Zəngəzur: Tariximizin və mənəviyyatımızın ulu ünvanı
Xalq qəzeti. - 2021.- 8 dekabr. - № 266. - S. 7.
Zəngəzur: Tariximizin və mənəviyyatımızın ulu ünvanı
Mahirə Hüseynova,
ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya üzrə elmlər doktoru, professor
Bir ildən artıqdır ki, dünyanın istənilən yerində yaşayan hər bir azərbaycanlı böyük zəfərlə başa çatan Vətən müharibəsindəki qələbənin qürurunu şərəflə yaşayır. Bu hiss həm də ona görə yaddaqalandır ki, milli tariximizin son 2 əsrində oxşar duyğu-düşüncə yaradan ikinci hadisə tapmaq çətindir. Son 30 ildə xalqımız I Qarabağ savaşındakı uğursuzluğun bitib-tükənməyən ağrı-acılarını yaşayıb.
Xalqı sonu görünməyən, həlli müşkülə dönən belə bəlalardan çıxarmaq isə hər dövlət rəhbərinə nəsib olmur. Dünyada gedən siyasi proseslərə dərindən bələd olan siyasətçi, dəmir iradəli Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və xalqımızın birmənalı dəstəyi ilə qəhrəman Silahlı Qüvvələrimiz üzərinə düşən tarixi missiyanın öhdəsindən qalibiyyətlə gələrək Qarabağın 30 illik işğalına son qoyaraq ərazilərimizin bütövlüyünü bərpa etdi.
O da çox önəmli məqamlardan oldu ki, 44 günlük müharibənin bitdiyini elan edən 10 noyabr Bəyannaməsində düşmənin qeyd-şərtsiz təslim olması ilə yanaşı, son 100 ildə ayrı-ayrı dövlətlərin geopolitik maraqlarının nəticəsi olaraq Azərbaycanı quru yol əlaqələri kəsilmiş Naxçıvanla birləşdirəcək “Zəngəzur dəhlizi”nin açılması da əksini tapdı.
Əlbəttə, Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin imzaladıqları bu tarixi sənəddə belə bir müşkülün özünə yer tapması çoxları üçün gözlənilməz olsa da, bu, İlham Əliyevin liderlik fəaliyyətini yaxından izləyənlər üçün təəccüblü deyildi. Dövlətimizin başçısı qədim diyarımız Naxçıvanın imperiya maraqlarına xidmət edən siyasət nəticəsində Azərbaycanla quru əlaqələrinin kəsilməsini dəfələrlə tarixi ədalətsizilik adlandırıb. Prezident İlham Əliyevin 2009-cu il oktyabrın 3-də Türkdilli dövlətlərin Zirvə görüşündəki nitqinin bir parçasını xatırlayaq: “Vaxtilə Zəngəzurun Azərbaycandan alınıb Ermənistana birləşdirilməsi türk dünyasının parçalanması idi. Azərbaycan torpağı olan Zəngəzur yenidən türk dünyasını birləşdirən körpü rolunu oynayacaq. Çünki Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün Türk dünyasını birləşdirəcək, eyni zamanda, digər ölkələr, o cümlədən Ermənistan üçün əlavə imkanlar yaradacaq”.
2020-ci il iyunun 3-də Tərtər Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edən Prezident İlham Əliyev burada nümayiş etdirilən müxtəlif dövrlərə aid Azərbaycan xəritələrinə baxarkən belə dedi: “Bizim tarixi adlarımız burada gərək öz tarixi adları ilə əks olunsun. Sisyanın əsl adı Qarakilsədir. Sonradan ermənilər buna Sisyan adı veriblər. Ona görə bunu pozun və Qarakilsə yazın”. Daha sonra dövlət başçısı fikrini bu sözlərlə tamamladı: “İndiki Ermənistan Respublikasının toponimlərinin mütləq əksəriyyəti Azərbaycan mənşəlidir. Onlar müxtəlif vaxtlarda bu toponimləri dəyişdiriblər”. Bütün bunlar Azərbaycan dövlət rəhbərinin, ümummilli lider Heydər Əliyevin siyasi varisi Prezident İlham Əliyevin tarixi həqiqətə dərin bələdliyinin və ədalətin qələbəsinə möhkəm inamının ifadəsi idi.
