Pir Davidan
Pir Davidan ziyarətgahı Qafan rayonunun Pirdavidan kəndində yerləşir. Bəzi müəlliflərə görə, Xürrəmilər hərəkatının başçısı Cavidanın (807-816-cı illər) qəbiri orada yerləşir. Görkəmli Azərbaycan ədibi Məmməd Səid Ordubadi “Qanlı sənələr” əsərində Pirdavidan kəndini 1905-ci ildə ermənilərin necə viran qoymasından bəhs edir. O, Pir Davidan məqbərəsinin İmam Rzanın qardaşı Davudla bağlı olduğunu qeyd edir. Sultan Davud şiələrin 6-cı imamı Cəfər Sadiqin nəvəsidir. Mənbələrdə göstərilir ki, Museyi-Kazımın 40 övladı - 23 oğlu, 17 qızı olmuşdur. İmam Əli Rza onun 1-ci oğlu, Davud isə 22-ci oğludur. Əli Rza şiələrin səkkizinci imamıdır. Onun qəbiri indi Məşhəddə ziyarətgahdır. İmam Rzanın kiçik qardaşı Davud isə Qafan ərazisində dəfn edilmiş və məzarı pirə çevrilərək Pir Davidan – yəni Davudun Piri adlandırılmışdır.
