Qərbi Azərbaycan həqiqətləri vətəndaş cəmiyyətinin çiyinlərində ucalır
Respublika. - 2025.- 13 iyun. - № 120. - S. 8.
Qərbi Azərbaycan həqiqətləri vətəndaş cəmiyyətinin çiyinlərində ucalır
Yusif Şərifzadə
Milli şüurun və tarixi yaddaşın oyanışı dövlətin strateji hədəfləri ilə cəmiyyətin mənəvi çağırışının vəhdət təşkil etdiyi məqamlarda ən parlaq təzahürünü tapır. Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfər və Qarabağ ilə Şərqi Zəngəzurda suverenliyin tam bərpası milli ideyanın geniş üfüqlərini müəyyənləşdirdi. Bu gün həmin proseslərin ən aydın görünən zirvəsi, əsrlər boyu yaşadıqları ata-baba yurdlarından kütləvi şəkildə və zorakılıqla didərgin salınmış yüz minlərlə soydaşımızın pozulmuş hüquqlarının bərpası və onların tarixi torpaqlarına sülh yolu ilə, təhlükəsiz və ləyaqətli qayıdışını təmin etməkdir. Bu müqəddəs amal uğrunda mübarizənin ön cəbhəsində isə dövlətlə çiyin-çiyinə addımlayan Azərbaycanın vətəndaş cəmiyyəti institutları, xüsusilə qeyri-hökumət təşkilatları dayanır. İyunun 11-də Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin bu mövzuda icra edilən layihələrə dair keçirdiyi ictimai hesabat xarakterli brifinq bir daha sübut etdi ki, Qərbi Azərbaycan mövzusunda reallaşdırılan həm kəmiyyət, həm də keyfiyyət baxımından əsl inqilabi yüksəliş yaşayan, dəqiq hədəflənmiş və beynəlxalq miqyasda təsir gücünü artıran strateji hərəkata çevrilib.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin fəaliyyətə başlaması vətəndaş cəmiyyətinin inkişafında yeni mərhələnin əsasını qoydu. Agentlik QHT sektorunun çevik, kreativ və genişşaxəli potensialını dövlətin milli maraqlar üçün prioritet hesab etdiyi istiqamətlərə cəlb etdi. Dövlət başçısı tərəfindən "Qərbi Azərbaycana Qayıdış" Konsepsiyasının irəli sürülməsindən dərhal sonra bu mövzu Agentliyin qrant müsabiqələrinin əsas leytmotivinə çevrildi. Sözügedən brifinqdə Agentliyin icraçı direktoru Aygün Əliyeva tərəfindən səsləndirilən faktlar bu prosesin dinamikasını açıq şəkildə ortaya qoyur. Məlum oldu ki, "Qərbi Azərbaycana Qayıdış" mövzusu artıq üç ildir ki, Agentliyin qrant müsabiqələrinin prioritetlərindən biridir. Bu qısa müddət ərzində 50 QHT tərəfindən təqdim edilən və birbaşa Qayıdış Konsepsiyasının müvafiq müddəalarının icrasına, həqiqətlərin təbliğinə, soydaşlarımızın hüquqlarının müdafiəsinə və tarixi irsimizin araşdırılmasına yönələn 54 fərqli layihə dövlət dəstəyi qazanıb. Azərbaycanın vətəndaş cəmiyyəti təsisatları haqlı olaraq bu mövzuya Qarabağ və Şərqi Zəngəzurun azadlığından sonra milli ideyanın yeni hədəfi kimi yanaşır və bu ümumxalq arzusunu reallığa çevirmək üçün bütün imkanlarını səfərbər edir. Prosesin artan xətlə inkişafını sübut edən ən heyrətamiz göstərici Agentliyin 2025-ci il qrant müsabiqəsinin nəticələridir. Bu müsabiqədə "Qərbi Azərbaycana qayıdış: maddi-mədəni irs və hüquqlar" adlı xüsusi istiqamət üzrə daha 51 QHT-nin layihəsi maliyyələşdirilib. Bu o deməkdir ki, təkcə bir il ərzində əvvəlki üç ilin ümumi göstəricisinə bərabər sayda layihənin dəstəklənməsi ilə bu istiqamətdə fəaliyyətə sanki yeni nəfəs verib. Rəqəmlər göstərir ki, QHT sektoru milli çağırışa böyük həvəslə qoşulub və bu sahədə peşəkar fəaliyyət göstərmək üçün intellektual və təşkilati potensial formalaşıb. Bu, həm də mövzunun cəmiyyət daxilində nə qədər dərin kök saldığının və qeyri-hökumət təşkilatlarının ictimai sifarişi dəqiq hiss etdiyinin bariz nümunəsidir.
