1948-1953-cü İLLƏRDƏ QƏRBİ AZƏRBAYCANLILARIN ÖZ TORPAQLARINDAN DEPORTASİYASI: TARİXİ KÖKLƏRİ VƏ SİYASİ-HÜQUQİ NƏTİCƏLƏRİ
Dövlət idarəçiliyi.-2023.-№2(82).-S.291-302.
1948-1953-cü İLLƏRDƏ QƏRBİ AZƏRBAYCANLILARIN ÖZ TORPAQLARINDAN DEPORTASİYASI: TARİXİ KÖKLƏRİ VƏ SİYASİ-HÜQUQİ NƏTİCƏLƏRİ
Fəxrəddin Nağıyev,
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Hüquq” kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru, Əməkdar müəllim
Açar sözlər: deportasiya, milli məsələ, erməni məsələsi, müstəqillik, məcburi köçkünlər
Müstəqil Azərbaycanda milli dövlət quruculuğu prosesi ağır-ağır, lakin inamla davam edir. Bu prosesin özəlliyi onun daimi xarakterli olmasındadır. Mərhələlər, hadisələr bir-birini əvəz edir, hər biri özü ilə yeni vəzifələr gətirir, yeni icraçılar meydana çıxır, dəyişməyən isə bir şeydir: müstəqilliyimizin daimi, əbədi olması haqqında Ulu Öndər Heydər Əliyevin illər əvvəl dediyi və dövlətçiliyimizin məhək daşma çevrilmiş, azərbaycanlıların çox-çox nəsilləri üçün fəaliyyət proqramına çevrilmiş vəzifələrin ən yüksək səviyyədə və səmərə ilə yerinə yetirilməsi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2023-cü ili Heydər Əliyev ili elan etməsi bütün Azərbaycan vətəndaşlarının, hansı dövlətə mənsub olmasından asılı olmayaraq özünü azərbaycanlı sayan hər bir kəsin ürəyindən olmuşdur. Heydər Əliyev o nadir şəxslərdəndir ki, adı təkcə yubileydən yubileyə, əlamətdar hadisələrlə bağlı yad edilmir. Bu adı hər kəs daim minnətdarlıq hissi ilə xatırlayır, müstəqil bir dövlətin vətəndaşı olduğu üçün qürur hiss keçirdiyinə görə özünü ona borclu sayır. Bununla belə, bu da təkzibedilməz faktdır ki, əgər Heydər Əliyev dağılmaq, yox olmaq təhlükəsi ilə üz-üzə dayanmış Azərbaycanı hissə-sissə yığaraq yoxdan bir dövlət yaratdısa, onun siyasi varisi olan İlham Əliyev bu Azərbaycanı hər bir azərbaycanlının fəxr etdiyi, dünyanın iri güclərinin hesablaşdığı, Avropanın təhlükəsizliyində əhəmiyyətli söz sahibi olan, regionun ən qüdrətli bir dövlətinə çevirdi.
Bu günlər ölkəmizin hər yerində, dünyanın bir çox güşələrində Heydər Əliyevin xatirəsi anılır, barəsində kitablar yazılır, xatirəsinə həsr olunmuş tədbirlər keçirilir. Bununla əlaqədar qeyd etmək yerinə düşərdi ki, əslində Ümummilli Liderin belə tədbirlərə heç bir ehtiyacı yoxdur. Amma bir həqiqət budur ki. Heydər Əliyev irsinin öyrənilməsi, təbliğ edilməsi onu öyrənənlər və öyrədənlər üçün son dərəcə vacibdir. Təkzibedilməz həqiqətdir ki, son nəticədə təbliğ olunanların müsbət nümunələri təbliğ edənlərə keçir, onların fəaliyyətində özünü bu və ya digər formada göstərir. Bu baxımdan Azərbaycan dövləti, azərbaycançılıq ideyası mövcud olduqca Heydər Əliyev irsinə müraciətlər də olunacaq, o öyrəniləcək, təbliğ ediləcək və insanların yeni-yeni nəsilləri bu ideyaları yeni tarixi reallıqlara uyğun olaraq tətbiq edərək özləri də zənginləşəcək.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin son dövr fəaliyyəti, xüsusən onun 44 günlük Vətən müharibəsindən sonrakı çıxışları, xarici və yerli mətbuata müsahibələri zamanı Qərbi Azərbaycan torpaqlarının azərbaycanlıların qədim və tarixi yurd yeri olması və onların mütləq öz tarixi vətənlərinə qayıdacağı barədə bəyanatları [1] bu gün o qədər də dərindən öyrənilməmiş bir məsələni də aktuallaşdırır. Bu, Heydər Əliyevin azərbaycanlıların öz tarixi vətənlərindən deportasiyası haqqında olan ideyaları, çıxışları, müraciətləri və onların məntiqi nəticəsi olan 1997-ci il dekabr ayının 19-da imzaladığı “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” [3] Fərmanıdır.
Xalqımızın özünüdərki, özünütanıması, “biz kimik, haradan gəlib haraya gedirik” tipli suallara birmənalı cavab üçün bu Fərman xüsusi əhəmiyyət kəsb edir.
Həqiqət belədir ki, həmin fərman əsrlər boyu xalqımıza qarşı aparılan ayrı-seçkilik siyasətini dövlət səviyyəsində ifşa etmiş, onun təşkilatçılarını ilk dəfə olaraq rəsmi şəkildə öz adları ilə adlandırmışdır.
Bütün tarixi mənbələrdən məlumdur ki, indiki ərazilərdə tarixən Ermənistan adlı dövlət mövcud olmamışdır. Bununla belə, əsrlər boyu işğal etdiyi xalqların təbii sərvətlərini, elmi-intellektual potensialını və mədəni nailiyyətlərini istismar edərək onların hesabına dünya xalqları və dövlətləri içərisində “mən də varam” - deyərək yaşayan imperiya Rusiyası üçün erməni dövlətinin yaranması həyati zərurət idi. Heç zaman zülmə baş əyməmiş, azadlığını hər şeydən üstün qiymətləndirən Qafqaz xalqlarını öz tabeliyində saxlamaq, eləcə də Avropanın qərbindən Uzaq Şərqə qədər böyük bir ərazidə özünü inamlı hiss edən, başçıları və adları, idarəetmə sistemləri dəyişsə də, mahiyyəti sabit qalan türk dövlətlərini zəiflədərək öz təhlükəsizliyini təmin etmək məqsədi güdən Rusiya üçün erməni kartı bu mənada əvəzolunmaz vasitə idi.
