Qərbi Azərbaycan

Qədim türk-oğuz yurdu Zəngəzur

Xalq qəzeti. - 2021.- 2 sentyabr. - № 185. - S. 6.

 

Qədim türk-oğuz yurdu Zəngəzur

 

Nazir Əhmədli,

tədqiqatçı-publisist, fəlsəfə doktoru

 

1988-ci ilin fevralında Ermənistanın Azərbaycanın keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətini özünə birləşdirmək cəhdi ilə başlanan Ermənistan–Azərbaycan münaqişəsi 44 günlük İkinci Qarabağ müharibəsi ilə sona yetdi. Tarix boyu Azərbaycan torpağı, Rusiya imperiyasının işğalınadək Qarabağ xanlığının ərazisi olmuş, bolşeviklərin böyük hissəsinin Ermənistana birləşdirdiyi Zəngəzur bölgəsi Cənubi Qafqazda yaranan yeni geopolitik şəraitdə qızğın diskussiyalar mövzusuna çevrilməklə aktuallaşıb.

“Zəngəzur” sözünün “zəngi” türk tayfasının adından yarandığı şübhəsizdir. Buna oxşar başqa toponimlər də mövcuddur: Zəngəzur qəzasında yerləşən Zəngilan, Şuşa qəzasındakı Zəngişalı, İrəvan xanlığındakı Zəngi çayı və onun qidalandırdığı Zəngibasar mahalı, həmin mahaldakı Zəngilər kəndi və s. Cənubi Qafqazın tədqiqatçısı məşhur etnoqraf İ.Şopen də etiraf edirdi ki, Zəngi çayı öz adını bəni-zəngi tayfasının adından götürmüş­dür. Tarixdən Zəngilər adlı dövlətin olduğu da məlumdur.

Bu toponimə Özbəkistan Respublikasının ərazisində Zəngi, Zəngitəpə, Zəng, Zəngərək vari­antlarında rast gəlinməsi də zəngi tayfasınıın türk mənşəli olduğuna heç bir şübhə yeri qoymur. Onlar Anadolu, İran, Yaxın Şərq coğrafi­yasına səlcuqlarla birlikdə və ya on­larla eyni vaxtda gəlmişlər. Beləliklə, Zəngəzur sözü zəngi türk tayfasının adından olub, “zəngi tayfalarının yaşadığı ərazi” mənasını daşıyır.

Qeyd edək ki, 1918-ci ildə ermənilərin Zəngəzurda törətdikləri qırğınlardan bəhs edən və Türkiyədə nəşr edilmiş Osmanlı arxiv sənədlərində də bu ərazinin adı “Zəngizor” kimi də yazılmış­dır. Zəngəzur inzibati-ərazi vahidi ilk dəfə 1593-cü ildə Osmanlı məmurları tərəfindən tərtib edilən “Urud və İsgəndərqalası livalarının müfəssəl dəftəri”ndə qeydə alın­mışdır. Həmin vaxt 4 nahiyəsi olan Urud livasında 36 kənddən ibarət Urud,12 kənddən ibarət Kığı, 44 kənd, məzrə və camaatdan ibarət Muğancıq nahiyələri ilə yanaşı, 19 kənddən və Xancanlı, Cavanşirli, İshaqlı, Qovamilalı və Həsənxocalı camaatlarından ibarət olan Zəngəzur nahiyəsi də mövcud idi.

XVI əsrin sonunda nahiyə statusu ilə qeyd edilməsi faktı Zəngəzur toponiminin daha əvvəl meydana çıxdığını güman etməyə əsas verir. Fikrimizcə, bu ad ən geci XV əsrin ikinci yarısında meydana çıxmışdır. Osmanlılar 1578–1590- cı illərdəki fəth zamanı burada ciddi inzibati-ərazi dəyişiklikləri etmişdilər. Naxçıvan əyalətinin tərkibindəki Sisyan mahalı Qapa­nata daxil olan Bərgüşad və Urud mahalları ilə birlikdə Azərbaycan vilayətindən alınınb Çuxursəd bəylərbəyliyinə verilmiş, Keştasf və Həkəri mahalları Qarabağ əyalətinin tərkibində saxlanmışdı. Bu əraziləri azad edən Şah Abbas bütün inzibati-ərazi dəyişikliklərini ləğv etmiş, Naxçıvan, Qapanat və Bərgüşad əyalətləri yenidən Azərbaycan vilayətinin tərkibinə qatılmışdır. Bazarçay nahiyəsi isə Sisyan nahiyəsinə birləşdirilmişdir. XVII əsrin əvvəllərində isə Naxçıvan əyaləti tərkibindəki Sisyan mahalı ilə birlikdə Çuxursəd bəylərbəyliyinə verilmişdir.

1593-cü ildə tərtib edilmiş “Urud və İsgəndərqalası livalarının müfəssəl dəftəri”nə görə, Urud livası 4 nahiyədən– Urud (36 kənd), Kığı (12 kənd), Muğancıq (44 kənd), Zəngəzur (19 kənd) nahiyələrindən, Xancanlı, Cavanşirli, İshaqlı, Qovamilalı və Həsənxocalı cama­atlarından, İsgəndərqalası livası isə 13 nahiyədən– Kəkəberd (22 kənd), Kəhram Əyrinci (24 kənd), Kəhram Sahibli (20 kənd), Masırı (25 kənd), Bağaberd (28 kənd), Mədəni-mis (5 kənd), Əcənan (36 kənd), Kəlaberd (17 kənd), Çavundur (57 kənd), Əmlaki-xanazor (15 kənd), Minci­van (6 kənd), Bərgüşad (58 kənd), Kəhparə (74 kənd) nahiyələrindən və Cavanşirli, Çərəli, Xalac və Yəvinökər camaatlarından ibarət idi.

