Zəngəzur qəzasının 1918-1920 illərdə tarixi günlərdən...
Ədalət.-2019.-7 noyabr.-№173.-S.7.
Zəngəzur qəzasının 1918-1920 illərdə tarixi günlərdən...
Qismət Yunusoğlu,
Bakı Dövlət Universitetinin müəllimi
“Erməni torpaqlarımızın qaytarılması öz qanımız hesabına mümkündür. O kəs “erməni” adına layiqdir ki, Türkiyədən torpaqları iddia edir və Türkiyə ilə yaxınlaşmağa imkan vermir.”
Q. Ter-arutunyan (nijde) –
1886-1995.
Azərbaycan Xalq Cümhuriyyətinin qərb sərhədlərində (Gorus-Qafan nahiyələrində) yuva salmış quldur hay-daşnak ünsürlərinin (A. Ozanyan, Q .Nijde, D. Kananyants... başda olmaqla) Zəngilan nahiyəsinin dinc müsəlman-türk ailələri yaşayan kəndlərinə mütəmadi halda, fasiləsiz qanlı hücumlar etmələri, xüsusi amansızlıqla qətllər törətmələri 1918-1920-ci illərdə həm də birləşmiş hay kilsəsinin dövətçiliymizə qarşı yönəlik beynəlxalq terrorçuluğun tərkib hissələrindən biridir.
Təbii-ərazi baxımından əlverişli coğrafi mövqeyə malik olan Zəngilan nahiyəsinə o dövrdə hücumlar həm də Qarabağın dağlıq hissəsində Xocavənd nahiyəsində yerləşən silahlı daşnak dəstələri tərəfindən edilimişdir. Lakin, ən faciəvi qətliamlar bu nahiyənin qərb hissəsində, Oxçuçay tərəfdə olan Qafanın hayəsilli kəndlərinin (Hərəək (100 evli), Ağayurd (haylar “Ağavurd” adlandırıb), Ücənis (əslində “Üçeniş” deməkdir), Şeşgird...) istiqamətindən olan hücumların nəticəsində baş verirdi, nahiyənin bu tərəfində yerləşən Yuxarı, Orta və Aşağı Yeməzli, Sarılı və Quyulu Xəştab, Ağbiz, Ağakişilər, İskəndərbəyli, Şamoğlu, Fərəcbəyli, Gilətağ... kəndlərinin günahsiz və silahsız əhlinin faciəvi soyqırımı davam edirdi, 1918-1920-ci illərdə...
Onu da qeyd edək ki, bu kəndlərdə 1905-1907-ci və 1915-16-cı illərdə Naxçıvan və Zəngəzur qəzalarında yerli müsəlman-türk ailələrinə qarşı hay kilsəsinin təhriki ilə quldur hay-daşnak ünsürləri tərəfindən törədilmiş kütləvi soyqırım qətliamlarından qurtulan bir çox ailələr sığınacaq tapmışdı (xüsusilə Qafan nahiyəsinin ”Gığı dərəsi” obalarından (Qovşud, Mollalı, Qarabaş, Baharlı, Suxan, Xış Pürülü, Kənd Pürülü, Daş başı, Gığı, Həkəti, Çaykənd (Mahmudlu), Gərd, Keytəşin, Təyhan, Acıbac, Kurut, Kirs, Çiriş (hay vandalları da bu kəndi yer üzündən silib), Qatar...).
Yuxarı Yeməzli kəndi (o dövrdə burada 100 evdən çox “tüstü” olub, 1990-cı illərdə 40 ev) I Dünya müharibəsinin quldur daşnak tör-töküntülərinin yığışdığı Hərəək, Ağayurd, Ücənis kəndlərindən 5-8 km-lik məsafədə yerləşdiyindən tez-tez hücumlar buraya yönəlirdi. Əhali canını qurtarmaq üçün at-öküz arabaları ilə, payi-piyadə yaxınlıqdakı Araz çayı boyunca olan kəndlərə (Baharlı, Karvansaray, Şərifan...), eləcə də Cəbrayıl nahiyəsinin obalarına üz tutmağa məcbur olmuşlar. Əsil hay xisləti bu amansız illərdə və bu vəziyyətdə də özünü büruzə vermişdir. Belə ki, hay quldurları ən çox ilin payız çağında kəndlərə hücum edirdilər, kəndlilərin il ərzində əkib-becərdikləri kənd təsərrüfatı məhsullarının yığılıb-toplandığı dövrü “əlverişli hücum mərhələsi”- “məhsul qarəti fəsli” hesab edirdilər. Və onlar məlumatlı idi ki, ən çox məhsul hansı evdə və kimin həyətindədir. Əhalinin mal-mülkünü qarət etdikdən sonra evləri oda qalayıb yerlə-yeksan edirdilər. Belə hücumların birində qoyun-mal sürüsü ilə birlikdə kənddən şərqə 7-8 km uzaqlıqda olan Böyük Gilətağ kəndinə üz tutan Mahmud Qurban oğlunu (1896-1918) quldurlar pöhrəlikli dərədə amansızlıqla qətlə yetirərək sürünü də aparmışlar.