Bir ifadənin izi ilə. Bu ona görə belə idi ki, özlərinin də etiraf etdiyinə görə etnogenezində Çinin şimal-şərq hissəsində yaşamış, özlərini “poşa” adlandıran qaraçılardan tutmuş qədim Hindistanın “toxunulmazlar” adlandırılan kastalarına qədər geniş spektrli etnik qrupların iştirak etdiyi bir xalq [4, s. 12] öz mövcudiyyətini mərdliklə qoruya bilmədiyi üçün hər cür rəzilliyə hazır olmuş, böyük dövlətlərin əlində alət, “ov tulası” kimi istifadə edilməyi həmişə özlərinə şərəf sanmışlar, həm də yaşamaqları üçün yeganə vasitəyə çevirmişdir. Qeyd etmək yerinə düşərdi ki, hələ sovet dövründə, Ermənistanda Sovet hakimiyyəti qurulmasının 50 illiyi ilə əlaqədar Ermənistan SSR Elmlər Akademiyası tərəfindən fundamental əsər kimi hazırlanaraq Akademiyanın “Luys” (İşıq) nəşriyyatında çap edilmiş “Erməni xalqının tarixi” adlı kitabda ermənilərin özlərinə verdikləri bu ad Azərbaycanın xüsusən ermənilərin kompakt yaşadıqları ərazilərə yaxın olan yerli türk xalqlarının dilində də işlənməkdədir. Azərbaycan dilinin izahlı lüğəti bu sözü belə təqdim edir: “Poşa isim. köhn. Əxlaqsız, pozğun, tərbiyəsiz adam”. Daha sonra bu sözə nümunə olaraq M.F. Axundzadənin məşhur komediyasından misal gətirilir: Şərəfnisə: Parijdə sənin kimi oğlan bu poşaların əlindən sağ qurtara bilərmi ki, qayıdıb gələndən sonra adam kimi durub-otura [2, s.616]. Yeri gəlmişkən, böyük dramaturqun təbirincə desək, Parijdə poşaların söz sahibi olması məsələsi də ermənilərin və onların Avropadakı havadarlarının bu günkü münasibətlərinə də kifayət qədər işıq salmış olur.
Çar Rusiyasının Qafqazda ilhaqçılıq siyasəti və erməni məsələsi. XIX əsrin əvvəllərindəki Rus-fars, ondan bir qədər əvvəlki Rus-Osmanlı müharibələri nəticəsində Qafqazın cənub ətəklərinə sahiblənən Rusiya, yerli xanları öz itaətində saxlamaq, onları öz tarixi qohumlarının qədim və nüfuzlu dövlətlərindən olan İran və Osmanlı dövlətlərinin təsirindən qorumaq üçün Böyük Pyotrun vəsiyyətlərinə əməl edərək, İran körfəzinə və Hind okeanına çıxmağın zor olduğunu görsə də, heç olmazsa, Cənubi Qafqazda möhkəmlənmək üçün Qara dənizdən Xəzərə qədər olan məsafədə təbii sərhədlər boyu xaçpərəstlərdən ibarət mühafizə zolağı yaratmağa başladı. Bu məqsədlə İrandan ermənilər, Rusiyadan rəsmi dini təriqət olan pravoslavlıqdan fərqləndiyinə görə təqib edilən dini təriqətlərin nümayəndələri həmin ərazidə yerləşdirilməyə başladı. Azərbaycan ərazisində ilk erməni və rus (molokan, baptist və s.) kəndləri belə yaranmağa başladı. Çox uzaqgörən bu siyasətin reallaşması üçün hökumət tərəfindən yeni köçürülmüş şəxslərə hər cür şərait yaradılırdı. Onlar vergilərdən azad olunur, qeyri-məhdud torpaq sahələrinə yiyələnir, dinc vaxtda belə silah saxlamaq haqqı qazanırdılar. Hər bir təsərrüfata dövlət tərəfindən at, inək, digər təsərrüfat vasitələri verilirdi. Bu adamlar həm də gələcəkdə Qafqaz ərazisində ilk rus kazak dəstələrinin əsasını qoyurdular.
Bu proseslərdə vaxtilə İran ərazisində yaşamış ermənilərə xüsusi rol ayrılırdı. Həm də düşünülmüş şəkildə işlər elə qurulurdu ki, ermənilərin köçürülməsi nəticəsində yerli azərbaycanlı əhali sıxışdırılır, hətta bəziləri təngə gələrək daha rahat həyat şəraitini təmin etmək məqsədilə ev-eşiklərini ataraq İrana və Türkiyəyə köçürdü.
1828-ci il oktyabrın 1-də Rusiyanın İrandakı səfiri A. Qriboyedov Culfadan Qafqaz canişini, Qafqazdakı rus ordusunun baş komandanı İ.F. Paskeviçə yazdığı məktubunda ermənilərin köçürülməsi nəticəsində Naxçıvan vilayətində yerli əhalinin daha çox narahat olduğunu bildirərək, burada əhalinin az, həm də yoxsul olduğunu, gəlmə ermənilərin burada digər yerlərdə olduğundan rahat yaşadığını göstərir, eyni zamanda yerli əhali olan tatarların (azərbaycanlıların) buraya gətirilməsindən yüksək dərəcədə narahatlıq duyduğunu yazırdı [3,s.12].
Bir dövlət məmuru kimi öz ölkəsinin işğalçılıq və ilhaqçılıq siyasətini səylə yerinə yetirsə də, A.S. Qriboyedov humanist insan və şair kimi azərbaycanlılara öz simpatiyasını gizlətmirdi. Məktuba Naxçıvan vilayətinə yeni köçürülmüş, həmçinin əvvəllər burada yaşayan erməni və müsəlman ailələrinin sayını göstərən cədvəl əlavə edərək, səfir, müsəlmanların nə qədər sıxışdırıldığına diqqət yetirməyi xahiş edirdi. Cədvəldən məlum olur ki, əvvəllər Nehrəm, Qaraxanbəyli, Kuntan, Ərəzin, Güznüt kəndlərində bir nəfər də erməni yaşamadığı halda indi bu kəndlərdə 200 nəfərə yaxın erməni yerləşdirilmiş, həm də onlar üçün ərazinin köklü xalqlarının heç vaxt malik olmadığı münbit şərait yaradılmışdır. Naxçıvan şəhərinin özünə daimi yaşamaq üçün o qədər erməni gətirilmişdir ki, artıq onların sayı yerli azərbaycanlı əhalinin sayını üstələyir. Buraya ermənilərə olan nifrət və kin nəticəsində onlarla bir yerdə yaşamaq istəmədiyindən öz doğma yurd yerlərini tərk edənlərin sayını da əlavə etsək, artıq burada erməni əhalinin sayca üstünlük təşkil etdiyini görərik. Bu uyğunsuzluqlara diqqəti çəkən səfir nəticədə sakinlərin öz təsərrüfatlarından, dövlət xəzinəsinin isə sakinlərdən heç bir gəlir götürə bilməyəcəyini göstərirdi. Səbəb: gəlmə ermənilərdən altı il ərzində hökumətin heç bir vergi almayacağı, həmin vergilərin də əlavə mükəlləfiyyət kimi yerli müsəlman əhalinin üzərinə qoyulmasıdır. [3, 577].
