Qərbi Azərbaycan

Qərbi Azərbaycanda milli mətbuatımızın əsl salnaməsi...

İki sahil.-2025.-28 may.-№91.-S.15.

 

Qərbi Azərbaycanda milli mətbuatımızın əsl salnaməsi...

 

Cəlal Allahverdiyev,

filologiya üzrə fəlsəfə doktoru, dosent

 

(əvvəli ötən sayda)

Azərbaycan dilində çıxan əvvəlki nəşrlərdə mövcud olan problemlər hələ 1964-cü illər­də “Sovet Ermənistanı” qəzetində də yaşanmaqda davam edirdi. Belə ki, redaksiyanı daimi binası olmadığı üçün yenə də ünvanlar tez-tez dəyişirdi. Qəzetdə mövcud olan bir sıra prob­lemlərə baxmayaraq, azərbaycanlı oxucular öz doğma qəzetləri ilə təmaslarını daha da güc­ləndirirdilər. Həmin dövrdə qəzet və jur­nalla­rın nəşrinin ilbəil genişlənməsi, oxucuların mətbuata olan ma­ra­ğını daha da artırırdı. Mə­sələn, Zəngibasar rayonunun Yuxarı Necili, Sərvanlar, Mehmandar, Zəngilər, Dəmirçi, Vedi­basar rayonunun Böyük Vedi, Xalisa və bir sıra başqa kəndlərində böyük həvəslə abunə ya­zılırdılar. Azərbay­canlı oxucuların əksəriyyəti ən azı beş-altı qəzet və jurnala abunə yazı­lırdı. Təkcə 1964-cü il sentyabr ayının 1-dən 6-na qədər cəmi 5 gün ərzində Yuxarı Necili kən­dindən “So­vet Ermə­nistanı” qəzetinə 106 nüsxə, Də­mirçi kəndindən isə 89 nüsxə abunə ya­zıl­mışdır. Abunə kam­paniyasının daha da ge­nişləndirilməsinə əngəl törədən ən başlıca sə­bəblərdən biri bölgələrdə abunəçilərə qəzet və jurnalların vaxtlı-vaxtında çatdırıl­ma­­ması idi. Məsələn, Dərə­ləyəzin Qı­zıl­gül, Gülüdüz, Qa­baqlı, Qafan rayonunun Acıbac, Pəy­han, Müsəl­ləm və bir çox bölgələrinə rayon mətbuat ya­­­yımı şöbələri tərəfindən qəzet və jur­nallar abu­nə­çilərinə vax­tında çatdırıl­mırdı. Bu da qəzetə abunə kompaniyasının mütəşək­kil şəkildə apa­rılmasına imkan vermirdi. Həmin illərdə er­məni dilində çıxan “Sovetakan Hayastan” qəzeti 190 000, “Avanqard”, “Pioner” yüz min tirajla çap edildiyi halda, Qərbi Azərbaycanda milli dildə ye­ganə mərkəzi mətbuat orqanı olan “Sovet Ermənistanı” qəzetinin tirajı çox çətin­liklə 16000-ə yüksələ bilmişdi.“Sovet Er­­mənistanı” qəzeti redaksiyası oxucularla qarşılıqlı kommuni­ka­si­yasını daha da gücləndir­­mək, daha məzmunlu, maraqlı, oxunaqlı çıxması üçün 1964-cü ildən başlayaraq hər ilin sonunda növbəti ildə qəzetin səhifələrində hansı guşələrin açıl­ması, hansı məsələlərə daha çox yer verilməsi, bu güzgüdə kimləri görmək istədikləri barə­də arzu və is­tək­lərini qəzetin redaksi­­ya­­­sına bildirmək üçün oxuculara müraciət edirdi.

Araş­dırmalardan aydın olur ki, hər ilin so­nunda qəzetin redaksiyası tərəfindən oxuculara ünvanla­nan belə mü­raciətlərdən sonra onun ünvanına daxil olan məktubların sayı ikiqat artmışdır. Qəzetdə dərc olunmuş oxucu məktub­larını nəzərdən keçirdikdə büyün epistolyar nümunələrdə oxucular qəzeti özlərinə doğma hesab edir, səmimiyyətlə öz ürək sözlərini ifadə edirlər.