Beləliklə, sonrakı Zəngəzur qəzası ərazisinin böyük qismini əhatə edən bu iki livada 17 nahiyə, 498 kənd və 8 camaat qeydə alınmışdı və onların əksəriyyəti müsəlman kəndləri idi. I Şah Abba­sın dövründə “yandırılmış torpaq” taktikasından geniş istifadə edilir, düşmən qoşununu çətinliyə salmaq üçün evlər dağıdılır, taxıl zəmiləri yandırılır, ağaclar kəsilir, hətta su quyuları doldurulurdu. Aydındır ki, osmanlıların hakimiyyəti altında yaşamaq istəməyərək Səfəvilərə öz sədaqətini saxlayan Urud və İsgəndərqalası livalarının şiə müsəlman əhalisi də bu məqsədlə yaşadıqları kəndləri xarabaya çevirərək Səfəvilərin hakimiyyəti altında qalan ərazilərə çəkilmiş, əhalinin az bir hissəsi isə dönük çıxaraq orada yaşamaqda davam etmişdilər.

Səfəvi–Osmnlı davaları zamanı müsəlman kəndlərinin əksəriyyəti dağıdılmış, bəzi nahiyələrdə 1 nəfər də müsəlman qalmamış­dı. Məsələn, erməni yaşamayan Bərgüşad nahiyəsinin bütün 58 kəndi, erməni yaşamayan Kəhparə nahiyəsinin bütün 74 kəndi, Əmlaki-xanazor nahiyəsində 15 kənddən 12-i, Çavundur nahiyəsindəki 53 müsəlman kəndindən 48-i, Minci­van nahiyəsindəki 6 kənddən 5-i, Mədəni-mis nahiyəsindəki bütün kəndlər, kiçik istisnalarla digər nahiyələrdəki müsəlman kəndlərinin hamısı dağıdılmış, ermənilər yaşa­yan kəndlərə isə toxunulmamışdı. Urud və İsgəndərqalası livala­rındakı 79 kəndin əhalisi erməni idi, 5 kənddə isə müsəlmanlarla ermənilər qarışıq yaşayırdılar və həmin kəndlər də məskun idilər. 419 müsəlman kəndinin cəmi 46-da yaşayış var idi.

1593-cü ildə Zəngəzur nahiyəsi Xınzirək, Gorus, Kığı (başqa adı Əliquludur), Kərəhinç, Daşkənd, Dığ, Həsəndərə, Məlik Əhmədli, Şıxav, İzzəddinli kəndlərindən və Korad, Yenicə, Kürü, Şeyx Səbilli, Həsənquşçu, Yeməzli (Boyacı­lı kəndi yaxınlığındadır), Keşiş, Ağalı, Boyacılı, Obadaş, Bacıyol məzrələrindən və yuxarıda qeyd etdiyimiz camaatlardan ibarət idi. Bu yaşayış məntəqələrindən ermənilərin yaşadığı 6 kənddə 53, müsəlmanlarla ermənilərin yaşa­dığı Kığı kəndində 1 erməni ailəsi olmaqla cəmi 54 erməni ailəsi, Kığı kəndində 2 müsəlman ailəsi qeydə alınmışdır. Müsəlmanların yaşadığı 12 yaşayış məntəqəsi isə dağıdıl­mış, əhalisi ya qaçıb getmiş, ya da əsir aparılmışdı.

Sisyan və Bazarçayı nahiyələri 1595-ci ildə tərtib edilmiş “İrəvan əyalətinin icmal dəftəri”nə görə, bu əyalətin tərkibində olmuşdur (İrəvan əyalətinin icmal dəftəri (Nəşrə hazırlayanlar: Z.Bünyadov və H.Məmmədov (Qaramanlı)). Bakı, 1996). Bərgüşad nahiyəsi ilə yanaşı Həkəri, Keştasf, Çulandar nahiyələri və Keştək nahiyəsinin bir hissəsi Qarabağ əyalətinin tərkibində idi.

1727-ci ildə Osmanlı məmurları tərəfindən Zəngəzur nahiyəsinin də daxil olduğu “Xoy, Qaradağ və Qapan livalarının müfəssəl dəftəri” adlı təhrir tapu dəftəri tərtib edilmiş­dir. Müfəssəl dəftərə görə, Qapan livası 27 kənddən ibarət Kəhram, 18 kənddən ibarət Kəkəberd, 24 kənddən ibarət Məsri, 20 kənddən ibarət Əmlak, 18 kənddən ibarət Kələberd, 24 kənddən ibarət Əcnan Karxana, 15 kənddən ibarət Əcnan Türk, 12 kənddən ibarət Kığı, 26 kənddən ibarət Muğancıq, 35 kənddən ibarət Bağaberd, 36 kənddən ibarət Urud, 25 kənddən ibarət Zəngəzur nahiyələrindən və Xocalı Misaxlı, Sofulu, Şaru Əlili, Baharlı, Digər Baharlı əşirətlərindən ibarət idi. Beləliklə, 1727-ci ildə Qa­pan livası 12 nahiyə və 5 əşirətdən ibarət olmuşdur.

