İrəvan Pedaqoji İnstitutunun Azərbaycan bölməsinin acı taleyi – daşnaklar axır ki, etdilər...
Bakı Xəbər. - 2023. - 20 aprel. - № 68. - S. 12.
İrəvan Pedaqoji İnstitutunun Azərbaycan bölməsinin acı taleyi – daşnaklar axır ki, etdilər...
İradə Sarıyeva
İrəvan şəhərinin binasının qoyulmasından 1988-ci ilə qədər burada Azərbaycan türkləri yaşayıb və təhsilin, maarifin, elmin inkişfında, mətbuatın, teatrın yaranmasında çox böyük rol oynayıblar.
Azərbaycan şəhəri İrəvanın mədəni, elm və təhsil həyatında azərbaycanlıların xidmətləri o qədər böyük olub ki, onun izini daşnaklar heç zaman silə bilmir. İrəvanda müəllimlər seminariyasının, İrəvan Türk Pedoqoji Texnikumunun yaradılması azərbaycanlı maarifçilərin adı ilə bağlıdır. Məqsəd Qərbi Azərbaycanın aborigen əhalisi olan Azərbaycan türklərindən müəllim kadrları hazırlamaq və onların Azərbaycandilli məktəblərdə fəaliyyətlərini təmin etmək idi. Həm İrəvan Türk Pedaqoji Texnikumu yaradıldı, həm İrəvan Pedaqoji İnstitutunun nəzdində Azərbaycan şöbəsi açıldı. Amma çox təəssüf ki, erməni daşnakları, şovinstləri həyata keçirdikləri mənfur düşmənçilik siyasəti ilə bu işə əngəl törədirdilər. İrəvan Pedoqoji İnstitutun nəzdində Azərbaycan bölməsinin açılması isə daşnakları ciddi şəkildə narahat edirdi və bütün gücləri ilə bizim dildə ali təhsilin əleyhinə idilər. Bir sıra araşdırmaçılr görə, hətta şovinistlər imkan vermək istəmirdilər ki, İrəvan Dövlət Universitetinin şərqşünaslıq fakültəsinə azərbaycanlı gənclər qəbul olunsun. Onlar birmənalı olaraq buna qarşı idilər. Ermənilərin məqsədi o idi ki, azərbaycanlılar gedib Azərbaycanda ali təhsil alsınlar və orada qalıb geri dönməsinlər, bununla da pedaqoji kadrlar olmasın, məktəblər bağlansın. Amma azərbaycanlı ziyalılar bu məsələdə geri çəkilmək istəmir və mübarizə aparırdılar.
“İrəvanda izim qaldı” rubrikasında İrəvan Pedaqoji İnstitutu Azərbaycan bölməsinin acı taleyindən danışacağıq ki, onu dəfələrlə bağlayıblar, erməni şöbəsinə birləşdiriblər, azərbaycanlıların sayına limit qoyublar, sonra da ləğv ediblər.
ADPU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti Nəcəf Nəcəfovun yazdıqlarına görə, İrəvanda heç zaman azərbaycanlılar üçün ayrıca pedaqoji institut olmayıb, azərbaycanlı kadrlar İrəvan Erməni Pedaqoji İnstitutunun nəzdindəki bölmələrdə hazırlanıb. “Ermənilər azərbaycanlılar üçün müstəqil ali təhsil ocağının olmasına, yüzlərlə azərbaycanlının, həm də müəyyən elmi-mədəni hazırlığa malik soydaşlarımızın bir yerə toplanmasına qətiyyən imkan verməzdilər. Ona görə də Ermənistanda azərbaycanlıların ali təhsil almaq məsələsinə həmişə qısqanclıqla yanaşılmışdır. Qərbi Azərbaycanın elmi potensialının mayasını təşkil edən, deportasiyaya uğrayaraq 1948-ci ildə Bakıya köçürülməklə fəaliyyətinə son qoyulan İrəvan Pedaqoji İnstitutu nəzdindəki Azərbaycan bölməsi uzun və keşməkeşli bir yol keçmişdir...Sovet rejimi öz ideoloji dayaqlarını möhkəmləndirmək məqsədilə Azərbaycanda ermənilərin, Gürcüstanda və Ermənistanda azərbaycanlıların təhsil probleminin həlli sahəsində də müəyyən işlər görmüşdür. Lakin digər müttəfiq respublikalardan fərqli olaraq, şovinist Ermənistanda azərbaycanlıların ali təhsil alması müşkül məsələyə çevrilmişdi. "Böyük Ermənistan" xülyası ilə yaşayan bu "fanatiklər" öz çirkin məqsədlərinin həyata keçirilməsi üçün min cür hiylələrə əl atır, azərbaycanlıların ali təhsil almalarını