Qərbi Azərbaycan

Zəngəzur tarixi, əzəli yurdumuzdur

Səs.-2023.-28 oktyabr.-№198.-S.6.

Zəngəzur tarixi, əzəli yurdumuzdur

 

Zümrüd Bayramova

 

Qərbi Azərbaycan İcmasının Avropa Şurasının insan hüquqları üzrə komissarı Dunya Miyatoviç ilə görüşməsinə, bu günlərdə Varşavada ATƏT-in İnsan Ölçüsü Konfransı çərçivəsində tədbir keçirməsinə, Haaqada ATƏT-in milli azlıqlar üzrə komissarlığının tədbirində iştirakına Ermənistanın verdiyi reaksiya bir daha bu dövlətin siyasətində azərbaycanlılara qarşı olan etnik nifrətin səviyyəsini göstərir. Bununla Ermənistan həm də söz azadlığına və vətəndaş cəmiyyətinin fəaliyyətinə nə qədər dözümsüz yanaşdığını nümayiş etdirib. Bu fikirlər Qərbi Azərbaycan İcmasının mövzu ilə bağlı bəyanatında yer alıb. Bəyanatda həmçinin vurğulanır ki, Ermənistan hökuməti dialoqdan qaçmaq üçün guya İcmanın ona qarşı ərazi iddiası irəli sürdüyünü iddia edir. Qərbi Azərbaycan İcması bir daha bildirir ki, onun Ermənistanın suverenliyinə və ərazi bütövlüyünə qarşı heç bir iddiası yoxdur və yeganə məqsədi azərbaycanlıların Ermənistandakı dədə-baba yurdlarına dinc şəkildə qayıdışını təmin etməkdən ibarətdir.

 

"QƏRBİ AZƏRBAYCAN BİZİM TARİXİ TORPAĞIMIZDIR"

 

"Qərbi azərbaycanlılar qanunsuz olaraq dəfələrlə deportasiyaya məruz qalmış toplumdur. Onların hüquqları bərpa edilməlidir və onlar öz doğma torpaqlarına qayıtmalıdırlar". Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşü zamanı bildirmişdir. Tarixin müxtəlif donəmlərində Azərbaycanlılar öz əzəli torpaqlarından uzaqlaşdırılmış, deportasiyaya məruz qalmışdılar. XIX əsrdə Çar Rusiyası tərəfindən Osmanlı və İran ərazisindən ermənilərin kütləvi şəkildə Cənubi Qafqaza köçürülməsi ilə azərbaycanlıların öz tarixi torpaqlarında sıxışdırılması prosesinə başlanılıb. XX əsrin əvvəllərində azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə, soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərlə, faciələrlə üzləşib. Mərhələ-mərhələ gerçəkləşdirilən bu plan nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən - min illər boyu yaşadıqları öz doğma tarixi torpaqlarından qovularaq kütləvi qətl və qırğınlara məruz qalıb, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskənləri məhv edilib. "Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir. Ancaq əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki tarix var, sənədlər var, xəritələr var."- deyə dövlət başçısı bildirib.

 

AZƏRBAYCANI NAXÇIVANDAN VƏ TÜRKİYƏDƏN COĞRAFİ 
NÖQTEYİ-NƏZƏRDƏN AYIRMAQ ÜÇÜN ATILMIŞ ADDIM

 

Son iki yüz il ərzində regionda gedən mürəkkəb siyasi proseslər nəticəsində azərbaycanlılar öz əzəli yurdlarından zorla köçürülməyə, etnik təmizləmə və deportasiya siyasətinə məruz qalıblar. Ermənilərin "tarixi əzəli torpaqları"nı yaratmaq siyasəti mərhələ-mərhələ həyata keçirilib. Əvvəlcə onlar Azərbaycan torpaqlarında, yəni keçmiş İrəvan xanlığı ərazisində kiçik Ermənistan Respublikasını yaradıb, tədricən onun ərazisini böyüdüblər. Tarixdən bəllidir ki, İran və Rusiya arasında "Gülüstan", "Türkmənçay", Rusiya və Türkiyə arasında "Andrianopol" müqaviləsi imzalandıqdan sonra İran və Türkiyədən ermənilərin kütləvi surətdə Azərbaycan torpaqlarına köçürülməsi həyata keçirilib. Torpaqları zəbt olunan azərbaycanlılar isə süni şəkildə qaçqın və məcburi köçkün vəziyyətinə salınıblar.