Qapan livasına daxil olan Zəngəzur nahiyəsi Sabıq, Qaraye­yin, Şahbəndəli, Şırnixu, Nevşəhər, Yeniçəyi–Cicməli, Qazı qışlağı, Məlik Əhmədli, Əzəndənli, Cırtəzək, Dığ, Daşkənd, Sərid Keşiş, Dola­dıq, Koran, Əliqulu, Kürü, Gorus, Kərəmünih, Həsəndərə, Yeniçəyi – Üçtəpə, Mayək Kiçik və Qarabaşlı kəndlərindən ibarət idi. Zəngəzur nahiyəsinin 1593-cü ildəki 19 kənd və məzrəsində 56 ailə qeydə alınsa da, 1727-ci ildə 25 kənddən ibarət olan Zəngəzur nahiyəsi tamamilə boş idi, yəni 1723-cü ildəki Osmanlı yürüşündən sonra nahiyənin bütün əhalisi qaçıb dağılmışdı, yaxud güneyə çəkilmişdi.

Müfəssəl dəftərin tərtib edildi­yi 1727-ci ildə hələ də kəndlərin əksəriyyətinin boş olduğunu nəzərə alsaq, deyə bilərik ki, 1723-cü il yürüşünün istər Zəngəzur nahiyəsi, istərsə də bütövlükdə Qapanat liva­sı üçün ağır nəticələri olmuş, həmin ərazilər 1735-ci ildə Nadir şah Əfşar tərəfindən azad edilənədək boş qalmışdı. Qapan livasının ərazisini tərk edənlər Osmanlı işğalı altında yaşamaq istəməyən şiə əhali idi.

İstər 1593-cü ildəki, istərsə də 1727-ci ildəki inzibat-ərazi bölgülərinə görə, Zəngəzur kiçik bir nahiyə olsa da, Türkmənçay müqaviləsindən (1828) sonra 1832- ci ildə Qarabağ əyaləti üzrə tərtib edilən kameral təsvirdə bu əyalətin tərkibinə daxil olan Zəngəzur mahalı 9 minbaşılığa bölünmüşdü: Qaraçorlu, Püsyan, Sisian, Tatev, Meğrigüney, Çovundur, Bərgüşad, Zəngəzur və Qapan minbaşılıq­ları. Göründüyü kimi, Zəngəzur mahalına daxil olan inzibati-ərazi vahidlərindən biri də Zəngəzur minbaşılığı idi. Xanlıqlar dövründə Azərbaycan vilayətinin Arazboyu əraziləri Təbriz və Qaradağ xanları arasında bölüşdürülmüşdü. Qapan, Zəngəzur və Bərgüşad Təbriz xan­lığının, Meğrigüney və Çulandur isə Qaradağ xanlığının tərkibində idi.

Qarabağ xanı Pənahəli Ca­vanşir 1750-ci illərdə Qaradağ xanlığından Meğri-Güney maha­lını, Naxçıvan xanlığından Sisyan mahalını, Təbriz xanlığından isə Zəngəzur və Qapan mahallarını alıb öz xanlığına birləşdirmişdi. 1823- cü ildə Mogilyovski və II Yermolov tərəfindən tərtib edilmiş “Qarabağ əyalətinin təsviri”nə görə, Püsyan, Sisyan, Qaraçorlu, Tatev, Bərgüşad bölgələri mahal statusu ilə Qara­bağ əyalətinin tərkibində olmuşlar. 1826–1828-ci illər II Rusiya–İran müharibəsinin nəticələrinə görə, Qapanat və Meğrigüney minbaşılıq­ları da Rusiyaya ilhaq edilmişdir.

1832-ci il tarixli Qarabağ əyalətinin kameral təsvirinə görə Zəngəzur mahalında kişi cinsindən 12 min 33 nəfər qeydə alınmış­dır ki, onun 7 min 669 nəfəri müsəlman, 4 min 364 nəfəri isə erməni idi. Beləliklə, müsəlmanlar ümumi əhalinin 63,67 faizini, başqa sözlə, təxminən, 2/3 hissəsini təşkil edirdilər. Kameral təsvirdə ailə ənənələrinə görə, müsəlman qadınların adları qeyd edilməmiş, 3 min 809 nəfər erməni qadını qeydə alınmışdır. Ermənilərdə hər 100 kişiyə 87,2 qadın düşürdü. Bu əmsalı müsəlman əhaliyə də aid etsək, mahalda, təxminən, 6 min 672 müsəlman qadın, 14 min 341 ümumi müsəlman, 8 min 173 erməni, cəmi 22 min 514 nəfər əhali yaşamışdır.

Rusiya imperiyası tərəfindən 1840-cı ildə həyata keçirilən inzibati-ərazi bölgüsünə görə, Kaspi vilayətinə daxil olan Qarabağ əyalətinin tərkibindəki Zəngəzur mahalı Zəngəzur və Meğri nahiyələrinə bölünmüşdür. 1846-cı ildə həyata keçirilən yeni inzibati-ərazi bölgüsünə görə, Qarabağ əyaləti Şuşa qəzasına, Kaspi vilayəti isə Şamaxı quberniyasına çevrilmişdir. İrəvan quberniyasının yaradılması ilə əlaqədar olaraq, Zəngəzurun cənub hissəsi Meğri nahiyəsi adı ilə (Qafan, Meğri, Çuldur və Püsyan mahalları) həmin quberniyanın Ordubad qəzasının tərkibinə daxil edilmişdir.

