şirakuni öz ifadələrində göstərmişdir ki, keşiş Ter-Osip bütün ehtiyatda olan hərbi mükəlləfiyyətliləri kilsəyə yığaraq and içdirmişdir ki,  orduya səfərbərlik zamanı hərbi qulluqdan imtina edəcəklər…” (ARTA, fond 183, siy.3, iş 102, v.24-25).

“Məxfi” qrifi ilə saxlanılan başqa bir sənəddə isə qeyd edilir ki, 1904-cü ilin noyabrında Xınzirək kəndinin sakinlərindən 8 erməni prokurora verdikləri ifadələrdə göstərmişlər ki, onlar 80-100 nəfərdən ibarət partiyanın rəhbərliyində dururlar. Partiyanın hər bir üzvündən ayda 80 qəpikdən 2 rubladək aylıq üzvlük haqqı alırlar. Yığılan pulları kəndin icma başçısının qardaşına verirlər. Həmin pullara icma başçısı Sarkis Bağdasarov və keşiş Ter-David Ter-Arutyunov silah və güllə alırlar. Sursat keşişin anbarında saxlanır. Mədənçi Martiros Şahzadov isə xalça almaq adı ilə kəndləri gəzir, pul yığır və həmin pulla güllə alır.

Həmin sənəddə göstərilir ki, oktyabrın 13-də keşiş Ter-Arutyunovun evində Cəbrayıl qəzasının rəisi Qaranı öldürmək üçün püşkatma keçirilmişdir. Püşkatma nəticəsində üç nəfərə – xınzirəkli Arsen Dadaniyevə, ballıcalılı (Şuşa) Baxşı Musaelova və irəvanlı Surenə ölüm hökmünü icra etmək həvalə edilmişdir. (ARTA, fond 183, siy.3, iş 102, v. 12-13). 

Bu sənədlərdən görünür ki, 1905-ci ilin fevralında Bakıda qırğınlar törətmək üçün hələ 1904-cü ildə Zəngəzur qəzasında pul yığılmış, silah və sursat alınaraq Bakıya göndərilmişdir.

Başqa bir arxiv sənədində göstərilir ki, 1905-ci il martın 5-də Zəngəzur qəzasının 1-ci polis sahəsinin sakinlərinin Yelizavetpol qurbernatoruna göndərdikləri müraciətdə qeyd edilirdi ki, hələ 1903-cü ildə polis məmuru Baqrat Əsilov 1-ci sahəyə rəis təyin edildikdən sonra bacanağı qarakilsəli Vağarşak Safrazbəyovun göstərişi ilə şübhəli təbliğatçı rolunu öz üzərinə götürmüşdür. Əsilov və Safrazbəyovun fəaliyyətləri nəticəsində sahənin erməni və azərbaycanlı əhalisi heç bir səbəb olmadan bir-birlərinə qarşı düşmən kəsilmişlər. Qəza rəisi R. Pfelerin sayəsində Əsilov 1-ci sahədən uzaqlaşdırılsa da, 1905-ci ilin fevralında Bakıda qırğınlar başlanandan dərhal sonra yenidən 1-ci polis sahəsinə gəlib, erməniləri qızışdıraraq söyləmişdir ki, iki millət arasında böyük iğtişaşlar gözlənilir. Əsilovun fəaliyyətinin qəzada tezliklə qırğınlara səbəb olacağından və bunun qarşısını hökumətin ala bilməyəcəyindən ehtiyatlanan yerli əhali qubernatordan təcili tədbirlər görməyi xahiş edirdi. (ARTA, fond 62, siy. 1, iş 42, v. 41-41).

A-donun yazdığına görə, iyunun 24-də Xoznavarda gedən atışma zamanı türklər Baqrat Əsilovu qətlə yetirmişdilər.

1905-ci ilin fevralında ermənilərin Bakıda başladıqları qırğınlar mart ayında İrəvana sirayət etmiş, may ayından etibarən isə Naxçıvanda davam etdirilmişdi. Lakin erməni terrorçu dəstələrinin Naxçıvanda törətdikləri təxribat və qırğınlar yerli əhalinin mütəşəkkilliyi sayəsində geniş miqyas almamışdı. Erməni silahlı dəstələrinin Naxçıvanın kəndləri üzərindən Zəngəzura doğru hərəkətlərinin qarşısı alındıqdan sonra yenidən İrəvan qəzasında qırğınlar törədilmişdi. Həmin dövrdə ermənilər Zəngəzuru sözün həqiqi mənasında barıt çəlləyinə çevirmişdilər. Erməni terrorçu dəstələri tez-tez təxribatlar törədir, ətrafdakı azərbaycanlı kəndlərinə basqınlar edirdilər.

