Qərbi Azərbaycan

Buradan o yana Basarkeçərdir

Respublika. - 2023.- 23 iyun. - № 132. - S. 4.

 

Buradan o yana Basarkeçərdir

 

Məlahət İsmayılqızı,

AYB-nin və AJB-nin üzvü, Qızıl Qələm mükafatı laureatı

 

Göyçə - Azərbaycan-Türk mədəniyyətinin qaymağıdır. Qədimdən-qədim türk məskənlərinin ilkin məkanıdır. Türk dünyaya gəlişindən Göyçəyə yol almışdır. Bu günlər gözəl havası, saf suyu ilə fərqlənən məkanlar axtarırıq ki, orada ruhumuz dincəlsin. Göyçə məhz belə bir məkan idi, ruhlarımızın dinclik tapdığı məkan...

Göyçə bir məkan olaraq qədim Türk dünyasının bütün elementlərini özündə saxlayır: istər musiqidə, saz-söz sənətində, istərsə də ədəbi mühitdə, folklorda. Bu gün əlimizdə olmayan, ayaqlarımız altında doğma torpağın gücünü və qüdrətini hiss etmədən yaşayan bizlər kökündən qoparılmış ağaca bənzəyirik...

Daşnak erməni tayfasının ayaqları altında inləyən Qərbi Azərbaycan - Göyçə mahalı bir əsrdə dəfələrlə qaçqın, köçkün olub pərən-pərən düşdü. Maddi və mənəvi genosidə məruz qaldı, bəzən isə köçürülmə adı ilə deportasiyaya məcbur edildi. 1988-ci ildən başlanan erməni iddiaları bütün Qərbi Azərbaycanın, o cümlədən Göyçə mahalının da itirilməsi ilə nəticələndi. Hələ keçən əsrin əvvəllərindən, 1905-1906, 1915, 1918-ci illərdə Azərbaycan-Türk millətinə qarşı erməni vəhşilikləri saya-hesaba gəlmir. Bir əsrdə dəfələrlə soyqırıma məruz qalıb öz yurdunda qaçqın düşən, qışın qarında, yayın istisində pərən-pərən olan insanlarımızın gördükləri dəhşətlər qəlbə sığmır. Keçən əsrdə 1905-1906-cı illərdə ata-babalarımız Qərbdən-Şimala dəfələrlə köç etmişlər. 1918-ci ildə isə Göyçə camaatı Gədəbəyə sığınmağa məcbur olmuşlar. Azərbaycanımızın kiçik bir zərrəsi olan Ulu Göyçə və onun cəsur oğulları Azərbaycan tarixini həmişə qəhrəmanlıq səhifələri ilə zənginləşdirmişlər. Uzağa getməyək, 1918-1919-cu illərin amansız daşnak avantürasına qarşı döyüşlərdə göyçəlilər mərdlik göstərmiş, daşnak ordusunu bir neçə mühüm döyüşlərdə - Zodda, Cil kəndi aşırımında və nəhayət Göysu-Ağkilsə, Göyçə gölünün sahil sularında pərən-pərən salaraq Göyçəni bütünlüklə düşməndən azad etməyə müvəffəq olmuşlar. Təsadüfi deyildi ki, bu münasibətlə “Qırmızı Tabor”un cəsur komandiri, yenilməz sərkərdə Abbasqulu Bəy Şadlinski yaxın adamı Səməd Ağaya göndərdiyi məktubunda göyçəliləri təbrik edirdi.

Tarixən elə bir coğrafiyada yerləşmişik ki, barlı-bərəkətli torpaqlarımız, yeraltı-yerüstü sərvətlərimiz, xalqımızı və ərazilərimizi daim təhlükə altında qoyur. 200 il əvvələ yönəlsək, Türkmənçay və Gülüstan müqavilələri nəticəsində Türkiyə və İran ərazisindən qaraçı erməni tayfasının Azərbaycana, Qarabağ bölgəsinə və s. qədim türk yurdlarına kütləvi köçürülməsi başlandı. Olduqca məkrli və hiyləgər ermənilər öz niyyətlərini həyata keçirmək üçün özgə torpaqlarına yiyələnmək, bu yerləri özünə vətən etmək arzusu ilə gizli siyasət yeridirdilər. Erməni terror dəstələrini bir araya gətirən daşnak “Asala”, “Krunk” təşkilatları, bir sözlə xaricdən dəstək alan “haylar” Azərbaycan və Türkiyə əhalisini, daha doğrusu, milli mənsubiyyətinə görə türk adlanan insanları min bir zülm və işgəncələrə məruz qoymuşlar.