1868-ci ildə Yelizavetpol qu­berniyasının tərkibində yaradılmış Zəngəzur qəzası Qapan livasını, bütövlükdə, Naxçıvan sancağı­nın Meğri və Sisyan nahiyələrini, Gəncə–Qarabağ əyalətinin Zarıs, Keştasf və Həkəri nahiyələrini, Bərgüşad livasını əhatə etmiş­dir. Zəngəzur qəzası şərqdə və şimal-şərqdə Şuşa və Cəbrayıl qəzaları, şimalda Cavanşir qəzası, qərbdə və cənub-qərbdə İrəvan quberniyasının Naxçıvan və Şərur- Dərələyəz qəzaları, cənubda və cənub-şərqdə Rusiya ilə İran ara­sında sərhəd rolunu oynayan Araz çayı ilə həmsərhəd idi. Zəngəzur qəzasının sahəsi 7 min 659,96 kvadratkilometrə bərabər idi.

Zəngəzur qəzası 4 mahala– Meğri, Qafan, Zəngəzur və Sisyan mahallarına bölünmüşdü. Meğri mahalı qəzanın cənub hissəsində yerləşməklə, qərbdə Alangöz dağ silsiləsi, cənubda və cənub-şərqdə Araz çayı, şimlda və şimal-şərqdə isə Baybuğan dağlarının zirvəsinə qədər Ciband və Ustupi dağ silsilələri, oradan sonra isə Araz çayına tökülənə qədər Basut çayı ilə həmsərhəd idi. Meğri mahalı bu sərhədləri içərisində çoxlu sayda daşlı-qumlu dərələrlə və qayalı dağ silsilələri ilə kəsilirdi. Mahalın şimal hissəsi meşə ilə örtülmüş, cənuba getdikcə bu meşələri kiçik boylu kol meşələri əvəz edir, Araz sahilləri isə meşədən tamamilə məhrumdur. Bu mahalın cənub hissəsi çılpaq qayalar, qum və daşlarla örtülmüş kiçik talalardır. Meğri mahalının həmin hissəsi yayda yandırıcı, qışda isə şaxtalı iqlimi, suyun olma­ması üzündən açıq düzənlik yerlərin istifadəsiz qalması ilə səciyyəvi idi. Dağ çaylarının yaxınlığında yerləşən və xəzinəyə məxsus olan bir neçə kənddən başqa, həmin ərazilər məskunlaşdırılmamışdı.

Qafan mahalı Zəngəzur qəzasının orta hissəsində yerləşirdi. O Zəngəzur mahalından şimal və şərq tərəfdə Bərgüşad çayının orta axarı ilə ayrılmaqla, cənubda Meğri mahalı, qərbdə isə Sisyan mahalı ilə həmsərhəd idi. Sisyan mahalından isə Ltsen çayının əmələ gətirdiyi dərə, Məcidli və Gəzbel dağ silsilələri və Almeran dağları ilə ayrılırdı. Bu mahal yerli əhali tərəfindən 6 dairəyə bölünmüşdü: Bacıdağ və Ciband dağ silsilələri arasında yerləşən və eyni adlı çayın axdığı Oxçu dərəsini əhatə edən Oxçu dairəsi; Gığı çayın əmələ gətirdiyi Gığı dərəsini əhatə edən Gığı dairəsi; Əcanan çay hövzəsini əhatə edən Əcanan-türk dairəsi; Qafanın bütün şimal hissəsini və Bərgüşad çayının orta və aşağı axarlarına bitişən əraziləri əhatə edən Kəpəz dairəsi; Çavundurçay və Basutçay dairələri. Sonuncu iki dairə adları çəkilən çayların əmələ gətirdiyi dərələri əhatə edirdi. Qəzanın digər əraziləri kimi Qafan mahalı da dağlıq, qayalıq və yaşayış üçün əlverişsiz olsa da, meşələrlə zəngin və demək olar ki, başdan-ayağa meşəliklə örtülmüş­dü. Sakinlər meşələrlə əhatə olun­muş talalardan əkin yeri və yaylaq kimi istifadə edirdilər.

Zəngəzur mahalı Zəngəzur qəzasının şimal-şərq hissəsini əhatə edirdi. Bu mahal cənub və cənub-qərb tərəfdə Qafan maha­lından Bərgüşad çayının aşağı və orta axarı, Sisyan mahalından isə Ltsen çayının mənsəbi, İşıxlı və Qızıltəpə çaylarının bu maha­lın şimal sərhəddini təşkil edən Mıxtökən dağ silsiləsinə qədər olan hissəsinin əmələ gətirdiyi xətlə ay­rılırdı. Zəngəzur mahalı 4 dairəyə– Hacısamlı, Əliyanlı, Bərgüşad və Həkəri dairələrinə bölünürdü. Hacısamlı dairəsi Şəlvə, Ələkçi və Qoçaz çaylarının hövzələrini əhatə edirdi. Əliyanlı dairəsi Həkəri çayı ilə Şuşa–Gorus araba yolunun sağ tərəfi arasında qalan əraziləri, Bərgüşad və Həkəri dairələri isə Bərgüşad və Həkəri çaylarının orta və aşağı axarının hər iki tərəfini əhatə edirdi. Bu mahalın böyük hissəsi meşələrlə örtülmüşdür.