Ermənilər qırğınlara başlamaq bəhanəsi əldə etmək üçün Naxçıvanın Şıxmahmud və Tumbul kəndlərində həyata keçirdikləri ssenarini Zəngəzurda da həyata keçirmişdilər. Belə ki, özləri avqustun 16-da Gorusdan Qarakilsəyə qayıdan Zülfüqar Safrazbekyanı və onun oğlunu, habelə brnakotlu iki ermənini Ağudi və Vağudi kəndlərinin sərhədində qətlə yetirmiş, təqsiri azərbaycanlıların üzərinə yıxmışdılar.

Ta qədimdən aran Qarabağın, hətta Cavad qəzasının heyvandarlıqla məşğul olan əhalisi yazda Zəngəzur və Dərələyəz dağlarındakı yaylaqlara köç edər, payızda isə geri dönərdilər. Türkmənçay müqaviləsindən (1928) sonra İrandan köçürülərək gətirilən ermənilərin bir qismi Zəngəzurun mülayim iqlimi olan dağətəyi zonalarında məskunlaşdırılmışdılar. Ona görə də əksər erməni kəndləri köç yollarının üzərində yerləşirdi. Ermənilər azərbaycanlıların yaylağa köçləri və geri qayıtdıqları zaman onlara basqınlar edir, elat əhalisini qətlə yetirir, mal-qarasını və məhsullarını ələ keçirirdilər. 1905-ci ilin yayında Şuşada, Xaçın dərəsində və Ağdam yolunda baş verən münaqişələrin xəbəri yaylaqdakılara çatdıqdan sonra onlar ermənilərin basqınlarından xilas olmaq məqsədilə arana enmək qərarına gəlirlər. Lakin köç yolu Gorus şəhərinin ermənilər yaşayan hissəsindən və Xndzoresk erməni kəndindən keçirdi. Avqustun 17-də ermənilər şayiə yayırlar ki, guya dağdan arana qayıdan Kərimbəyi və Kürdmahmudlu kəndlərinin köçəriləri Naxçıvan qəzasından olan 5 erməni qadınına türk libası geyindirərək özləri ilə aparırlar. Ermənilər həmçinin türklərin onların mal-qarasını oğurlayıb apardıqları barədə də şayiə yaymışdıalr. Pristav Voskresenski türkləri təqib edərək, vəziyyəti yerində öyrənmiş və ermənilərin yalan söylədiklərini təsbit etmişdi. Ermənilərlə atışan Voskresenski bir ermənini qətlə yetirmişdi. (A-do, s.251).

Avqustun 18-də Həmzəli kəndindən Niftalı bəy 15 nəfər dostu ilə birlikdə Gorusa gələn zaman şəhərin girəcəyində mövqe tutan erməni silahlıları onlara atəş açırlar. Nəticədə Niftalı bəy və onun dəstəsindən iki nəfər, ermənilərdən də iki gənc öldürülür. Avqustun 20-də qubadlılı İldırım bəy Sultanov rus pristav Yevorskinin vasitəsilə Gorus ermənilərinə ultimatum göndərir. Ultimatumda Gorusda saxlanılan türkləri azad etmək, köçərilərin sərbəst hərəkəti üçün yol vermək, erməni silahlı dəstələrini Gorusdakı mövqelərindən uzaqlaşdırmaq və 1000 rubl təzminat ödəmək tələb olunurdu. Qəza rəisi Avaliani İldırım bəyin təzminat ödəmək tələbindən başqa digər tələblərinin ödənilməsini təmin etdirmişdi. (A-do, s.252).

Qarahunc kəndi də ermənilərin terror yuvasına çevrilmişdi. A-donun yazdığına görə, sentyabrın 6-da Gorus həbsxanasından azad edilən Məmmədəli Xanlar bəy Qarahunc kəndinin yaxınlığından keçərək evinə qayıdarkən ermənilər tərəfindən izlənərək güllələnir. Bu terror əməlinə görə Qarahunc kəndinin erməniləri ekzekuasiyaya (cəriməyə) məruz qoyulmuşdu. Qarahunclular 1500 rubl cərimə edilmiş, üstəlik, 150 kazakın 12 gün ərzində ərzaq və digər tələblərinin ödənməsi ermənilərin üzərinə qoyulmuşdu. (A-do, s.254).

Sentyabrın 18-də Yelizavetpolun general-qubernatoru Takayşvili əhali arasında barışıq yaratmaq məqsədilə Gorusa gəlir. Vəziyyətlə yerində tanış olduqdan sonra Takayşvili ermənilərin təqsirkar olduqlarını bildirir. O, iğtişaşların təşkilatçıları kimi Gorusdan 10, Dığ kəndindən isə 15 ermənini həbs etdirir. (A-do, s.265).