Lakin rəqəmlərin statistikası hərəkatın əsl mahiyyətini tam ifadə etmir. Bəlkə də daha vacib olan, say artımını müşayiət edən və hətta onu üstələyən fundamental keyfiyyət transformasiyasıdır. Bu dəyişikliklərin əsasında isə fəaliyyətin coğrafiyasının lokal çərçivədən qlobal miqyasa transformasiyası dayanır. Əvvəllər Qərbi Azərbaycan mövzusu daha çox daxili auditoriyaya hesablanmış, elmi-nəzəri konfranslar və məhdud sayda nəşrlərlə səciyyələnirdisə, indi dünyanın siyasi və humanitar mərkəzlərini əhatə edir. Hesabat dövründə Azərbaycan QHT-ləri artıq beynəlxalq münasibətlər sisteminin aktiv iştirakçıları kimi çıxış edərək Qərbi Azərbaycan həqiqətlərini dünyanın ən nüfuzlu tribunalarına daşıyıblar. Birləşmiş Millətlər Təşkilatının Cenevrə və Nyu-York ofislərində, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Varşavadakı İnsan Ölçüsü toplantılarında beynəlxalq kürsülərdən məsələlər qaldırılıb, ictimai diskussiyalar açılıb və yan tədbirlər təşkil edilib. Fəaliyyət coğrafiyası ABŞ, Belçika, İspaniya, Rumıniya, Polşa kimi Qərb ölkələrindən tutmuş qardaş Türkiyə, Özbəkistan və Qazaxıstana qədər geniş ərazini əhatə edib. Bu, təsadüfi seçilmiş ölkələr deyil, hər birinin öz strateji hədəfi olan platformalardır. Məsələn, Brüssel Avropa İttifaqının siyasi qərar mərkəzi, Cenevrə beynəlxalq humanitar hüququn beşiyi kimi, Varşava isə ATƏT məkanında dialoqun əsas meydanı kimi qəbul edildi. Bu platformalarda QHT-lər beynəlxalq hüququn norma və prinsiplərinə istinad edərək Ermənistanın monoetnik dövlət siyasətini, azərbaycanlılara qarşı həyata keçirdiyi total etnik təmizləməni və mədəni genosidi konkret faktlarla ifşa edirlər. Məsələn, "Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi" İctimai Birliyinin Avropanın siyasi paytaxtları hesab olunan Haaqa və Brüsseldə təşkil etdiyi beynəlxalq konfranslar hüquqi müstəvidə mübarizənin əhəmiyyətli mərhələsi idi. Həmin tədbirlərdə Avropada yaşayan Qərbi azərbaycanlıların iştirakı ilə onların pozulmuş hüquqları müzakirə edildi, konkret faktlara əsaslanan sənədlər paketi hazırlandı və Avropa Məhkəməsi, Avropa Şurası və Avropa Parlamenti kimi həlledici qurumlara təqdim olundu. Bu, artıq emosional təbliğatdan soyuq hüquqi prosesə keçidin və "yumşaq gücdən" "ağıllı gücə" doğru təkamülün bariz göstəricisidir.
