Qərbi Azərbaycan

Avropa yeni reallıqları qəbul etməyə məcbur oldu

 

 

Əziz Ələkbərli,

Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri

 

Müasir beynəlxalq münasibətlər sistemi hədə-qorxu, təzyiq mexanizm­ləri və ikili standartların ən kəskin qarşıdurma yaratdığı bir mərhələni ya­şayır. Xüsusilə Cənubi Qafqaz kimi geostrateji cəhətdən həssas bir region­da müstəqil dövlət qurmaq və bu müstəqilliyi hər addımda xarici güclərə hiss etdirmək böyük siyasi iradə, sarsılmaz cəsarət tələb edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü xarici siya­si xəttin ən bariz xüsusiyyəti də məhz budur: ardıcıllıq, milli maraqlara söykənən konkretlik və heç bir kənar diktəni qəbul etməmək prinsipləri.

Uzun illər boyu Avropadakı müəyyən bədxah qüvvələrin, ermənipərəst mərkəz­lərin və bəzi beynəlxalq institutların Azər­baycana qarşı hansı qərəzli kampaniyalar apardığı, hansı siyasi və iqtisadi təzyiq rıçaqlarını işə salmağa çalışdığı hər kəsə məlumdur. Ölkəmizin öz halal torpaqla­rını işğaldan azad etmək, suverenliyini tam bərpa etmək istəyinə qarşı çıxan, bizi müxtəlif "sanksiya" və hədələrlə yolumuz­dan döndərməyə çalışan həmin dairələr hər vəchlə rəsmi Bakını zəif, asılı və sözə­baxan görmək istəyirdilər. Çünki müstəqil qərar verən, öz resurslarına sahib çıxan və regional liderə çevrilən Azərbaycan onların Cənubi Qafqazla bağlı imperialist planları­na mane olurdu.

Lakin zaman və dövlət başçısının nü­mayiş etdirdiyi dəmir məntiq, uzaqgörən strategiya hər şeyi öz yerinə qoydu. Cə­nab Prezident İlham Əliyevin siyasəti elə sarsılmaz əsaslar — güclü ordu, daxili sa­bitlik, iqtisadi müstəqillik və xalq-iqtidar birliyi — üzərində qurulub ki, Qərbdəki ən barışmaz və iddialı qüvvələr belə gec-tez anlamağa məcbur oldular: Azərbaycanla təzyiq, hədə-qorxu və ultimatum dilində danışmaq qeyri-mümkündür. Bu, rəsmi Ba­kını yolundan döndərməyəcək, əksinə, təz­yiq göstərənlərin özünü bölgədəki mühüm proseslərdən təcrid edəcək.

Bu gün Avropanın mühüm qərar qəbul edən mərkəzlərinin Azərbaycanla bərabər­hüquqlu və qarşılıqlı hörmətə əsaslanan əməkdaşlığa can atması, əslində, rəsmi Bakının yürütdüyü qətiyyətli siyasətin qar­şısında geri çəkilmələrinin və mövcud real­lıqları qəbul etmələrinin etirafıdır.

Məhz iyulun 1-də Bakıda reallaşan ta­rixi görüş – Avropa Komissiyasının Prezi­denti Ursula Fon der Lyayenin ölkəmizə növbəti səfəri və dövlətimizin başçısı ilə keçirdiyi mətbuat konfransı məhz bu böyük siyasi zəfərin, tərəfdaşlığa məhkum olan və bunu dərk edən Avropanın Bakıya verdiyi növbəti dəyərin göstəricisidir.

“Gücün məntiqi”ndən “məntiqin gücü”nə: Dövlət başçısının sitatlarında gizlənən həqiqətlər

Azərbaycan liderinin bəyanatındakı hər bir cümlə, əslində, təkcə Avropa Komissi­yasının rəhbərinə deyil, Bakıdan gələn sülh rüzgarını həzm edə bilməyən bütün xarici dairələrə yönəlmiş ustad dərsidir. İllərlə Azərbaycanı "təcavüzkar" kimi qələmə ver­məyə çalışan, regionda yeni bir münaqişə ocağı alovlandırmaq istəyən qüvvələrin bü­tün tezisləri dövlətimizin başçısının cəmi iki cümləlik bəyanatı ilə darmadağın edildi.

Cənab Prezident İlham Əliyev bey­nəlxalq hüququ tapdalayanlara və hələ də revanşizm xülyası ilə yaşayanlara xatırlatdı ki, Azərbaycan öz haqqını heç kimdən əl açıb istəməyib, onu öz biləyinin gücü ilə alıb: “Biz suverenliyimizi, ərazi bütövlüyü­müzü güc və siyasi vasitələrlə bərpa etdik. Biz Ermənistana sülh təklif etmişik. Bir sözlə, sülh artıq reallıqdır”.