A.S. Qriboyedovun bildirdiyinə görə yerli əhalidə ermənilərə nifrət və ikrah hissi o qədər güclüdür ki, Gürcüstanda olduğu kimi burada da çar hökumətinin ermənilərə havadarlığından təngə gəlmiş yerli əhali öz ev-eşiyini ataraq doğma yurdlarını tərk edir. Ermənilərin zorla kəndin yaxınlığında yerləşdirilməsindən narazı qalan Sədərək adlı böyük yaşayış məntəqəsi sakinlərinin bir qismi gəlmə ermənilərin də əvəzindən vergi verməyə razılaşmayaraq öz evlərini tərk edib kəndin yaxınlığındakı dağlara çəkilərək didərgin düşmüşlər. Rus hökumətinin buradakı nümayəndəsi isə həmin hadisəni iranlıların təhriki ilə əlaqələndirməyə çalışmışdır.
Yerli əhali, xüsusən mənafeləri zərər çəkmiş mülkədarlar arasında sakitliyi bərpa etmək üçün rus səfiri iki təklif irəli sürür: İlk olaraq tezliklə beş yüzə qədər yeni gəlmiş erməni ailəsini Dərələyəzə göndərmək təklif edilir. Ona görə ki, orada ermənilər üçün yer də hazırdır, qış üçün evlər hazırlamağa da daha əvvəllər burada yerləşdirilmiş ermənilər söz verirlər. Hər üç-dörd azərbaycanlı ailəsi müqabilində bir erməni ailəsi yerləşdirməyi təklif edən səfir ermənilərin göstəriləndən çox yerləşdirilməsinin yerli əhali arasında əvvəlki İran hakimiyyətinə meylin artmasına səbəb ola biləcəyini, həm də bu hadisənin xarici qəzetlərdə əks olunaraq Rusiyanın nüfuzuna xələl gətirə biləcəyini göstərir. Məktubda belə bir qorxu ifadə olunur ki, “son nəticədə bizə axıra qədər sədaqətli olmayan erməni əvəzinə yüzlərlə və minlərlə sakini itirə bilərik”.
Həmin məktubda səfir yerli azərbaycanlı əhalini ələ almaq üçün hökumətin bir neçə nəfərə vəzifə verərək maaş təyin etməsini təklif edir və incə siyasətçi kimi imperiyanın əsas dayaqları olan “bəy və xanların hakimiyyətinin əlindən alınıb əvəzində xalqa yad qanunların dolaşıqlığının verilməsini” tənqid edir. “Bizə inanıb öz vətəninə arxa çevirənlərə kömək etməməyimiz adamların bizə inamının itməsinə səbəb olur” [3, 578]. Göründüyü kimi, dövr dəyişsə də, siyasət və münasibətlər dəyişilməyib.
Çar Rusiyasının həmin dövrdə xarici işlər naziri olmuş qraf K.V. Nesselroda yazdığı məktubların birində yenə həmin məsələyə toxunaraq A. Qriboyedov yazırdı: “Bəzən sizin vəzifəli bir rus məmuru ilə yerli bəylərdən birinə bir xələt göndərməyinizin təsiri qoşun göndərilməsindən, ciddi cəzalardan, and içdirilməsindən və digər məcburiyyətlərdən çox olur” [3, 583]. Bu məktub rus hökumətinin Qafqazda yürütdüyü müstəmləkəçilik siyasətini həmin siyasətin müəlliflərindən və icraçılarından birinin dili ilə ifşa etdiyi üçün xüsusilə əhəmiyyətlidir.
Sovet hökuməti çar Rusiyasının Qafqaz siyasətinin davamçısı kimi. Çox təəssüflər olsun ki, çar Rusiyasının bu siyasəti sovet hakimiyyəti illərində də davam etmişdir. Dövlətin formasından asılı olmayaraq mərkəzi hakimiyyət və idarəetmə orqanları tərəfindən ölkənin əhalisini təşkil edən bütün xalqlara bərabər münasibət göstərilməsi, onların mili mədəniyyətinin inkişafının təmin edilməsi dövlətin inkişaf və tərəqqisinə dəlalət edir. Hansısa bir xalqın, etnik qrupun digərlərindən fərqləndirilməsi, onlara qarşı cəza aləti kimi istifadə edilməsi isə artıq dövlətdə siyasi böhran baş verdiyinin əlamətidir. Çar Rusiyası, onun hüquqi varisi olan SSRİ dövləti daim belə bir böhran içində yaşamışdır. Düzdür, cəmiyyətin obyektiv inkişaf qanunları nəticəsində həmin dövlətlər də inkişaf etmiş, müəyyən nailiyyətlər qazanmışlar. İnqilabi ruhun mövcudluğu, xarici müdaxilələrə qarşı müharibələr, vahid ideologiya belə dövlətləri uzun müddət qoruya bilmişdir. Lakin nəticədə siyasi böhran öz sözünü demiş, hər iki dövlət məhv olaraq tarixin arxivinə verilmişdir.
Sovet İttifaqında etnik deportasiyaların tarixi Stalinin ölkəyə rəhbərlik etdiyi dövrlə bağlıdır. İkinci Dünya Müharibəsi ərəfəsində başlayan etnik deportasiyalar müharibə illərində ən faciəli həddə çatmış, müharibə başa çatdıqdan sonra da davam etmişdir. Buna misal olaraq 1948-1953-cü illərdə azərbaycanlıların Ermənistandan deportasiyasını göstərmək olar. Bu deportasiyanı, məsələn, çeçenlərin, inquşların, balkarların, qaraçayların və digər xalqların Qazaxıstana və Orta Asiyaya deportasiyası ilə müqayisə etmək çətindir, çünki azərbaycanlıların deportasiyası köçürülən əhalinin qonşu respublikanın köklü əhalisinə birləşməsini nəzərdə tuturdu. Deportasiya olunanlar azərbaycanlılar müharibə dövründə olanlar kimi xüsusi rezervasiyalarda deyil, normal şəraitdə, köklü əhali ilə yanaşı yaşamalı, həmin ərazilərin infrastrukturlarında məskunlaşmalı idilər. Bununla belə, bu, deportasiya idi, çünki bu, köçürülənlərin əksəriyyətinin iradəsi və istəyi əleyhinə həyata keçirilirdi, çünki bu, on minlərlə insanın adi, adət olunmuş həyat ritmini pozur, onları yeni şəraitə uyğunlaşmağa məcbur edirdi.