Azərbaycan xalqının tarixində olduğu kimi, gələcək mövcudluğunda da əbədi qalacaq dünya miqyaslı siyasətçi, böyük fikir və dövlət adamı Heydər Əliyev istər Sovet Azərbaycanına rəhbərlik etdiyi, istərsə də müstəqil Azərbaycan Respublikasının Prezidenti olduğu vaxtlarda yalnız ölkənin iqtisadi gücünü artırmaqla kifayətlənmirdi. Ümummilli lider gəncliyin mənəvi köklərə daha dərindən bağlanması üçün mədəniyyət və incəsənət xadimlərinə, ədəbiyyat adamlarına, alimlərə çağırışlar edir, onları xüsusilə bu istiqamətdə ardıcıl olmağa səsləyirdi. 1998-ci ildə elm və sənət adamları ilə görüşündə ümummilli lider onlara demişdi: “Bundan sonra da elə əsərlər yaranmalıdır ki, o əsərlər Ermənistanda yerləşən həmin torpaqların Azərbaycana məxsus olmasını daim, ardıcıl surətdə sübut etsin. Biz bunu etməliyik. Biz gələcək nəsillər üçün yol açmalıyıq”.
Ümummilli lider bu fikirləri ifadə edərkən bu gün Ermənistan Respublikası adlanan ərazilərdə qalan tarixi torpaqlarımızın, etnosid siyasətinə məruz qalsa da “haray çəkən” dağların-daşların unudulmamasını tövsiyə edirdi. Prezident Heydər Əliyevin 1997-ci il dekabrın 18-də imzaladığı “1948–1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” fərman həm də bu baxımdan xüsusi önəm daşıyır.
Söhbət Azərbaycan xalqının tarixinin ayrılmaz parçası olan həmin coğrafiyada yaşayış yerlərinin, dağların və daşların “dilləndirilməsindən” gedir. Həmin daşların hər biri yol yoldaşı olduğu xalqın daşlaşan yaddaşı, keçib gəldiyi yolların danışan dilidir. Qərbi Azərbaycandakı ərazilərimizin əsl sahiblərini nişan verən coğrafi adların –toponimlərin araşdırılması, bu istiqamətdə ciddi, fundamental elmi mahiyyət daşıyan tədqiqatların aparılması indi də davam etdirilir. Elmi şəkildə təsdiqini tapan həqiqətdir ki, 200 ildən artıq müddətdə Ermənistanda ardıcıl olaraq tətbiq edilən total dövlət siyasətinə, erməni “alimlərinin” ciddi-cəhdlə “apardığı” tədqiqatlara baxmayaraq, həmin toponimlərin böyük qismi “ana dilimizdə danışmaqda” davam edir.
Azərbaycan toponimiyasının əsas fondunu Azərbaycan (türk) mənşəli adlar təşkil edir. Bununla bərabər, orada hun, bolqar, suvar, peçeneq, xəzər, qıpçaq, oğuz-səlcuq və monqol izləri, habelə İber-Qafqaz, İran, ərəb və s. xalq adları ilə bağlı toponim layları da itib-batmayıb. Bu geniş arealdakı antrotoponimlər, drinonimlər, hidronimlər, qodonimlər, oykonimlər, oronimlər və mikrotoponimlərin ən yaxın tariximizə qədər özünü qoruyub saxlaması bir daha göstərir ki, onlar mənsub olduğu xalqımıza bağlıdır. Fikrimizi təsdiq üçün 1990-cı illərdən başlayaraq ortaya qoyulan əsərlərdən bəzilərinin adlarını çəkmək kifayət edər.
