Qərbi Azərbaycan

Daşnak vandalizminin Dərələyəz səhifələri

Xalq qəzeti. - 2023.- 25 yanvar. - № 16. - S. 7.

 

Daşnak vandalizminin Dərələyəz səhifələri

 

Qulu Kəngərli,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

 

Dərələyəzin qışlaqlı-yaylaqlı asudə vaxtları, toy-düyünlü, aşıq çal-çağırlı illəri ilə yanaşı, erməni soyqırımına məruz qalıb böyük itkilər verdiyi, məhv olmaq təhlükəsindən xilas olduğu günləri-ayları da olub. Daşnakların hakimiyyəti dövründə Yapon ləqəbli erməni quldurun dəstəsinin və digər bandaların vəhşi basqınını, bu obalarda törətdiyi ağlasığmaz, tükürpədici cinayətləri illər keçsə də, Sallıda da o qırğının şahidləri kədər və niftətlə yad edirdilər.

Deyilənlərə görə, dəstəbaşı daşnak Yapon Qarabağ ermənisi olub. Yapon, təxminən, min nəfərlik dəstəsini gətirib kəndin 3–4 kilometrliyində olan Kələkülük kəndinin yanında saxlayır. Bu kəndin keşişi Nahapet (ona Der Varhan da deyirlərmiş) hər gün səhərdən axşamacan Yaponun yanında olurmuş, hətta onun dəstəsi üçün 3 günlük azuqə də gətirdibmiş. Yapon da ona bir keşiş kimi hörmət edir, hətta öz planlarını ona danışırmış.Yaponun məqsədi gecəykən Sallı kəndinə hücum etmək, camaatı qırmaq, ələ keçən qəniməti aparmaq idi.

Kənd camaatı bu naqafil hücumdan  xəbər tutur. Dərd bir ikən beş olur. Camaatın götürdüyü bir dəst yorğan-döşək, bir də mal-heyvan olur. Gecəykən dağlara çəkilirlər. Yaylaq yeri Bəyəliyə çıxırlar. Yaponun dəstəsi səhərə yaxın kəndə hücum edir. Görürlər ki, lələ köçüb, yurdu qalıb. Yapon camaatın Bəyəliyə qaçmağını öyrənir. Camaatı orada qırmağı qərara alır.

Kənd əhli bundan da xəbər tutub gizlinə çəkilir. Ertəsi gün Yaponun dəstəsi Bəyəlidən də əliboş qayıdır, oradan Xaçik kəndinə gedir. O zonada beş azərbaycanlı kəndi olub. Zeytə, Qabaxlı, Qurdqulax, bir də Yengicə kəndlərinin əhalisi Əmağu kəndinə yığışıb özlərini qoruyurlar. 4 ay ermənilər onlara bata bilmir.

Sonra Yapon barışıq adıyla silahları yığdırır. Onlara söz verir ki, sizdən özünüzə rəhbər seçəcəyik. Quldurlar qadınları və uşaqları bir yerə, kişiləri başqa yerə yığıb olmazın əziyyətlər verirlər. Qocalar danışırlar ki, qadınları soyundurub musiqi sədaları altında yallı getməyə məcbur ediblər. Oynamayanları yerindəcə doğrayıblar. Kişiləri soyundurub sağ və sol nahiyələrdən budunu kəsib əllərini kəsilən yerə qoydurub soruşurmuşlar: hə, necədir təzə şalvarın?

Kişilərin və qadınların böyük bir hissəsini kəndin ayağında olan qayadan aşağı töküblər (Arpa qayası, təxminən, 200 metr hündürlüyündədir). 2 min adamdan, deyildiyinə görə, iki nəfər sağ çıxıb. Bir kişi və bir qadın. Onları qayadan atanda qadının tumanı, kişinin isə şineli çətir kimi onları əzilməkdən qoruyub. Beləcə, qırıblar beş kəndin camaatını...

Sallı camaatı bir müddət Əyricədə daldalanır. Burada da ermənilər aman vermir onlara. Camaat oradan qaçır Cığın dərəsinə. Zincirli kəndinə düşürlər. Zincirlidən ermənilər camaatı qovur Qədiliyə. Aşıq Cəlil görür ki, ermənilər heç yerdə camaata aman vermir, ona görə də Abasqulu bəy Şadlinskinin yanına gedir. Abasqulu bəy onu yaxşı qarşılayır. Cəlil onunla çoxdan tanış idi. Aşıq Cəlil Abasqulu bəyin dostlarından birinin toyunu eləmişdi.