Keyfiyyət dəyişikliyinin digər mühüm və bəlkə də ən innovativ istiqaməti təbliğat metodlarının yaradıcı sənaye və mədəniyyət müstəvisinə keçirilməsidir. Vətəndaş cəmiyyəti dərk etdi ki, müasir informasiya müharibələri dövründə həqiqətləri yalnız elmi məqalələr və rəsmi hesabatlarla çatdırmaq effektiv deyil. İnsanların qəlbinə və şüuruna yol tapmaq üçün mədəniyyətin, incəsənətin və yaradıcı sənayenin universal dilindən istifadə etmək zəruridir. Agentliyin departament direktoru Elnur Bağırlının da brifinqdə qeyd etdiyi kimi, builki yeni layihələrdə Qərbi Azərbaycan hekayələrinin daha təsirli vasitələrlə - musiqi, bədii əsərlər, ekran həlləri və sənətkarlıq nümunələri əsasında izahına üstünlük verilməsi xüsusilə diqqət çəkir. Aparılan monitorinqlər də göstərir ki, məhz bu cür yaradıcı üsullarla aparılan təbliğat daha geniş auditoriyanın diqqətini cəlb edir və daha dərin emosional təsir bağışlayır. Yaxın günlərdə "Bizi Birləşdirən Mədəniyyət" İctimai Birliyinin layihəsi çərçivəsində, Azərbaycanın tanınmış sənətkarlarının ifasında "Zəngəzur mahnısı"nın ictimaiyyətə təqdim olunması buna ən yaxşı misaldır. Bu, mədəni irsin canlandırılması ilə yanaşı, həsrətin və qayıdış əzminin musiqi dilində beynəlxalq ictimaiyyətə çatdırılmasıdır. Çünki musiqi sərhəd tanımır və birbaşa qəlblərə xitab edir. Aşıq sənətinin gücündən istifadə də prioritetlərdəndir. "Dədə Ələsgər Ocağı" İctimai Birliyinin "Ustad Ələsgərin Göyçə harayı - Vətənə sarı", "Ozan Dünyası" Aşıq Yaradıcılığının Təbliği İctimai Birliyinin "Aşıqlar Qərbi Azərbaycanı tərənnüm edir" və Azərbaycan Aşıqlar Birliyinin "Qərbi Azərbaycan aşıqlarının dastan repertuarı" kimi layihələri birbaşa bu torpaqların nisgilini, harayını və zəngin folklorunu yaşatmağa və təbliğ etməyə yönəlib. Bu, həm də Ermənistanın sahiblənməyə çalışdığı mədəniyyət nümunələrinin əsl köklərini nümayişidir. Təbliğatın kreativ formaları bununla bitmir. QHT-lərin layihələri çərçivəsində "Qərbi azərbaycanlıların Qars köçü" mövzusunda sənədli filmin hazırlanması və Azərbaycan Ədəbiyyatı Fondu tərəfindən "Qərbi Azərbaycan əsərlərdə" layihəsi ilə yeni bədii əsərlərin ərsəyə gətirilməsi, yaddaşın həm vizual, həm də ədəbi müstəvidə möhkəmləndirilməsinə xidmət edir. "Tətbiqi Sənət Nümunələrinin Qorunmasına və Təbliğinə Yardım" İctimai Birliyi tərəfindən Özbəkistanda Qərbi Azərbaycan mövzusunda sərginin təşkil edilməsi isə məsələni ümumtürk kontekstinə daşıyaraq həmrəyliyi gücləndirir. Bu sırada "İnkişafa və İslahatlara Dəstək" İctimai Birliyinin qardaş Türkiyənin Qars şəhərində təşkil etdiyi "Qərbi Azərbaycan: Unudulmaz izlər" adlı beynəlxalq forum isə "yumşaq güc" diplomatiyasının ən uğurlu nümunələrindən biri oldu. Forumda yalnız elmi məruzələr deyil, həm də Qərbi Azərbaycanın zəngin mədəni irsinin canlı təqdimatı keçirildi. İrəvan xalçaları, Göyçə geyimləri, Zəngəzur mətbəxinin ləziz nümunələri nümayiş etdirilərək bu torpaqların Azərbaycan mədəniyyətinin ayrılmaz tərkib hissəsi olduğu sübuta yetirildi.
