Qərbi Azərbaycan

Zəngəzurun daş abidələri

Xalq qəzeti. - 2021.- 2 noyabr. - № 237. - S. 13.

 

Zəngəzurun daş abidələri

 

Əvəz Mahmud Lələdağ,

 Sumqayıt Dövlət Universitetinin müəllimi, şair-dramaturq

 

Mən dünyaya göz açdığım Qərbi Zəngəzurun Qarakilsə (Sisyan) bölgəsinin hər daş-qayasında, hər qarış torpağında, hər dağ-dərəsində bir tarix yatır. Bu tarixin hər səhifəsi, hər cümləsi Vətənin illərlə üzləşdiyi sınaqlardan, təhlükələrdən, qan-qadalardan xəbər verir. Ötən əsrin 80-ci illərinin sonlarından ta indiyədək o Vətən yağı caynağında inildəyir, əzab çəkir. O Vətən ucalığından dünənimə boylananda, itirdiklərimizi xəyalımdan bir-bir keçirəndə sinnimin bu vədəsinə gəlib yetişdiyim zamanın acı mənzərəsi gözlərim önündə canlanır. Başı bəlalar çəkən, saysız məşəqqətlərə düçar olan qədimdən-qədim Zəngəzurla bağlı dərd-kədərli, sevinc-fərəhli, qürur dolu xatirələr, olub-olmuşlar bugünümüzə boylanır. Amma nə əlim, nə də ünüm o məkana yetir. Gücüm çatan isə hər zaman xatırladığım bir beyt olur:

 

Ağırlıq bilmərəm üstümdə dağı,

Olsa bir zərrəsi Vətən torpağı.

 

Burnumun ucu göynəyir, ürəyim nanə yarpağı tək əsir o yerlər üçün. Nələr qaldı o yerlərdə, İlahi?!. Zirvəsi ulduzlara söykənən dəniz səviyyəsindən 3552 metr hündürlükdə olan qocaman İşiqlıdağ. Onun haqqında deyilən əfsanəni hələ uşaq yaşlarımda eşitmişəm. Deyirdilər ki, Nuhun gəmisi bu zirvədə işıq görüb, torpaq gö­rüb. “İşıqlı dağ” – deyə seviniblər gəmidəkilər. Zaman keçdikcə bu dağın da adı qalıb İşıqlıdağ. Amma üzdəniraq qonşularımız XX əsrin 60-cı illərində bu dağa “İşğansar” adı qoydular...

İşıqlıdağın zirvəsində, Qaragö­lün yaxınlığında “Şəfa” piri vardı. Xoruzun birinci banında ora yola düşərdik. Gün çırtlayanda piri ziyarət edib qayıdardıq. Pirin yanında suyu dupduru, göz yaşı kimi bulaq qayna­yırdı. O bulağın ətrafından baxanda Naxçıvandan, Arazdan tutmuş hər yan, sanki, ayağımızın altında qalırdı. İşıqlıdağın cənub-şərqində Qanlıca, Hacalı, Üçtəpə, Yantəpə yaylaqları, Arpaçuxuru, Səmədölən, Bozludərə, Abdalanlı gölü, Xəlilbulağı, Göbəkdaş görünərdi. Bu daşdan həmişə şəfa umardı elat camaatı...

İşıqlıdağın zirvəsindən gözümü­zü aşağılara gəzdirdikcə ətəklərdə Yalyurd, Buzovyal, Balabəy çu­xuru yaylaqları, qədim Şükürbəyli qəbiristanlığı və o məzarlıqdakı Qoç­daşlar üstündə qəflə-qatır şəkilləri, ərəb əlifbası ilə yazılmış baş daşları bizə boylanırdı.