Abasqulu bəyin məsləhəti ilə camaat üç dəstəyə bölünür. Hər dəstəni bir kəndə göndərir. Qaraxaça, Şahablıya, bir də Dəvəölənə. Bir həftədən sonra Qaraxaçdan qara xəbər gəlir ki, ermənilər barışıq adıyla camaatı bir yerə yığıb qılıncdan keçiriblər. Bir hissəsini də böyük bir dama yığıb od vurublar. Deyilənə görə, yanan qadınların içində olan Gülsabahın bayatılarının yanğısı erməniləri də ağladıb. Uşaqlı-böyüklü hamısını yandırıb külə çeviriblər. Qaraxaçda vəhşicəsinə yandırılan və öldürülənlərin sayı 500-dən çox olub. 

Orada iki erməninin ad-familiyası yadda qalıb. Samson və Matos Qazaryan qardaşları körpə uşaqları süngüyə keçirir, göyə qaldırıb yerə çırpırmışlar. Bir neçə erməninin adı da yaddaşlarda qalıb: Mehrab, Xaço, Ohanes. Bunlar isə kişiləri və qadınları soyundurub amansızcasına işgəncə verə-verə öldürürmüşlər. Kişilərin çılpaq kürəyinə samovar bağlayıb deyirmişlər ki, için çaydan, sizin çayla aranız yaxşıdır axı... Qəndab nənəmin birinci əri və beş uşağı da burada qətlə yetirilir. Nənəm bir müddət xəstə yatır.

Camaatı qırıb-çatandan sonra quldurlar düşünürlər ki, Sallı kəndinin adamlarının hamısını qırmışıq. Odur ki, itli-pişikli yığışıb gedirlər Sallıya və yığışırlar kənddəki evlərə. Bir neçə ildən sonra isə Sallı camaatının bir hissəsi qayıdır dədə-baba yurduna və orada Samsonla Matos qardaşlarını görürlər. Onlar özlərini bilməməzliyə vurub yaşayırlar bir kənddə.

1917-ci ilin payızında, üzü qışa yenə təhlükə gözlənilir. Camaat yenidən dağlara çəkilir. Burada Aşıq Cəlilə bir zərbə də dəyir. Qışın oğlan çağı kiçik çillədə Dərəçiçəkdən gələn ermənilər gecəykən Aşıq Cəlilin gözəgəlimli qızı Miyana yaşayan komaya hücum edir, 3 uşağını öldürüb, əri Salmanı ölümcül yaralayırlar. Miyananı isə aparırlar. Sabahısı gün səs yayılır ki, kəndin daha iki say-seçmə gözəlini– İbadın arvadı Gülüstanı və Xırdacanın qızı Pərini də aparıblar. Bu üç qızın üstündə neçə-neçə igid basılır, qızları qaytara bilmirlər. Kəndin gözü ağlar qalır.

Aşıq Cəlil bu faciə ilə bağlı yenə Abasqulu bəyin yanına gedir. Abasqulu bəyin dəstəsi dağları ələk-vələk eləyir, qızları gördüm deyən olmur. İlim-ilim itir kəndin gözəlləri. Yad əllərə, yad dinlərə düşürlər. Bütün bunlar Cəlilə dərd üstündən dərd gətirir. Bir də onun üzü gülmür. “Qaytarma” qəmli havasını da o günlər çalıb. Həm də qəmli çalıb, ona görə ki, Miyana bir daha qayıtmadı.

Aşıq Cəlil Abasqulu bəydən camaatı Arazın o tayına keçirmək üçün  kömək istəyir. Abasqulu bəy qışda İrana keçməyi məsləhət görmür:

–Yazağzı özüm sizi o taya keçirəcəm,– deyir. Burada Abasqulu bəy un, dən sarıdan camaata xeyli əl tutur.

Ağacların çiçək tökümündə Abasqulu bəy Xəlili göndərib Aşıq Cəlili yanına çağırtdırır:

–Aşıq, sabah gecə sizi İrana keçirəcəm, bəlkə bir-iki ağız çalıb oxuyasan? Ya qismət, bir də görüşək, ya görüşməyək.

Cəlil məclisdə qəmli havalar çalıb ağlaya-ağlaya oxuyurmuş.   Abasqulu bəy Cəlilin ağlaya-ağlaya oxumasına dözə bilməyib, saxlayıb. Sabahısı gün Abasqulu bəy camaatı İrana keçirir. Onlar bir müddət İranda və Türkiyədə qalır, sonra Naxçıvana qayıdır, Dizə, Kültəpə kəndlərinə düşürlər.

Ara sakitləşəndən sonra 80 ailədən 20-si geri, dədə-baba yurduna–Dərələyəzə qayıdır. Aşıq Cəlil Kültəpədə qalır. Bir də Miyana gəzən torpaqlara dönmür, Miyana baxan dağlara qayıtmır. Bu hələ ikinci qaçaqaçdır...

Üçüncü qaçaqaçda nənəm bu bayatını çəkəcək:

 

Dağlar başı ala qar,

Ala yaylıq, ala qar,

Nə qədər qar yağmışdı,

Yağmamışdı belə qar.

 

Amma nənəm görmədi sonuncu qaçaqaçı.

Görsəydi, hansı bayatını çəkərdi görən...