əngəlləyirdilər. Yüz minlərlə soydaşımızın yaşadığı bu sovet respublikasında onların ali təhsil almaları erməniləri heç də narahat etmirdi. Ona görə də azərbaycanlılar ali təhsil almaq üçün çox zaman Bakıya üz tutur, ümidlərini Azərbaycana bağlayırdılar. Hər dəfə ali təhsilli mütəxəssislərin hazırlanmasına dair məsələ qaldırılanda ermənilər min bir bəhanə ilə buna imkan olmadığını deyir, kadr çatışmazlığını əsas tutaraq, öz fikirlərini bir sıra arqumentlərlə əsaslandırırdılar. Bəzi obyektiv, subyektiv səbəblər də hər dəfə onların köməyinə gəlirdi. Odur ki, Ermənistanda ali təhsilli azərbaycanlıların sayı artmırdı, ayrı-ayrı rayonlarda ali təhsillilər barmaqla göstərilirdi. Ermənilər də elə bunu arzulayırdılar. Lakin bu məsələyə onlar nə qədər müqavimət göstərsələr də, onun qabağını tam kəsə bilmirdilər. Təsadüfi deyildir ki, 1924-1925-ci dərs ilində azərbaycanlılar üçün ilk dəfə İrəvanda türk işçi fakültəsi açıldı. Bu iş onların ürəyincə olmasa da, bu fakültə 15 il fəaliyyət göstərə bildi, on beş il davam edən bu fakültədə ilk ali təhsilli kadrlar hazırlandı. Bu barədə mətbuatda da yazılar gedirdi. "Qızıl şəfəq" qəzetində 1935-ci ildə bu barədə yazılan bir məqalədə türk fakültəsinin çətinliklərlə qarşılaşmasından bəhs edilirdi. Qəzetin məlumatına görə, burada cəmi 18 tələbə oxuyurdu. Azərbaycan dilində ədəbiyyatın yoxluğu, mütəxəssis kadrların çatışmaması işin keyfiyyətinə öz təsirini göstərirdi. 1936-37-ci dərs ilində İrəvan Qiyabi Pedaqoji İnstitutu da təsis edildi. Beynəlmiləlçilik siyasətinə müvafiq olaraq onun nəzdində türk şöbəsi də açıldı. Lakin qəbul qaydalarına, xüsusən azərbaycanlılarla bağlı qoyulan bürokratik tələblər sənəd qəbulunu ləngidirdi. Axırda bu bölmədə yerlər boş qalırdı. Ona görə də elə birinci il "Türk məktəblərində coğrafiya, tarix müəllimlərinə olan böyük ehtiyac nəzərə alınaraq" qiyabi institutun bu bölməsinin coğrafiya və tarix şöbələrinə sənəd qəbulu işi aprelin 10-dək uzadılmışdı. İlbəil yaranan kəm-kəsirin hesabına Azərbaycan məktəblərinin kadr çatışmazlığı o yerə çatdırılmışdı ki, məktəblər bağlanmaq təhlükəsi ilə üzləşirdi, ona görə də əlavə tədbirlərə əl atmaq lazım gəlirdi. Az sonra, yəni 1937-ci ildə İrəvanda ikiillik müəllimlər institutunun Azərbaycan şöbəsi də açıldı. Burada 20 nəfərin əyani, 20 nəfərin qiyabi təhsil alması planlaşdırılmışdı. Tədris prosesinin səmərəli təşkilinə imkan olmadığı üçün müəllimlər əsasən Bakıdan dəvət olunurdu. Dərsliklər də Bakıdan gətirilirdi. Lakin ehtiyac yalnız bununla bitmirdi. Azərbaycanlılara lazımi şərait də yaradılmırdı. Bir faktı xatırlatmaq yerinə düşərdi ki, İrəvan Dövlət Universitetinin nəzdindəki şərqşünaslıq fakültəsində azərbaycanlıların oxumasına hər cür maneçilik törədilirdi. Bura maraq göstərənlər olsa da, qarşıya belə bir tələb qoyulmuşdu ki, şərqşünaslıqda oxuyanlar erməni dilini mükəmməl bilməlidirlər. Deməli, o fakültədə yalnız ermənilər, ya da erməni məktəbini bitirənlər oxuya bilərdi...” deyə N.Nəcəfov qeyd edib.
Tədqiqatçının verdiyi bilgiyə görə, Azərbaycanda isə ermənilərin təhsilinə kifayət qədər qayğı göstərilirdi. Hələ ötən əsrin 30-40-cı illərində Azərbaycan Pedaqoji İnstitutunda erməni bölməsi fəaliyyət göstərirdi. Hətta qəbul planının 15-20 faizi bu bölmə üçün nəzərdə tutulurdu. Erməni alimlər isə, hər il bunun az olduğundan yuxarılara şikayət edirdilər, çox vaxt öz məqsədlərinə nail olurdular.
