Qərbi Azərbaycan

Vedibasarın tarixi coğrafiyasına bir nəzər

Vedibasar. - 2023.- 02-31 oktyabr. - № 19-20. - S. 4.

Vedibasarın tarixi coğrafiyasına bir nəzər

 

Süleyman Məmmədov,

tarix elmləri doktoru, professor, Əməkdar elm xadimi

 

Daşda, qayada, misdə, dəmirdə, göndə, kağızda insan izi, insan sözü kimi qalmış, əsrlərin qovğasına, savaşına, qarına, yağışına davam gətirmiş qaynaqlar yad əl toxunmasa, saxtalaşdıran olmasa, dəyişməz qalır.

Azərbaycan xalqının oturaq həyatının yaşı min illərlə ölçülür. Nax.MR, Mil-Qarabağ və Muğan düzənliyində, Kiçik Qafqaz ətəklərində, Qobustanda, Təbriz yaxınlığında, Urmiya gölünün qərb sahilində, Qazax rayonu ərazisində, Azıxda, Qəbələdə və Azərbaycanın digər rayonlarında aparılmış arxeoloji qazıntılar vaxtı əldə edilmiş nümunələr bunu sübut edir. Hələ qədimdən oğuz-türk mənşəli etnik qrupların Qərbi Azərbaycan ərazisində məskunlaşmasını aşağıda gətirəcəyimiz toponomik nümunələr əyani təsdiq edir. Lakin biz bu nümunələri gətirməzdən əvvəl onların yaranması üçün obyektiv səbəbləri araşdırmağı məqsədəuyğun sayırıq. Bu səbəbləri isə ilk orta yüzillik dövrlərində və orta yüzillik erməni qaynaqlarında axtarmaq lazımdır. Biz hələlik sonuncuya müraciət edəcəyik.

XV yüzilliyin əvvəllərində, bir qədər də əvvəl indiki Ermənistanda azərbaycanlıların geniş miqyasda məskunlaşması, burada Azərbaycan feodal dövlətlərinin bərqərar olması üçün sosial-iqtisadi, siyasi-mənəvi psixoloji zəmin yaratdı. XV-XVIII yüzilliklərdə bu ərazidə Azərbaycan mülk, yer adlarının, toponimlərinin yayımı məhz bununla bağlı idi.

Faktlar göstərir ki, XIV yüzilliyin sonu, XVIII yüzilliyin əvvəllərinə qədər indiki Ermənistan Azərbaycan feodal dövlətləri tərəfindən idarə olunmuşdur. Bu sosial-siyasi asılılıq dövründə mədəni-etnik tərkib saflaşmış, azərbaycanlılar qədim ata-baba mülklərində daha da möhkəmlənmiş, onun sayını artırmışlar. Onlar həmçinin inzibati idarə üsulunda, dövlət aparatında həmişə aparıcı qüvvə olmuşlar. Məhz bu mədəni-etnik tərkibin saflığı Şərqi Ermənistanda türkköklü toponimlərin yaranmasının başlıca mənbəyi olmuşdur.

Vedibasar mahalı ərazisində saxlanılan qədim oğuz qəbristanlıqları, kitabələr, qoç, qoyun, yəhərli-yüyənli at, qəbir daşları, onlardakı təsvirlər, ornamentlər uzaq keçmişimizdən xəbər verir. Yerli yaşlıların sözləri ilə desək, “əlyetməzlər elinin Qara Ulaş nəslindən olduğumuzu” təsdiq edir. Mahalın təkcə Çığın dərəsində Kiçik və Böyük Əyricədə saxlanılan və bizim şəxsən yazıya aldığımız 100-dən çox oba, kənd adları “Dədə Qorqud” qaynaqları ilə bağlı toponimlərdir. Sonrakı dövrlərdə Şərqi Ermənistanın Azərbaycan feodal dövlətləri - Qaraqoyunlu, Ağqoyunlu və Çuxur-Səyid bəylərbəyliyi tərəfindən idarə edilməsi ilə əlaqədar bu ərazidə oğuz-türk mənşəli birləşmələrin məskunlaşması daha da artmış və külli miqdarda oykonimlər, oronimlər, hidronimlər, toponimlər, paleotoponimlər yaranmışdır. Bu da tamamilə təbiidir. Çünki qədim və zəngin mədəniyyətə malik olan Azərbaycan ilk insan məskəni, qədim toponimlər diyarıdır. “Oğuznamə”də deyildiyi kimi, “onlar məskun olduqları yerin daşına, yurduna, ocağına öz əlamətlərinə görə mənalı adlar verməli idilər”. Bu toponimlər Azərbaycanın sosial-iqtisadi və siyasi tarixinə dair dəyərli məlumatlar verən qədim və orta əsr erməni qaynaqlarında da saxlanılır. Bu toponimlərdə türk dillərinə məxsus forma yaradan ünsürlər vardır. Bunların geniş miqyasda tədqiqi xalqın soykökünün öyrənilməsi baxımından da maraqlıdır. Gətiriləcək nümunələrin çoxu XV-XVII əsr erməni xatirə yazılarında və XVII əsrin digər erməni qaynaqlarında da öz əksini tapmışdır.