1905-ci il sentyabrın 22-də Xoznavar və Xnaçax erməniləri ətraf kəndlərdən gələn silahlı dəstələrin köməyi ilə türk kəndlərinə hücum edərək Bayandurda 50, Hələkdə 35, Kosalarda 25, Malıbəyləidə 50, Cağacurda 40, Çaylıda 10, Kalavalaxda 25, Novruzluda 15 evi sakinləri ilə birlikdə yandırıb dağıtdılar. Birinci üç kənd isə tamamailə qarət edilir. (A-do, s.266).

 “Kaspi” qəzeti 5 noyabr 1905-ci il tarixli sayında “Kavkaz” qəzetinə istinadən yazırdı ki, Yelizavetpolun müvəqqəti qubernatoru oktyabrın 27-də Gorusdan Qafqaz canişininə aşağıdakı məzmunda teleqram göndərmişdir: “Gorusdan çıxaraq iki gün ərzində Cəbrayıla çatdım. Vəziyyətlə tanış olaraq sizin nəzərinizə çatdırıram ki, əvvəllər görülən tədbirlər nəticəsində qəzada sakitlik bərqərar olmuşdur. Oktyabrın 16-dan isə müxtəlif yerlərdən gəlmələrdən və fərarilərdən ibarət olan erməni bandası Zəngəzur qəzasından Qaryagin qəzasına keçdikdən və dağlıq erməni kəndləri olan Zamzur, Daşbaşı, Cilan və digər kəndlərin sakinləri ilə birlikdə tatar kəndləri olan Aşıxmalikli və Tararlı kəndlərinə hücumları nəticəsində 8 tatar öldürülmüş, meyitlərin başları bədənlərindən qoparılmış, bəzilərinin sağ əli və sağ qulaqları kəsilmişdir. Meyitlər elə eybəcər hala salınmışdır ki, bütün bunlar şəriət qaydalarına görə Qaryagin qəzasının müsəlmanları arasında çaxnaşma yaratmışdır. Qətllərin bütün iştirakçıları təhvil verilənədək təqsirkar erməni kəndlərində ekzekuasiya qoyulmuşdur”.

Gürcüstan Mərkəzi Tarix Arxivində saxlanılan bir çox sənədlərdə ermənilərin 1905-1906-cı illərdə törətdikləri qırğınlar barədə materiallar öz əksini tapmışdır. Həmin qəbildən olan sənədlərin birində Sisyan kəndində törədilən qırğınlardan bəhs edilir. Sənəddə qeyd edilir ki, 1905-ci ilin oktyabrında Zəngəzur qəzasının 10 erməni kəndinin silahlı sakinləri qəzanın azərbaycanlılar yaşayan Sisyan kəndinə hücum etmişdir. 75 nəfər Sisyan sakini öldürülmüş  və yaralanmışdır.

Yalnız kazakların özlərini yetirməsi nəticəsində qətliam və talanın daha böyük miqyas almasının qarşısı alınmışdır. (GMTA, f. 83, s. 1, iş 32, v. 260).

Erməni müəllifi A-donun yazdığına görə, 1905-ci il noyabrın 22-də Ərəfsə kəndindən Seyid Adıgözəl yoxa çıxır. Bu hadisə Sisyan kəndinin 200 evdən ibarət türklərini daha çox həyəcanlandırır. Sisyan kəndi Ağkənd, Əlili, Təzəkənd və Tolors kəndlərinin əhatəsində yerləşirdi. Noyabrın 23-də sisyanlılar Təzəkənd kəndini iki tərəfdən mühasirəyə alırlar. Təzəkəndlilər qonşu Əlili kəndinə qaçırlar. Üç gündən sonra sisyanlıların Comərdli və digər türk kəndlərinin köməyi ilə Təzəkəndə hücumları baş tutur. Noyabrın 26-da ətrafındakı erməni kəndlərindən Təzəkəndə gələn ermənilər Sisyan üzərinə birgə hücuma keçirlər. Türklər çoxlu itki verdikdən sonra kəndin ortasındakı təpənin üstündə yerləşən köhnə qalanın qalıqları arasına çəkilirlər. Ermənilər 50-yə qədər evi yandırıb, kəndin mal-qarasını özləri ilə aparılar. Əsgərlərin kəndə gəlib yetişməsindən sonra silah gücünə Sisyan ermənilərdən təmizlənir. Sisyanlılardan 50-dən çox ölən və yaralanan olur. Ermənilərdən 5 nəfər öldürülür. Bu münaqişədən sonra bölgədə bir müddət sakitlik hökm sürür. (A-do, s.279-280).