Sisyan mahalı Zəngəzur qəzasının şimal-qərb hissəsində yerləşməklə, Cavanşır, Şərur- Dərələyəz və Naxçıvan qəzaları ilə həmsərhədd idi. O, ərazisinin xarakterinə görə 2– Zəngəzur qəzasının yaylaqlarının ol­duğu şimal-şərq və yaşayış məntəqələrinin yerləşdiyi cənub-qərb hissələrinə bölünürdu. Meşə örtüyündən tamamilə məhrum olan Siyan mahalı digər mahallar kimi daşlı-qayalı deyildi. Başqa mahallarla müqayisədə burada əkinəyararlı daha çox torpaq vardı və taxılçılıq daha çox inkişaf etmiş­di.

Ermənistanda sovet hakimiyyəti qurulandan sonra o vaxtadək da­vamlı və mübahisəsiz Azərbaycan ərazisi olmuş Zəngəzur qəzasının 59,6 faizi bolşevik Rusiyasının rəhbərliyi tərəfindən Qafqazın türk-müsəlmanlar yaşayan ərazilərində oyuncaq dövlət kimi yaradılan Ermənistana verilmişdir.

Həmin vaxt Zəngəzur qəzasının ərazisi 4 polis sahəsinə, hər bir polis sahəsi isə bir neçə kəndi birləşdirən kənd icmalarına bölün­müşdü. Ermənistana birləşdirilən ərazi– I polis sahəsi bütövlükdə, II polis sahəsindən Əliqulukənd, Goranzur, Gorus, Dığ, Xoznavar, Xınzirək kəndlər icmaları, III polis sahəsindən Arsevanik, Oxtar, Uca­nis, Xələc kəndlər icmaları, IV polis sahəsindən Aldərə, Astazur, Var­tanizor, Güdkum, Kavart, Girətağ, Lehvaz, Mığrı, Nüvədi, Oxçu və Şıxavuz kənd icmalarına daxil olan kəndlər idi.

XX əsrin əvvəlləri Qarabağ və Zəngəzur bədnam “Daşnaksutyun” partiyasının başçılıq etdiyi davakar erməni millətçilərinin törətdikləri qanlı hadisələrin mərkəzlərindən biri oldu. Onlar Cənubi Qafqazda müsəlmanlardan təmizlənmiş mono­etnik ərazilər və Rusiya imperiyası tərkibində muxtar qurum yaratmaq istəyirdilər. Erməni millətçilərinin fikrincə, Cənubi Qafqazda ermənilərin yaşadığı hər bir qəza bu məqsədlə seçilə bilərdi. Zəngəzur qəzası da onlardan biri idi.

1905-ci ildə Zəngəzur qəzasında ermənilərin törətdiyi qırğınlar həmin ilin oktyabrınadək davam etdi. Ermənilər 10 müsəlman kəndini dağıtdılar. Onların bu əməlləri cəzasız qaldığına görə 1906-cı ildə də bu qırğınları davam etdirdilər. Həmin il avqustun 9-dan 15-ə kimi 200 müsəlmanı qətlə yetirdilər. Bu qırğınlar zamanı Zəngəzurdakı Xələc, Karxana, Qatar, İncəvar, Çullu, Yeməzli, Saldaşlı, Mollalar, Batuman, Oxçu, Şabadak, Atqız, Pirdavudan, Zurul, Güman, Fərəcan, Qalabaynu, Əcəbli, Buğcıq və digər kəndləri dağıtmışdılar.

1917-ci ilin fevralında Rusiya­da monarxiyanın devrilməsindən və həmin ilin oktyabrında baş vermiş hərbi çevrilişdən son­ra Cənubi Qafqazda yaranan hakimiyyət boşluğundan istifadə edən ermənilər Bakıda, Şamaxıda, Qubada, Zəngəzurda, Naxçıvanda, Dərələyəzdə və Cənubi Qafqazın digər bölgələrində qanlı qırğınlar törətmişdilər. Azərbaycan Xalq Cümhuriyyəti Fövqəladə Təhqiqat Komissiyasının sənədlərindən məlum olur ki, 1918-1919-cu illərdə Sisyan mahalının I polis sahəsində olan bütün müsəlman kəndləri, II polis sahəsində olan kəndlərin əksəriyyəti, III, IV və V polis sahələrində olan kəndlərin isə çox hissəsi məhv edilmişdi. Bəzi kəndlər ümumiyyətlə yer üzündən silinmiş, ermənilər onların ərazisini əkin sahələrinə döndərmişdilər.

Bu qırğınları Andranik Ozan­yanın silahlı dəstələri ilə birləşən erməni kəndlərində silahlandı­rılmış quldur ermənilər birlikdə törətmişdilər. AXC FT Komissi­yasının məruzəsində Zəngəzur qəzasında 115 müsəlman kəndinin dağıdılması, 50 mindən artıq insa­nın öz yurdundan qaçqın düşməsi, 3 min 257 kişinin, 2 min 276 qadının , 2 min 196 uşağın öldürüldüyü, 1 060 kişinin, 794 qadının və 485 uşağın şikəst edildiyi göstərilmişdir.

Erməni tərəfin özünün bu barədəki etirafı göstərir ki, Fövqəladə Təhqiqat Komissiyası­nın hazırladığı sənəd Zəngəzurda baş vermiş qırğınların miqyasını tam əks etdirmir. 2004-cü ildə İrəvanda buraxılmış “Qaregin Njde və onun təlimi” adlı kitabda bildirilir: “İki il ərzində baş verən aramsız müharibələr nəticəsində Sünik hökuməti yalnız onlarla döyüşçü itirdiyi halda, düşmən tərəfdən 15 min nəfər öldürüldü. Türklərin və tatarların məskunlaşdıqları 200-ə qədər kənd ermənilərə qaytarıldı”.