Azərbaycan toponimiyasının öyrənilməsində xüsusi yeri olan A. Bakıxanov yazırdı: “Əgər bu ölkənin kəndləri, binaları və qədim adları geniş surətdə tədqiq edilərsə, əhalinin mənşəyini təyin etmək mümkün olacaqdır”.

Simeon İrəvanlının “Cambr” adlı əsərində indiki Ermənistan ərazisində azərbaycanlıların bütün yaşayış məntəqələrində məskən salmaları barədə məlumat verilir. Qaynaq üzərindəki araşdırma bu ərazidəki yer adlarının türkköklü olduğunu göstərir. Bu toponimərdən çoxu indiyə qədər olduğu kimi saxlanılır.

Əlimizdə olan dil nümunələri-toponimlər təkzibedilməz tərzdə sübut edir ki, XVII əsrdə indiki Ermənistan ərazisinin Ağrı dağı vadisində türkdilli xalqlar - azərbaycanlılar yaşamışlar. Ermənistan ərazisində indiyə qədər saxlanılmış yer adlarının, dil faktlarının bir lay təşkil etməsi, onların arealı bu fikri bir daha təsdiq edir. Bu ərazidə külli miqdarda mikrotoponimlər - dağ, dərə, oba, təpə, qaya, qala, körpü, məhəllə və s. adlarının mövcudluğu da buna gözəl nümunədir. Bunların çoxu qədimdən XIX yüzilliyə qədər xalqın sosial-iqtisadi həyatında mühüm rol oynayan maldarlığın inkişafı ilə, yaylaq və qışlaqdan lazımi səviyyədə istifadə ilə bilavasitə bağlı idi. Bununla əlaqədar olaraq tarixin müxtəlif mərhələsində indiki Ermənistanın oroqrafik xüsusiyyətini əks etdirən oykonimlər - oba, düşərgə adları yaranmışdır. Onlardan Dibyurd (ona İsti yurd da deyilir), Arxaşan, Axsaqtoyuq, Ağdağ, Şeyin dərəsi, Palantökən, Dərəyurd, Tikanlı yurd, Qırxbulaq yurdu, Ağasıbəyli yurdu, Qanlıca, Dikdaş (Bədirbəyin yurdu), Hacı Mirzə, Hacı Məcnun, Hand yurdları, Aiırzalar, Alyoldaş, Taplar, Ayıqıranı göstərmək olar. Əyri çayın sahilində, son dərəcə səfalı yerdə Usub oğlu İsmayılın yurdu (Tikanlı yurd), Kərbəlayı İsmayılın yurdu, Aynalı, Xanım yurdları, Dəvəli yurdu, Səfkarlı (Kiçik Vedi yurdu), Alməmməd, Sultan yurdları, Məmmədbəyin yurdu (Böyük Vedi yurdları), Cığın gölü yurdu, Cığın dərəsi, Goravan yurdu, Kolanı yurdu, Dəmirçi, Avşar, Sədərək yurdları, Dumanlı (Taytanlı Əli bəyin yurdu), Yelli yurdu və s. Bunların çoxu Böyük Əyricədə yerləşən yurd adlarıdır.