Bu bəyanat rəsmi Bakının həm döyüş meydanında, həm də diplomatiya masa­sında diktə edən tərəf olduğunun rəsmi möhürüdür. Keçmiş münaqişəni status-kvo vəziyyətində dondurmaqla Azərbaycanı daimi təzyiq altında saxlamaq istəyən Av­ropa mərkəzləri artıq yeni xəritəni və yeni reallığı qəbul etmək məcburiyyətindədirlər.

Digər tərəfdən, Azərbaycanın regionda atdığı addımların nə qədər səmimi, huma­nist və eyni zamanda praqmatik olduğunu göstərən, Ermənistanı tamamilə özündən asılı vəziyyətə salan növbəti mühüm sitat diqqəti çəkir:

“Sülhü təkcə kağız üzərində deyil, gündəlik həyatda hiss etdiyimizi nümayiş etdirmək üçün bir çox birtərəfli addımlar atdıq... Biz, həmçinin çox mühüm yanaca­ğı, xüsusən də benzin və dizeli Ermənistana təchiz etməyə başlamışıq”.

Bu sitat Qərb diplomatiyasında şok effekti yaradacaq gücdədir. İllərdir Ermə­nistanı "blokada qurbanı" kimi göstərib Azərbaycana qarşı qətnamələr qəbul edən Avropa institutları bu gün görürlər ki, Er­mənistanın iqtisadi və logistik xilası mifik Qərb vədlərində deyil, məhz Bakının xoş məramındadır. Azərbaycan Ermənistana benzin və dizel verməklə, əslində, regionun gələcək taleyinin kimin əlində olduğunu, kimin lütfünə möhtac qaldığını ən yüksək tribunadan nümayiş etdirir. Bu, hədə-qorxu ilə heç nəyə nail ola bilməyəcəyini anlayan və İrəvan üzərindən siyasi oyunlar quran Avropa dövlətlərinə vurulan ən böyək dip­lomatik zərbədir.

Masadakı dəmir məntiq: iqtisadi asılılığın coğrafiyası

Qərb siyasətçilərinin ritorikasındakı qəfil yumşalmanın və Ursula Fon der Lya­yenin Bakıya gəlişinin pərdəarxası, əslin­də, tamamilə praqmatik maraqlara dayanır. Prezident İlham Əliyevin bəyanatda səs­ləndirdiyi rəqəmlər sadəcə statistika deyil, Avropanın enerji və nəqliyyat təhlükəsizli­yinin taleyini həll edən real güc amilləridir.

4 il əvvəl Bakıda imzalanmış Enerji sahəsində Strateji Tərəfdaşlıq Haqqında Anlaşma Memorandumu Avropanın so­yuq qış aylarında donmaqdan xilas edən əsas hüquqi sənəddir. Həmin vaxtdan bəri Azərbaycanın Avropa İttifaqına təbii qaz ixracının 65 faiz artması və hazırda mavi yanacağımızın tam yarısının məhz qoca qitəyə yönəlməsi, Bakının Brüssel üçün hansı strateji əhəmiyyətə malik olduğunu təsdiqləyir.

“Bu gün bütövlükdə Avropa İttifaqının 10 üzv dövləti Azərbaycan qazını alır və bu coğrafiyanı genişləndirmək potensialı da mövcuddur”.

Dövlət başçısının bu bəyanatı Avropa­dakı qərəzli parlamentarilərə və anti-Azər­baycan şəbəkələrə ən tutarlı cavabdır: Azərbaycanın mavi qazı olmasa, Avropanın 10 sənaye mərkəzi enerji iflicinə məhkum­dur. Zaman rəsmi Bakını deyil, vaxtilə bizə yuxarıdan aşağı baxmağa çalışan Avropa paytaxtlarını Azərbaycandan asılı vəziy­yətə salmışdır. 3500 kilometrlik nəhəng Cənub Qaz Dəhlizi bu gün təkcə qaz daşı­mır, həm də Azərbaycanın siyasi iradəsini və sarsılmaz mövqeyini Avropanın içərilə­rinə qədər nəql edir.

Logistik qovşaq və “yaşıl” gələcəyin idarə olunması

Xüsusi vurğulanmalı olan digər məqam Azərbaycanın qlobal logistik xəritədəki əvəzedilməz yeridir. Yeni geosiyasi vəziy­yət, Ukrayna böhranı və ənənəvi yolların qapanması Avropanı çıxılmaz vəziyyətə sa­lıb. İndi dünya ticarətinin taleyi Şərq-Qərb və Şimal-Cənub daşımalar dəhlizlərinin kəsişməsində, yəni Azərbaycanda həll olu­nur. Cənab Prezident İlham Əliyev bəyana­tında açıq şəkildə bildirdi ki, Azərbayandan keçən yüklərin həcmi bütün istiqamətlərdə artır və ölkəmiz dəniz limanlarının, dəmir yollarının imkanlarını genişləndirir. Avropa bu infrastrukturdan istifadə etməyə sadəcə məhkumdur.