Redaksiyaya qatar-qatar gələn hər bir məktubda səmimi bir ürək döyüntülərini hiss edirsən. Qəzetin ünvanına daxil olan bütün məktublar redaksiya heyəti tərəfindən nəzərdən keçirildik­dən sonra məq­sədə­uyğun tək­lif­lər, məsləhət və tövsiyələr nəzərə alınaraq qəzetin səhifələrində öz əksini tapırdı. Bu da qzeti daha dolğun, məzmunlu və oxunaqlı edirdi. Hər il qəzetin səhi­fə­lərində oxucu­lara yeni rubri­ka­lar altında yazılar təqdim olunurdu. Qəzet öz səhifələrində mövcud dövrün rəngarəng hə­ya­tı­nı diqqət mərkəzində saxlamaqla yanaşı, bəzən müstəqil fikir tribunası kimi də çıxış edə bi­lirdi.

Böyük inkişaf yolu keçən qəzetin tarixində 1971-ci il yeni bir mərhələnin başlanğıcını qoyur. Qəzetin 1971-ci il 4 səhifədən ibarət böyük formatda çıxan 126-cı yubiley nömrəsi rəngli və nəfis tərtibatı ilə seçilir. Yubiley nömrəsində “Sovet Ermənistanı” qəzetinin nəşrə baş­ladığı vaxtdan onun fəaliyyətində aktiv iştirak edən müxbir və əməkdaşlarının foto­şə­kil­lərinin verilməsi həmin illərdə qəzetin keçdiyi inkişaf yolu haqqında geniş təsəvvür ya­ra­dır. Qəzetin ilk səhifəsində Ermənistan KP MK-nın, Ermənis­tan SSR Ali Sovetinin Rəyasət He­yəti və Ermənistan SSR Nazirlər Sovetinin təbrik məktubu dərc edilib. Təbrik məktubunda deyilir: “Ermənistan Kommunist Partiyasının Mər­kəzi Ko­mi­təsi, Ermənistan SSR Ali Soveti­nin Rə­yasət Heyəti və Ermənistan SSR Nazirlər Soveti “Sovet Ermənistanı” qəzetinin redak­siyasını, müəlliflər kollektivini, bütün oxucularını qəze­tin 50 illiyi münasibətilə səmimiyyət­lə təbrik edir və salamlayırlar, fəhlə-kəndli müx­birlərinə öz şərəfli vəzifələrini yerinə yetir­mək­­də yeni-yeni yaradıcılıq müvəffəqiyyətləri arzulayır­lar”. Bolşevizm və kommunizm bay­ra­ğı arxasında bu cür saxta və yalançı təbrikin səslən­dirilməsi əslində Qərbi Azərbaycanda ana dilində yeganə mərkəzi mətbuat orqanı olan “Sovet Ermənistanı” qəzetinə qarşı edilən haqsızlıqları ört-basdır etməkdən ötrü gözəl vasitə idi. Qəzetin bu münasibətlə çıxan xüsusi nömrəsində “Sovet Er­mənistanı” qəzetinin nəşri tarixi ilə bağlı məlumatlar, qəzetin baş re­dak­torunun və əsas yara­dıcı heyətinə mənsub, eyni zamanda keçmiş əməkdaşların xatirələri, fikir və düşüncələri yer almışdır.  

