Urud qəbirüstü abidələri
Tarixi 500 ildən yuxarı sayılan Urud qəbirüstü abidələri Qarakilsə nahiyəsinin (sonralar Sisyian) rayonunun Urud kəndinin qənşərində, Urud qalasının qarşısında, Bazarçayın sol sahilində yerləşir. Qəbiristanlıqda 100-ə yaxın müsəlman-türk xalqlarına məxsus qəbirüstü abidələr mövcuddur. Urud qəbiristanlığındakı qəbirüstü abidələr Sovet hakimiyyəti illərində azərbaycanlı alimlər Ələsgər Ələkbərov, Ziya Bünyadov, Məşədixanım Nemətova tərəfindən tədqiq edilmişdir. Urud qəbiristanlığında olan qəbir daşlarındakı yazılar da ərəb qrafikasının kufi, nəsx, süls, nəstəliq üslubları işlənmişdir. Urud abidələrindəki sənduqələr, qoç və at fiqurları üzərindəki şəkillər və yazılar türk xalqlarının islamaqədərki mədəniyyətini, məişətini, adət-ənənələrini, ov, məclis, toy-yas mərasimlərini və s. səhnələri, onqonlar və şamanizm kultuna pərəstişi əks etdirən oymalar bu ərazinin köklü sakinlərinin məişəti haqqında əvəzsiz tarixi məlumat verirlər.
Qərbi Zəngəzur Sovet Ermənistanının tərkibinə qatıldıqdan sonra ermənilər Uruddakı qəbirüstü abidələrin bəzilərini oğurlamışlar. Sisyian rayonun ərazisindəki qoç heykəllərin əksəriyyəti məhv edilmiş, bir qismi isə 1993-cü ildən Sisian şəhərindəki tarix muzeyinin həyətində “erməni mədəniyyət abidələri” adı altında nümayiş etdirilir. Urud qəbiristanlığından gətirilən qoç heykəllərdən ikisi hazırda Naxçıvan Dram Teatrının qarşısında, digər ikisi isə Gəncə şəhərində Nizami Muzeyinin qarşısında Zəngəzurun tarixi keçmişinə, tarixi həqiqətə şahidlik edir.
