Qərbi azərbaycanlıların qayıdışı dövrün zərurətidir
Respublika. - 2025.- 25 may. - № 108. - S. 1,5.
Qərbi azərbaycanlıların qayıdışı dövrün zərurətidir
Fidan Əliyeva
Hayların indiki Ermənistan ərazisinə süni şəkildə köçürülmələri çoxsaylı tarixi faktlarla təkzibedilməz şəkildə sübuta yetirilmişdir. Urartu dövlətinin süqutu ilə Qərbi Azərbaycanın, xüsusilə də İrəvanətrafı bölgələrin etnik mənzərəsində yeni tarixi mərhələ başlamışdır.
E.ə. VI-IV əsrləri əhatə edən bu dövr Urartunun dağılmasından makedoniyalı İsgəndərin Şərqə yürüşünədək olan zaman kəsiyini əhatə etmiş və bu mərhələdə İrəvan ətrafındakı qədim türk tayfalarının yeni yaşayış məskənləri formalaşmışdır. Qədim türklərin davamçıları sayılan iskitlər Azərbaycanın qərb bölgələrində, xüsusilə də İrəvan və Göyçə gölü ətrafı ərazilərdə yaylaq və qışlaq maldarlığı ilə məşğul olmuş, ardınca maddi-mədəniyyət nümunələrini torpağa həkk etmişlər. Arxeoloji qazıntılar bu tayfaların Göyçə gölündən Ağbaba, Pəmbək və Şörəyel yaylalarına qədər geniş ərazilərə yayıldığını ortaya çıxarmışdır. Təbiətin səxavətli davrandığı bu ərazilərdə bol şirin su qaynaqları, zəngin flora və fauna, məhsuldar torpaqlar həyatın təşəkkül tapmasına münbit zəmin yaratmışdır.
Təsadüfi deyil ki, Göyçə, Şörəyel, İrəvan, Dərələyəz və Gərnibasar kimi qədim türk yurdlarından bu günədək dolixokran, yəni uzunbaş və uzunsifət insan kəllə sümükləri aşkarlanmış və tapıntıların müasir Azərbaycan türklərinin əcdadlarına aid olduğu elmi şəkildə təsdiqini tapmışdır. Qədim Şörəyelin Sirak düzündən Qara Qala ərazisinə, oradan da Lori qalasının ətəklərinə qədər uzanan geniş coğrafiyada, Göyçə gölünün qərb sahilindəki Əyricə çayının sağ yamacında yerləşən Dəliqardaş kəndinin ətrafında və Nərədüz kəndi yaxınlığında aparılan arxeoloji qazıntılar nəticəsində Erkən Tunc dövrünə aid çoxsaylı kurqanlar üzə çıxarılmışdır. Zamanında Kür-Araz mədəniyyətini formalaşdıran maldar tayfaların yaylaq bölgələri olmuş bu torpaqlar onların həyatına dair izləri minillərlə qoruyub saxlamışdır. Ermənilərin özlərini "hay" adlandırmaları, antropoloji baxımdan isə "armenoid" tipə mənsubluqları, yəni yastıbaş kəllə quruluşları onların bölgənin yerli sakinləri olmadığını aydın göstərmişdir. Demək, ermənilər bu coğrafiyaya nəinki sonradan gəlmişlər, hətta gəldikləri yer, Anadolu belə onların əsl vətəni olmamışdır. 1930-cu illərdə alman alimlərinin Hind çayı hövzəsində, yəni Şimali Hindistanda apardıqları arxeoloji qazıntılar nəticəsində armenoid tipə aid kəllə qalıqları tapılmış və bu tapıntılar bir daha təsdiqləmişdir ki, "hay"ların ilkin vətəni məhz Hind çayı hövzəsi olmuşdur. Beləliklə, istər eramızdan əvvəlki dövrlərdə, istərsə də eranın ilk əsrlərində hay adlanan erməni etnosunun nə Cənubi Qafqazda, nə də İrəvan və onun ətrafında hər hansı yaşayış məntəqəsinə və ya mədəni izlərinə rast gəlinməmişdir. Lakin eramızdan əvvəl VI-II minilliklərə aid tapıntılarda, məsələn, Naxçıvanda Kültəpədə, II minilliyin ortalarında mövcud olan Daşkəsəndəki Xoşbulaq yaylağında, Qarabağdakı kurqanlarda və I minilliyin əvvəllərində Mingəçevirdə tapılmış insan skeletlərinin kəllə quruluşu İrəvanətrafı bölgələrdə yaşamış yerli türklərin antropoloji xüsusiyyətləri ilə tam üst-üstə düşür. Beləliklə, tapıntılar bir daha sübut edir ki, Azərbaycanın qərbi və o cümlədən indiki Ermənistan ərazisi qədimdən türk etnosunun tarixi və mədəni məkanı olmuşdur. Çox uzun zaman sonra müəyyən siyasi proseslər nəticəsində haylar Azərbaycan, ümumiyyətlə Cənubi Qafqaz ərazisinə kütləvi şəkildə köçürülmüş, burada uydurma dövlət yaratmışlar və tarixi Azərbaycan torpaqlarına göz dikmiş, hətta xarici dövlətlərin yardımı nəticəsində əzəli-əbədi yurd yerlərimizi işğal etmiş, çoxsaylı qırğınlar törətmişlər. Azərbaycan torpaqlarında süni şəkildə uydurma dövlət qurmaq məqsədilə yerli türk xalqını üç böyük deportasiya dalğası ilə məcburi köçürmələrə məruz qoymuşlar.