Bu layihənin təşəbbüsü Ermənistan rəhbərliyindən gəlmiş, Moskva tərəfindən dəstəklənmişdi. Ermənistan rəhbərliyinin dəfələrlə SSRİ Xalq Komissarları Sovetinə etdiyi müraciətlər nəticəsində 1945-ci ildə Ermənistanın sovetləşməsinin 25-ci ildönümünə həsr olunmuş “Xarici ermənilərin Sovet Ermənistanına qaytarılması tədbirləri haqqında” qərar qəbul edildi.
Öz növbəsində, kütləvi repatriasiyanın həyata keçirilməsinin mümkünlüyü Ermənistan SSR rəhbərliyinə respublikanın sərhədlərini təkcə Türkiyənin deyil, həm də qonşu Azərbaycanın əraziləri hesabına genişləndirməyə ümid etmək üçün əlverişli əsas verirdi. 1945-ci ilin sonunda Türkiyənin və Azərbaycanın ixtiyarında olan “dədə-baba torpaqlarının” geri qaytarılması arzusunun həyata keçirilməsinin mümkün olmadığı məlum olanda Ermənistan rəhbərliyi yeni ərazilər əsasında dəvət edilmiş repatriantları yerləşdirmək üçün heç bir yeri və qidalandırmaq üçün heç bir imkanının olmadığı barədə Moskvaya şikayətlər göndərməyə başladı.
Siyasi böhranın əlaməti olan xalqlara ögey münasibət həm də özünü onda göstərirdi ki, 1946-cı ilin 19 oktyabrında SSRİ Ali Sovetinin Rəyasət Heyəti xarici ölkələrdə daimi yaşayan erməni millətindən olan şəxslərin “öz tarixi vətənlərinə” - Sovet Ermənistanına qayıtması barədə fərman verir. Əgər azərbaycanlılara qarşı “deportasiya” tətbiq edilirdisə, ermənilər üçün “repatriasiya” yaradılırdı. İkincinin reallaşması üçün birinci vacib idi. Bütün bunlar azmış kimi SSRİ Nazirlər Sovetinin qərarı ilə ermənilər məhz azərbaycanlıların tarixən yaşadıqları yerlərə köçürülürdü. Azərbaycan xalqına qarşı yönəlmiş qatı cinayət aktı olan həmin qərarın məntiqi nəticəsi çox-çox illər sonra SSRİ dövlətinin dağılması oldu. Lakin azərbaycanlılara olan olmuşdu. Kəskin iqlim dəyişikliyinə məruz qalan, fiziki və mənəvi zərbələrə dözə bilməyən on minlərlə insan məhv olmuşdu. Öz yurd-yuvasına, doğulduğu yerə hamıdan çox bağlı olan azərbaycanlılar belə vəziyyəti əsil faciə kimi qarşılayırdılar. Onların bir hissəsi xeyli məhrumiyyətlər bahasına öz dədə-baba torpaqlarına qayıtsa da, öz qüdrətli himayədarlarına arxalanan erməni millətçilərinin yaratdığı şərait nəticəsində oralarda möhkəmlənə bilmədilər. Tarixin ən böyük deportasiyalarından biri beləcə başa çatdı.
Yeri gəlmişkən, bu layihənin əsl məqsədi xaricdə yaşayan ermənilərin köçürülməsindən daha çox köklü azərbaycanlı əhalinin öz tarixi vətənlərindən didərgin salınması idi. Bunu belə bir faktla sübuta yetirmək olardı ki, məlum qərarda əvvəlcə 300 mindən çox erməninin repatriasiyası nəzərdə tutulurdusa, 1946-cıildə Sovet Ermənistanına cəmi 90 min erməni qayıtmışdı [6, s.2]. Göründüyü kimi, o zaman ermənilərin öz “tarixi vətənlərini” genişləndirmək ümidlərinin doğrulmaması Ermənistandakı azərbaycanlı azlıqların alçaldılması və hüquqlarının pozulması ilə kompensasiya etmək ideyası ilə əvəzləndi. Azərbaycan əhalisinin Ermənistandan Azərbaycana köçürülməsi problemi belə yarandı.
Dağlıq Qarabağ uğrunda növbəti cəhdlər - SSRİ-nin dağılmasının əsası, yaxud sirkə tünd olduqda öz qabını dağıdır. Moskvadakı havadarlarının köməyi ilə mərkəzdəki və xarici ölkələrdəki erməni və ermənipərəst lobbilərinə arxalanan erməni - daşnaklar müharibədən sonrakı illərdə də vaxtaşırı azərbaycanlıların Ermənistan SSR-dəki öz tarixi etnik ərazilərindən sıxışdırılıb çıxarılması, ilk növbədə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi tələbi ilə çıxış edirdilər. 40-cı illərin ortalarında Mərkəzin, bilavasitə Moskvadakı erməni lobbisinin lideri və rəhbəri A. Mikoyanın təşəbbüsü ilə Ermənistanda kommunistlərin fəal iştirakı ilə gizli “Qarabağ hərəkatı” və ’’Qarabağ komitəsi” yaradılmışdı. 1945-ci ilin payızında Ermənistan rəhbərliyi partiya elitasının köməyi ilə növbəti dəfə mərkəzi partiya rəhbərliyi qarşısında Azərbaycan torpaqlarının bir hissəsinin - Dağlıq Qarabağ bölgəsinin Ermənistana birləşdirilməsi haqqında məsələ qaldırdı. Ermənistan K(b)P MK və XKS Stalinə müraciət edərək heç bir elmi, tarixi əsası olmadan bildirdilər ki, Dağlıq Qarabağ ərazisi guya iqtisadi cəhətdən daha çox Azərbaycanla deyil, Ermənistanla bağlıdır. Mərkəzdə bu məsələyə dərhal münasibət bildirildi. Belə ki, Moskvanın nümayəndəsi ÜİK(b)P MK katibi ermənipərəst K.M. Malenkov 28 noyabr 1945-ci ildə Azərbaycan K(b) MK-nın 1-ci katibi Mircəfər Bağırova məktub yazaraq bu məsələ haqqında - ermənilərin istəyi ilə bağlı məlumat verir və onun rəyini bilmək istəyir.
Cavab məktubunda Azərbaycan rəhbərliyi bu iddiaların heç bir elmi, tarixi əsası olmadığını və Dağlıq Qarabağın Azərbaycanın qədim torpağı olduğunu sanballı faktlarla sübut edirdi. M. Bağırov bildirirdi ki, əhalisinin əksəriyyətini azərbaycanlılar təşkil edən Şuşadan başqa, Yuxarı Qarabağ ərazisi o halda Ermənistana verilə bilər ki, Zəngəzur bölgəsi bütövlüklə Azərbaycana qaytarılsın. Buna isə nə Moskva, nə də Ermənistan razı olmadı, çünki Türkiyə ilə Azərbaycan hesabına yaradılmış “erməni ərazisi” bununla ləğv edilərdi.