Tarixdən bizə məlumdur ki, 1918-ci il mayın 28-də müstəqilliyini bəyan edən Azərbaycan yenə də erməni millətçilərinin torpaq iddiaları ilə üz-üzə gəlir. Vaxtilə Rusiyanın tərkibinə Azərbaycan xanlığı kimi daxil olmuş İrəvan xanlığının ərazisində erməni dövləti yaratmaq ideyasını ortaya atılır. Həmin dövrdə Azərbaycan siyasətçiləri tarixi şəraitə uyğun olaraq bir sıra güzəştlərə getməyə məcbur olurlar. Ermənipərəst qüvvələrin və millətçilərin yürütdükləri məkrli siyasət nəticəsində 1923-cü ildə Azərbaycanın az sayda ermənilərin yaşadığı ərazisində Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılır. Bundan sonra azərbaycanlıların öz doğma ocaqlarından zorla qovulması və onlara qarşı etnik təmizləmə siyasətinin yeni mərhələsi başlanır. Nəticədə XX əsrin müxtəlif dövrlərində iki milyona yaxın soydaşımız öz tarixi torpaqlarından qovulur, etnik təmizləmə siyasətinin qurbanına çevrilərək didərgin salınırlar.

"1920-ci ildə sovet hökumətinin qərarı və erməni millətçilərinin təkidi ilə bizim digər tarixi torpağımız Zəngəzuru da Azərbaycandan ayırıb Ermənistana birləşdirdilər. Bu, xalqımıza qarşı növbəti cinayət idi. Bunun da məqsədi tam aydın idi. Birincisi, erməni millətçiləri sovet hökumətində mühüm vəzifələrdə idi. Digər tərəfdən, Azərbaycanı Naxçıvandan və Türkiyədən coğrafi nöqteyi-nəzərdən ayırmaq üçün atılmış bir addım idi", - deyən Cənab Prezident diqqətə çatdırıb ki, Zəngəzurun Ermənistana verilməsi bir daha onu göstərir ki, bu, çox yanlış, səhv addım idi və dediyim kimi xəyanət idi:"Hətta səndən güclü olan qüvvə qarşısında heç vaxt geri addım atmamalısan, hər zaman öz hüququnu qorumalısan, xüsusilə doğma torpağını qorumalısan. Bununla Qərbi azərbaycanlıların faciələri bitmədi. Hamımız yaxşı bilirik ki, 1948-1953-cü illərdə xalqımız növbəti deportasiyaya məruz qalmışdır".

 

"170-DƏN ÇOX KƏNDDƏ ANCAQ AZƏRBAYCANLILAR YAŞAYIRDILAR"

 

