Bağır Seyidzadə
Bağır Qasım oğlu Seyidzadə 1912-ci-ildə İrəvanda anadan olmuşdur. Ermənilərin 1918-ci ildə törətdikləri qırğınlar səbəbindən seyidzadələr ailəsi Tiflisə köçməyə məcbur olurlar. B. Seyidzadə burada Əncümən məktəbində təhsil almışdır. O, 1925-ci ildə Bakıya gələrək toxuculuq fabrikində işləmiş və fəhlə fakültəsində oxumuş, sonra Sənaye İnstitutuna daxil olmuşdur.
B. Seyidzadə 1932-39-cu illərdə “Gənc işçi” qəzetində işləmişdir. 1939-40-cı illərdə həmin qəzetin məsul katibi və redaktoru olmuşdur. O, 1940-43-cü illərdə Azərbaycan Gənclər İttifaqının katibi seçilmişdir. Moskvada bir illik diplomatiya kursunu bitirdikdən sonra 1944-49-cu illərdə İranın Maku və Təbriz şəhərlərindəki Sovet konsullqlarında vitse-konsul və baş konsul vəzifələrində çalışmışdır. Təbrizdən qayıtdıqdan sonra kinematoqrafiya naziri və mədəniyyət nazirinin müavini, sonra isə Poliqrafiya və Nəşriyyat İdarəsinin rəhbəri olur.
B. Seyidzadə sonralar Radio Verilişləri komitəsində işləmiş, ömrünün son illərində isə Nazirlər Soveti yanında Teleqraf Agentliyində direktor müavini vəzifəsində çalışmışdır. O, rus, fransız və fars dillərini mükəmməl bilirdi.
B. Seyidzadə 1968-ci ildə Bakıda vəfat etmiş və Fəxri xiyabanda dəfn olunmuşdur.
Qızı, tarix elmləri doktoru, professor Dilarə Seyidzadə Azərbaycan Respublikası Prezidentinin Katibliyinin rəisi vəzifəsində işləmişdir.