“Axsaq toyuq” Əyri çayın sahilində yerləşir. Qızıl xarabadan Ağdağın ətəyinə qədər geniş bir ərazini əhatə edir. Arxaşanın tarixi isə daha maraqlıdır: qədimdə bir azərbaycanlı qızı Vedibasarı abadlaşdırmaq və içməli su ilə təchiz etmək məqsədilə Əyri çayın suyunu Heconun yurdundan Məngük dərəsinə aşırmaq üçün iri bir arx çəkdirməyə başlamış, lakin onu başa çatdıra bilməmişdir. Ona görə də ona Arxaşan adı verilmişdir.

İndiki Ermənistanın Martuni rayonunda Azərbaycan kənd adlarının, toponimlərin indiyə qədər dəyişdirilmədən saxlanılması da diqqəti cəlb edir. Onlardan Qızıl xaraba, Yanıx, Aşağı karvansara, Yuxarı karvansara, Kəsikbaş, Mədinə, Aşağı Adıyaman, Yuxarı Adıyaman, Dəlikdaş, Hətəm xan, Təzəkənd, Vəliağalı, Gölkənd, Aşağı Qaranlıq, Yuxarı Qaranlıq, Zağalı, Alçalı, Aşağı Gözəldərə, Yuxarı Gözəldərə, Atdaşı və s. qeyd etmək olar. Ehtimala görə, XV yüzilliyin ikinci yarısında Səfəvi müridləri bu yerlərdə niyyət eləyib daş atmış, onun qayaya yapışması kimi möcüzə ilə rastlaşmışlar. O vaxtdan etibarən bu yerə Atdaşı adını vermişlər. Bu ərazidə türkdilli tayfa və qəbilə adları ilə bağlı toponimlərlə yanaşı çay, göl və bulaq adlarında özünü göstərən hidronimlərə də rast gəlinir: Şorbulaq, Yeddibulaq, Teştbulaq, Sultanbulaq, Ağgöl, Qanlıgöl, Dərbənd çayı, Dəvəgözü çayı, Həsən suyu, Əyri çay, Dəliçay, Kişik Əyricə, Vediçay, Ağsu, Daşlı bulağı, Qırxbulaq, Yastıbulaq, Bozbulaq, Böyükbulaq, Gülbulaq, Alagöllər, Bazarçay, Gedərçay, Zəngiçay və s.

Hidronimlərin bəziləri çaylarla, irmaqlarla bağlıdır, onların yaranmasında rolu olan şəxslərin adını daşıyır: Həsən suyu, Sultan bulağı, Keşiş dağ, Sarı baba (dağ), Sarı dolama (təpə). Əyri çayla Dərbənd çaylarının mənsəbləri arasında bir kilometr uzunluğunda təpə vardır. Əyri çay Göyçə gölünə, Dərbənd çayı isə Araza tökülür. Bu çaylar Harımburun kəndinin altında birləşirlər. Əyri çayın bir üzü Dərbənd çayı, o biri üzü isə Dəli çaydır. Bu hidronimlərin içərisində Dəvəgözü çayı daha əzəmətlidir. Bu çay mənbəyini Alyoldaş adlı yurd yerindən, yuxarıda yerləşən Ağdağın ətəyindən alır. Onun suyu Dərbənd, Əyri və Dəli çayların üçünün birlikdə suyuna bərabərdir. Bu adlar eyni ilə D.D. Paqirevin əsərində və Ermənistan SSR-nin inzibati ərazi bölgüsündə (1966) qeyd olunmuşdur. Bu toponimlərin başlıca məziyyəti ondan ibarətdir ki, onlar əvvələn, mənşəcə məhz Azərbaycan-Türk dilinə məxsus adlardır. İkincisi, böyük bir qismi etnotoponimlərdir: Kolanı, Bağçacıx, Düyün, Ağasıbəyli, Qazançı, Aşağı Ərmik, Yuxarı Ərmik, Kərkab, Qaşqa, Qaragünə, İnqala, Ağsu, Göl, Camışbasan, Qarabağlar, Qaratorpaq, Hortun, Dəhnəz, Əzizkənd, Daşnov, Küsüz, Babacan, Kotuz, Aiırzalar, Hacımirzə, Xaraba Kotanlı, Seyidlər Kotanlısı, Qaraxaç, Şuğayib, Şəhriyarlar, Bayburt, Qaladibi, Körpü kənd, Çatma, Aysorlu gölü, Gilanlar, Tapgilanlar, Yellicə, Çimənkənd, Alqırıx, Zəncirli, Qədili, Çanaxçı, Günlük, Cəfərli, Təzəkənd, Xaraba- kənd, Ağkənd, Harınburun, Düyüdaşı, Birəli, Yappa və s. yüzlərcə digər toponim buna misal ola bilər. Gətirilmiş nümunələrdə təkcə Bayburt toponimi, Oğuz ellərinin sərkərdəsi Qazanı xatırladan Qazançı kəndi, yaxud, Oğuz igidlərinin adı ilə adlandırılan Kotuz, Hortun kəndləri Dədə Qorqud dünyasını yada salır. “Qalın oğuz bəyləri atlandılar. Bayburt hasarına çapar yetdilər. Bayandır xan buyurdu: “İyirmi dörd sancaq bəyi gəlsin, -dedi:” Dəmirqapı Dərbəndində bəy olan Qıyan Səlcuq oğlu Dəli Dondar səninlə belə varsın! - dedi. Bayburt hasarından pırlayıb uçan, ap-alaca gərdəyinə qarşı gələn, Qalın Oğuz imrəncisi, Qazan bəyin inağı, Boz ayğırlı Beyrək çapar yetdi: - Çal qılıncın, xanım Qazan, yetdim, - dedi:” (Kitabi Dədə Qorqud. Bakı, 1962, s.31)