Birinci deportasiya 1918-1920-ci illərdə baş vermiş, ikinci dalğa 1948-1953-cü illəri, üçüncü isə 1987-1991-ci illəri əhatə etmişdir. Deportasiyalar nəticəsində minlərlə azərbaycanlı qətlə yetirilmiş, yaralanmış, itkin düşmüş, həmçinin mülki hüquqlarından və torpaqlarından məhrum olmuşdur. 1991-ci ildə Moskvanın dəstəyi ilə Ermənistan ərazisi azərbaycanlılardan tamamilə "təmizlənmiş", mülkiyyət və torpaq sahibliyi hüquqları sistematik şəkildə pozulmuşdur. Həmin ərazilərə Rusiya və Fransanın havadarlığı ilə başqa ölkələrdən gələn ermənilər köçürülmüş, onlara Ermənistan vətəndaşlığı verilmişdir. Nəticədə, Qərbi Azərbaycan torpaqları süni şəkildə etnik dəyişikliklərə məruz qalaraq erməniləşdirilmişdir. Erməni rəhbərləri 1990-cı illərin sonunda və XXI əsrin əvvəllərində Azərbaycan torpaqlarını, xüsusilə Qarabağ bölgəsini işğal etdikdən sonra, etnik təmizləmə və süni yerləşdirmə siyasətini burada da həyata keçirməyə çalışmışlar. Lakin 2020-ci ildə baş verən Vətən müharibəsi və tarixi zəfərimiz onların məkrli niyyətlərini puç etmiş, nəticədə hakimiyyət nümayəndələri birmənalı şəkildə beynəlxalq ictimaiyyətə "Qarabağ Azərbaycandır" bəyanatı ilə ölkəmizin suverenliyini təsdiqləmişlər. Ancaq təəssüf ki, işğalçılar hüquqları tapdanan Qərbi azərbaycanlıların qayıdışına mane olmağa davam edirlər. Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyanın son açıqlaması da buna bariz nümunədir. O, Ermənistan ərazisində Qərbi Azərbaycanın olmadığını iddia edərək, coğrafi baxımdan yalnız Azərbaycan Respublikasının qərb rayonlarını Qərbi Azərbaycan kimi dəyərləndirmişdir. Coğrafi və tarixi biliyi "qüsursuz" olan siyasətçinin bu yanaşması tarixi faktlarla ziddiyyətlidir. Çünki Azərbaycan Respublikasının sərhədlərindən qərbdə yerləşən indiki Ermənistan ərazisi, İrəvan, Göyçə, Zəngəzur, Basarkeçər və digər bölgələr Azərbaycan türklərinin, indiki Ermənistan azərbaycanlılarının uzun əsrlər boyu yaşadıqları ərazilərdir və həmin torpaqlar tarixən Qərbi Azərbaycan kimi tanınmışdır.
Azərbaycan dövləti rəsmi olaraq Ermənistana heç bir ərazi iddiası irəli sürmür və beynəlxalq hüquq çərçivəsində sülh və qarşılıqlı hörmət prinsiplərini dəstəkləyir. Prezident İlham Əliyev 2021-ci il aprelin 13-də ADA Universitetində keçirilmiş "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda mövqeyini açıq şəkildə ifadə etmişdir: "Biz tariximizi unutmayacağıq, lakin Ermənistan da daxil olmaqla, hər hansı ölkəyə qarşı heç bir ərazi iddiamız yoxdur". Prezidentin açıqlaması Azərbaycanın sülh və regional əməkdaşlıq siyasətinin əsas sütunlarından biri olmaqla, tarixi həqiqətlərin qəbul edilməməsi səbəbindən reallaşan gərginliklərə qarşı konstruktiv yanaşmanın göstəricisidir. Dövlət başçısının aydın mövqeyi onu deməyə əsas verir ki, Qərbi azərbaycanlıların hüquqlarının bərpası məsələsi dövlətimizin siyasətində prioritetdir. Bu kontekstdə əsas tələb 1988-ci ildə Ermənistandan zorla qovulan təxminən 300 min Qərbi azərbaycanlının hüquqlarının tam şəkildə tanınması və gələcəkdə həmin şəxslərin Ermənistan ərazisində yaşamaq hüquqlarının bərpa edilməsidir. Bu baxımdan, Ermənistanın müxtəlif səviyyələrdə səsləndirdiyi ritorika və iddialar yalnız hay-küy və saxtakarlıq xarakteri daşıyır. Hay dövləti hələ də dünyanın müxtəlif ölkələrində yaşayan ermənilərə Ermənistan vətəndaşlığı verərək onları yurdundan qovulan Qərbi azərbaycanlıların evlərində, yurdlarında, torpaqlarında yerləşdirir. Hətta son illərdə Ermənistan əhalisinin sayını artırmaq