Azərbaycanın tarixi mahalı olan Zəngəzur da erməni işğalçılıq siyasətinin qurbanına çevrilir. Zəngəzur mahalı Qafan, Gorus, Qarakilsə (Sisian), Muğru, Zəngilan, Qubadlı və Laçını əhatə edirdi. XX əsrin əvvəllərində Zəngəzur mahalında 149 türk kəndi, 91 kürd kəndi və 81 erməni kəndi var idi. Qərbdən Zəngəzur, şərqdən Qarabağ dağları bu qədim mahalın sipərinə çevrilib. Çar Rusiyası dövründə Yelizavetpol quberniyasının tərkibində olub. 1905-1907 və 1914-1920-ci illərdə silahlı erməni dəstələrinin törətdiyi qırğınlar nəticəsində bu mahalda təxminən yarım milyon müsəlman həlak olmuşdur. Həmin illərdə Zəngəzurda 115 müsəlman kəndi yer üzündən silinmişdir. 4472 qadın və uşaq erməni silahlıları tərəfindən vəhşiliklə qətlə yetirilmişdir. Zəngəzurun Ermənistana verilməsi 1920-ci il noyabrın 30-da keçirilən Azərbaycan K/b/P MK Siyasi və Təşkilat bürolarının birgə iclasının qəbul etdiyi qərarı ilə həll olunmuşdu. Nəticədə Zəngəzur qəzasının 6.742 kv. verstlik ərazisindən 3.105 kv. versti Azərbaycan SSR tərkibində qalmış, 3.637 kv. verstlik hissəsi isə Ermənistana verilmişdi.

Tarixi proseslərin davamı olaraq. iyirminci əsrin sonunda 1988-ci ildən başlayaraq, Ermənistan silahlı qüvvələrinin ölkəmizə hərbi təcavüzü nəticəsində Zəngəzurda, Göyçədə, Dərələyəzdə, İrəvanda, Vedidə - indiki Ermənistan adlanan torpaqlarda yaşayan azərbaycanlılar dədə-baba yurdlarından qovuldular. "1980-ci illərin sonlarında sovet hökuməti xalqımıza qarşı növbəti cinayət törətdi", - deyən Cənab Prezident Ulu Öndər Heydər Əliyevin hakimiyyətdən getməsindən istifadə edən həm erməni millətçilərinin, həm də onların sovet hökumətindəki havadarlarının dərhal hərəkətə keçdiklərini bildirib: "Heydər Əliyev 1987-ci ilin noyabrında bütün vəzifələrdən uzaqlaşdırılandan iki həftə sonra erməni millətçiləri baş qaldırdılar. Sovet hökuməti onlara dəstək oldu və həm Qarabağda, həm o vaxtkı Ermənistan Respublikasında xalqımıza qarşı növbəti cinayət başlandı. Azərbaycanlılar tarixi diyarı olan Qərbi Azərbaycandan deportasiya edildi və biz bu tarixi yaxşı bilirik, xatırlayırıq və azərbaycanlıların yaşadıqları o məntəqələrin sayını da yaxşı bilirik - 170-dən çox kənddə ancaq azərbaycanlılar yaşayırdılar… Sonuncu kəndimiz Nüvədi 1991-ci ilin avqustunda deportasiyaya məruz qaldı. O da azmış kimi Qarabağda da xalqımıza qarşı cinayət törədildi".

1988-1989-cu illərdə azərbaycanlıların tarixi-etnik torpaqlarından - Ermənistandan növbəti deportasiyası baş verib, nəticədə 250 min azərbaycanlı qaçqın düşüb. Bu hadisəyə, o cümlədən Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi cəhdlərinə Azərbaycan xalqının etirazı ona qarşı 1990-cı ilin yanvarında Sovet qoşunlarının yeridilməsinə, Bakıda və Azərbaycanın digər şəhər və rayonlarında kütləvi qırğınlara səbəb olub.

 

"ZƏNGƏZURU AZƏRBAYCANDAN AYIRIB ERMƏNİSTANA 
VERİLMƏSİ BÖYÜK ƏDALƏTSİZLİK İDİ"

 