Buradakı Darğalı, Çatma, Buzovand, Ağbaş, Ağhəmzəli, Qarahəmzəli, Ərdəşir, Torpaqqala, Yamancalı, Dəllər, Oğurbəyli (Oğuzbəyli), Çidəmli, İmanşallı, Bəcgəzdi, Muğanlı, Qaradağlı, Cənnətli, Xarratlı, Aşağı Novruzlu, Yuxarı Novruzlu, Kəmərli, Yuva, Məsimli, Gödəkli, Doqquz, Şirran və s. kənd, yurd adları da, şübhəsiz, Dədə Qorqud adları ilə bağlı toponimlərdir. Şərur-Dərələyəz dərəsində (İndiki Yeğeknadzor rayonu) yerləşən kəndlər - Civə, Yelpin, Şortun, Çanaxçı, Qovuşuq, Ağkənd, Külüdüzü, Ayı səsi, Gədik vəngi, Həsənkənd, Əməvi, Arpa, Kotanlı, Paşalı, Cul, Qalasirri də həmin qəbildəndir. Aşıq Ələsgər sonuncu haqqında deyir:

 

Qalasirr bərkdir namaza,

Suyu sərin şaxlar yaza.

Doqquz ayı qılar qəza,

Üç ayı beiman yeridi.

 

Tarixçi və dilçilərimiz tərəfindən indiki Ermənistan ərazisindəki pareotonimlərin, xüsusilə etnoponimlərin bir qisminin mənşəcə araşdırılması onu göstərir ki, bu ərazidə qədim tariximizin izləri hələ də qalmaqdadır. Bu yerlərdə azərbaycanlılara məxsus obalar, ellər, mahallar, kəndlər, yaylaqlar və s. adların çoxunun qədim abidələrimizlə səsləşməsi də fikrimizi təsdiq edir.

Göründüyü kimi, bu toponimlərin tarixi bəlkə də bizim qaynaqların verdikləri toponimlərin tarixindən daha qədimdir.

Bu da onu göstərir ki, Azərbaycan (türk) xalqının bu ərazidə təşəkkülü və məskunlaşması Dədə Qorquda qədərki dövrə təsadüf edir. Həm də faktlar mövcud ərazidə xalqın məskən salmasını təmin edən lazımi iqtisadi-siyasi və mədəni şəraitin olduğunu təsdiq edir. Ona görə də bu toponimlərin mənşəyi və etimologiyasının açılması, aydınlaşdırılması, linqvistik tədqiqata cəlb olunması vacibdir və xüsusi elmi əhəmiyyət kəsb edir.