Qərbi Azərbaycan

Qərbi Azərbaycan həqiqətləri dünya ictimaiyyətinə çatdırılır

Azərbaycan. - 2023.- 8 iyun. - № 120. - S. 6.

 

Qərbi Azərbaycan həqiqətləri dünya ictimaiyyətinə çatdırılır

 

Zöhrə Fərəcova

 

Azərbaycan 2020-ci ildə 44 gün ərzində Qarabağ və Şərqi Zəngəzur ərazilərini Ermənistanın işğalından azad etdi. Vətən müharibəsində qazanılan möhtəşəm qələbədən sonra həmin torpaqlara qayıdış başlayıb. Qərbi azərbaycanlıların isə yurd həsrəti hələ bitməyib. Vaxtilə yurdlarından deportasiya edilən yüz minlərlə soydaşımız tarixi torpaqlarına qovuşacaqları günlərin intizarındadırlar. Bunun üçün məqsədyönlü siyasət və təşkilatlanma işi həyata keçirilir.

 

Tarixi faktlara əsaslanan, ədalətin və sülhün bərqərar

olunmasına xidmət edən konsepsiya

 

Ötən il dekabrın 24-də Prezident İlham Əliyev Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə demişdir: “Əminəm ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Mən əminəm ki, bu gün gələcək və əminəm ki, qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar”. İlham Əliyev vurğulamışdır ki, Qarabağ münaqişəsi həll olunandan sonra indi bizim gündəliyimizdə duran məsələ budur.

Dövlət başçısı İlham Əliyevin bu mühüm tapşırığından sonra qısa müddət ərzində indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə, sülh yolu ilə geriyə qayıtmasının təmin edilməsi ilə bağlı Qayıdış Konsepsiyası hazırlanaraq təsdiqləndi və ictimaiyyətə təqdim olundu. Konsepsiyada indiki Ermənistan ərazisindən zorla çıxarılmış azərbaycanlıların geriyə qayıtması üçün Qərbi Azərbaycan İcmasının həyata keçirəcəyi fəaliyyətin məqsədləri, prinsipləri, hazırlıq və icra tədbirləri üçün ümumi çərçivə müəyyən edildi. Bu konsepsiya beynəlxalq hüquqa, aidiyyəti dövlətdaxili hüquqa, tarixi faktlara əsaslanır, ədalətin və sülhün bərqərar olunmasına xidmət edir.

Tarixi faktlara əsaslanaraq deməliyik ki, Qərbi Azərbaycanda soydaşlarımıza qarşı etnik təmizləmə planlı şəkildə aparılıb. 1905-1906, 1918-1921, 1948-1953 və 1987-1991-ci illərdə bu proses xüsusilə amansızlıqla həyata keçirilib. Zəngəzur daxil olmaqla azərbaycanlıların üstünlük təşkil etdiyi bir çox bölgə indiki Ermənistana verilib. Minlərlə azərbaycanlı dədə-baba torpağından deportasiya edilib. Azərbaycanlıların vaxtilə əksəriyyət təşkil etdiyi indiki Ermənistan ərazisindən tamamilə qovulması prosesi 1991-ci ildə başa çatdırılıb. Aparılmış etnik təmizləmə nəticəsində hazırda həmin ərazidə müstəsna olaraq ermənilər yaşayırlar. Bununla da kifayətlənməyiblər. Erməni vandalları artıq illərdir ki, Qərbi Azərbaycandan əsl sakinlərin - azərbaycanlıların izlərini silirlər. Bu məqsədlə dünya və yerli əhəmiyyətli tarixi abidələri məhv edirlər. Son illər təkcə qədim İrəvan şəhərində İrəvan qalası, Xan sarayı, Abbas Mirzə məscidi, Zal xan məscidi, Dəmirbulaq məscidi, Sərtip xan məscidi, Hacı Novruzəli bəy məscidi, Hacı Cəfər məscidi, Qantar (bazarı) karvansarası, Hacı bəyim hamamı, Hacı Əli hamamı, Axund Şeyxülislam hamamı və bir çox digər dini-tarixi abidələr məhv edilib.  İrəvanda mövcud olan iki məscid - Hacı İmamverdi məscidi və Göy məscid isə fars məscidi adlandırılıb.

 

Azərbaycan mədəni irsinin qorunmasına beynəlxalq

səviyyədə münasibət

 

Qərbi Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində işlər davam edir. Məlum olduğu kimi, Qərbi Azərbaycan İcması bu il martın 27-də Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatına (UNESCO) müraciət edərək, indiki Ermənistan ərazisində Azərbaycan mədəni irsinin kütləvi dağıdılması faktlarına diqqəti çəkib, bu sahədə vəziyyətin qiymətləndirilməsi üçün Ermənistana faktaraşdırıcı missiyanın göndərilməsini xahiş edib.