1971-ci ildə “Sovet Ermənistanı” qəzeti özünün 50 illik yubileyini mətbuat, radio və televiziya işçiləri, fəhlə-kəndli müxbirləri, İrəvan şəhər ictimaiyyətinin tanınmış nümayəndə­lə­rinin iştirakı ilə təntənəli şəkildə qeyd olunmuşdur. Qəzetin redaktoru Həbib Həsənov “So­vet Ermənistanı” qəzetinin bu dövr ərzində keç­di­yi yarıməsrlik şərəfli yolu haqqında məruzə etmiş, qəzetin Qərbi Azərbaycanda Azərbay­can ictimai, ədəbi-mədəni həyatında oynadığı rolun əhəmiyyətini qeyd etmişdir. Keçmiş SSRİ Ali Sovetinin deputatı İsa Alıyev çıxışında yaradıcı kollektivə uğurlar arzulamışdır. Qə­zetin 50 illik yubileyində Azərbaycan, Gürcüstan və başqa respublikalardan gəlmiş qonaq­lar, aparıcı mətbuat orqanlarının nümayən­dələri, qəzet və jurnalların redaktorları, elm və mə­dəniyyət xadimləri iştirak etmişdir. Bakıda Azər­baycan dilin­də çıxan “Kommu­nist” qəze­ti­nin redak­toru Ağababa Rzayev, Gürcüstanda çıxan “Saxal­xo qanatleba” qəzetinin redaktoru A.Mşeve­lidze və başqaları yubiliyarı təbrik etmişdi­lər. Qərbi Azərbaycan salnaməsini öz sə­hi­fələ­rin­də tarixə çevirən “Sovet Ermənis­tanı” qəzeti­nin tarixində yubiley ili xüsusilə yadda­qalan olub. Yubiley münaibətilə 1971-ci ildə qəzet SSRİ Ali Sovetinin Rəyasət Heyətinin fər­­ma­nı­na əsasən “Şərəf nişanı” ordeni ilə təltif edil­mişdir. Bu fərman 50 illik fəaliyyəti döv­ründə qəzetə və onun əməkdaşlarına verilən ən yüksək qiymət idi. “Sovet Ermənistanı” qə­zetinin 22 oktyabr 1971-ci il tarixli 50 illik yubiley nömrəsi nəfis tərtibatı və rəngarəng in­formasiya zənginliyi ilə seçilir. Yubiley müna­sibəti ilə“Sovet Ermə­nistanı” qəzetinin jur­na­list­lərindən və əməkdaş­larından bir qrupuna uzun illər qəzetdə səmərəli fəaliyyətinə görə qəzetin redak­to­ru Həbib Həsənov, məsul katibi İsrafil Məmmədov, qəzetin keçmiş redaktoru Cəfər Vəli­bəyov, şöbə müdiri Rza Əsgərov Əməkdar jurnalist adına layiq görülmüş, şöbə mü­diri Əsgər Əsgərov, şöbə müdiri Cəlil Hüseynov, şöbə müdiri Tofiq Məm­mədov, xüsusi müxbirlər Ab­dulla İbra­himov, Dadaş Orucəli­yev, böyük ədəbi işçi Sabirə Qurbanova, kor­rektor Məmməd Əkbərov, linotipçi Məhərrəm Sultanov, makinaçı Laləzar Novruzova isə fəxri fərmanla təltif edil­miş­dilər.

XX əsrin 30-cu illərində bir müddət qəzetin redaksiyasında işləmiş, sonralar isə uzun müddət qəzetin redaktoru vəzifəsində çalışmış Cəfər Vəlibəyov qəzetdə dərc edilmiş “Qar­daş­lıq rəmzi” adlı məqaləsində bu mətbu orqana verilən ictimai dəyəri bu fikirləri ilə belə ye­kunlaşdırır: “Sənin qəzetinin, onun qəzetinin, mənim qəzetimin, hamının sevdiyi qəzetin 50 illik yubileyi ərəfəsində “Şərəf nişanı” ordeni ilə təltif edilməsi, onun yarıməsrlik işinə veri­lən ən yüksək qiymətdir”

Maraqlı faktlardan biri də Azətbaycanın görkəmli şair və yazıçılarının, elm xadimləri­nin, tanınmış ziyalılarının qəzetə göndərdiyi təbrik məktublarıdır. Qəzetin yubileyi müna­si­bə­ti ilə buraxılmış xüsusi nömrəsində Azərbaycanın Xalq yazıçısı Mirzə İbrahimovun “Yaşa və çiçəkləri”, yazıçı Nurəddin Babayevin “Ürəkdən-ürəyə”, Xalq şairləri Məmməd Rahimin “Dostluq gülzarında”, Süleyman Rüstəmin “Söz gülüstanı” başlığı ilə dərc olunmuş təbrik məktublarında bu mətbu orqanın 50 ildə keçdiyi şərəfli yola qiymət verərək “Sovet Ermə­nis­ta­nı” qəzetinin nəinki Qərbi Azərbaycanda, eyni zamanda regionda milli mədəniyyətimizin, ədəbiyyatımızın, incəsənətimizin təbliğində və inkişafında böyük rol oyandığını yüksək də­yər­­lən­dirmişlər. Xalq şairi Süleyman Rüstəmin “Sovet Ermənistanı” qəzetinə ithaf etdiyi  şeir də maraq doğurur.

Salam, dostum “Sovet Ermənistanı”,

Sən həmişə bu döyünən ürəyimdəsən.

Doğru olar desəm sənə söz gülüstanı,

Bu şöhrəti qazanmısan zəhmətinlə sən.