Sovet hakimiyyəti dövründə ilk dəfə olaraq Azərbaycan rəhbərlərindən M. Bağırov itirilmiş tarixi Azərbaycan torpaqları problemini önə gətirir. O, K.M. Malenkova cavab məktubunda bildirir ki, Dağlıq Qarabağın Ermənistana güzəştə gediləcəyi halda müxtəlif zaman kəsiyində Ermənistana, Gürcüstana və Rusiyaya verilmiş bir çox tarixi Azərbaycan torpaqlarının onun özünə qaytarılması zərurəti meydana çıxacaq.
M. Bağırov yaxşı bilirdi ki, ermənilər buna razı olmayacaq və həm ermənilərin, həm də havadarlarının - Moskvanın planı pozulacaq. Moskva problemin nə qədər təhlükəli olduğunu anlayaraq ermənilərin iddialarını rədd etdi. Bununla yanaşı, Moskva Türkiyə ilə sərhəddə ermənilərin mövqeyini möhkəmləndirmək üçün işə başladı. Hələ 1943-cü il noyabrın 28-dən dekabrın 1-dək keçirilmiş Tehran konfransı zamanı ermənilər SSRİ xarici işlər naziri V. Molotova müraciət edib, İranda yaşayan ermənilərin SSRİ-yə köçürülməsini xahiş etmişdilər. V. Molotov İ. Stalinin razılığını aldıqdan sonra İranda yaşayan ermənilərin Ermənistan SSR-ə köçürülməsinə icazə verilmişdi. 1946-cı il oktyabrın 19-da SSRİ Ali Soveti Rəyasət Heyəti xarici ölkələrdə yaşayan ermənilərin Ermənistan SSR ərazisinə köçürülməsi haqqında qərar qəbul etdi.
Lakin Molotovun təklifi Ermənistan rəhbərliyinin Stalinin razılığa gəlməsindən sonra xeyli dəyişdirildi. Qərara alındı ki, köçürüləcək ermənilər Ermənistanda yerləşdirilsinlər, əvəzində isə burada yaşayan azərbaycanlılar Azərbaycana köçürülsünlər. Bununla da Mərkəzin rəhbərliyi və xeyir-duası ilə azərbaycanlıların Ermənistan SSR ərazisindəki ata-baba torpaqlarından qovulmasının növbəti mərhələsi başlandı. Köçürülmənin həyata keçirilməsi 1947-ci il dekabrın 23-də SSRİ Nazirlər Sovetinin “Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalisinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” qəbul etdiyi 4083 saylı qərarla rəsmiləşdirildi [8]. Daha sonra bu prosesin həyata keçirilməsini sürətləndirmək üçün həmin qərara əlavə edilən konkret tədbirlər planı hazırlandı. Bu qərara görə, 1948-ci ildə 10 min, 1949-cu ildə 40 min, 1950-ci ildə isə 50 min nəfər olmaqla 100 min azərbaycanlı 1948-1950-ci illərdə “könüllülük prinsipinə əsasən” Azərbaycana köçürülməli idi. Qərarın on birinci maddəsində göstərilirdi ki, Ermənistan SSR Nazirlər Sovetinə icazə verilsin ki, azərbaycanlıların köçürülməsi ilə bağlı onların boşaltdıqları tikililərdən, yaşayış evlərindən xarici ölkələrdən Ermənistan SSR ərazisinə köçürülən erməniləri yerləşdirmək üçün istifadə etsinlər. O zaman Ermənistan SSR-də öz ata-baba torpaqlarında yarım milyondan çox azərbaycanlı yaşayırdı. Köçürülən əhali əsas istehsal vasitələrini - kənd təsərrüfatı maşınlarını, avadanlığı, canlı və mexaniki qoşqu vasitələrini, ev heyvanlarını və s. apara bilərdi.
Azərbaycan SSR Nazirlər Soveti 1948-ci il fevralın 2-də və aprelin 14-də köçürməni qısa müddətdə başa çatdırmaq üçün xüsusi qərarlar qəbul etmiş, xüsusi köçkünlər komissiyası yaradılmışdı. Komissiya üzvlərinə göstəriş verilmişdi ki, camaat arasında izahat işi aparsınlar və bu siyasi kampaniya tezliklə başa çatdırılsın. Komissiyanın tərkibinə Ermənistanda yaşayan və rəhbər vəzifələr tutan azərbaycanlılar da daxil idilər.
Azərbaycan SSR və Ermənistan SSR rəhbərləri arasında (respublika əhalisinin rəyi nəzərə alınmadan) əldə olunmuş razılaşmaya görə, 1949-cu ildə 15.713 nəfər və 3818 təsərrüfat köçürülməli idi. Lakin SSRİ Nazirlər Soveti Azərbaycan SSR və Ermənistan SSR hökumətləri arasında əldə edilmiş razılaşmanı təsdiq etməyərək Ermənistan SSR-dən Azərbaycana əvvəlcədən müəyyənləşdirilmiş 40.000 nəfər azərbaycanlının dərhal köçürülməsini tələb etdi. Azərbaycan hökuməti isə bunun bir dəfəyə mümkünsüz olduğunu bildirirdi. Müraciətdə həm də 1949-1950-ci illər üçün əvvəllər müəyyənləşdirilmiş köçürülmə planlarına yenidən baxılması və “Ermənistan SSR-dən olan azərbaycanlı kolxozçuların və digər əhalinin 10 min nəfərinin 1949-cu ildə, 15 min nəfərinin isə 1950-ci ildə köçürülməsinə icazə verilməsi” xahiş edildi.
Ermənistan SSR-dən köçürülən azərbaycanlılar Azərbaycan SSR-in Kür-Araz ovalığında və digər rayonlarda yerləşdirilirdilər. Bütün bunlar az imiş kimi, deportasiya edilmiş azərbaycanlılar Kür-Araz ovalığında yaşayan ermənilər tərəfindən də sıxışdırılaraq təqib olunurdular. Bu cür böhtanlar nəticəsində ermənilər Azərbaycan SSR Şamxor (Şəmkir) rayonuna deportasiya edilmiş 150 nəfər azərbaycanlının öz təsərrüfatları ilə birlikdə rayondan sürgün edilməsinə nail olmuşdular. Ermənilərin Azərbaycanda özbaşınalığına respublika rəhbərinin gözü qarşısında şərait yaradanlar respublikanın güc nazirliklərində, partiya və sovet orqanlarında rəhbər vəzifə sahibi olan Markaryan, Qriqoryan, Yemelyanov, Borşov və başqaları idi. Onlar deportasiya olunan azərbaycanlıların ermənilərin sıx yaşadıqları Dağlıq Qarabağ Muxtar Vilayəti ərazisində və onun ətrafındakı rayonlarda yerləşdirilməsinə imkan vermiş M. Bağırova saxta, böhtan xarakterli arayışlar təqdim edərək deportasiya olunan azərbaycanlıların ermənilər tərəfindən sıxışdırılmaları barədə kollektiv imza ilə göndərdikləri məktub və ərizələri “millətçilik”, “siyasi təxribat” kimi xarakterizə edir, respublika rəhbərini buna inandırırdılar.