1998-ci ildə Budaq Budaqov və Qiyasəddin Qeybullayevin birgə hazırladıqları “Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti”, Həsən Mirzəyevin 1997-ci ildə çap etdirdiyi “Aşıq poeziyasında yaşayan adlarımız və tariximiz”, 2001-ci ildə işıq üzü görmüş “Ayısəsi (Qızılgül) kəndi və bu bu kəndin ərazisində olan onomastik vahidlər”, 2003-cü ildə çap olunmuş “Dərələyəz mahalının toponimləri və şivə sözləri”, Aslan Bayramovun 1996-cı ildə nəşr olunmuş “Qədim Oğuz ellərinin – Ağbaba, Şörəyel və Pəmbək bölgələrinin yer-yurd adları (toponimləri)”, Budaq Budaqovun 1994-cü ildə çap etdirdiyi “Türk uluslarının yer yaddaşı” kimi onlarla kitab və digər əsərlər Qərbi Azərbaycanda qalmış köklərin qurumadığını təsdiq edən ədəbiyyatın qısa siyahısıdır. Həmin nəşrlər sırasında 1995-ci ildə nəşr olunan “Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası” kitabı daha böyük elmi əhəmiyyət daşıyır.
Akademiklər Cəlal Əliyev və Budaq Budaqovun 2003-cü ildə “Azərbaycan” nəşriyyatında çap olunan “Türklər, azərbaycanlılar, ermənilər: tarixi həqiqətin soyqırımı” kitabında o arealda aborigen əhaliyə qarşı məqsədli şəkildə, uzağagedən siyasətə hesablanan soyqırımı və onun qurbanları barədə rəsmi qaynaqlara söykənən geniş bilgi verilir. Bu məlumatlarla birgə, Qərbi Azərbaycanda xalqımıza qarşı törədilən və bu gün də davam etdirilən etnosid siyasəti təkzibolunmaz faktlarla təsdiq olunur.
Burada bir məqam barədə danışmağı da lazım bilirik. Roma hüququnun sadə bir məntiqi vardı: cəzasız qalan hansısa cinayət hadisəsi olmur. Ermənistan dövlətinin xalqımıza və onun tarixinə qarşı körüklədiyi cinayətlər ermənicə nəşrlərdə bütün ciddi-cəhdlərə baxmayaraq qalır. “Ermənistan SSR-də inzibati-ərazi bölgüsü” (İrəvan,1976), “Qədim zamanlardan günümüzə qədər erməni xalqının tarixi” (M.Q.Nersesyanın redaktəsi ilə, İrəvan,1980), T.X.Akopyan, St.T.Melik-Baxşyan və O.X.Barseqyanın hazırladıqları “Ermənistan və ona yaxın vilayətlərin toponimlər lüğəti” (İrəvan, 1980) kimi kitablar Ermənistanda Azərbaycan toponimlərinə qarşı cinayətlərin dəlillərini qoruyub saxlayır.
Bunlar o dəlillərdir ki, ancaq Zəngəzur mahalında erməni millətçiliyinin arxasında gizlənən qatı cinayətkarların törətdikləri qətllər sayəsində “təmizlənmiş” ərazilərdə qalmaqda davam edir. Həmin danışan dəlillər deyir: “1917-ci ildə Zəngəzur qəzasında 123 min 85 nəfər təşkil edən türk-müsəlman əhali 1926-cı il siyahıya alınma göstəricilərinə görə say baxımdan heç 5 min nəfər də deyildi. FTK üzvü N.Mixaylovun 1918-ci ildə Zəngəzur qəzasında törədilmiş vəhşiliklərin təhqiqatı əsasında hazırladığı məruzədə dağıdılan və məhv edilən 115 kəndin adı göstərilirdi. Beləliklə, cinayətkarlar mahalın əhatə olunduğu böyük bir ərazidə bu yaşayış məntəqələrini, adında kimliyi açıq ifadə olunan kəndləri yer üzündən silməyə çalışıblar: Aldərə, Əliqulu, Bazarçay, Bartaz, Bayandur, Vağudi, Qal, Qarar, Gödəklər, Qərənzur, Darabaz, Dərzili, Cahangirbəyli, Tex, İsgəndərbəyli, Qazı Qurdalı, Qaladərəsi, Qərcalanlı, Qiqilu, Pirnaqut, Pirçəvan, Piçənis, Rabənd, Sarallı, Sarıyataq, Pircahan, Sofulu, Daşdı və 100-ə yaxın digər kənd.
