İsa İbrahimov
İsa Hüsü oğlu İbrahimov 1925-ci il yanvarın 6-da Qərbi Azərbaycanın Zəngəzur mahalında, Qafan rayonunun Şəhərcik kəndində anadan olmuş və orta məktəbi də orada bitirmişdir.
1941-ci ildə Böyük Vətən Müharibəsi başlayanda onun 18 yaşı tamam olmasa da, könüllü olaraq cəbhəyə yollanmışdı. Müharibədən dərhal sonra İ.İbrahimov Qafan rayonunun Qaradığa və Əcili kəndlərində, 1948-ci ildən sonra isə Qafan şəhər 1 saylı beynəlmiləl orta məktəbində müəllim işləmişdir. Müəllim işləməklə paralel olaraq İ.İbrahimov 1946-cı ildə İrəvan şəhərində Pedaqoji İnstitutunun filologiya fakültəsinə daxil olmuş və oranı fərqlənmə diplomu ilə bitirmişdir.
İ.İbrahimov yüksək savada, qeyri-adi düşüncə tərzinə və məntiqi çıxışlarına görə Qafan rayonu ziyalıları, o cümlədən pedaqoji kollektivlər arasında az bir müddətdə yüksək nüfuz qazanmağa nail olmuşdur. 1950-ci ildə xalq maarifi sahəsində atdığı uğurlu addımlar sayəsində o, rayon maarif şöbəsində inspektor vəzifəsinə təyin edilir, az sonra isə ona böyük etimad göstərilərək, maarif işçiləri həmkarlar təşkilatlarının konfransında həmin təşkilata sədr seçilir. Qafan kimi çoxsaylı ermənilərin yaşadığı bir şəhərdə onun bu vəzifəyə seçilməsi ermənilər tərəfindən onun bacarığının etirafı kimi qiymətləndirilməlidir.
Qafanda xeyli sayda azərbaycanlı əhalinin yaşamasına baxmayaraq, azərbaycan dilində qəzet nəşr olunmurdu. Həmin dövrdə onun ardıcıl səyləri nəticəsində azərbaycan dilində “Mis uğrunda mübarizə” adlı rayon qəzeti buraxılmağa başlamış və İsa İbrahimov 1960-cı ilə qədər həmin qəzetin baş redaktoru olmuşdur.
Qafan şəhərində mindən yuxarı məktəbyaşlı azərbaycanlı uşaq vardı və bu amil nəzərə alınaraq 1960-cı ildə ilk dəfə olaraq azərbaycan dilli orta məktəb istifadəyə verilmişdir. İ. İbrahimov 4 saylı orta məktəbə direktor təyin edilmiş və təqaüdə çıxana qədər həmin vəzifədə işləmişdir.
Düzlük, təmənnasız iş görmək İ.İbrahimovun həyat rəmzi idi. O, çətinliyə düşən hər kəsə kömək edər, hətta Qubadlı və Zəngilan azərbaycanlılarının da Qafanda pozulan hüquqlarını müdafiə edərdi.
İ. İbrahimov çox uzaqgörən idi və həmişə ermənilərin təxribat törədəcəklərini deyirdi. O, heç vaxt ermənilərə və onların həkimlərinə etibar etmirdi. Səhhəti ilə əlaqədar növbəti müalicə kursu üçün Bakıya gələ bilməyən İsa İbrahimov Qafanda müalicə aldığı xəstəxanada 1987-ci il oktyabr ayının 29-da erməni həkimin tapşırığı ilə vurulan iynə nəticəsində vəfat edir.
1988-ci ildə Zəngilanda 3 qafanlı erməni əsir götürülür və onların arasında olan Hamlet adlı erməni daşnakı İ.İbrahimovun xəstəxanada iynə vurularaq öldürülməsinin planlı şəkildə təşkil olunduğunu və bundan sonra Qafan azərbaycanlılarının qarşısında duran və onlara istiqamət verən olmadığı üçün onların asanlıqla deportasiya edildiyini etiraf etdi.
Zəngəzur elinin unudulmaz oğlu İsa İbrahimov onu tanıyanların xatirində daim yaşamaqdadır.