Beləliklə, 1949-cu ildə Ermənistan SSR ərazisindən qədim Qərbi Azərbaycan torpaqlarından 15.276 nəfər adam Şimali Azərbaycana deportasiya edildi. Deportasiya olunanlar Şimali Azərbaycanın Saatlı, Mirbəşir (Tərtər), Göyçay, İmişli, Əli-Bayramlı, Zərdab, Salyan, Kürdəmir, Xaldan, Sabirabad, Jdanov (Beyləqan), Yevlax, Ucar, Bərdə, Gədəbəy rayonlarında yerləşdirildi. Ən çətini, dözülməzi ondan ibarət idi ki, dağlıq və dağətəyi ərazilərdə dünyaya göz açıb yaşayan bu əhali indi birdən-birə çox isti olan Kür-Araz ovalığına köçürülürdü.
Sonrakı ildə - 1950-ci il martın 14-də və avqustun 25-də daha 3419 təsərrüfatın və 14.361 nəfər azərbaycanlının Ermənistan SSR-dən Azərbaycana köçürülməsi haqqında Azərbaycan və Ermənistan respublikalarının hökumətləri birgə qərar qəbul etdilər.
Köçürülənlərin sosial və məişət problemlərinə vaxtında diqqət yetirilmirdi. Bunun nəticəsi idi ki, 1950-ci ildən başlayaraq Kür-Araz ovalığından əhalinin bir hissəsi Ermənistana - öz keçmiş ata-baba yerlərinə qayıtmağa başlamışdı. Deportasiya olunanların digər bir qismi isə Azərbaycan hökumətinə və Mərkəzə şikayət məktubları göndərir və onlara olan diqqətsizlikdən, qeyri-insani münasibətdən söz açırdı. Lakin onların şikayət və tələblərinə cavab verən tapılmırdı. Əksinə, 1950-ci ilin payızında Ermənistan SSR ərazisindən Azərbaycana yeni 2907 təsərrüfat və 12.332 nəfər adam köçürülmüşdü.
Bütün bunlara baxmayaraq, erməni millətçiləri, onların himayədarları SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il və 10 mart 1948-ci il tarixli qərarlarının icra olunması vəziyyətindən narazılıq edirdilər. Nəticədə, onların təkidi ilə 28 fevral 1951-ci ildə SSRİ Nazirlər Soveti “1951-ci ildə köçürülmə planı haqqında” 605 saylı tam məxfi olan yeni qərar qəbul etməli olmuşdu. Qərarda köçürülmənin sürətləndirilməsi və qısa müddətdə başa çatdırılması tələbləri öz əksini tapmışdı.
Beləliklə, 1948-1953-cü illərdə Ermənistan SSR ərazisində yaşayan 150 min nəfər azərbaycanlı öz doğma torpaqlarından zorla köçürüldü. Bu, mərkəzin və Ermənistan hökumətinin qeyri-insani fəaliyyətindən, qatı millətçilikdən, şovinist münasibətindən başqa bir şey deyildi. Bu, adi insan hüquqlarının kobudcasına pozulması, anti-demokratik hərəkət idi.
Köçürülmə sonrakı illərdə də davam etdi. 1954-1956-cı illərdə 1316 təsərrüfat, 5876 nəfər azərbaycanlı Ermənistandan deportasiya olunmuş, etnik təmizləmənin növbəti mərhələsi keçirilmişdi.
Onu da təəssüflə qeyd edək ki, deportasiya olunanların hər üç nəfərindən biri yeni şəraitə, isti və quru iqlimə, adi məişət təminatsızlığına dözə bilməyib, aclıq və xəstəlikdən ölürdü.
Beləliklə, 1948-1956-cı illərdə Stalin-Beriya-Mikoyan üçlüyünün məkrli, antiazərbaycan siyasəti və Azərbaycan rəhbərliyinin qətiyyətsizliyi nəticəsində Ermənistan SSR-də azərbaycanlıların sayı xeyli azaldı. Vaxtilə Vedi, Keşişkənd rayonlarının əhalisinin etnik tərkibinin 72 faizini azərbaycanlılar təşkil etdiyi halda, deportasiyadan sonra orada cəmi 15-17 faiz azərbaycanlı qalmışdı. Azərbaycanda isə əksinə, ermənilərin sayı artırdı. Azərbaycanın əsas iri şəhərlərində - Bakıda, Sumqayıtda, Gəncədə, Əli-Bayramlıda, Mingəçevirdə, Daşkəsəndə və s. şəhərlərdə ermənilərin sayının artması ilə yanaşı, erməni gizli təşkilatları da yaranırdı [6, s.6].
80-ci illərin sonunda isə soydaşlarımız Ermənistan SSR-dən sonuncu nəfərinədək zorla qovuldu və ermənilər tərəfindən azərbaycanlılara qarşı həyata keçirilən etnik təmizləmə sona çatdırıldı.
Qeyd edilən məsələlərdə diqqəti çəkən amillərdən biri də ki, özünü SSRİ-nin hüquqi varisi elan etmiş Rusiya Federasiyası öz sələflərinin səhvlərinə də varis çıxır. Dağılmış SSRİ-nin bazasında Rusiyanın özü tərəfindən yaradılmış Müstəqil Dövlətlər Birliyinin üzvü olan dövlətlərə qarşı ayrı-seçkilik siyasəti aparılır. Məhz Rusiya qoşunlarının himayəsi ilə 1990-cı illərdən başlayaraq bir MDB üzvü digərinin ərazisinin 20 faizdən çoxunu işğal etmiş, əhalisinin bir milyondan çoxunu öz ölkəsində qaçqın və məcburi köçkünə çevirmişdi. Məhz Rusiya xüsusi xidmət idarələrinin ssenarisi və iştirakı ilə Azərbaycanda qanuni dövlət təsisatlarını qeyri-qanuni yollarla yıxmaq cəhdləri göstərilmişdir. Məhz Rusiya Müdafiə Nazirliyinin əli ilə 1990-cı illərin ikinci yarısında Ermənistana Azərbaycanla müharibə aparmaq, işğal edilmiş torpaqlarda öz hakimiyyətini möhkəmləndirmək, yerli əhalinin işğal edilmiş vətənlərinə qayıtmasının qarşısını almaq, tarixi Azərbaycan torpaqlarına dünyanın müxtəlif ölkələrindən, xüsusən Yaxın və Orta Şərq dövlətlərindən erməni əsilli əhalinin köçürülməsini və onların bu torpaqlarda məskunlaşmasını təmin etmək üçün hər cür şərait yaradılmış, təcavüzkar dövlətə əvəzsiz olaraq bir milyard dollarlıqdan çox ən müasir silahlar verilmişdir. Bu cür siyasət isə həmişə onu yaradan və icra edənlərin öz başında çatlamışdır.