Bunlar ötən əsrin ortalarında bir sıra Azərbaycan ziyalılarının yazdığı əsərlərdə də əks olunur. Bu xüsusda müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, şair-dramaturq Hidayətin publisistika janrının mükəmməl nümunəsi hesab olunan “Burdan min atlı keçdi” kitabında maraqlı məqamlar var. Nəzər Heydərovun “Zəngəzur dağlarında” memuarını və Əyyub Abbasovun “Zəngəzur” romanını nəzərdə tutan Hidayət Orucov yazır: “Bu əsərlərdə bölgənin yaxın tarixi, üstünlük təşkil edən türk-azərbaycanlı toponimləri, şovinist-terrorçu daşnak partiyasının törətdiyi müsibətlər, türk-azərbaycanlı kultunun dominantlığı öz həqiqi əksini tapıb”.
Hər iki kitab erməni millətçilərinin xalqımıza qarşı yönələn soyqırımı və etnosid siyasətinə 1920-ci ildən, tarixi Azərbaycan əraziləri olan Zəngəzurun da qatıldığı “Ermənistan Sovet Sosialist Respublikası”nın ilk vaxtlarından başladıldığını əks etdirən qiymətli mənbədir. Bunlarla bərabər, “Burdan min atlı keçdi” memuarında müəllif o siyasətin müxtəlif ideoloji bazalarda necə həyata keçirildiyinin də şahidi olduğunu qeyd edir: “Sovet Ermənistanında Andronik, Hamzasap, Nijde və onlar kimi insan cəlladlardan fərqli olaraq, azərbaycanlılar kütləvi şəkildə qətlə yetirilmir, kəndləri yandıraraq yer üzündən silmirdilər. İndi əhali sayının azlığı əsas göstərilərək kəndləri köçürürdülər”. Hidayət müəllim bu cür boşaldılaraq viran olan kəndlərdən bir qisminin adını verir: Bənövşəpuç, Buğakar, Lök, Düzqışlaq, Aldərə (Əldərə), Əmrah daşı (Ərəkar), Eynəzir, Qul, Lehvaz, Maralzəmi (şairin doğma kəndi), Mərzə (Mərzəkit) Mülk, Tağəmir, Tey və digər kəndlər.
Azərbaycanda və Türk dünyasında görkəmli ermənişünas kimi tanınan Hidayət Orucov kitabda eşitdiyi və bilavasitə özünün şahidi olduğu həmin prosesləri belə təqdim edir: “Mığrı Ordubadla Zəngilanın arasındadır. Zəngəzurun cənubundadır, Arazın qırağınacan dar bir zolaq kimi uzanıb. Dağlı-daşlıdır, özünün aranı da var, yaylağı da. Nə ağac desən bitir, nə meyvə desən yetişir. Azərbaycanlılar yaşayan çox kənd iyirmi-otuzuncu illərdə köçürülüb: Tağəmir, Bənövşəpuç, Buğakar, Püşkah... Bu kənd əllinci illərin sonlarında, mənim gözlərimin qabağında köçürüldü - Tey kəndi. Guya balaca kəndlərdir - ona görə köçürüldülər, amma vaxtilə böyük kəndlər olmuşdu. ... Köçürülən kəndlərin hamısı azərbaycanlıların yaşayış məskənləri idi. Neçə kənd 1918–1920-ci illərdə Andronikin qoşunu Zəngəzura basqın edəndə dağıdılmışdı (böyük kəndlər də basqınlardan sonra balacalaşmışdı)”.