Sisyandan Gorusa gedən yol Ağudi və Vağudi kəndlərindən keçirdi. Ətraf kəndlərdə yaşayan  ermənilər Gorusa getmək üçün ya Ağudi və Vağudinin ərazisindən keçməli, ya da yollarını dəyişib dağlara, dərələrə getməli idilər. Ona görə də ermənilər Ağudi və Vağudini aradan götürməyi qərara almışdılar. A-donun yazdığına görə, dekabrın 25-də böyük bir erməni silahlı dəstəsi Ağudi üzərinə hücuma keçir. Ağudililər böyük itki verərək Vağudi kəndinə qaçırlar. Kənddə qalanların bir hissəsi isə məsciddə gizlənmişdi. Hücum edən ermənilərin bir hissəsi kəndin girəcəyindəki mövqelərdə qalmış, digər  hissəsi isə kəndə soxulmuş, evləri yandırıb dağıtmağa başlamışdı. Bu zaman Şəki kəndinin türkləri köməyə çatırlar və davanın gedişi dəyişir. Bundan sonra ətrafındakı türk kındlərindən, eləcə də Dərabasdan köməyə gəlirlər. Kəndə hücum edən ermənilər mühasirəyə düşürlər və onlar geri çəkilmək məcburiyyətində qalırlar. Bu hücum zamanı ağudililər 60 nəfərdən çox, ermənilər isə 22 nəfər itki verirlər. (A-do, s. 281-282).

Dərabas dərəsində bir-birinin ardınca Şinətağ, Lor, Geğatag, Dərabas, Lçen və Şamb kəndləri yerləşirdi. Bu kəndlərdən 4-də ermənilər, Dərabas və Şamb kəndlərində isə ermənilərlə türklər qarışıq yaşayırdılar. Dərabasda 215 türk, 36 erməni ailəsi, Şambda isə 20 türk, 35 erməni ailəsi mövcud idi. Noyabrın sonlarında Gorus yolunda 2 erməni öldürülür. Onların qətlində Dərabas türklərindən şübhələnirlər. Vəziyyət gərginləşir. Dərabasdan 20-30 ailə kəndi tərk edir. Onların evlərində Şambdan olan ermənilər yerləşir. Digər erməni kəndlərindən isə ermənilər Dərabasa yığışırlar. Dekabrın 26-da erməni silahlıları türk evlərinə hücum edirlər. Kəndin əhalsinin bir hissəsi dağlara qaçır, qalanları isə kənddəki üç böyük evdə – Molla Əbülhəsənin, Ələkbər bəyin və Abbas Ələkbər oğlunun evində sığınacaq tapırlar. A-do erməni vəhşiliyini belə təsvir edir: “Evlərində gizlənmiş ermənilər köməyə gələnlərin qışqırıqlarını eşidən kimi vəhşiləşmiş kimi küçəyə atıldılar, türklərin evlərinə hücum edərək, talan edib yandırdılar. Onlar yanğınları və talanları davam etdirərək, yuxarıda adları çəkilən evlərə çatmışdılar, hansı ki, orada türklər böyüklü-kiçikli, arvadlı-uşaqlı sığınacaq tapmışdılar. Ermənilər burada cinayətkarlığın ən dəhşətli formasını həyata keçirdilər. Onlar bu üç evə od vurub, içindəki insanları sağ-sağ yandırdılar. Cinayət alovlar və dağıntılar içində həyata keçirildi və çoxsaylı insanlar məhv oldu. Biz o yanmış evlərin insan sümükləri ilə qarışmış külünü gördük və sarsıldıq, o qatilləri, daha çox isə dəhşətli cəhənnəmi törədənləri lənətlədik… Öldürülmüş, yandırılmış, meyitləri səpələnmiş adamların sayı 272 nəfərə çatırdı”. A-do Dərabasda törədilən bu cinayətin yerli hakimiyyət ciddi araşdırılmasını münasib görmədiyini, polisin yalnız bir protokol tərtib etməklə işini bitmiş hesab etdiyini qeyd edir. (A-do, s. 284-285).

1905-ci il dekabrın 29-da Tatev erməniləri türklərin yaşadıqları Kürdlər adlanan kəndə hücum etmiş, lakin müqavimət göstərə bilməyərək, çoxsaylı itki verərək kəndi tərk etmək məcburiyyətində qalmışdılar. Kənd talan edilmiş, sonra isə yandırılaraq xarabalığa çevrilmişdi. A-do ermənilərin bu hərəkətinə heç bir əsas tapa bilmədiyini, bu hücumu barbarlıq və məhkum olunası əməl kimi xarakterizə etmişdir. (A-do, s.274).