Yazıçı Nurəddin Babayev ömrünün 50-ci müdrik çağını yaşayan qəzetə təb­ri­kini belə təsvir edərək yazır: “Sovet Ermə­nis­ta­nı”nın səhifələrində çıxış etmək, belə bir şən gündə sizi və sizin sevimli qəzetinizi təbrik etmək mənim üçün xoşdur. Ona görə xoşdur ki, mən hər şeydən əvvəl qəzetçiyəm. Qəzet mənim üçün bir günlük ömrü olan adi kağız parçası deyildir. Mənim əqidəmə görə qəzet oxucu üçün tədbirli bir dost, tələbkar bir müəllim, mehriban bir müsahib, ağıllı bir məsləhətçidir. Elə bu səbəbdən də həmişə qəzetdən söz düşəndə mən onu bir insana bənzədirəm. Qəzet də insan kimi günlərin bir günündə doğulur, yaşayır, ka­ma­la do­lur. Onun həqiqi və şirin sözü səni valeh edir, tənqidi və məzəmməti səni düşündü­rür!.

“Sovet Ermə­nis­ta­nı” qəzetinin Azərbaycanda yaşayan oxucuları ona adi bir respublika qəzeti kimi baxırlar. Ermənistanda yaşayan azərbaycanlı zəhmətkeşlərin iqtisadi və mədəni cəbhədəki bütün qələbələrindən “Sovet Ermə­nis­ta­nı” vasitəslə xəbər tuturuq. “Sovet Ermə­nis­­ta­nı” qəzetinin 50 illik bayramı bizim də bayramımızdır. Məhz Azərbaycan jurnalistləri adın­dan sevimli qəzetimizi, onun oxucularını təbrik edərkən demək istərdik ki, əlli yaş qəzet üçün kamillik dövrüdür. O, hər bir dövrdə, hər bir zamanda ən gözəl arzu və istəklərinin tər­cümanı kimi yaşasın, var olsun”.

İrəvanda yaşayıb-yaradan, ədəbi-mədəni mühitin aparıcı simalarından olan şair, ictimai xadim, vaxtilə qəzetdə ədəbi işçi kimi çalışan Hidayət “Sovet Ermənistanı” qəzetinin əlli illik yubileyinə ithaf etdiyi “Sənin öm­rün” adlı şeirində bu mətbuat orqanının keçdiyi keşməkeşli yola poetik təsvir verməklə həm də bu barədə aydın təsəvvür yaradır.

“Qızıl şəfəq” boylananda üfüqlərdən yurdumuza,

Ulduz-ulduz doğulmusan.

“Rəncbər” dərdli, “Zəngi” səsli

Bəstəkarım sən olmusan.

Sənin eşqin, sənin ömrün daim gənclik yaşındadır!

Sənin ömrün mübarizlər sırasında!

Sənin ömrün bir az kədər, bir az qəzəb –

İllər ötür, dəyişirik nəsil-nəsil,

Sən qalırsan.

Bir nəslin yox, neçə nəslin

Zəhmətini, əməlini, arzusunu, istəyini

Zaman-zaman yaşadırsan.

Əslində həmin dövrdə Hidayət “Rəncbər” dərdli, “Zəngi” səsli kimi dərin siyasi məna kəsb edən sözləri cəsarətlə şeirə gətirib, poetik ifadə vasitələrinə çevirmək tendensiyası hətta açıq mahiyyət kəsb edir. Həm də Hidayəti jurnalist kimi səciyyələndirən xüsusiyyətlərindən biri də bu idi ki, o, çoxlarının deyə bilmədiyi, görə bilmədiyi, deməyə cəsarəti çatmadığı fi­kir­ləri özünəməxsus müdriklik, mərdanəliklə ucadan deyə bilirdi. O, qəzetdə işlədiyi dövrdə hər zaman milli varlığımızın ən önəmli məsələlərini gündəmə gətirmişdir. Qəlbi xalqına xid­mət amalı ilə döyünən gənc jurnalist “Sovet Ermənistanı” qəzetində əmək fəaliyyətinə başla­dığı gündən milli mətbuatımızın cəfakeşinə dönüb, onun keçdiyi yolu, onu yaradanların mü­qəddəs milli məramını öyrənməyə çalışmış, bu ənənələrdən bəhrələnərək onu jurnalistikada, mətbuat­da yaşadırdı.   

Tanınmış jurnalist, şair Əli Vəkilov “Mənim qəzetim” adlı şeiri ilə qəzetin 50 ildə qa­zan­­dığı nailiyyətləri böyük iftixar hissi ilə bu günün və gələcəyin xoş xəbərli qaranquşu ad­lan­­dırmış­dır. Qəzetdə Qərbi Azərbaycanın ayrı-ayrı rayonlarından, müxtəlif idarə, müəssisə və təşkilatlarından, ziyalılar tərəfindən yubiley münasibəti ilə qəzetə təbrik məktubları gön­də­­rilmişdi.