Yazının əvvəlində adı çəkilən fərmana qayıdaraq qeyd etmək lazımdır ki, “deportasiya” latın sözü olub qovulma, sürgün deməkdir. Hüquqi anlamda sürgünün xüsusi növü kimi ilk dəfə 18-19-cu əsrlərdə bu günkü Ermənistanın strateji müttəfiqi və həmfikri olan Fransada tətbiq edilmişdir. Böyük Sovet Ensiklopediyasında faktiki olaraq deportasiyanın 1880-ci ildən tətbiq edildiyi göstərilir [9]. Keçmiş SSRİ-də Kommunist Partiyasının qeyri-məhdud hakimiyyəti zamanı o, müsəlman xalqlarına qarşı dəfələrlə tətbiq edilmişdir. Əgər çeçenlər, kalmıklar, krım tatarları, mesxeti türkləri, bir çox digər xalqlara qarşı deportasiya bir dəfə - bir günün içində tətbiq edilmişdirsə, azərbaycanlıların indi Ermənistan adlandırılan dədə-baba torpaqlarından rəsmi şəkildə deportasiyası axırıncı dəfə 1948-ci ildən başlayaraq düz qırx il - axırıncı azərbaycanlı oradan çıxarıldıqdan sonra başa çatmışdır. Həm də, fikir verin, deportasiya hüquqa və məntiqə zidd olaraq bir ölkə daxilində baş vermişdir. Bu da yalnız sovet gerçəkliyi şəraitində baş verə bilərdi.
Deportasiya haqqında Fərman. Qərbi Azərbaycanda yaşayan soydaşlarımızın faciəsinə düzgün qiymət ilk dəfə olaraq Azərbaycan Respublikasının Prezidenti, Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən verildi. 0,1997-ci il dekabrın 19-da “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” fərman imzaladı. Bu fərmanla Ermənistan SSR ərazisində azərbaycanlılara qarşı tətbiq edilən etnik təmizləmə və soyqırımı siyasətinin mürtəce mahiyyəti dünya sivilizasiyasına çatdırıldı. Fərmanda deyilir:
“Son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə, milli faciə və məşəqqətlərə məruz qalmışdır. Mərhələ-mərhələ gerçəkləşdirilən belə qeyri-insani siyasət nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən - min illər boyu yaşadıqları öz doğma tarixi-etnik torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalmış, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskəni dağıdılıb viran edilmişdir. SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr tarixli 4083 nömrəli və 1948-ci il 10 mart tarixli 754 nömrəli qərarları Azərbaycan xalqına qarşı növbəti tarixi cinayət aktı olmuşdur. Bu qərarlar əsasında 1948-1953-cü illərdə 150 mindən çox azərbaycanlı Ermənistan SSR ərazisindəki dədə-baba yurdlarından kütləvi surətdə və zorakılıqla sürgün olunmuşdur. Adi hüquq normalarına zidd olan bu qərarların icrası zamanı avtoritar-totalitar rejimin mövcud repressiya qaydaları geniş tətbiq edilmiş, minlərlə insan, o cümlədən qocalar və körpələr ağır köçürülmə şəraitinə, kəskin iqlim dəyişikliyinə, fiziki sarsıntılara və mənəvi genosidə dözməyərək həlak olmuşlar. Bu işdə erməni şovinist dairələrinin və SSRİ rəhbərliyinin cinayətkar siyasəti ilə yanaşı, o dövrkü Azərbaycan rəhbərliyinin öz xalqının taleyinə zidd mövqeyi, soydaşlarımıza qarşı törədilən cinayətlərin təşkilində və həyata keçirilməsində iştirakı da az rol oynamamışdır.
Təəssüf ki, 1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindən deportasiya olunması faktı ötən 50 il ərzində lazımınca araşdırılmamış, bu hadisələrə hüquqi-siyasi qiymət verilməmişdir” [3].
Fərmanla 1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyasının hərtərəfli tədqiq edilməsi, Azərbaycan xalqına qarşı dövlət səviyyəsində həyata keçirilmiş bu tarixi cinayətə hüquqi-siyasi qiymət verilməsi və onun beynəlxalq ictimaiyyətə çatdırılması məqsədilə dövlət komissiyası yaradılması nəzərdə tutulur, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bu fərmanın icrası ilə bağlı məsələləri həll etmək tapşırılırdı.
Bu Fərman xalqımızın tapdanmış haqqının bərpası yolunda çox mühüm bir addım kimi qiymətləndirilməli, növbəti addım həmin fərmana istinad edərək Ümummilli Liderin azərbaycanlıların deportasiyasına verdiyi siyasi qiyməti hüquqi qiymətlə möhkəmləndirmək olmalıdır.
Heydər Əliyev ideyaları yeni tarixi şəraitdə. İlk dəfə Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra andiçmə mərasimində İlham Əliyev belə bir fikri vurğulamışdır ki, mənim bütün fəaliyyət proqramım Ümummilli Lider Heydər Əliyevin yarımçıq qalmış ideyalarının reallaşmasından ibarət olacaqdır. Bu gün dünya miqyasında öz xalqı tərəfindən sevilən, dəstəklənən siyasi liderlərin hamısından öndə olan Azərbaycan Prezidentinin son illərdəki uğurlu daxili və xarici siyasəti onun bu sözlərinin nə qədər uzaqgörənliklə deyildiyini bir daha sübut edir. On illər ərzində yığılıb qalmış problemlərin uğurlu həlli, xüsusən işğal altında olan torpaqlarımızın azad edilməsi üçün aparılan 44 günlük Vətən müharibəsi Azərbaycan tarixində tamamilə yeni bir dövrün təməlini qoydu. Bu dövrü xarakterizə edən amillərdən biri də Qərbi azərbaycanlıların öz tarixi torpaqlarına qayıtması prosesinin başlanmasıdır.
Dövlət başçısı yanvarın 10-da ölkə telekanallarına müsahibəsində bu haqda növbəti açıqlamalar verərək bunları söyləyib: “Əlbəttə ki, qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıtmalıdırlar, bu, onların hüququdur, bütün beynəlxalq konvensiyalar bu hüququ onlar üçün tanıyır. Biz də Azərbaycan dövləti olaraq əlimizdən gələni etməliyik ki, bu hüququ təmin edək. Yenə də mən orada da İcmanın nümayəndələri ilə görüş zamanı demişdim ki, biz bunu sülh yolu ilə etmək istəyirik və əminəm ki, buna nail olacağıq. Deportasiya olunmuş azərbaycanlıların Qərbi Azərbaycana qayıtmaları ermənilərə problem yaratmayacaq. Çünki onların oraya qayıtmaları orada yaşayan ermənilərin oradan çıxarılması demək deyil. Çünki o kəndlər boşdur və biz, əlbəttə ki, əlimizdə olan bütün imkanlardan istifadə edəcəyik. Necə ki, vaxtilə Qarabağ mövzusu bütün Azərbaycan xalqını birləşdirdi və biz istəyimizə nail olduq, eyni yanaşmanı burada da görməliyik. Mən bu barədə də fikirlərimi bildirmişəm. Yəni çox geniş proqram hazırlanır” - dövlət başçısı əlavə edib. Prezident deyib ki, bizim bütün proqramlarımız bir qayda olaraq icra edilir: “Biz heç vaxt reallaşması mümkün olmayan təşəbbüslərlə çıxış etmirik. Ona görə bu sahədə də artıq proqramın üzərində iş gedir. Əminəm ki, biz buna da nail olacağıq və tarixi ədaləti bərpa edəcəyik”.