Hərəkatın üçüncü, lakin strateji əhəmiyyətinə görə bəlkə də birinci olan sütununu maddi-mədəni irsin qorunması, sənədləşdirilməsi və Ermənistan tərəfindən həyata keçirilən mədəni genosidin elmi-hüquqi müstəvidə ifşası təşkil edir. Brifinq çərçivəsində təşkil olunan sərgi bu sahədə əldə edilən nəticələri əyani şəkildə nümayiş etdirdi. Məlum oldu ki, son illər ərzində QHT-lər tərəfindən bu mühüm xətt üzrə 200-dən çox elmi və publisistik məqalə dərc edilib və 15 sanballı kitab nəşr olunub. "Elmi Araşdırmalar" İctimai Birliyinin "İrəvan: hər daşı tarix" və "Dünya Gənc Türk Yazarlar" İctimai Birliyinin "Türk dünyasında Qərbi Azərbaycan mövzusu" kimi layihələr Qərbi Azərbaycanın maddi-mədəni irsinə qarşı törədilən vandalizmin hüquqi və tarixi müstəvidə qiymətləndirilməsinə fundamental töhfələr verir. Sərgidə nümayiş olunan "Vətəndaşların Sosial Rifahı Naminə" İctimai Birliyinin "İrəvan: tariximiz, torpağımız, taleyimiz" və "Kainat" Milli-Mənəvi Dəyərlərin Təbliğinə Dəstək İctimai Birliyinin "İrəvan: tarixi həqiqətlər və şəxsiyyətlər" kimi kitablar bu sahədə möhkəm elmi-nəzəri bazanın yaradıldığını göstərir. Bu nəşrlər gələcəkdə beynəlxalq məhkəmələrdə və elmi diskussiyalarda Ermənistanın saxta tarix konsepsiyasına qarşı ən tutarlı arqumentlərə çevriləcək. Bu fəaliyyət həm də Ermənistanın vandalizm siyasətinin qarşısını almaq üçün preventiv addımlarla müşayiət olunur. Onlarla Azərbaycan QHT-sinin İrəvanın sonuncu Azərbaycan məhəlləsi olan Təpəbaşının məhv edilməsi təhlükəsi ilə bağlı UNESCO-ya və digər beynəlxalq qurumlara davamlı müraciətlər ünvanlaması beynəlxalq ictimaiyyətin diqqətini mədəniyyət cinayətlərinin qarşısını almağa yönəltmək cəhdləridir.
Qlobal fəaliyyətlə yanaşı, QHT-lər və bu prosesin əsas ideoloji mərkəzi olan Qərbi Azərbaycan İcması məsələnin ölkə daxilində də gündəmdə qalmasına, ümumxalq işinə çevrilməsinə xüsusi diqqət yetirir. İcmanın yerli icra hakimiyyəti orqanları ilə birgə respublikanın müxtəlif bölgələrində, o cümlədən Xaçmaz, Quba, Şabran kimi rayonlarda keçirdiyi silsilə "Qərbi Azərbaycan - Yurd yerimiz" mövzulu elmi-praktiki konfranslar bir neçə məqsədə xidmət edir: Qayıdış Konsepsiyasının əsas müddəalarını və hədəflərini yerlərdə ictimaiyyətə çatdırmaq, Qərbi Azərbaycandan olan ziyalıları, ahılları və gəncləri bir araya gətirərək canlı yaddaşı qorumaq və qayıdış ideyası ətrafında ümumxalq həmrəyliyini gücləndirmək.
Bu gün şahidi olduğumuz mənzərə Azərbaycan vətəndaş cəmiyyətinin yetkinliyinin, peşəkarlığının və milli məsələlərdə dövlətlə strateji tərəfdaş kimi çıxış etmə qabiliyyətinin təntənəsidir. Brifinqdə təqdim olunan yekun materiallardan da göründüyü kimi, Qərbi Azərbaycan mövzusu artıq çoxşaxəli müstəvidə təqdim edilir: tarixi ədalətin bərpası, qayıdış hüququnun tələbi, fundamental insan hüquqları, etnik təmizləmənin ifşası, monoetnik dövlətdə siyasi və hüquqi mübarizə və nəhayət, regionda sabitliyə töhfə verən sülh konsepsiyası kimi. QHT sektoru artıq fraqmentar, pərakəndə təşəbbüslər mərhələsini geridə qoyaraq Qərbi Azərbaycan mövzusunda sistemli, çoxşaxəli və qlobal təsirə malik fəaliyyət proqramı həyata keçirir. Bu proses dövlət diplomatiyasının sərt çərçivələrini tamamlayan "xalq diplomatiyası" və "yumşaq güc" funksiyasını effektiv şəkildə yerinə yetirir. Bu gün Azərbaycanın haqq səsinin dünyanın müxtəlif guşələrində eşidilməsi, Ermənistanın monoetnik mahiyyətinin daha aydın ifşa olunması və soydaşlarımızın doğma yurdlarına dinc yolla qayıtmaq hüququnun beynəlxalq səviyyədə daha çox müzakirəsi, məhz bu keyfiyyət və kəmiyyət baxımından böyüyən vətəndaş cəmiyyəti hərəkatının bəhrəsidir. Bu, tarixi ədalətin bərpasına və Böyük Qayıdışın reallaşmasına aparan ən doğru və ən təsirli yollardan biridir.