1953-cü illərdə Bakıya köçmüş və burada ya­şayıb-yara­dan bir qrup İrəvan ziyalıları 1946-1947-ci illərdə qəzetin məsul redak­toru olmuş biologiya elm­ləri dok­toru, professor Rəhim Allahverdiyev, 1940-cı il­lərdə qəzetin ədəbi işçi­si və məsul katibi müavini vəzifəsində çalışmış filologiya elmləri doktoru, profes­sor Mi­­­rəli Seyidov, 1954-cü illərdə qəzetin redkasiyasında təbliğat və təşviqat şöbəsində ədəbi işçi vəzifəsində işləmiş filologiya elmləri doktoru, professor Teymur Əh­mə­dov, 1960-cı illərdə qəzetin Ba­sarkeçər üzrə bölgə müxbiri işləmiş tarix elmləri doktoru, professor Sə­fiyar Mu­sayev və baş­qaları öz doğma “Sovet Ermənistanı” qəzetini 50 illlik yubileyi mü­nasibəti ilə təbrik edərək onun Qər­bi Azərbaycanda Azərbaycan ictimai, ədəbi-mədəni mühi­tində oy­na­dığı müstəsna rolunun əhə­miyyətini dəyərləndirərək yazırdılar: “Sevimli qəzeti­miz, sən xal­qı­mızın mənə­vi həyatın­da, inkişafında iqtisadi və mədəni yüksəlişində çox böyük işlər gör­müşsən. Sən Ermə­nis­tan­da yaşayan azərbaycanlıların əmək qəhrəmanlıqlarının tə­rən­nüm­çüsü, mənəvi tərəq­qi­si­nin bayraqdarı olmuşsan. Əziz qəzetimiz, biz əminik ki, sən bun­dan sonra da qarşıda duran vəzi­fə­lərin öhdəsindən layiqincə gələcəksən. Doğma “Sovet Ermə­nistanı”mız, biz yarım əsr­lik yubileyin günündə Bakıdan salam göndərir, sənə, sənin əmək­daşlarına, bizim köhnə qə­ləm dost­larımıza, müxbirlərə, qəzetin bütün oxucularına yeni mü­vəf­fəqiyyətlər və can sağlığı ar­zu­layırıq”. Ümumiyyətlə, qəzetin nəşri tarixinin araşdırıcıları üçün yubiley nömrələri ən böyük mənbədir.

“Sovet Ermənistanı” qəzetində uzun illər çalışan, istedadlı jurnalist, bu mətbu orqanın veteranlarından olan Lətif Hüseynov “Qəzetə bağlı ömür”, Ermənistan Ali Sovetinin deputatı olmuş Qənirə Zeynalova “Dostluğun aynası”, qəzetin oxucusu Mustafa Xəlilov “Xoş xəbər­lər müjdəçisi”, əmək veteranı Əsgər İbrahimovun “İlk günlərdən oxuyuram” adlı məqalələ­rin­də 60 il ərzində qəzetə verdikləri qiymətlə həyatımızın güzgüsü sayılan bu mətbu orqana olan istək və arzularını ifadə etmişlər. Qərbi Azərbaycanda ədəbi mühitin ta­nın­mış nümayən­də­lə­rin­dən olan, sisianlı şair Rəhim Əliyevin “Sovet Ermənistanı” qəzetinin 60 illik yubile­yinə həsr etdiyi şeir də maraq doğurur:

Səsisən, nəğməsisən bəstəkarın, şairin,

Doğmasan hamımıza, söhbəti, sözü şirin.

Səndən öyrəndiyimiz saya-hesaba sığmaz,

Altmış il yazdıqların min-min kitaba sığmaz.

Çörək, su kimi vacib səni hər gün alırıq,        

Bir azca gecikəndə intizarda qalırıq.     

Bu mənada, görkəmli akademik Budaq Budaqov “Sovet Ermənistanı” qəzeti ilə bağlı müsahibələrinin birində yazırdı: “Sovet Ermənistanı” ilə dostluğum məktəb yaşlarından baş­layır. Poçtalyonun yoluna çıxdığım o günləri yaxşı xatırlayıram. Aspirant olduğum vaxtlarda onun səhifələrində müxtəlif səpkili yazılarım dərc olunub. “Sovet Ermənistanı” mənim ən çox sevdiyim mətbuat orqanlarındandır”.