Kütləvi terrora məruz qalan azərbaycanlıların son nümayəndələri məcburiyyət qarşısında qalıb Zəngəzuru tərk edəndən sonra, burada onlara məxsus yüzlərlə tarixi, maddi-mədəniyyət abidələri ermənilər tərəfindən dağıdılaraq məhv edilib. Bu gün Ermənistan Respublikasının ərazisində qalan Zəngəzur tarixi Azərbaycan torpağıdır. Tarixi mənbələrdə, müxtəlif səyyahların yazılarında göstərilib ki, Zəngəzur türklərin qədim yurd yeri olub. Zəngəzurdakı türk mənşəli toponimik adların çoxluğu da bu fikri təsdiqləyir. Xalqımıza qarşı həyata keçirilən tarixi ədalətsizlik öz qiymətini alacaq. Azərbaycan Prezidenti İlham Əliyevin çıxışlarının birində "Azərbaycanın əzəli torpağı olan Zəngəzuru Azərbaycandan ayırıb Ermənistana verilməsi böyük ədalətsizlik idi", - deyə bildirmişdir. Çünki Zəngəzur tarixi, əzəli Azərbaycan torpağıdır, - deyən Azərbaycan Prezidenti Cənab İlham Əliyev Zəngəzurun tarixi dövrdəki əhalisinin mütləq əksəriyyətinin azərbaycanlılar olduğunu qeyd etmişdir. Təbii ki, mənbələrdə göstərildiyi kimi, Zəngəzurun bütün yaşayış məntəqələrinin adları Azərbaycan adları olub. Tarixi ədalətsizliyin sağalmayan yara olduğunu qeyd edən Cənab İlham Əliyev "vaxt gələcək və biz azərbaycanlılar bütün tarixi torpaqlarımıza qayıdacağıq", - deyə əminliyini ifadə etmişdir. Artıq həmin zaman yetişib. "Bizim dədə-baba torpağımızdır: bütün Zəngəzur - Şərqi və Qərbi Zəngəzur", - deyən Azərbaycan Prezidenti bildirib ki, əgər Şərqi Zəngəzur varsa, deməli, Qərbi Zəngəzur da var: "Bəli, Qərbi Zəngəzur bizim dədə-baba torpağımızdır. Demişəm ki, biz oraya qayıtmalıyıq… Heç kim bizi dayandıra bilməz. Mütləq qayıdacağıq, çünki bunun başqa yolu yoxdur".

Bizim əzəli torpaqlarımız olan İrəvan xanlığı, Zəngəzur mahalı, digər torpaqlar üzərində indi Ermənistan dövləti yaradılıb. Tarixi mənbələr də sübut edir ki, Ermənistanın yerləşdiyi ərazi qədim türk, Azərbaycan torpaqlarıdır və Azərbaycanın da tarixi həqiqəti bərpa etmək haqqıdır. Əgər bu ərazinin adı Zəngəzurdusa və Azərbaycan ərazisinə daxildirsə, ölkəmizin ayrılmaz hissəsidirsə, bunu necə saxtalaşdırmaq olar. Bu qeyri-mümkündür!

Cənab Prezident bildirib ki, indi bütün kommunikasiyalar açılandan sonra, əlbəttə, biz qayıdacağıq və Azərbaycan əhalisi öz dədə-baba torpaqlarına qayıdacaq: "Üçtərəfli 10 noyabr Bəyanatında göstərilir: Bütün qaçqınlar öz doğma torpaqlarına qayıtmalıdırlar. Bizim doğma torpağımız Zəngəzurdur, bizim doğma torpağımız Göyçə mahalıdır, İrəvandır. Biz qayıdacağıq, əlbəttə".

Əlbəttə ki, Azərbaycan Prezidentinin qüdrəti və apardığı uğurlu xarici və daxili siyasət sayəsində Qərbi azərbaycanlıların da tarixi torpaqlarına qayıdacağı gün uzaqda deyil. Ölkəmizin iqtisadi və sosial inkişafı, beynəlxalq nüfuzunun artması, xalqımızın rifahının yüksəlməsinə və daha gözəl gələcəyinin təmin edilməsinə xidmət edən dövlət siyasəti daha böyük uğurları bizlərə yaşadacaqdır. Göründüyü kimi, bütün hədəf və məqsədimiz aydındır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı, Azərbaycan ordusu 44 günlük müharibədə qələbə əzmini dünyaya nümayiş etdirdiyi kimi, bundan sonra da qarşıya qoyduğu məqsədləri reallaşdıracaqdır.