Zəngəzur qəzasının Vağudi kəndində ermənilər məscidə yığıl­mış 400-dən artıq azərbaycanlını diri-diri yandırmış, Ağudi kəndində xristianlığı qəbul etmək tələblərini rədd edən insanları dəhşətli işgəncələrlə öldürmüş, Çullu kəndində yorğan-döşəkdə xəstə yatan 9 nəfər müsəlmanı qılıncla doğramış, Bağırbəyli kəndində 7 nəfəri yaşadığı evlə birlikdə yan­dırmışdılar. Bütün bunlar bilavasitə cəllad Andranikin rəhbərliyi altında həyata keçirilmişdi.

Ermənistanın Zəngəzura və Qarabağa təcavüzünün qarşısını almaq və ölkənin ərazi bütövlüyünü təmin etmək üçün Azərbaycan Xalq Cümhuriyyəti hökuməti 1919- cu ilin yanvarında mərkəzi Şuşa şəhəri olmaqla Qarabağ general-qubernatorluğu yaratdı. Zəngəzur qəzasında doğulmuş Xosrov bəy Sultanovun rəhbərlik etdiyi gene­ral-qubernatorluq Qarabağın bütün tarixi ərazilərini– Şuşa, Zəngəzur, Cavanşir və Cəbrayıl qəzalarını əhatə edirdi.

1919-cu il və 1920-ci əvvəllərində X.Sultanovun gərgin fəaliyyəti nəticəsində həmin re­gionda Ermənistan Pespublikası silahlı qüvvələrinin arasıkəsilməz hücumlarını dəf edilsə də, 1920- ci ilin baharında daşnakların Şuşa, Zəngəzur, Gəncə və Qazax qəzalarına yeni hücumları başlan­dı. Cümhuriyyət qüvvələri erməni təcavüzünün qarşısını almaq üçün ölüm-dirim savaşına girdiyi vaxtda şimal sərhədlərinin faktiki olaraq müdafiəsiz qalmasından istifadə edən bolşeviklər Azərbaycana soxulub aprelin 28-də milli hökuməti devirdilər. Ondan 15 gün əvvəl, aprelin 3-də Milli Hökumətin Silahlı Qüvvələri Xankəndini azad etməklə bütün Qarabağı erməni-daşnak birləşmələrindən təmizləmişdilər.

Azərbaycanın və Ermənistanın sovetləşdirilməsindən sonra etnik-siyasi balans yaratmaq istəyən bolşeviklər 1921-ci ildə Zəngəzurun qərb hissəsini Ermənistana birləşdirdilər və həmin ərazidə Sis­yan, Meğri, Qafan və Gorus rayon­larını yaratdılar. Zəngəzur qəzasının daha kiçik olan şərq hissəsi isə Azərbaycan SSR-in tərkibində sax­lanıldı və həmin ərazidə Laçın, Qu­badlı və Zəngilan rayonları yaradıl­dı. Azərbaycan SSR Xalq Əkinçilik Komissarlığı tərəfindən 1922-ci ildə hazırlanmış arayışda keçmiş Zəngəzur qəzasının ərazisindən 405 min desyatin (441 min 450 hektyar) torpağın Ermənistan SSR-ə verildiyi bildirilir.

Zəngəzur qəzasının əhatə etdiyi mahallar orada yaşayan əhalinin həyat tərzinə görə də bir-birindən fərqlənirdi. Zəngəzur və Qafan ma­hallarının əhalisi yaz-tarla işlərindən sonra evlərini və əkinlərini muzdlu şəxslərə tapşırıb mal-heyvanları ilə yaylaqlara qalxırdılar. Meğri və Sisyan mahallarının əhalisi isə oturaq həyat tərzi keçirməklə, mal-qoyunlarını çobanlarla və ya tarla işlərində işləyə bilməyən ailə üzvləri ilə yaylağa göndərirdilər.

Zəngəzur qəzasında yaşayan əhalinin əsas kütləsini kameral təsvirdə “tatar” kimi qeydə alı­nan türklər təşkil edirdi. Bu əhali, əsasən, yekcins olsa da, bir sıra türk tayfaları öz mövcudluğunu davam etdirirdi. Onlar yaşayış məntəqələri üzrə deyil, yaşadıqları bütün ərazilərdə ümumi siyahı üzrə tayfa şəklində qeydə alınmışdı­lar. Sofulu, dərzili, sarallı, gığılı, baharlı və digər tayfaları buna misal göstərmək olar.

Sofulu tayası– Ağbis (13 ailə), Acıbac (22 ailə), Əlişar (24 ailə), Ballıqaya (23 ailə), Boynakar (13 ailə), Göy yal (7 ailə), Dərətün (8 ailə), Qıvraq (10 ailə), Kirs (20 ailə), Murxus (22 ailə), Pürasad (8 ailə), Püsyək (35 ailə), Sal daş (17 ailə), Sancaraxlı (9 ailə), Saracıq (6 ailə), Xaçati (5 ailə), Xortiküz (83 ailə), çaralı (24 ailə), və Yavsulu (3 ailə) qışlaqlarında;

Dərzili tayfası– Bəyəli (15 ailə), Börkin (13 ailə), Gümaran (27 ailə), Gün (21 ailə), Cambar (25 ailə), Qaragöl (29 ailə), Qırxlı (12 ailə), Quşçular (8 ailə), Pirveyisli (25 ailə), Razgah (27 ailə), Şərkən (16 ailə) qışlaqlarında;