Alim qeyd edir ki, İkinci Dünya müharibəsi illərində şovinstlərin əl-qolu nisbətən bağlı olduğu səbəbindən İrəvan Pedaqoji İnstitutunun 4 fakültəsinin Azərbaycan bölməsində dil-ədəbiyyat, fizika-riyaziyyat, tarix-coğrafiya müəllimləri hazırlanırdı. “Onlar buna mane olsa da, bu prosesi dayandırmağa qabil deyildilər. Azərbaycanlı ziyalılar isə bu yolda öz səylərini davam etdirirdilər. Uzun müddət Azərbaycan Pedaqoji İnstitutunda çalışmış Fərhad Fərhadov 1942-1943-cü illərdə müharibədən qayıtdıqdan sonra həm İrəvan Pedaqoji Texnikumunda, həm də 1944-cü ildən başlayaraq İrəvan Pedaqoji İnstitutunda dərs deməyə başlamışdır. O, 1945-ci ildə İrəvanda "Qədim və orta əsrlər ədəbiyyatına dair oçerklər" kitabının nəşrinə də nail olmuşdu. Lakin Mərkəzi hökumətin əli ilə həyata keçirilən azərbaycanlıların "mədəni deportasiyası" 1948-ci ildə onun da İrəvanı tərk etməsilə nəticələnmişdir. Azərbaycan bölməsinin cəfakeşlərindən olan professor Rəhim Allahverdiyev (1907-1973) 1945-ci ildən deportasiyaya qədər İrəvan Pedaqoji İnstitutunda dərs aparmışdır. İnstitut köçürüləndə o da Bakıya gəlmiş, burada dissertasiya müdafiə edərək, elmlər doktoru adını almış, 400-dən çox məqalənin müəllifi kimi tanınmışdır. Ermənilərin sıxışdırmalarının nəticəsi olaraq, deportasiya ərəfəsində, yəni 1947-ci ildə İrəvan Pedaqoji İnstitutunun Azərbaycan bölməsinin 4 fakültəsində cəmi 20 tələbə oxuyurdu. Bu elə vaxt idi ki, azərbaycanlıların deportasiyasının yeni dalğası gözlənilirdi. Elə bu zaman İrəvan Pedaqoji İnstitutunun Elmi Şurası Azərbaycan bölməsinin işini müzakirəyə çıxararaq, onları bir qədər də sıxışdırdı. 1947-ci il 22 iyunda bu barədə qəbul edilən qərara əsasən Azərbaycan bölmələri erməni bölmələri ilə birləşdirildi. Azərbaycan bölməsinin dekanları isə erməni bölməsi dekanlarının müavini vəzifəsinə keçirildi. Onların müstəqil qərar qəbul etmək səlahiyyəti əllərindən alındı. Bununla da bu fakültələrdə milli mənəvi dəyərlərə ağır zərbə vuruldu. Müəllimləri də, tələbələri də məcbur edirdilər ki, ermənilərlə birgə nəfəs alsınlar, necə deyərlər "onların çaldığı havalarla oynasınlar". Ona görə də günü-gündən Azərbaycan bölməsində kadr potensialı zəifləyirdi. Buranın Azərbaycan bölməsində dərs deyənlərin çoxu əsasən İrəvan Pedaqoji Texnikumuna keçirdilər. Çünki stabil kollektivi parçalanan bu institutdan fərqli olaraq texnikumda sanballı kadr potensialı hələ də qalırdı. Bu mənəvi sıxıntılara baxmayaraq, bu prosesi sönməyə qoymayan tarixi səbəblər də vardı. Xatırladırıq ki, sovet hakimiyyətinin ilk illərində Ermənistanda da Azərbaycan dilində təhsil ocaqları şəbəkəsinin genişlənməsi orada təhsil alanların sayının sürətlə artmasına təkan vermişdi. Sovet hakimiyyətinin ilk illərində Qərbi Azərbaycanda 1922-23-cü illərdə 36, 1924-cü ildə 62, 1929-30-cu illərdə 112, 1931-ci ildə isə 245 Azərbaycan məktəbi fəaliyyət göstərirdi ki, bunlardan da 45-i ancaq İrəvan qəzasında idi…” - deyə N.Nəcəfov vurğulayıb.
İrəvan Pedaqoji İnstitutunun Azərbaycan bölməsi fəaliyyəti dövründə saysız çətinliklərlə üzləşsə də, daşnaklara qarşı mübarizə apara bilib, çox təəssüf ki, terrorçu Ermənistan sonda daşnakların fikrinə şərik çıxıb və təhsil mühitini kor qoyub. Amma inanırıq ki, biz yenidən o torpaqlara qayıdcağıq və ana dilimizdə orta, eyni zamanda ali təhsil məsələsinə nail olacağıq.