Ermənilərin Sisyan, Ağudi, Dərabas və digər kəndlərdə törətdikləri vəhşiliklər öz növbəsində azərbaycanlıları da qisas almağa vadar edirdi. Azərbaycanlılar xəbər almışdılar ki, məşhur quldurbaşı Keri Əngələkət (Angeğakot) kəndindədir və onun başçılığı ilə türk kəndlərinə yeni hücum hazırlanır. 1906-cı il yanvarın 6-da Ağudu, Vağudi, Urud, Şəki və digər kəndlərdən yığışmış türklərin böyük bir dəstəsi Əngələkət kəndinə hücum edir. Dəstəyə Şahsuvar bəy başçılıq edirdi.. Hər iki tərəf onlarla itki verdikdən sonra atışma kəsilir. (A-do, s.286-287).

“Kaspi” qəzeti 13 yanvar 1906-cı il tarixli sayında “Novoe Obozreniye” qəzetinə istinadən yazırdı ki, dekabrın 25-də ermənilərlə toqquşma nəticəsində 70 nəfər ağudili qətlə yetirilmiş, 30 ev yandırılmışdır. Daha sonra ermənilərin 278 nəfər Dərəbağ kəndinin tatarlarını öldürdüyü xəbəri verildi.

1906-cı il fevralın 20-də Tiflisdə Qafqazın canişini Voronsov-Daşkovun təşəbbüsü ilə erməni-müsəlman sülh məclisi (qurultayı) öz işinə başlayır. Həmin məclisdə Zəngəzur qəzasını aqronom Cəlil bəy Sultanov təmsil edirdi. Ermənilər milli münaqişənin böyük miqyas almasının səbəbini  türklərin savadsızlığı və elmsizliyi ilə izah etməyə çalışsalar da, azərbaycanlı nümayəndələr iğtişaşların baiskarlarının erməni siyasi təşkilatları və onların terrorçu dəstələri olduqlarını faktlarla sübut edirlər. Erməni nümayəndələri təklif edirlər ki, elatların köçü qadağan edilisin. Bununla da ermənilər azərbaycanlıları ərzaq məhsullarından məhrum etmək istəyirdilər. Ermənilərin bu niyyəti də baş tutmur. Qafqaz Casnişinliyinin ciddi tədbirlər ələ almaq niyyətində olmadığını yəqin edən ermənilər sülh məclisi başa çatdıqdan az bir müddət sonra yenidən qətl və qarətlərini davam etdirmişdilər.

6 mart 1906-cı ildə “Daşnaksutyun” partiyasının Qafan komitəsi Oxçu dərəsinin nüfuzlu ağsaqqalları, erməni silahlı dəstələrinin hücumlarına qarşı əhalinin səfərbər edilməsində mühüm rol oynayan Hacı bəy və Molla Hacıya qarşı terror aksiyası keçirmək haqqında qərar qəbul etmişdi. (ARTA, f.62, siy.1, iş.41, v.69). Həmin qərar bir müddət sonra icra edilərək onların hər ikisi qətlə yetirilmişdilər.

Zəngəzur qəzasının 4-cü sahəsinin pristav əvəzi Məlik Abbasovun qəza rəisinə 1906-cı il martın sonlarında göndərdiyi məxfi raportunda qeyd edilirdi ki, Zəngilan rayonundan Qatar zavodlarına, Şıxavuzdan həmin zavodlaradək yollar tamamilə bağlanmışdır. Ermənilərin məskun olduqları ərazilərin yolları üzərində qanunsuz erməni silahlı dəstələrinin, azərbaycanlı icmalarının məskun olduqları rayonların yolları üzərində isə İrandan qaçaq yolla gələn quldurların dərəbəylik etdikləri raportda öz əksini tapmışdı. Məlik Abbasov qəza rəisindən erməni quldurlarının cəmləşdiyi Şıxavuz və Qaragöl kəndlərindən hər hansı birinə 100 kazak əsgərinin göndərilməsinin bölgədə quldurluğun qarşısının alınmasına yardımçı olacağını vurğulayır. Məlik Abbasov 4-cü sahədə sülh və sakitliyin bərqərar olmasında Meğrili Keşiş Ter Vahanın, Lehvazlı Kərbəlayi Mehdi Hacı Allahverdi oğlunun, oğlanları ilə birgə Vağrivarlı David Axpercanovun, Əldərəli Həsənqulu bəy Sərməstbəyovun xidmətlərinin olduğunu yazırdı. (ARTA, f.62, siy.1, iş.41, v.62)