Bu qəzetin adı “Sovet Ermənistanı” olsa da, amalı xalqına, soydaşlarımıza sədaqətlə xid­­mət idi. Belə siqlətinə görə idi ki, bu qəzeti Qərbi Azərbaycanda hamı sevirdi. Bütün oxu­cular onu hər gün səbirsizliklə gözləyirdilər. Onun redaksiyasında çalışmaq arzusunda olan­lar isə saysız-hesabsız idi.

 “Sovet Ermənistanı” qəzetinin rəsmi dövlət orqanı olmasına baxmayaraq, Qərbi Azər­bay­canda ədəbi-mədəni mühitin işıqlandırılmasına həmişə xüsusi diqqət yetirmişdir. Qeyd et­mək lazımdır ki, “Sovet Ermənistanı” qəzeti Qərbi Azərbaycanda yaşayıb-yaradan, ədəbiy­­ya­ta, incəsənətə maraq göstərən həvəskarlar üçün bir növ “Ədəbiyyat və incəsənət” qəzetinin funksiyasını həyata keçirmişdir. Qərbi Azərbaycanda yeni meydana gələn gənc ədəbi qüvvə­lərin üzə çıxarılmasında, onların yaradıcılıq imkanlarının daha da genişləndirilməsi və istiqa­mət­ləndirilməsində “Sovet Ermənistanı” qəzetinin mühüm xidmətləri olmuşdur. Qəzetin “Ədəbiyyat” səhifəsi, “Oxucularımızın yaradıcılığı”, “İstirahət saatlarında” rubrikaları Qərbi Azərbaycanda Azərbaycan ədəbi mühitinin canlanmasına ciddi təsir göstərmişdir. Müharibə­dən sonrakı dövrdə, xüsusən də XX əsrin 50-ci illərinin ikinici yarısından sonra “Sovet Ermə­nistanı” qəzetində ədəbiyyat və incəsənət mə­sələlərinə diqqət daha da artırılmışdır. Bu, Həbib Həsənovun qəzetə redaktorluq və yazıçı Əkbər İrəvanlının qə­zetin ədəbi şöbəsinə baş­çılıq etdiyi illərdə daha çox nəzərə çar­pır. Tarixin müxtəlif mərhələlərində “Sovet Ermənis­­ta­nı” qəzetinin ətraflı xüsusi ədəbi mühit formalaşmışdır. Redaksiya nəzdində ədəbiyyat dər­nəkləri və birliklərinin fəaliyyət göstərməsi, qəzetin müxtəlif ədəbi janrlar sahəsində müsabi­­qələr təşkil etməsi, yaradıcılıqla bağlı müzakirələrə geniş yer ayırması, dəyirmi ədəbi masa­la­rın təş­kili yaxşı mənada Ermənistan Yazıçılar İttifaqının azərbaycanlı bölməsinin də funk­siya­la­rını bərabər şəkildə öz üzərinə götürdüyünü göstərir. Qərbi Azərbaycanda yaşayıb-yara­dan şair və yazıçıların əsas xirabə kürsüsü “Sovet Ermənistanı” olmuşdur. “Sovet Er­mənistanı” qəzeti Qərbi Azərbaycanda formalaşan gənc ədəbi qüvvələrin ilkin yaradıcılıq məktəbi olmuşdur. Yaradıcı gənclər “Sovet Ermənistanı” qəzeti səhifələrində çap oluna-oluna püxtələşmiş və ədəbi mühitin parlaq nümayəndələrinə çevrilmişdilər. XX əsrin 60-70-ci illərində Qərbi Azərbaycanda yaşayıb-yaradan şair və yazıçıların böyük bir dəstəsi Qəşəm Aslanov, İsmixan Məmmədov, Məcnun Göy­çəli (Basarkeçər), Eldar İsma­yıl, Abbas Vəfa­­dağlı, Əhməd Paşayev, Zəki İslam (Çəmbə­rək), Şura Dilbazov, Səməd Sarallı (Böyük Qara­kilsə), Vəli Seyidov, Bilal Ənsər (Noyem­beryan), Musa Bağırov (Vedi), Aydın Uluxanlı (Zəngibasar), Məsim Məsimov, Lə­man Məm­mədov, Füzuli Həsənov (Meğri), Lətif Səmədov (Vedi), Alyoşa Bayramov, Firuz Nov­ruzov, Aftandil Ağbabalı, Rafiq Musa, Məcnun Şaba­nov (Ama­siya), Ramiz Məşədi­yev (İrəvan), Mənsurə Həsənova, Surxay Şahquliyev, Dün­yamalı Məftun (Qafan), Aydın Yəhya­­­yev, Fərhad Vəlizadə (İcevan) və başqaları üçün “So­vet Ermənistanı” qəzeti sözün əsl məna­­sında ədə­biyyat məktəbi olmuşdur.