İşıqlıdağın zirvəsindən kəndimizin söykəndiyi Qaraçınqıl, Arpa, Buğda təpələri də açıq-aydın görünürdi. Bu təpələr barədə bir əfsanə nəsildən-nəsilə keçib günümüzədək gəlib çatmışdı – ömrün faniliyindən, yax­şılığın əbədiliyindən, zalımlığın acı sonluğundan bəhs edirdi. “Bərəkəti tükənməyən bu torpaqda bir varlının ildə Buğda təpəsi qədər buğdası, Arpa təpəsi qədər arpası, Qaraçınqıl qədər var- dövləti olarmış. Zülmü ərşə dayanan varlı rəiyyətin qarğışına tuş gəlir, günəş göydən od püskürür, arpa, buğda yanıb külə dönür, mal-dövlət daş olub Qaraçınqılı yaradır. Arpanın külü qapqara olduğu üçün Arpatəpəsi, həndəvəri isə Qaraqum­sal adlandırılır. Həmin varlı deyirmiş: “Arpatəpə arpam oldu, Buğdatəpə buğdam oldu, Qaraçınqıl var-dövlətim. Lakin axırda arxası şələli aşdım dağları...”.

 

***

 

Zəngəzurdakı saysız-hesabsız Oğuz qalaları, alban məbədləri, at və qoç heykəlləri qəbirüstü abidələri, daş sanduqələr Azərbaycan türklərinin yaratdıqları maddi-mənəvi dəyərlər idi. Təkcə bizim yaşadığı­mız Qarakilsə bölgəsindəki Urud, Ağdü, Şəki qalaları, künbəzlər Zəngəzurun qədim tarixindən xəbər verirdi. Zəngəzur deyilən ərazinin bütün toponimlərinin türk adların­dan qaynaqlanması da bu yerlərin birmənalı şəkildə Azərbaycanın tarixi torpağı olmasını təsdiqləyirdi. Əlili (Salvard), Qarakilsə (Sisyan), Şenadağ (Lernaşen), Məliklər (Span­daryan), Dərəbas (Darbas), Saybalı (Sarnakuk), Məzrə (Bartsravan), Ağkənd (Aşotavan), Ərəfsə (Arevis), Təzəkənd (Tasik), Urud (Vorotan) kimi yaşayış məntəqələrinin adlarının erməniləşdirilməsi, həmin kəndlərin bir çoxunun isə 1905-ci ildə faşist Qazar Stepaniyanın hücumu zamanı yerlə-yeksan olunması düşmənin toponim genosidi, eyni zamanda, türkün bu yerlərdən izinin itirilməsi idi. Əlbəttə, bu addəyişmələrin miqyası ildən-ilə genişlənmiş, nəhayət, ötən əsrin 80-ci illərində tamamilə başa çatmışdı.

Doğulub boya-başa çatdı­ğım Qərbi Zəngəzurun Qarakilsə bölgəsinin çox qədim, zəngin tarixi var. Burada alban mədəniyyətinə məxsus çoxlu abidə yerləşir. Təəssüf ki, həmin abidələrdən ermənilər öz xislətlərinə sadiq qalaraq, tarixlərini daha qədimə aparmaq üçün istifadə ediblər. Məsələn, Urud kəndi ərazisindəki qoç heykəlləri bütün dünyaya “ermənilərin daş dövrü abidəsi” kimi təqdim olu­nub. Ermənilər Qarakilsənin Urud kənd qəbiristanlığından orta əsr Azərbaycan ustaları, bədii daşyonma sənətkarları tərəfindən yaradılan daş qoç və qoyun heykəllərini, demək olar ki, daşıyaraq İrəvan şəhərinə aparıb, onların üstündə həkk edil­miş Azərbaycan xalqına məxsus kitabə və təsvirləri məhv edərək erməniləşdiriblər.

Qarakilsə bölgəsində ən böyük kənd bizim 800 evli Ağdü kəndi idi. Qonaqpərvərliyə, sədaqətə, mərdliyə görə dillər əzbəri idi. Öz tarixi mədəniyyətini, adət-ənənəsini, milli-mənəvi dəyərlərini qoruyub sax­layırdı. Faşist Qaragin Nijdenin, Dro Kamayanın yırtıcı əlləri kəndimizin günahsız insanlarının qanına batib, 98 nəfər qanına qəltan edilib.