Zəngəzur qəza rəisinin tapşırığı ilə yerlərdə barışıq komissiyaları yaradılmışdı. Lakin həmin komissiyaların fəaliyyəti “Daşnaksutyun” partiyasının məramına zidd idi. Ona görə də komissiya üzvlərinə qarşı terror aksiyaları həyata keçirirdilər. Yelizavetpol qubernatoru A.Kalaçovun 24 aprel 1906-cı ildə Qafqazın canişininə göndərdiyi raportda “Daşnaksutyun” partiyasının Bığ kəndindəki muzdlu qatili Peto adlı erməninin üç naməlum ermənilərlə birlikdə barışıq komissiyasının üzvləri Hacı bəy Məlik Şəfiyevin və Molla Hacı Mir Əbdüləzim oğlunu qətlə yetirdikdən sonra həmin kənddə gizləndikləri qeyd edilmişdi. (ARTA, f.62, siy1, iş.41, v.70).

1906-cı il iyulun 5-də köç yolunun üstündə yerləşən Qalaçıq erməni kəndinin silahlı dəstəsi ilə Şahsevən və Qarafındıqlı elatları arasında toqquşma baş verir. Ermənilər 20 nəfər, türklər isə 30 nəfər itki verir. Bundan sonra erməni silahlı dəstələri türklər yaşayan Pul, Ərikli, Şükar və Məliklər kəndlərinə hücum edərək onları viran qoymuş, əhalsini qaçqın düşməyə məcbur etmişdilər. 150 türk ailəsi didərgin vəziyyətdə, açıq səma altında yaşamağa məcbur qalmışdı. (A-do, s. 288).

Rəsmi hakimiyyət təmsilçiləri erməni-müsəlman davasında ya ermənilərin tərəfini saxlayır, ya da bütün qanunsuzluqlara göz yumurdular. Gorus sahəsinin müsəlmanları 25 iyul 1906-cı ildə Qafqaz canişininə teleqram göndərərək Zəngəzur qəzasının rəisi Mitkeviçin öz vəzifəsinin öhdəsindən gəlməməsindən şikayətlənirdilər. Teleqramda bildirilirdi ki, iyulun 9-da Gorusun müasir silahlarla silahlanmış komitəçiləri (erməni terrorçu partiyaları nəzərdə tutulurdu) Eyvazlar və Davutlu kəndlərinin köçərilərinə qəfildən hücum etmiş, çobanı yaralamışlar. Müsəlmanlar qorxu içərisində qaçaraq Ağudi və Vağudi kəndlərinə sığınmışlar. Ermənilər Eyvazlıların 900, Davutluların isə 600 qoyununu və 300 iribaşlı heyvanını aparmışlar. Köçərilər arana təhlükəsiz enmək üçün qəza rəisi Mitkeviçə müraciət etmişlər. Mitkeviç onları əmin etmişdir ki, yolların təhlükəsizliyi təmin ediləcək və təqsirkarlar cəzalandırılacaq. Qəza rəisinə inanan köçərilər yola çıxmış, lakin yenidən ermənilərin hücumuna məruz qalmışlar. Pusquda duran ermənilər iki tərəfdən hücum edərək bu dəfə eyvazlıların 50 baş iribuynuzlu heyvanını və 15 xurcununu aparmışlar. Qəza rəisinin heç bir tədbir görmək istəmədiyini görən köçərilər Qafqaz canişinindən onlara vurulan ziyanın ödənməsini və yeni qəza rəisinin təyin edilməsini xahiş etmişdilər. (“Kaspi”, 11 avqust 1906).

“Kaspi” qəzeti 12 sentyabr 1906-cı ildə erməni qəzeti “Nor-Xosk” (“Yeni söz”) qəzetinə istinadən xəbər verirdi ki, Ordubada Zəngəzurdan təqribən min nəfər var-dövlətini itirən müsəlman qaçqınları gəlib. Qəzet həmin çılpaq və ac-yalavac qaçqınların dəhşətli görkəmləri olduğunu, onların vəziyyətlərinin düzəldilməsi üçün heç bir tədbir görülmədiyini yazırdı.

