Qərbi Azərbaycan

Tarixşünaslığa layiqli töhfə: "Qərbi Azərbaycan: faktlar, sənədlər, reallıqlar"

Respublika. - 2025.- 6 may. - № 91. - S. 11.

 

Tarixşünaslığa layiqli töhfə: "Qərbi Azərbaycan: faktlar, sənədlər, reallıqlar"

 

Fəridə Namazova,

tarix üzrə fəlsəfə doktoru, Prezident Kitabxanasının sektor müdiri

 

XX əsrdə azərbaycanlılar indiki Ermənistan ərazisində dəfələrlə soyqırımlarına və deportasiyalara məruz qalaraq tarixi-etnik torpaqlarından didərgin salınsalar da, həmişə öz yer-yurdlarına qayıtmaq üçün ciddi mübarizə aparmışlar. Bu gün Qərbi Azərbaycan İcması müxtəlif dövrlərdə Qərbi Azərbaycandan qovulan bütün azərbaycanlıları və onların varislərini öz cərgəsində birləşdirir.

 

Yeni reallıq Qərbi Azərbaycandan zaman-zaman deportasiya edilən azərbaycanlıların öz tarixi vətənlərinə qayıtmaq arzusunun reallaşması üçün hüquqi zəmin yaradıb. Beynəlxalq humanitar hüquq bu istəyin reallaşmasına imkan verir.

Qərbi Azərbaycandakı tarixi torpaqlarımıza və orada mövcud olmuş maddi-mədəni irsimizə sahib çıxılması istiqamətində Qərbi Azərbaycan İcmasında sistemli iş aparılır. İcmanın sifarişi və maddi dəstəyi ilə yeni kitablar çap edilir. Belə kitablardan biri Qərbi Azərbaycan İcmasının Kitabxanası seriyasından tarix üzrə fəlsəfə doktoru, Dövlət Mükafatı laureatı Nazim Mustafanın "Qərbi Azərbaycan: faktlar, sənədlər, reallıqlar" kitabı bu yaxınlarda işıq üzü görmüşdür. Kitabın ideya müəllifi sənətşünaslıq elmləri doktoru, professor Ədalət Vəliyev, elmi redaktoru filologiya üzrə fəlsəfə doktoru Əziz Ələkbərlidir.

"Qərbi Azərbaycan: faktlar, sənədlər, reallıqlar" kitabı Nazim Mustafanın indiyədək Qərbi Azərbaycanla bağlı apardığı araşdırmaların bir növ qısa xülasəsidir. Kitabın Qərbi Azərbaycan İcmasının rəhbərliyinin tapşırığı ilə müxtəlif dillərə tərcümə edilərək xarici ölkələrdə yayılması nəzərdə tutulmuşdur.

Kitabın əvvəlində təqdim edilən "Tarixi xülasə"də Qərbi Azərbaycanın tarixi coğrafiyası, inzibati ərazisi, etnik tərkibi haqqında qısa məlumat verilir. Müəllif erməni və xarici müəlliflərin əsərlərinə istinadən ermənilərin Qərbi Azərbaycan ərazisinin avtoxton əhalisi olmadıqlarını göstərir. Avropalı ermənişünasların hay tarixinin "atası" hesab olunan və V əsr salnaməçisi kimi təqdim edilən yepiskop Movses Xorenasinin (Moisey Xorenski) yazdığı iddia edilən "Tarix" kitabının kompilyativ xarakter daşıdığını, başdan-ayağa anaxronizmlərdən ibarət olan cızmaqara hesab etdiklərini göstərir.

Müəllif 1441-ci ildə Qaraqoyunlu hökmdarı Cahan şahın razılığı ilə erməni katolikosluğunun Kilikiyadan İrəvan yaxınlığında Valarşabad kəndindəki Üçkilsəyə - yəni Eçmiədzinə köçürüldüyünü və həmin vaxtdan etibarən ermənilərin İrəvan ətrafında məskunlaşmağa başladıqlarını yazır.

"Rusların himayəsində ermənilər" adlanan bölmədə müəllif yazır ki, ermənilərin Şimali Azərbaycan xanlıqlarının ərazilərinə kiçik dəstələrlə axını 1801-ci ildə rus qoşunlarının İrəvan xanlığına tabe olan Pəmbək əyalətinə daxil olmasından sonra azərbaycanlıların bölgəni tərk etmələri və Türkiyə ərazisindən gələn ermənilərin həmin bölgədə məskunlaşdırılması dövründən başlanmışdır.