Müəllif ötən əsrin 50–60-cı illərində rayonda yaşayıb fəaliyyət göstərən ziyalıların öz şəxsi təşəbbüsləri ilə bu ərazilərin tarixinin öyrənilməsi, orada əsrlər boyunca formalaşan toponimlərin araşdırılması, onların etimologiyasının tədqiqata cəlb edilməsi barədə də danışır, o insanları ehtiramla anır: “Qədim Mığrının toponimləri Ordubadın, Zəngilanın, indiki Qafanın (Qapanın) toponimləri ilə üzvi, əlaqəli şəkildə öyrənilməlidir və nüvədili müəllim Həmzə Əliyev bu sahədə axtarışlar aparmışdır, lakin onlar çap edilməmiş, əlyazma şəklində də qalmışdır. Həmin əlyzmalarda, əlbəttə, mübahisəli məqamlar da var, amma bu sahədə ilk addımlar olduğu üçün onlar maraqlıdır.
Həmzə müəllim güman edirdi ki, Prometey Qaf dağında (Qafqaz dağlarında) deyil, Qapıcıq dağında (zirvəsi dəniz səviyyəsindən 3904 metr yükəklikdədir) zəncirlənmişdir. Qapıcıq dağı indiki Qafan (indinin özündə də həm azərbaycanlılar, həm də ermənilər şifahi nitqlərində “Qapan” deyirlər. Qap- yazıda Qaf- şəklinə düşüb, “an” məkan bildirən şəkilçidir) rayonunun ərazisidir”.
Müasir publisistikanın ən yaxşı nümunəsi hesab olunan “Burdan min atlı keçdi” kitabında müəllif heç də bütün həqiqətləri, Zəngəzurun tarixini təkcə nəsr dili ilə təsvir etmir, bu kitabda Zəngəzurun bir parçası olan Mığrının silsilə poetik obrazını da təqdim edir. Belə lövhələrdən biri şairin 1962-ci ildə qələmə aldığı “Mığrı” şeirində bu cür görünür:
Uca dağlarında şır-şır bulaqlar,
Ceyranlı, cüyürlü gözəl oylaqlar.
Qəlbim hara getsə səni soruşar,
Zəngəzur yurdumun tərlanı Mığrı.
Tağəmir yaylağın, Xəllərgə dağın,
Aldərə dağların, Kazımbulağın,
Sənin hər obadan gəlir sorağın,
Dadlı meyvələrin loğmanı Mığrı.
Yayda qar istəsən Ələngəzə bax,
Leyvəzdən çiçək dər, öz saçına tax,
Üzümün yaxşısı Lökdədir ancaq,
Könlümün öz dağı, aranı Mığrı.
Qədimdən azərbaycanlıların Zəngəzurda və Qərbi Azərbaycanın digər bölgələrində mövcudluğunu ifadə edən bu toponomostik çələng Azərbaycanın təbii sərhədlərindən kənarda yarana bilməzdi və bu elmi əsaslarla təsdiq olunan həqiqətdir. Bu həqiqəti dəyərləndirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyirdi: “Tarix tarixdir. Xəritəyə baxsaq görərik ki, vaxtilə Zəngəzuru Azərbaycandan ayırıb Ermənistana vermək nəticəsində böyük türk dünyası coğrafi cəhətdən parçalandı.
Zəngəzurun Ermənistana verilməsinin çox böyük mənfi mənası var idi. Biz indi iddia etmirik ki, bu torpaqlar Azərbaycana birləşsin. Halbuki hər bir azərbaycanlı, hər bir vətəndaş, hər bir uşaq öz tarixini dərindən bilməlidir. Bilinməlidir ki, bu bölgələr tarixi Azərbaycan torpaqlarıdır”.