“Kavkaz” qəzetinin Gorusdan verdiyi xəbərə istinadən “Kaspi” qəzeti həmin tarixli nömrəsində yazırdı ki, avqustun son günlərində Ucanis, Akarak və digər erməni kəndlərinin silahlıları Sultanlıq, Əhməd bəy Qışlağı, Qurban Qışlağı, Atqız, Fərəcan, Xatın bağı, Saldaş və Göyyal kəndlərinə hücum edərək 15 qadın və kişini öldürmüş, bütün tikililəri yandırmış, 20 oğlan uşağını əsir aparmışlar. Daha sonra qəzet Zəngəzur qəzasının 3-cü polis sahəsinin “tatar” kəndlərindən Çullu, Danzaver (Armudlu), Ağvanlı, Yeməzli, Saralı, Xaşdan, Firudin bəy Qışlaqlı kəndləri, 5-ci sahədən isə İncəvar, Karxana, Xələc kəndləri tamamilə dağıdılmış və viran qoyulmuşdur. Xüsusən Karxana kəndinin bütün sakinlərini doğramışlar. Bunlardan əlavə, qəzet Qatar, Oxçu, Sabadin və Atqız kəndlərinin ciddi zərər gördüklərini yazırdı. (“Kaspi”, 12 sentyabr 1906)

“Kaspi” qəzeti “Kavkaz” qəzetinə istinadən 22 sentyabr 1906-cı ildə yazırdı ki, sentyabrın 4-də Tatev və digər erməni kəndlərinin silahlıları Ağvanlı və Danzaver (Armudlu) kəndlərinə hücum etmişlər. Sonuncu kəndin bütün əmlakları və tikililəri yandırılmış, üc nəfəri qətlə yetirmiş, 4 nəfəri yaralamış və bir nəfəri əsir götürmüşlər.

Erməni silahlı dəstələri boşaltdıqları azərbaycanlı kəndlərində erməniləri məskunlaşdırırdılar ki, bir daha geri qayıtmaları mümkün olmasın. “Kaspi” qəzeti 11 oktyabr 1906-cı il tarixli sayında yazırdı ki, Zəngəzur qəzasının Harar kəndindən 30 erməni ailəsi özbaşına olaraq Cavanşir qəzasının Umudlu kəndində məskunlaşıblar. Təqribən 100 ailədən ibarət həmin kəndin digər sakinlərinin isə Şuşa qəzasının Xankəndi kəndi ətrafındakı “tatarlara” məxsus ərazidə məskunlaşmaq üçün yola çıxdıqları qeyd olunmuşdur.

M.S.Ordubadi “Qanlı illər”də 1906-cı ildə Zəngəzur qəzasının 5-ci sahəsində ermənilərin törətdikləri qırğınlar haqqında müfəssəl məlumat verdiyi üçün həmin hadisələrin qısa xronologiyasını oxucuların nəzərinə çatdırırıq. M.S.Ordubadi yazır ki, 1906-cı ilin yayında ermənilər Şuşa qəzasında məğlub olduqdan və öz niyyətlərinə çata bilmədikdən sonra əsas güclərini Zəngəzurun 5-ci sahəsinə yönəltmişdilər. Bu sahədə mis mədənləri və Oxçu dərəsindəki böyük və coğrafi mövqeyinə görə strateji əhəmiyyətli azərbaycanlı kəndləri yerləşirdi. Ordubadi Oxçu, Şəbədək, Pirdavudan və Atqız kəndlərinin müsəlmanlarının ən cəsur və sücaətli adamlar olduqlarını, erməniləri dəhşətə saldıqlarını qeyd edir. Ermənilərin Qafan (Qapan) dərəsində topladıqları silahlı qüvvələri kifayət etmədiyindən İrəvandan, Gümrüdən, Abarandan, Sörəyeldən əlavə qüvvələr çağırılmışdı. Şuşada məğlub edilən erməni silahlıları iyulun sonlarında mis mədənləri yerləşən Qatar tərəfə göndərilmişdi. Müasir silahlarla və toplarla təmin edilən ermənilər avqustun 9-da Oxçu-Şəbədək kəndlərinə hücum edirlər. Köhnə silahlarla silahlanan azərbaycanlılar 4 gün ermənilərə müqavimət göstərmiş, onları mövqelərindən çıxararaq Kecalan erməni kəndinə qovurmuşr və nəhayət, erməniləri məğlub etmişlər. Erməni komandirləri Qatardakı ehtiyat hissələrini və ətraf erməni kəndlərindəki silahlıları da cəlb edərək avqustun 14-də Oxçu-Şəbədək kəndlərini işğal edirlər. Silah-sursatı tükənən azərbaycanlılar Saqqarsu dağına çəkilirlər. Kəndi tərk edə bilməyənlərin hamısını ermənilər qətlə yetirib bir-birlərinin üstünə qalaqlamışdılar. Tək-tək sağ qalanlar çıl-çılpaq Ordubada və Cəbrayıl qəzasının kəndlərinə pənah aparmışdılar. Bu qanlı cinayətin təsvirindən aydın olur ki, XX əsrin sonlarında Xocalıda törədilən soyqırımın analoqu həmin əsrin əvvəllərində Saqqarsuda törədilmişdi.