Görkəmli ictimai xadimlər Hidayət Orucov, Rəhim Allahverdiyev, Həbib Həsənov, Mə­­hərrəm Bayramov, İsrafil Məmmədov, İbiş Abbasov, Səfiyar Musayev, Eldar Səfərov, Babək Məmmədov, Cahangir Əliyev, ta­nınmış ədəbiyyatşünas alimlər Teymur Əhmədov, Mirəli Seyidov, Əkbər İrəvanlı, Sadıq Şü­kürov, tarix elmləri doktoru, professor Sabir Əsə­dov və baş­qaları “Sovet Ermənistanı” qəzetindən böyük ictimai, elmi mühitə vəsiqə almışlar. Tanınmış jurna­list­lər Mənzərə Sadıqova, Lətif Hüseynov, Bəxtiyar Sət­taroğlu, Salman Vilayətoğlu, Rza Əsgərov, Hüseyn Nəcəfov, Tofiq Məmmədov, Nüsrət Sadıqov, Abdulla İbrahimov, Allahyar Rəhimov, Kazım Novruzov, Cəlil Hüseynov, Ziyəddin Sultanov, Kərəm Həbibov, Vidadi Quliyev, Şaban Nəcəfov və başqaları “Sovet Er­mə­nis­tanı” məktəbinin mühi­tində yetişib for­malaşmışlar. Qəzetin ahəngdar fəaliyyət göstərməsində qadın müxbir­lər­dən Rübabə Baba­ye­va, Mənzərə Sadıqova, Leyli Əliyeva, Sabirə Qurbanova, Tovuz Əliyeva, Elmira Qafarova, texniki işçilərdən Lətifə Əliyeva, Şamama Məmmədova, Əntiqə Əliyeva, Kifayət Həsənova, Laləzar Əliyeva və başqaları mühün rol oynamış və onların da əməyi yüksək qiymətləndiril­mə­lidir. Qəzetdə müxtəlif imzalara da rasr gəlmək mümkündür. Bu fakt bir daha təsdiqləyir ki, qəzetlə əməkdaşlıq edən Ramiz Məşədiyev, Qurban Əzizov, Fərhad İsgəndərov, Səməd Əs­gərov, Firuz Kazımov, Mirzə Yusifov, Hüseyn Həsənov, Məsim Şəmsiyev və adlarını qeyd etmədiyimiz onlarla yaradıcı insanlar bu mərbuat orqanını yaşatmaq arzusunu gerçəkləşdirən qüvvələrə çevrilmişdilər.     

“Sovet Ermənistanı” qəzetində yazılar çoxşaxəli, müxtəlif məzmunlu idi. Azərbaycan­da yaşayıb-yaradan şair və yazıçılar, elm, incəsənət, ictimai-siyasi xadimlər, rəhbər vəzifələr­də çalışan məmurlar da “Sovet Ermənistanı” qəzeti ilə əməkdaşlıq edirdilər. Qəzetdə dərc olunan şair və yazıçılardan Səməd Vurğun, Süleyman Rüstəm, Osman Sarıvəlli, Məmməd Rahim, Abdulla Şaiq, Bəxtiyar Vahabzadə, Hüseyn Arif, Gülhüseyn Hüseynoğlu, Mirvarid Dilbazi, Qasım Qasımzadə, Nəbi Xəzri, Rəsul Rza, Xəlil Rza, Nigar Rəfibəyli, İlyas Əfən­diyev, Cabir Novruz, Qabil, Mehdi Hüseyn, Zeynal Xəlil, Şəmşad Rza, Əliağa Kürçaylı, Hü­seyn Razi, Müzəffər Nəsirli və onlarla başqalarının adlarını çəkə bilərik. Görkəmli ədə­­biy­­­yatşünas alimlərdən Ka­mal Talıb­zadə, Mikayıl Rəfili, Hə­mid Araslı, Əziz Mirəhmədov, Bəkir Nəbiyev, Əkbər İrə­vanlı, Kövsər Tarverdiyeva, Pənah Xəlilov, Cəlal Abdullayev, Ba­ğır Bağırov, İnayət Bektaşi və başqaları “Sovet Er­mənistanı” qəzetində mövcud dövr ədəbiy­yatı­n qarşı­sında duran problemlərdən, yazıçı və şairlərimizin yaradıcılığından bəhs edən dəyərli məqalələrlə çıxış et­mişlər.