Müəllif, həmçinin indiyədək Azərbaycan tarixşünaslığında diqqət verilməyən bir tarixi sənəd haqqında məlumat verir. Həmin sənəddə 1805-ci il oktyabrın 20-də Gəncədə Gürcüstanın ali hakimi knyaz Sisianovla Şörəyel hakimi Budaq sultan arasında Şörəyelin Rusiyanın tabeçiliyinə keçməsi barədə imzalanan sənəddən bəhs edilir.

Nazim Mustafa 1827-ci il oktyabrın 1-də İrəvan xanlığının süqut etməsindən sonra yaranan vəziyyət və 1828-ci il martın 10-da imzalanan Türkmənçay müqaviləsinin ağır şərtləri haqqında məlumat verir. 1826-1828-ci illər Rusiya-İran və 1828-1829-cu illər Rusiya-Türkiyə müharibələrindən sonra İrəvan və Naxçıvan xanlıqlarının ərazisinə İran və Türkiyədən 57266 nəfər erməninin (10631 ailə) köçürüldüyü, İrəvan xanlığının 119 kəndində, İrandan, 128 kəndində Türkiyədən köçürülən ermənilərin məskunlaşdırıldığı, köçürülmələr nəticəsində İrəvan xanlığının ərazisində azərbaycanlılarla ermənilərin qarışıq yaşadıqları 50 yaşayış məntəqəsinin meydana çıxdığı qeyd edilir.

Kitabın növbəti bölməsi "Qərbi Azərbaycanda törədilən repressiyalar, soyqırımı və deportasiyalar" adlanır.

"1905-1906-cı illər qırğınları" adlanan alt bölmədə müəllif o ərəfədə İrəvan quberniyasında mövcud olan 1301 yaşayış məntəqəsindən 959-da, Zəngəzur qəzasındakı 406 kənddən 314-də müsəlmanların yaşadıqlarını yazır.

"1918-1920-ci illər soyqırımı" adlanan digər alt bölmədə 1918-ci il mayın 28-də Azərbaycanın müstəqilliyinin elan edilməsindən bir gün sonra İrəvanın siyasi mərkəz kimi ermənilərə güzəşt edilməsi haqqında qərar qəbul edildiyi, iyunun 4-də Batumda Türkiyə ilə imzalanan sülh və dostluq haqqında müqaviləyə əsasən Ermənistan Respublikasının ərazisinin təqribən 10 min kvadratkilometrə bərabər olduğu, türk qoşunlarının 30 oktyabr 1918-ci il Mudros sazişinə əsasən geri çəkilməsindən sonra Qərbi Azərbaycan ərazisində azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə siyasətinin həyata keçirildiyi, 1920-ci ilin noyabrında Ermənistanda sovet hakimiyyəti qurulan zaman həmin ərazidə cəmisi 10 min nəfər azərbaycanlının qaldığı haqqında ətraflı məlumat verilir.

"Qərbi Zəngəzurun və digər ərazilərin Sovet Ermənistanına verilməsi" adlanan alt bölmədə Zəngəzur qəzasının 7673 kvadratkilometr ərazisinin 4573 kvadratkilometrinin, Naxçıvan qəzasının 4998 kvadratkilometr ərazisinin 694 kvadratkilometrinin, Qazax qəzasının 6855 kvadratkilometr ərazisinin 3.051 kvadratkilometrinin, Borçalı qəzasının 6165 kvadratkilometr ərazisinin 2176 kvadratkilometrinin, Qars qəzasının 5905 kvadratkilometr ərazisinin 868 kvadratkilometrinin Sovet Ermənistanına verildiyi qeyd edilir. Ümumiyyətlə, Sovet hakimiyyəti illərində Ermənistan ərazisi təqribən 11 min kvadratkilometr artaraq 29.743 kvadratkilometrə çatmışdır.

"1930-cu illər repressiyası" adlanan alt bölmədə rəsmi Ermənistan dairələrinin azərbaycanlı əhaliyə qarşı siyasəti təhlil edilir, həmin illərdə Vedibasarın, Zəngibasarın, Qəmərlinin, Dərələyəzin, Ağbabanın, Loru-Pəmbəyin, Qərbi Zəngəzurun və digər bölgələrin əlli minə yaxın azərbaycanlı əhalisinin ya repressiyaya məruz qoyularaq həbs edildiyi və ya güllələndiyi, yaxud da ailəliklə Qazaxıstan çöllərinə sürgünü təsbit edilir.