Sarallı tayfası Ağqaya (18 ailə), Almalıq (8 ailə), Ayadi (16 ailə), Bəydaş (7 ailə), Girəkəsən (Turab­xanlı) (9 ailə), Gərd (10 ailə), Zor (19 ailə), Kərmin (Şordərə) (8 ailə), Mollalı (11 ailə), Sisnak (14 ailə), Xaştab (28 ailə), Ximiç (13 ailə) qışlaqlarında;

Puşanlı tayfası Vajparı (14 ailə), Daşbaşı (9 ailə), Parabartal (10 ailə), Pörqi (4 ailə), Sanalı (6 ailə), Tarnavuş (3 ailə), Ulab (15 ailə) qışlaqlarında;

Gığılı tayfası Kürut (12 ailə), Mahmudlu (29 ailə), Payxan (24 ailə), Çiriş (10 ailə) qışlaqlarında;

Xoca Musaxlı tayfası Dəstəgird (40 ailə), Qalacıq (16 ailə), Mazitti (15 ailə) qışlaqlarında;

Baharlı tayfası (Birinci Baharlı kəndi) Qaradərə (13 ailə), Qaragöl (18 ailə), Müqəddməd (45 ailə) qışlaqlarında yaşayırdılar.

Qeyd edək ki, sofulu tayfası kəngərlilərə aiddir. Zəngəzurda yaşayan kürdlər şiə məzhəbinə mənsub olmaqla 1589-cu ildə İbrahim ağa adlı bir nəfərin başçılığı altında oraya gəlmiş və Osmanlı– Səfəvi müharibəsində osmanlılrın tərəfində vuruşmuşdular. Onların özü buraya “Urum”dan– Osman­lı imperatorluğunun ərazisindən gəldiklərini bildirirdilər. Zəngəzurun yerli türk əhalisindən kimliyinə, həyat tərzinə, xarici görünüşünə görə fərqlənməyən kürdlər Bərgüşad və Həkəri çaylarının ətrafında yaşayırdılar.

Zəngəzur ermənilərinin çoxu gəlmə olmaqla 1828–1829-cu illərdə İranın Qaradağ, Gərmalı, Xok və Salmas əyalətlərindən buraya köçürülmüşdülər. Gərmalı erməniləri xəzinə kəndləri olan Əlili, Əngələvud, Quşçu və Uz kəndlərində məskunlaşmışdılar. Xoydan gələnlər Bələk, Məzrə və Şaqat kəndlərində, salmaslılar isə Qarakilsə kəndinin mülkədar tor­paqlarında yerləşmişdilər. Sonradan onların bir hissəsi xəzinəyə məxsus olan Qalacıq kəndinə köçmüş və ikinci Qarakilsə kəndini yaratmış­dılar. Qaradağdan gələn ermənilər, əsasən, boş yerlərdə və Qafan nahiyəsinin xaraba kəndlərində məskunlaşmışdılar.

Zəngəzur qəzasının 1874-cü ilə aid kameral təsviri üzərində apardığımız statistik hesablamalar­dan başqa rəqəmlər ortaya çıxdı. Kameral təsvirdə 9 min 555 tatar ailəsi– 25 min 275 kişi, 18 min 576 qadın, cəmi 43 min 851 nəfər tatar; 5 min 274 erməni ailəsi– 22 min 221 kişi, 16 min 833 qadın, cəmi 39 min 54 nəfər erməni, 80 rus (mo­lokan) ailəsi– 287 kişi, 240 qadın, cəmi 517 rus yaşayırdı. Zəngəzur qəzasının ümumi əhalisi 14 min 909 ailədən, 47 min 783 kişidən, 35 min 649 qadından, cəmi 83 min 432 nəfərdən ibarət idi.

1874-cü il tarixli kameral təsvirə görə, Zəngəzur əhalisinin 52,57 fa­izi müsəlman, 46,81 faizini erməni, 0,062 faizi isə rus idi. Ruslar 2, ermənilər 78, müsəlmanlar 221 kənddə yaşayırdılar, 6 kənddə isə tatarlarla ermənilər qarışıq yaşa­yırdılar. Bunlar Dulus, Darabas, Qarakilsə, Noraşenik, Xoznavar və Xanazağ kəndləri idi. Əslində isə müsəlmanlar yaşayan kəndlərin sayı daha çox idi, belə ki, sofulu tayfası bir kənd kimi göstərilsə də onlar 19 kənddə, dərzili tayfasına mənsub olanlar 11 kənddə, sarallı tayfasına mənsub olnlar 13 kənddə, puşanlı tayfasına mənsub olanlar 7 kənddə və s. yaşayırdılar. Bun­dan başqa, Kığılı, Hacılı və Əliynlı kəndlərinin hər biri, əslində, 4 kiçik kənddən ibarət olsa da kameral təsvirdə 1 kənd kimi göstərilmişdir.

1832-ci ildən keçən 42 il ərzində msəlmanların 63,7 faizdən 52,57 faizə düşməsi, ermənilərin isə 36,3 faizdən 46,81 faizə qakxması heç də ermənilərdə təbii artımın daha üstün olması ilə bağlı deyildi. Bu­rada 2 amil mühüm rol oynamışdı: xaricdən gətirilən ermənilərin bu ərazilərə köçürülməsinin davam etməsi və rus işğalçılarının diskrimi­nasiya siyasəti. Bu siyasət I Pyotrun vaxtından başlamışdı. Rus müəllifi Y.Kozubski bu barədə yazırdı: “Böyk Pyotr Rusiyanın tutduğu yerlərdə möhkəmlənməsi üçün orada xristian əhalini çoxaldıb müsəlman əhalini azaltmağı və bu baxımdan birbaşa ermənilərə üstünlük verməyi vacib sayırdı”.