Bu günün reallığı ondan ibarətdir ki, ermənilər Azərbaycan ərazilərində rahat yaşamaq istəyirlərsə, o halda qərbi azərbaycanlıların, bu torpaqların əzəli sahiblərinin də öz yurdlarına qayıdışı təmin edilməlidir. Əgər ermənilər Xankəndidə yaşayacaqsa, təbii olaraq Ermənistandan deportasiya olunmuş soydaşlarımız da yurdlarına qayıtmalıdır. Bizim haqqımız həm də odur ki, ermənilər bölgəyə son iki-üç əsrdə gəlib, ancaq azərbaycanlılar indiki Ermənistan ərazisi olan Qərbi Azərbaycanda min illər boyu yaşayıblar. Söhbət 5 milyonluq Qərbi Azərbaycan kökənli insanlarımızdan gedir... [1].
Ədəbiyyat:
- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi. Azərbaycan qəzeti, № 5 (9172). 11 yanvar 2023-cü il.
- Azərbaycan dilinin izahlı lüğəti. 4 cilddə. 3-cü cild. Bakı, “Şərq-Qərb”, 2006.
- Azərbaycan Respublikası Prezidentinin “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” Fərmanı. Azərbaycan qəzeti, 20 dekabr 1997-ci il.
- Грибоедов A.C. Полное собрание сочинений. M.: Художественная литература, 1988
- История Армянского народа, Ереван. Изд-во «Луйс», 1971.
- Нифталиев И. "Историческая призма": 1948-1953. Неизвестные факты о депортации азербайджанцев из Армении. https://news.day.az/politics/541547.html
- Paşasoy E. Prezident Qərbi Azərbaycana qayıdışın detallarını açıqladı - mühüm mesajlar. Yeni müsavat qəzeti. 12 yanvar 2023-cü il.
- SSRİ Nazirlər Sovetinin “Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalisinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” 1947-ci il 23 dekabr tarixli 4083 saylı qərarı.
- https://bse.slovaronline.com/articles/fl/page-1.
DEPORTATION OF WESTERN AZERBAIJANIS FROM THEIR
HISTORICAL LAND IN 1948-1953: HISTORICAL ROOTS,
AS WELL AS POLITICAL AND LEGAL CONSEQUENCES
Fakhraddin Nagiyev
The Academy of Public Administration under the President
of the Republic of Azerbaijan, Department of Law, Associate Professor, Ph.D. in Law
Abstract
The article analyses December 19, 1997, Decree of the President of the Republic of Azerbaijan, "On the mass deportation of Azerbaijanis from their historical and ethnic lands to the territory of the Armenian SSR in 1948-1953". In the introduction part of the article, the contribution of the national leader Heydar Aliyev to preserving Azerbaijan's independence and territorial integrity is acknowledged, and the complex situation in the country in the 1990s is emphasized. Analyzing the political and historical foundations of the resettlement of Armenians from Iran to present-day Azerbaijan, the author reveals the purpose of the policy of Tsarist Russia to conquer the Caucasus and fortify it, as well as what role Russia assigned to Armenian settlers, referring to historical documents. Following that, the policies of the Soviet government and Tsarist Russia on the Armenian issue are compared. The facts of the violent expulsion of Azerbaijanis from their motherland under the command of the Dashnak-Bolshevik authorities of Soviet Armenia are revealed. Particular emphasis is given to the Decree of the President of the Republic of Azerbaijan dated December 19,1997, "On the mass deportation of Azerbaijanis from their historical and ethnic lands on the territory of the Armenian SSR in 1948-1953." At the end of the article, the author, referring to the speech of the President of Azerbaijan, Mr. Ilham Aliyev, expresses his confidence that the descendants of the people who were expelled from their native lands in the middle of the last century as a result of the collision of the leaders of the Soviet Union and Armenia, will return to their native places, and this fully corresponds to international law.
Keywords: Deportation, national question, the Armenian question, independence, forced migrants
ДЕПОРТАЦИЯ ЗАПАДНЫХ АЗЕРБАЙДЖАНЦЕВ
СО СВОЕЙ ИСТОРИЧЕСКОЙ ЗЕМЛИ В 1948-1953 гг.:
ИСТОРИЧЕСКИЕ КОРНИ И ПОЛИТИКО-ПРАВОВЫЕ ПОСЛЕДСТВИЯ
Фахраддин Нагиев
Доцент кафедры Права Академии Государственного
Управления при Президенте Азербайджанской Республики,
доктор философии по праву
Резюме
В научной статье анализируется Указ Президента Азербайджанской Республики от 19 декабря 1997 года «О массовой депортации азербайджанцев с их историко-этнических земель на территории Армянской ССР в 1948-1953 годах». В ее вводной части раскрывается роль Общенационального лидера Гейдара Алиева в деле сохранения независимости и территориальной целостности Азербайджана, подчеркивается сложная обстановка в 1990-х годах в стране.
Анализируются политические, исторические основы переселения армян из Ирана на территорию нынешнего Азербайджана. Ссылаясь на исторические документы, автор раскрывает истинную сущность политики царской России по овладению Кавказом и по укреплению в этом регионе, а также роль, которую отводила Россия армянам-переселенцам.
В статье сравнивается политика Советской власти и царской России по армянскому вопросу. Приводятся факты насильственного изгнания азербайджанцев с их исконной родины в угоду дашнакско-большевистским властям Советской Армении. Особое место отводится Указу Президента Азербайджанской Республики от 19 декабря 1997 года «О массовой депортации азербайджанцев с их историко-этнических земель на территории Армянской ССР в 1948-1953 годах».
В завершении автор, ссылаясь на выступления Президента Азербайджана Ильхама Алиева, выражает уверенность в том, что потомки лиц, изгнанных с родных земель в середине прошлого века по сговору руководителей Советского Союза и Армении, вернутся в свои родные места и это вполне соответствует международному праву.
Ключевые слова: депортация, национальный вопрос, армянский вопрос, независимость, вынужденные переселенцы