"Qərbi azərbaycanlılar İkinci Dünya müharibəsində" adlanan bölmədə qeyd edilir ki, 1939-cu ildə Ermənistan SSR-də keçirilən siyahıyaalmanın nəticəsinə görə, azərbaycanlıların sayı 131 min nəfər olmuşdur ki, bu da respublika əhalisinin 10,2 faizini təşkil etmişdir. Sovet Ermənistanı əhalisinin 20-23 faizinin İkinci Dünya müharibəsi zamanı səfərbər edilməsi faktı azərbaycanlı əhali üçün də nəzərə alındıqda məlum olur ki, 30 mindən artıq azərbaycanlı müharibəyə göndərilmiş və onların yarıdan çoxu müharibədə həlak olmuşdur.

Kitabın "1948-1953-cü illər deportasiyası" adlanan bölməsində müəllif yazır ki, İkinci Dünya müharibəsinin sonlarında SSRİ-nin Türkiyəyə qarşı ərazi iddiası ilə ermənilərin istəkləri üst-üstə düşürdü. SSRİ-nin Türkiyədən qoparmaq istədiyi Qars vilayətinin məskunlaşdırılması problemini ermənilərin xaricdən Ermənistan ərazisinə köçürülüb gətirilməsi yolu ilə həll etmək istəyirdilər. Xaricdən gətirilən ermənilərin məskunlaşdırılması üçün azərbaycanlı əhalinin tarixi-etnik torpaqlarından köçürülməsi qərara alınmışdı. Təxmini hesablamalara görə, deportasiya ərəfəsində Ermənistanda 170 mindən artıq azərbaycanlı yaşayırdı. Lakin insan hüquq normalarına zidd olan qərarların icrası zamanı avtoritar-totalitar rejimin mövcud repressiya qaydaları zorakı üsullarla həyata keçirilmiş, 24 rayondan 200-dən artıq yaşayış məntəqəsindən azərbaycanlılar öz tarixi-etnik torpaqlarından deportasiya edilmişdir.

"1987-1991-ci illər etnik təmizləmə mərhələsi" adlanan bölmədə müəllif 1960-cı illərin ortalarından etibarən Ermənistanda azərbaycanlıların sıxışdırılıb çıxarılmasını rəsmi Ermənistanın həyata keçirdiyi anti-Azərbaycan siyasətinin tərkib hissəsi kimi xarakterizə edir. Müəllif 1988-ci il noyabrın 22-də Ermənistan SSR Ali Sovetinin azərbaycanlı deputatların iştirakı olmadan keçirilən növbədənkənar sessiyası zamanı rayon rəhbərlərinə bir həftə ərzində Ermənistanı azərbaycanlılardan təmizləmək tapşırığı verildiyini yazır. 1988-1989-cu illərdə Ermənistanda 216 nəfər azərbaycanlının vəhşicəsinə qətlə yetirildiyi və ya millətlərarası münaqişə zəminində baş vermiş hadisələr nəticəsində həlak olduqları qeyd edilir. 1988-1991-ci illərdə indiki Ermənistan ərazisində azərbaycanlıların yaşadıqları 172 təmiz və 89 ermənilərlə qarışıq yaşayış məskənlərinin boşaldıldığı, sonuncu etnik təmizləmə nəticəsində Ermənistanın 22 rayonundan, 6 şəhərindən təqribən 250 min azərbaycanlının (49928 ailə) tarixi-etnik torpaqlarından vəhşicəsinə qovulduğu göstərilir.

"Toponimlərə qarşı cinayət" bölməsində Qərbi Azərbaycan ərazisində mərhələ-mərhələ azərbaycanlılara məxsus toponimlərin erməniləşdirilməsindən bəhs edilir. Müəllif 2024-cü ilədək indiki Ermənistan ərazisində 717 türk mənşəli inzibati-ərazi vahidinin adlarının dəyişdirildiyini yazır.

Kitabın sonuncu bölməsi "Tarixi Azərbaycan şəhəri İrəvan" adlanır. Bu bölmədə İrəvan şəhərinin tarixi keçmişi, onun etnik tərkibi, memarlıq abidələri və onların aqibəti, sənətkarlıq nümunələri, İrəvan teatrı, mətbuatı, elm, təhsil və mədəniyyət xadimləri haqqında ətraflı məlumat verilir.

"Yeni mərhələ - Qərbi Azərbaycana qayıdış uğrunda mübarizə" bölməsində müəllif son 200 il ərzində etnik təmizləmə, deportasiya və soyqırımlara məruz qalaraq ata-baba yurdlarından ədalətsizcəsinə qovulan soydaşlarımızın, onların varislərinin öz doğma yurdlarına geri dönmələri üçün bütün hüquqi mexanizmlərdən bəhs edir.

108 səhifədən ibarət olan kitab Qərbi Azərbaycanla bağlı ən zəruri məlumatları özündə əks etdirir. Hesab edirik ki, bu cür kitabların Qərbi Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında əhəmiyyəti böyükdür.