və etnik tərkibini dəyişdirmək üçün xaricdən, əsasən Suriyadan və Livandan erməniəsilli şəxslər ölkəyə gətirilir və onlara vətəndaşlıq verilir. Bu məqsədlə Ermənistan hökuməti mayın 22-də qərar qəbul edərək Suriyadan köçən ermənilərə vətəndaşlıq pasportları almaq üçün dövlət rüsumlarının ödənilməsinə 73 min ABŞ dolları (təxminən 27 milyon dram) ayırıb. Rəsmi sənədlərə görə, cari ilin ilk üç ayında Suriyada yaşayan 448 nəfərə Ermənistan pasportu verilib. Onların 205-i Ermənistanın Dəməşqdəki səfirliyində, 243-ü isə Hələbdəki konsulluqda vətəndaşlıq alıb. Qanuna əsasən əgər xaricdə yaşayan ermənilərin həyatı və sağlamlığı təhlükə altındadırsa, onlara Ermənistan vətəndaşlığı almaq üçün tələb olunan dövlət rüsumları bağışlanır. Təkcə 2024-cü ildə 18 min 63 nəfərə vətəndaşlıq verilib. Onların içində 3 minə yaxın şəxs 27 yaşdan aşağıdır. Statistika göstərir ki, haylar xaricdəki erməniləri ölkəyə gətirməkdə maraqlıdırlar. Hökumət bu yolla əhalisini artırmaq və boş qalan kəndlərə, xüsusən də əvvəllər Qərbi azərbaycanlıların yaşadıqları bölgələrə yeni sakinlər yerləşdirmək istəyir və bir vaxtlar zorla qovduğu Qərbi azərbaycanlıların yurdlarında indi başqa ölkələrdən gətirilən erməniləri yerləşdirir. Ölkənin hazırkı siyasəti həm hüquq normalarını, həm də tarixi ədaləti pozur. Ermənistan əhalisinin etnik tərkibi təkcə bu gün deyil, keçmişdə də məqsədli şəkildə dəyişdirilib. SSRİ dövründə, xüsusilə də 1946-cı ildə Ermənistan ərazisinə Yaxın Şərqdən və Balkanlardan - Suriyadan, Livandan, Yunanıstandan, İraqdan, Bolqarıstandan, Rumıniyadan kütləvi şəkildə ermənilər köçürülüb. Rəsmi sənədlərə əsasən həmin il 50 mindən çox erməni Ermənistan SSR ərazisinə gətirilib və onlara sovet vətəndaşlığı verilib və əksəriyyəti hazırda Ermənistan siyasi və ictimai elitasını təşkil edən nəsillərin təməlini qoyublar. Maraqlıdır ki, Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan da həmin miqrant ailələrindəndir. O, 1945-ci il yanvarın 9-da Suriyanın Hələb şəhərində anadan olub və bir il sonra ailəsi ilə birlikdə Ermənistana köçüb. Azərbaycan xalqı soydaşlarının hüquqlarını qorumaq məqsədilə bu həqiqətləri daim xatırladır. Mayın 21-də Ankarada keçirilən "Qərbi Azərbaycana qayıdış insan hüquqlarının aliliyinin mühüm şərti kimi" mövzusunda beynəlxalq konfrans Qərbi azərbaycanlıların hüquqlarının bərpası və onların doğma yurdlarına qayıdış hüququnun beynəlxalq səviyyədə tanınması istiqamətində atılmış mühüm addımlardan biridir. Konfransda Azərbaycan və Türkiyədən 250-yə yaxın iştirakçı, o cümlədən dövlət rəsmiləri, parlament üzvləri, alimlər və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər. Tədbir zamanı Qərbi Azərbaycan həqiqətləri, Qərbi Azərbaycan İcmasının fəaliyyəti və Qərbi azərbaycanlıların ləyaqətli şəkildə geri qayıdışı ilə bağlı məsələlər müzakirə olunub. Konfransın nəticəsi olaraq qəbul edilən yekun sənəd Qərbi azərbaycanlıların hüquqlarının bərpası və onların doğma torpaqlarına qayıdış hüququnun təmin edilməsi istiqamətində beynəlxalq ictimaiyyətin diqqətini çəkmək məqsədi daşıyır, həmçinin Ermənistanın bu məsələdəki öhdəliklərini yerinə yetirməsinin vacibliyini vurğulayır. Qərbi Azərbaycan məsələsi sadəcə keçmişin ağrılı xatirəsi deyil, bu günün və gələcəyin ədalət çağırışıdır. Tarix boyu susdurulan ədalətin bərpası indi beynəlxalq hüququn və vicdanın sınaq nöqtəsidir. Yurdlarından qovulanların geri qayıdışı artıq zərurətdir. Azərbaycan dövlətinin tutduğu yol isə yalnız və yalnız ədalətə aparır.