Üstəlik, Azərbaycan indi Avropaya tək­cə ənənəvi karbohidrogen ehtiyatları yox, həm də sabahın "yaşıl" enerjisini diktə edir:

– Növbəti 5-6 il ərzində 8 giqavat həc­mində Günəş və külək enerjisinin əldə edil­məsi üçün müqavilələr artıq bağlanıb.

– Bu rəqəm rəsmi öhdəlikdir və gələ­cəkdə daha da artacaq.

Avropa Komissiyasının Prezidenti Ba­kıda anlayır ki, ekoloji böhranla boğuşan Avropa İttifaqının gələcək "yaşıl keçid" layihələri də birbaşa olaraq Azərbaycanın Xəzərdəki külək və cənub rayonlarındakı Günəş potensialından keçir.

Təzyiqlər tarixə gömüldü, müstəqilliyimizin əbədi erası zəfərlə davam edir!

Beləliklə, iyulun 1-də Bakıda bütün dünyanın nəzərləri qarşısında verilən bə­yanatlar birmənalı olaraq sübut etdi ki, Azərbaycanla hədə dili, sanksiya şantajı və təzyiq rıçaqları ilə danışmaq istəyənlərin dövrü tarixin arxivinə birdəfəlik gömül­dü! Heç bir kənar qüvvənin diktəsini qəbul etməyən, öz müstəqilliyini və suverenliyi­ni hər addımda bütün dünyaya diktə edən müasir Azərbaycan dövləti, həm döyüş meydanında, həm də ən yüksək diplomatik arenalarda sarsılmaz bir qalaya çevrilmiş­dir.

Bu gün qazanılan hər bir möhtəşəm zəfərin, Avropa nəhənglərini Bakının ira­dəsi ilə barışmağa məcbur edən bu də­mir məntiqin təməlində ümummilli lider Heydər Əliyev siyasətinin dahi uzaqgörən­liyi dayanır. Ulu öndərin hələ ötən əsrin sonlarında, ən çətin geosiyasi fırtınalar fo­nunda əsasını qoyduğu müstəqil dövlətçilik strategiyası, milli neft doktrinası və "bəra­bərhüquqlu tərəfdaşlıq" fəlsəfəsi bu günü­müzün ən böyük nicat formulu idi. Zaman gəldi və bu müqəddəs vəsiyyəti, bu dahi irsi çiyinlərində daşıyan cənab Prezident İlham Əliyev həmin siyasi xətti sadəcə davam etdirmədi; onu bir memar əzmi, bir qross­meyster zəkası və zərgər dəqiqliyi ilə həya­ta keçirərək Azərbaycanı regionun mütləq hakiminə və qlobal dünyanın vazkeçilməz tərəfdaşına çevirdi! O, hər bir diplomatik gedişi elə millimetrik hesablamalarla etdi ki, dünən bizə yuxarıdan baxanlar bu gün Bakının qurduğu de-fakto sülh arxitektura­sı qarşısında ehtiramla baş əymək məcbu­riyyətində qaldılar.

Bu gün Cənubi Qafqaz artıq kimlərinsə oyun meydançası, münaqişə və qan zona­sı deyil! Bu gün bu region rəsmi Bakının iradəsi, Azərbaycanın diktə etdiyi ədalətli əməkdaşlıq mərkəzidir. Avropa Komissiya­sı və onun timsalında bütün Qərb dünyası bu yeni reallıqda öz yerini qorumaq, öz gələcək enerji və logistik təhlükəsizliyini təmin etmək istəyirsə, rəsmi Bakının təklif etdiyi şərtsiz, bərabərhüquqlu tərəfdaşlıq modelini qəbul etməyə məhkumdur!

Arxasında xalqın sarsılmaz birliyi, daxilində polad iradəsi, önündə isə Şuşada, Xankəndidə dalğalanan üçrəngli müqəddəs bayrağı olan Müstəqil Azərbaycan dövləti öz nurlu sabahına doğru daha inamla, daha əzəmətlə və daha güclü şəkildə addımlayır!

Ulu öndərin ruhu şaddır, çünki onun canından əziz bildiyi Azərbaycan bu gün tarixinin ən qüdrətli, ən şanlı və ən toxu­nulmaz dövrünü yaşayır! Gələcək bizimdir, gələcək Azərbaycanındır!

 

Xalq qəzeti. - 2026.- 4 iyul. - № 116. - S. 9.