Daha bir fakt, 1918-ci ildə erməni daşnak Andranikin quldur dəstələri Göyçədə Sətənağac kəndi ilə Şişqaya kəndi arasındakı yolun üst tərəfində yerləşən tövlədə 800-dək azərbaycanlını od vurub diri-diri yandırmışlar. Böyük-kiçik demədən, cavan-qoca bilmədən insanları qətlə yetirmişlər. Erməni xisləti budur, xain, xəbis, alçaq.

1948-1953-cü illərdə Sovetlər İttifaqı zamanında Kommunist Partiyasının baş katibi Stalinin və SSRİ Rəyasət Heyətinin sədri olmuş Anastas Mikoyanın fitvası ilə 160 mindən çox Qərbi Azərbaycan türkü məcburən Azərbaycana - Ucar, Əli Bayramlı və s. kimi rayonlara köçməyə məcbur edilmişlər. Təbii ki, Göyçə mühitində yaşayan insanlar Aranın istisinə tab gətirə bilməzdilər. Bir haşiyə çıxmaq istərdim: Dayılarım, Nəsib babam bir müddət Gədəbəydə yaşasalar da, Azərbaycanın müxtəlif rayonlarına səpələnsələr də geri qayıdıb dağlardan - öz yurd-yuvalarına həsrətlə baxarlarmış. Dağdan enib kəndinə qayıdan Nəsib babam danışırmış ki, Göyçənin havası mənə vuranda anladım ki, bütün soyu-kökü buralarda qalmış insanlar üçün Vətən də qərib gəlir. 1953-cü ildə Stalinin vəfatından sonra nəhayət ki, vəziyyət bir qədər durulmağa başlayır.

1988-ci ilin soyuq fevral ayından başlayan məkrli Qarabağ oyunları ilə Qərbi Azərbaycan camaatının zorakılıqla yurd-yuvalarından didərgin salınmasına başlandı. Keçmiş SSRİ-nin erməni havadarları Qorbaçov, Aqambekyan və s. kimi şovinist, xaç yürüşünə rəvac verənlər, xristian dünyasına - məkrinə qulluq edənlər Azərbaycana qarşı torpaq iddiası ilə sözün həqiqi mənasında genosidə keçdilər. Baş verən hadisələr olduqca tükürpədici idi, Spitakda 76 nəfər türk kökənli azyaşlı uşağın amansızlıqla borulara doldurularaq od vurulması və öz ata-analarının gözü qarşısında baş verən qətliamlar, insanların güllələnməsi, vəhşicəsinə döyülməsi, qapı-qapı düşərək Azərbaycan əhalisindən silahların yığılması... və s. bu amansız qətliamları söyləməyin özü belə ağırdır.

Qərbi Azərbaycanın digər bölgələrində olduğu kimi, Göyçədə də əhali minillik torpaqlarını, alın təri ilə qurub-yaratdıqları ev-eşiklərini, yurd yerlərini, ata-baba məzarlarını min bir acı ilə tərk etdilər...

Qərbi Azərbaycanın tanınmış maarifçi-ziyalısı İsmayıl Əliyev danışırdı ki, Göyçə dəfələrlə dağılıb, lakin hər dəfəsində 2-3 il sonra camaat yenidən öz el-obasına dönüb. Budəfəki köç isə geri qayıtmaq ümidi ilə düz 35 ildir yol gözləyir.

Bir əsrdən artıq müddət keçməsinə baxmayaraq, ermənilər qərbin dəstəyi ilə türk-müsəlman əhalisinə qarşı çirkin xislətlərini gizlədə bilmirlər... Nə qədər çətin olsa da, Göyçə kimi övliyalar məskəni, sazın-qopuzun vətəni müqəddəslər məkanı Miskin Abdal ruhlu, Dədə Ələsgər soraqlı şeiriyyət məskənlərimiz, türkün fəlsəfi dünyasının açarı, Dədəm Qorqud məskənli bu diyar 35 ildir namərd düşmən ayaqları altındadır... Tarixi məkanlarımız, ocaqlarımız, - müqəddəs yerlərimiz, minillik köklərimiz, dərinlərə işləmiş soykökümüz o müqəddəs diyarda qaldı. Yurd yerlərimiz bizləri gözləyir.