Ordubaddan Yelizavetpol qubernatoruna vurulan yüzlərlə teleqramdan sonra general-qubernator Ordubada bir rota draqun süvarisi göndərir. 800 nəfərə yaxın Ordubadlı könüllülərin də köməyi ilə sentyabrın 16-17-də Oxçu-Şəbədək kəndləri ermənilərin işğalından azad edilir. Sağ qalan əhalinin yenidən öz kəndlərinə qaytarılması prosesi başlanır. Ordubad tərəfdən gələn silahlı dəstələrdən ağır zərbə alan ermənilər qırğınlara ara verməyə məcbur olmuşdular.

Azərbaycanlıların təşkilatlanması, “Difai” partiyasının ermənilərin terroruna terrorla cavab verməsi də onların silahlı qarşıdurmadan əl çəkmələrinə səbəb olmuşdu. Lakin qırğınlara son qoyulanadək yüzlələ kəndi ermənilər viran qoymuşdular. 

Ümumiyyətlə, M.S.Ordubadinin verdiyi məlumata görə, ermənilər təkcə həmin ilin avqust ayında Zəngəzurun Xələc, Karxana, Qatar, İncəvar, Çöllü, Yeməzli, Saldaşlı, Mollalar, Batuman, Oxçu, Şəbədək, Atqız, Pürdavud, Zurul, Guman, İyilli, Sənalı, Minənəvur, Fərcan, Qalaboynu, Əcəbli, Buğacıq, Lov, Daşnov kəndlərini viran qoymuş, əhalisini qətlə yetirmişdilər.

Erməni müəllifi S. Zavaryanın verdiyi məlumata görə isə 1905-1906-cı illərdə Zəngəzur qəzasında 43 müsəlman, 14 erməni kəndi dağıdılmışdır.  Ümumiyyətlə isə, 1905-1906-cı illər erməni müsəlman iğtişaşları nəticəsində İrəvan və Yelizavetpol (Gəncə) quberniyaları ərazisində 200-dən artıq azərbaycanlı yaşayış məntəqəsi viran edilmiş, əhalisi soyqırıma məruz qoyulmuşdur. 

Digər erməni müəllifi A-do dağıntılara məruz qoyulan 43 azərbaycanlı kəndlərinin adlarını aşağıdakı kimi təsbit etmişdir: Bayandur, Hələk, Binəyeri, Kosalar, Malıbəyli, Cağazur, Çaylı, Kalavalax, Novruzlu, Cecimli, Hacılar, Bağırbəyli, Qarahunc, Unanav, Kürdlər, Ağvani, Danzaver (Armuldlu), Sisyan, Ağudi, Dərabas, Pul, Ərikli, Şükar, Məliklər, Yeməzli, Xəştap, Almalı, Karxana, Qatar, Cibili, Xələc, Keçi-Şabadin, İncəvar, Çullu, Oxçu, Atqız, Pirdavudan, Əclıli, Buğaçıq, Kollu-Qışlaq, Mtnadzor, Sanalı.

Ümumiyyətlə, 1905-1906-cı illər qırğınları zamanı 252 kənd və 7 şəhər dağıdılmış və böyük itkilərə məruz qoyulmuşdur. Hesablamalarımıza görə, həmin kənd və şəhərlərin təqribən 200-ü azərbaycanlı yaşayış məntəqələrnin payına düşür. Həmin illərdə ermənilərin yeni ərazilər əldə etmək niyyətlərini silahlı müdaxilə yolu ilə həyata keçirmək üzündən Qafqazın 12 qəzasında 1,3 milyon nəfər bir-birinə düşmən kəsilərək iki cəbhəyə bölünmüşdü.  15 mindən artıq ailə (təqribən 100 min nəfər) ev-eşiyindən didərgin düşmüşdür. İnsan tələfatı 10 min nəfərdən artıq olmuşdur. Dağıntılara məruz qoyulan azərbaycanlı yaşayış məntəqələrinin bir qizmi həmin vaxtdan etibarən xarabalığa çevrilmişdir.

Ermənilərin 1905-1906-cı illərdə törətdikləri qırğınların miqyasını daha dəqiqliklə ifadə etmək üçün Qafqaz canişinliyinin həmin dövrə aid arxiv sənədlərini də tədqiqata cəlb etməklə ciddi araşdırılmasına ehtiyac vardır.