Bu kəndin daha bir sığınacaq yeri İskəndərbəyli kəndi yaxınlığındakı “Gəray yeri” (bostan-dirrik sahəsi) olub. Yerli özünümüdafiə qüvvələrinin hay quldurları ilə ən qanlı savaşları kəndin “Qılınc yeri” deyilən səmtində baş verib, həmin döyüşlərdən qalma paslı nizə ucluqlar, güllə gilizləri, xəncər-naqan hissələri 1970-80-ci illərdə həmin səngər yerlərindən tapılırdı. Çünki, bu yerlər 1905-1915-ci illərin də düşmən hücumlarına qarşı müqavimət meydanı olub.
1918-1919-cu illərdə Azərbaycan dövlətçiliyi naminə Qarabağın dağlıq bölgəsində birləşmiş hay-daşnak və rus silahlılarına qarşı uğurlu hərbi-döyüş əməliyyatları keçirən Osmanlı Türkiyəsinin 5-ci Qafqaz İslam Ordusunun Nuru paşanın başçılığı altında olan bir neçə tağımı (50-80 nəfərlik döyüşçü süvari-topçu heyəti) Yuxarı Yeməzli-Şamoğlu döyüş xətti istiqamətində mövqe tutaraq düşmənə zərbə endirməklə bu amansız qətliamların qarşısı alınmışdır.
30-35 evdən ibarət olan Şamoğlu kəndi nahiyənin düşmənlə sərhəd hissəsində yerləşib, Yeməzli kəndləri ilə qonşuluq təşkil edib (Yuxarı Yeməzli obasından 4-5 km şərqə doğru). Bu kənd, eləcə də yaxınlığındakı Fərəcbəyli kəndi (20-25 evdən ibarət) 1941-1945-ci illərin cahan savaşından sonra tamamilə boşaldıldı, sakinləri Zəngilan rayon mərkəzinə və Şayıflı kəndinə köçürüldü, kənd yerin və torpaq sahələri əkin-üzüm bağları altında (H. Aslanov adına üzümçülük sovxozunun) istifadə edildi.
Yeməzli-Şamoğlu döyüş xətti hay-daşnak cəbhəsindən 10-12 km aralı olsa da, Şamoğlu kəndinin qərbində, 1,5 km aralıdakı təpəlikdə qazılan (keçən əsrin 60-cı illərində bu səngərin ortasında geodeziya-istinad qurğusu (“trianqulyasiya üçbucağı”) quraşdırılmışdır) səngərdə qərar tutan Türk topçularının atəşi hay cəbhə xəttini susmağa məcbur etmişdir.
Bu atəş nəinki düşmən cəbhə xəttini darmadağın etmiş, hətta Hərəək kəndindəki hay kilsəsinə də “z” qoymuşdur.
Belə ki, kilsənin həyətində olan 7-8 qəbir (Zəngəzur qəzasından oğurlayıb apardıqları müsəlman-türk qəbirlərinin sənduqələri, qoç şəkilli məzarüstü daşlarını) top mərmilərinin təsirindən sınmış-parçalanmış, kilsənin gümbəzində isə top mərmisinin yanıq yeri nişanə kimi qalırdı, hay kilsəsi və daşnak hay sürüsü bu “iz”lərə əl vurmurdu, olduğu kimi saxlayırdı-saxta vay-şivənlərinə “nəqarət” qoşmaq üçün, böyüyən daşnak törəmələrinə zəhər vermək üçün... Yuxarı Yeməzli kəndinin “Əmirxan yeri” deyilən hissəsində Türk Ordusunun şəhid olmuş 25-30 əsgərinin birgə məzarı olub, yazısı-ünvanı olmasa da el ziyarətgahı kimi səcdə edilib. Amma, bu müqəddəs yer 1975-76-cı illərdə salınmış üzüm bağları altında qalmış, qəlblərdən silinməsə də yer üzündən silinmişdir (fəqət Türkün izini fələk də silə bilməz.) 1918-1920-ci illərdə Zəngilan nahiyəsinin Şabadin kəndinin dinc sakinləri də bu cür qətliam-soyqırım faciələrini yaşamışlar...
(Yazı Zəngilan rayonu, Yuxarı Yeməzli kənd sakinləri Mələk Mehdiqulu qızı (1870-1971), Abış Allahverdi oğlu (1874-1964) və Lətif Maqsud oğlu Mustafayev (1926-2005) tərəfindən Akif Adış oğlu Qurbanova (1942) söylənilən məlumatları və İskəndərbəyli kənd sakini Əlövsət Allahverdi oğlu Qurbanovun (1970) bilgiləri əsasında hazırlanıb.)
