Dəmirbulaq məscidi
Dəmirbulaq məscidi Gedər çayının üzərindəki körpünün yaxınlığında yerləşdiyi üçün onu Körpüqulağı məscidi də adlandırmışlar. İrəvan şəhərində 1988-ci ilədək fəaliyyət göstərən yeganə məscid yerləşdiyi ərazinin adına uyğun olaraq adlandırılan Dəmirbulaq məscidi olmuşdur. Üzərindəki kitabədə məscidin hicri təqvimi ilə 1327-ci ildə - yəni miladi təqvimi ilə 1909-cu ildə inşa edildiyi göstərilmişdi. Məscidin minarəsi yox idi. Əvəzində məscid binasının damında açıq havada 1,5-2 metr hündürlüyündə kvadrat şəkilli meydança inşa edilmiş, onun üzərində dəmir barmaqlıqlarla əhatələnmiş məhəccər quraşdırılmışdı. Dörd yanı açıq olan məhəccərin üstü dəmir təbəqə ilə örtüldüyündən bu məscid həm də "Çətirli məscid" adlanırdı.
1988-ci ilin fevralında Dağlıq Qarabağda erməni separatizminin baş qaldırmasından sonra İrəvanda fasiləsiz mitinqlər keçirilirdi. Fevralın 23-də erməni quldurları İrəvan şəhərindəki Dəmirbulaq məscidini və yaxınlığındakı M.F.Axundov adına 9 No-li azərbaycanlı orta məktəbin binasını yandırmışdılar.
1990-cı ildə Dəmurbulaq məscidi yer üzündən silinmişdir.