Ağdü toponimi türk mənşəlidir. Görkəmli tədqiqatçı alimlər Budaq Budaqov və Qeybulla Qeybulla­yev “Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti” kitabında yazıblar: “Ağdü Azərbaycanın Yelizavetpol quberni­yasının Zəngəzur qəzasında (indiki Ermənistanın Sisyan rayonunda) kənd adıdır. Ermənistan ərazisində ən qədim, türk mənşəli toponimdir. Ağdü sözünün mənası türkcə “ağ”, “düzənlik”, “təpəlik”, “ucalıq” və “çəpər” mənasındadır. “Ağ” sözü ilə başlayan Ağdüz, Ağyazı, Ağyal, Ağ­bulaq, Ağtəpə, Ağsu, Ağdaş, Ağdam toponimləri mövcuddur. Lakin mənfur qonşular tərəfindən Ağdü toponimi dəyişdirilərək Aqxitu adlandırılıb.

VII əsrin yadigarı qəbirüstü abidə, XII əsrdən qalma “Qala”, XVII əsrdə inşa edilmiş Günbəz, XVIII əsrdə tikilmiş 400 nəfər tutan məscid bizim Ağdü kəndindədir.

Kəndin iki qəbiristanlığı var idi. Qədim Ağyazı qəbiristanlığında at və qoç heykəlləri, daş sanduqələr diqqət çəkirdi. Min dörd yüz ilə yaxın tarixi olan nəhəng qəbirüstü abidə isə üçmərtəbəli idi. Abidənin birin­ci mərtəbəsində geniş meydança yerləşirdi. Meydançanın sonunda iki giriş qapısı olan tağvari ibadətxana tikilmişdi. İkinci mərtəbə yanlardan dördbucaqlı iki sütundan, ortada isə səkkizbucaqlı bir sütundan ibarət idi. Hər iki kənar sütun tağvari hörgü vasitəsilə orta sütunla birləşmişdi. Üçüncü mərtəbə isə gözəl memarlıq quruluşuna malik olan iki sütundan ibarət idi.

Qərbi Azərbaycan ərazisinin tarixi, mədəni, dini, memarlıq abidələri ilə zəngin bir bölgənin – Zəngəzur mahalının Qarakilsə rayonu ərazisindəki eramız­dan əvvəl II minilliyə aid Qoşundaş tikili qalıqlarını, Zəngəzurun Səlim keçidi adlanan yerdə tikilmiş kar­vansarayı, Qaraqoyunlu dövlətində Çuxur-Səəd əmirlərinə aid Cəfərabad türbəsini, 8-ci İmam Rzanın nəvəsi Mir Davudun və Qara Vəli kəndində Seyid Əhmədin məqbərələri də tamamilə erməniləşdirilib.

Eramızdan əvvəl V–II minilliklərə aid Soyuqbulaq və Qarakilsə qayaüs­tü təsvirləri ilə Qobustan və Altay­dakı qayaüstü təsvirlər arasındakı oxşarlıq, Nüvədi-Qarqadaşı yazıları ilə Orxon-Yenisey kitabələrinin dil və əlifba eyniliyi, qədim saray, qala və məbədlərin müxtəlif tarixi mənbələrdə əbədiləşən adları bu ərazilərin ən qədim dövrlərdən üzü bəri türk-oğuz boylarının ana yurdu olduğuna heç bir şübhə yeri qoymur.

Kompleks antropoloji-arxeoloji tarixi tədqiqatlar göstərir ki, Cənubi Qafqaz regionunda heç vaxt erməni dövləti olmayıb. Hətta açılan qədim qəbirlərdəki insanların kəllə sümükləri də bu ərazidəki etnosların yalnız türk-oğuz tayfaları olduğunu sübut edir. Arxeoloji qazıntılar zamanı Qafqaz ərazisində ermənilərə aid heç bir mədəniyyət abidəsi tapılmayıb.