Qərbi Azərbaycan

Oxçu qalası

Oxçu qalası

Oxçu qalası (ermənilər "Baqaberd" adlandırırlar) Qafan rayonunda Oxçu və Gığı çaylarının qovuşan yerində Novruzyurd adlı hündür bir təpəliyin üstündədir. Bu qala Zəngəzurun iki zirvəsini - Xustub (Üstüpü) və Gəzbel dağ zirvələrini bir-birindən ayıran hərbi-strateji baxımdan çox əhəmiyyətli bir mövqedə yerləşmişdir. Qalanın inşa olunma tarixi VI-VII əsrlərə aid edilir.

Oxçu qalası Zəngəzurdakı Babək qalası adlanan beş qaladan biridir. Böyük Azərbaycan sərkərdəsinin son döyüşlərindən birinin bu qalada baş verdiyi söylənilir. Qalanın tədqiqi göstərir ki, bu, istehkam xarakterli tikili olmuşdur.

Son vaxtlara kimi Oxçu qalasının 17 bürcü qalmaqda idi. Ümumiyyətlə, qalanın 26-27 bürcünün olduğu güman edilir. Qalanın iki tərəfi sıldırım, digər iki tərəfi isə ikiqat hasar divarları vasitəsilə ətraf ərazilərdən ayrılır. Oxçu qalası vulkanik yonulmamış daşlarla, əhəng məhsulu vasitəsilə tikilmişdir. Bu qala ilə üzbəüz Oxçu çayının digər sahilində başqa bir qalanın qalıqları vardır.

Oxçu qalası uzun illər Sünikin mərkəzi kimi fəaliyyət göstərmişdir. Qala 1170-ci ildə səlcuqlar tərəfindən alınan zaman qismən dağıdılsa da, sonralar yenidən bərpa olunmuşdur.