“Sovet Ermənistanı” qəzeti in­cə­sənət məsələlərinə, mədəniyyət tədbirlərinin daim işıq­landırılmasına xüsusi diqqət yetirmiş­dir. 

Müxtəlif illərdə mədəniyyət və incəsənət xadimlərindən Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Səid Rüstəmov, Şövkət Ələkbərova, Qulu Əsgərov, Sara Qədimova, Firəngiz Əh­mə­­dova, Zeynəb Xanlarova, Lütfiyar İmanov, Cövdət Hacıyev, Səyavuş Aslan, Nəsibə Zey­na­lova və başqalarının İrəvana etdik­ləri qastrol səfərləri qəzetin səhifələrində işıqlandırıl­mış­dır. Ümumiyyətlə, Azərbaycan ziyalılarının gör­kəmli nümayəndələrinin, elm və in­cə­sənət xa­dim­­lərinin əksəriyyətinin İrəvana etdikləri səfər­ləri və onların hər gəlişi və gö­rüşlərini “So­­vet Er­mənistanı” qəzeti böyük şövqlə işıqlan­dırırdı. Azərbaycan ziyalılarının, sə­nət adam­­­larının hər gəlişi nəinki İrəvan ədəbi ictimaiyyətində, sadə azərbaycanlılarda belə böyük maraq do­ğur­duğundan hər bir görüş böyük bir izdihama çevrilirdi. Müxtəlif illərdə İrəvanda səfərdə olmuş Azərbaycanın ədəbiyyatı, mədəniyyəti və incəsənətinin görkəmli nümayəndə­­lə­­rindən Məm­məd Rahim, Novruz Gəncəli, Məmməd Aslan, Xəlil Rza, Cavad Cavadlı, Xalidə Hasi­lova, Bəxtiyar Vahabzadə, Süleyman Rüstəm, Aybəniz Vəkilova, Bəkir Nəbiyev, Cövdət Ha­cıyev, Lütfiyar İmanov, Sara Qədimova və onlarla başqaları “Sovet Ermənistanı” qəzeti re­dak­si­ya­sının qonağı olmuş, maraqlı söhbətlər və müzakirələr aparmışdılar. Qəzet Azərbay­can­da ya­şayan ziyalı­lar arasın­da ünsiyyət yaran­masında, ədəbi-mə­dəni əlaqələrin daha da in­kişaf et­di­ril­məsində, milli-mənəvi dəyərlərimizin təbliğində mühüm rol oyna­mış­dır. Bir sözlə, “Sovet Ermənistanı” qəzeti Qərbi Azərbaycanda yaşayan azərbaycanlıların mə­də­­niyyət mərkəzinə, ziyalıların baş qərargahına çevrilmişdir.    

Bununla yanaşı, müxtəlif dövrlərdə ayrı-ayrı adlarla nəşr olunan “Sovet Ermənistanı” qəzeti Qərbi Azərbaycanda yaşayan azərbaycanlıların hüquqlarının qorunmasında, onların qar­şılaşdıqları problemlərin həll edilməsində çox böyük rol oynamış, bir növ soydaşlarımızın ictimai-siyasi, ədəbi-mədəni mərkəzinə çevrilmişdir.

Bir sıra problemlərə, maneələrə baxmayaraq, müxtəlif illərdə “Sovet Ermənistanı” qə­zetinə redaktor funksiyasını yerinəyetirmiş Cəfər Vəlibəyov (1939-1945); 1947; 1949-1959), Salman Rəhimov (1942), Rəhim Allahverdiyev (1945-1947), Rza Və­libəyov (1948-1949), Həbib Həsənov (1960-1973), Məhərrəm Bayramov (1974-1981), Ca­hangir Əliyev (1982-1984), Zərbəli Qur­banov (1985-1989), İsrafil Məmmədovun (1988-1989), hər birinin özünə­məxsus xidməti bu gün də böyük minnətdarlıqla yad edilir.

1989-cu ilə qədər fəaliyyət göstərən, erməni şovinizmi əhatəsində son dərəcə gərgin, mübariz tarixi bir yol keçmiş, Azərbaycan milli mətbuatı tarixində parlaq bir səhifə təşkil edən “Sovet Ermənistanı” qəzeti siyasi təbliğatçılıq funksiyasından daha çox Qərbi Azərbay­can­da xalqımızın milli maraqlarının ifadə olunmasına uğurla xidmət göstərmişdir.