Beynəlxalq aləmin diqqətini qeyd olunan mövzuya çəkmək və UNESCO-nun bu məsələ ilə məşğul olmağa başlamasını təmin etmək məqsədilə icma tərəfindən ardıcıl olaraq müvafiq xarici dövlətlər, beynəlxalq və regional təşkilatlarla gərəkli işlər həyata keçirilir. Qərbi Azərbaycan İcmasının mətbuat xidmətinin bildirdiyinə görə, UNESCO bu məsələ ilə bağlı icmanın müraciətinə rəsmi cavab verib. Təşkilatın rəhbər şəxsinin imzaladığı məktubda indiki Ermənistan ərazisində Azərbaycan mədəni irsinin vəziyyəti barədə icmanın qaldırdığı məsələnin UNESCO-nun mandatına birbaşa aid olduğu qeyd olunub. Bu sahədə müvafiq mexanizmlərdən istifadə edib məsələ ilə yaxından məşğul olduğu vurğulanıb.

İcmaya UNESCO-nun göndərdiyi məktub indiki Ermənistan ərazisində Azərbaycan mədəni irsi məsələsinin beynəlxalq gündəliyə gətirilməsi, bu sahədə praktik addımların atılması və beynəlxalq aləmdə icmanın mötəbər tərəf kimi tanınması, həmçinin UNESCO ilə icma arasında predmetli dialoq yolunda mühüm addım olub. İcma indiki Ermənistanda Azərbaycan mədəni irsinin məhv edilməsinin və dağıdılanların bərpası üçün beynəlxalq hüququn normaları və mexanizmləri çərçivəsində UNESCO ilə dialoq və qarşılıqlı fəaliyyətini davam etdirib.

Xəbər verildiyi kimi, Qərbi Azərbaycan İcmasının müraciətinə cavab olaraq, UNESCO-nun indiki Ermənistan ərazisində olan Azərbaycan mədəni irsinin qorunması məsələsinin təşkilatın mandatına daxil olduğunu təsdiq etməsi ilə bu sahədə icma və UNESCO arasında dialoq başlayıb. İcmadan verilən məlumata görə, bu müstəvidə icma dialoq tərəfdaşı kimi UNESCO qarşısında bir neçə konkret məsələ qaldırıb. Belə ki, indiki Ermənistan ərazisində Azərbaycan mədəni irsinin vəziyyətinin qiymətləndirilməsi üçün Ermənistana faktaraşdırıcı missiyanın göndərilməsi məsələsini icma bir daha qaldırıb. Ermənistan hökumətinin İrəvan şəhərinin Təpəbaşı məhəlləsini dağıtması ilə əlaqədar olaraq bu məsələnin xüsusilə aktual və təcili xarakter aldığını diqqətə çatdırıb. Bu məhəllə Ermənistanda salamat qalmış azsaylı Azərbaycan irsi nümunələrindən biridir. Təpəbaşı məhəlləsinin dağıdılması ilə tariximizin, mədəniyyətimizin əhəmiyyətli bir hissəsi də ermənilər tərəfindən məhv edilmiş olacaq.

İcmadan bildirilib: “Bundan əlavə, davamlı inkişaf və sülhün mənbəyi kimi mədəni irsin qorunması yanaşmasını bölüşən təşkilatımız bu sahədə icmalara böyük rol tanıyan müvafiq beynəlxalq konvensiyalarda da nəzərdə tutulduğu kimi, qabiliyyət quruculuğu sahəsində UNESCO-nun praktik yardımlarını xahiş etmişdir. Beynəlxalq hüququn norma və prinsiplərinə tam hörmət edən icma olaraq, biz potensialın artırılması sahəsində UNESCO-nun proqramlarından faydalanmaqla mədəni irsin qorunmasına daha artıq töhfə verəcəyimizə inanırıq”.

Qərbi Azərbaycan İcmasının məlumatında bildirilib ki, nəhayət, biz UNESCO rəhbərliyindən mədəni irsimiz ilə bağlı üzv dövlətləri məlumatlandırmağı və bu məsələni UNESCO-nun müvafiq hesabatlarına daxil etməyi xahiş etmişik: “Biz hesab edirik ki, UNESCO strukturlarının Ermənistandakı Azərbaycan mədəni irsinin vəziyyəti ilə bağlı beynəlxalq məlumatlılığı artırması üzv dövlətləri sözügedən irsin qorunması istiqamətində və ən əsası Ermənistanı destruktiv addımlardan çəkindirmək üçün effektiv addımlar atmağa təşviq edər”.