Bu siyasət sonrakı illərdə də davam etdirilmişdir. 1897-ci ildə həyata keçirilən I ümumrusiya si­yahıyaalmasına görə, müsəlmanlar Zəngəzur qəzası əhalisinin 50,1 fa­izini, ermənilər isə 44,8 faizini təşkil edirdilər. Rusiya hökuməti 1840-cı ildən başlayaraq Cənubi Qafqaza, o cümlədən Zəngəzur bölgəsinə molokan rusları da köçürürdü. Zəngəzurun molokan rus əhalisi 2 kənddə– Qalyur (18 ailə) və Bazar­çay kəndlərində (82 ailə) yaşayırdı.

Zəngəzur qəzasının əhalisi xəzinə torpaqlarından başqa, bəylərlə kəndlilər arasındakı münasibətləri tənzimləyən 1870-ci il əsasnaməsi ilə mülkədar tor­paqlarında da yaşayırdılar. Tor­paqları mülkədarlara məxsus olan kəndlərin 106-da müsəlmanlar, 28-də ermənilər, 4-də isə müsəlmanlarla ermənilər qarışıq yaşayırdılar. Bu cür kəndlərin sayı 128 idi. S.Zelinski bu kəndlərdən 4-nün - I Cikcik, Comərdli, Məlik pəyəsi və Müsəlmanlar kəndlərinin şair kimi tanıdığımız xan qızı Xurşid Banu Natəvanın – “knya­ginya Usmiyeva”nın ömürlük mülkiyyətində olduğunu yazırdı.

Əslində, Zəngəzur qəzasında Xurşid Banu Bəyimə məxsus olan kəndlərin sayı daha çox olmuş­dur. Azərbaycan Mərkəzi Dövlət Arxivində saxlanan Mehdiqulu xanın fondunda bu kəndlərin 1870-ci ildə tərtib edilmiş siyahısı mövcuddur. Bunlar Soltanlı (adı həm də Məlik pəyəsidir; 40 ailə), Cicimli (68 ailə), Bayandurlu (42 ailə), Qaracalı (8 ailə), Əliyanlı-Qalalı (35 ailə), Müsəlmanlar (36 ailə) kəndləri, Şahsuvarlı (20 ailə), Comərduşağı (adı həm də Cavanmərdlidir, 17 ailə), Bozlu (29 ailə), Ağdonakedl ( 13 ailə), başqa adı Əsrik olan Bozlu (10 ailə), Sümüklü (22 ailə), Türklər (11 ailə), Fərruxqanlı obasının bir hissəsi olan Zağlığ (8 ailə) və Çax­maq (38 ailə), Kərbəlayı Elləzli və ya Kəlbəcərli (20 ailə), Bozlu obası­nın bir hissəsi olan Mirik (11 ailə) və başqa adı Mirik olan Həsənanlı (11 ailə) obaları idi.

Bakıda neft sənayesinin inki­şafı ağır kənd təsərrüfatı əməyi ilə məşğul olmaq istəməyən ermənilər üçün cazibə mərkəzinə çevrilmişdi. Zəngəzur qəzasının tədqiqatçılarından bir nəfərin “Nor–Dar” jurnalında yazdığına görə, Yelizavetpol quberniyasının başqa ərazilərinə köçənləri nəzərə almadan, təkcə 1884-cü ilin 10 ayı ərzində Xnzorsk kəndindən 392 nəfər, Gorus kəndindən 167, Əhlətyandan 142, Xotdan 131, Uzdan 111, Şaqatdan 110, Tatevdən 103, Qarakilisdən 86, Meğri kəndindən 64, ümumiyyətlə, Zəngəzur qəzasının 57 kəndindən cəmi 2 min 608 nəfər erməni, 53 tatar kəndindən isə 317 nəfər öz kəndini tərk edərək Bakıya və baş­qa yerlərə köçmüşdü.

XX əsrin əvvəllərində Zəngəzurun erməni əhalisinin Bakıya axını daha da güclənmişdi. 1886-cı ilin kameral təsvirinə görə, 620 ailənin yaşadığı Xınzirək kəndindən 1903-cü ildə Bakıya gedənlərin sayı 987 kişi və 305 qadın idi.

Məlum olduğu kimi, erməniləri ilk dəfə Bakı şəhərinə 1722-ci ildə Rusiya imperatoru I Pyotrun əmri nilə yerləşdirilmişdi. XIX əsrin sonlarında və XX əsrin əvvəllərində isə köçəri təbiətli ermənilər Zəngəzur qəzasından olduğu kimi, Yelizavetpol quberniysının digər qəzalarından, İrəvan quberniyasın­dan da Bakıya köçmüşdülər. Bura­da əlverişli mühitə düşən ermənilər siyasi və terror təşkilatlarında birləşərək 1905-ci ildə və 1918-ci ilin martında Bakıda qanlı qırğınlr törətmişdilər.

Yuxarıda göstərilən tarixi, coğrafi, siyasi fakt, dəlil və sü­butlar Zəngəzur bölgəsinin əsrlər boyu Azərbaycan türklərinin vətəni olduğunu təsdiq edən təkzibedilməz həqiqətdir.