Qərbi Azərbaycan

Zəngəzurun daş yaddaşı

Xalq qəzeti. - 2023.- 9 yanvar. - № 9. - S. 6.

 

Zəngəzurun daş yaddaşı

 

Əvəz Mahmud Lələdağ,

Sumqayıt Dövlət Universitetinin müəllimi, şair-dramaturq

 

Mənim dünyaya göz açdığım Qərbi Zəngəzurun Qarakilsə (Sisyan) bölgəsinin hər daşqayasında, hər qarış torpağında, hər dağ-dərəsində bir tarix yatır. Bu tarixin hər səhifəsi, hər cümləsi Vətənin illərlə üzləşdiyi sınaqlardan, təhlükələrdən, qan-qadalardan xəbər verir. Ötən əsrin 80-ci illərinin sonlarından indiyədək o Vətən yağı caynağında inildəyir, əzab çəkir. O Vətən ucalığından dünənimə boylananda, itirdiklərimizi xəyalımdan bir-bir keçirəndə sinnimin bu vədəsinə gəlib yetişdiyim zamanın acı mənzərəsi gözlərim önündə canlanır. Başı bəlalar çəkən, saysız məşəqqətlərə düçar olan qədimdən-qədim Zəngəzurla bağlı dərd-kədərli, sevinc-fərəhli, qürur dolu xatirələr, olub-olmuşlar bugünümüzə boylanır. Amma nə əlim, nə də ünüm o məkana yetir. Gücüm çatan isə hər zaman xatırladığım bir beyt olur:

 

Ağırlıq bilmərəm üstümdə dağı,

Olsa bir zərrəsi Vətən torpağı.

 

Burnumun ucu göynəyir, ürəyim nanə yarpağı tək əsir o yerlər üçün. Nələr qaldı o yerlərdə, İlahi?! Zirvəsi ulduzlara söykənən dəniz səviyyəsindən 3552 metr hündürlükdə olan qocaman İşıqlıdağ. Onun haqqında deyilən əfsanəni hələ uşaq yaşlarımda eşitmişəm. Deyirdilər ki, Nuhun gəmisi bu zirvədə işıq görüb, torpaq görüb. “İşıqlı dağ” – deyə seviniblər gəmidəkilər. Zaman keçdikcə bu dağın da adı qalıb İşıqlıdağ. Amma üzdəniraq qonşularımız XX əsrin 60-cı illərində bu dağa “İşğansar” adı qoydular...

İşıqlıdağın zirvəsində, Qaragölün yaxınlığında “Şəfa” piri vardı. Xoruzun birinci banında oraya yola düşərdik. Gün çırtlayanda piri ziyarət edib qayıdardıq. Pirin yanında suyu dupduru, göz yaşı kimi bulaq qaynayırdı. O bulağın ətrafından baxanda Naxçıvandan, Arazdan tutmuş hər yan, sanki, ayağımızın altında qalırdı. İşıqlıdağın cənub-şərqində Qanlıca, Hacalı, Üçtəpə, Yantəpə yaylaqları, Arpaçuxuru, Səmədölən, Bozludərə, Abdalanlı gölü, Xəlilbulağı, Göbəkdaş görünərdi. Bu daşdan həmişə şəfa umardı elat camaatı...

İşıqlıdağın zirvəsindən gözümüzü aşağılara gəzdirdikcə ətəklərdə Yalyurd, Buzovyal, Balabəy çuxuru yaylaqları, qədim Şükürbəyli qəbiristanlığı və o məzarlıqdakı Qoçdaşlar üstündə qəflə-qatır şəkilləri, ərəb əlifbası ilə yazılmış baş daşları bizə boylanırdı.

İşıqlıdağın zirvəsindən kəndimizin söykəndiyi Qaraçınqıl, Arpa, Buğda təpələri də açıq-aydın görünürdi. Bu təpələr barədə bir əfsanə nəsildən-nəslə keçib günümüzədək gəlib çatmışdı – ömrün faniliyindən, yaxşılığın əbədiliyindən, zalımlığın acı sonluğundan bəhs edirdi.

“Bərəkəti tükənməyən bu torpaqda bir varlının ildə Buğda təpəsi qədər buğdası, Arpa təpəsi qədər arpası, Qaraçınqıl qədər vardövləti olarmış. Zülmü ərşə dayanan varlı rəiyyətin qarğışına tuş gəlir, günəş göydən od püskürür, arpa, buğda yanıb külə dönür, mal-dövlət daş olub Qaraçınqılı yaradır. Arpanın külü qapqara olduğu üçün Arpatəpəsi, həndəvəri isə Qaraqumsal adlandırılır. Həmin varlı deyirmiş: “Arpatəpə arpam oldu, Buğdatəpə buğdam oldu, Qaraçınqıl vardövlətim. Lakin axırda arxası şələli aşdım dağları...”.

 

***

 

Zəngəzurdakı saysız-hesabsız Oğuz qalaları, alban məbədləri, at və qoç heykəlləri qəbirüstü abidələri, daş sənduqələr Azərbaycan türklərinin yaratdıqları maddimənəvi dəyərlər idi. Təkcə bizim yaşadığımız Qarakilsə bölgəsindəki Urud, Ağdü, Şəki qalaları, künbəzlər Zəngəzurun qədim tarixindən xəbər verirdi. Zəngəzur deyilən ərazinin bütün toponimlərinin türk adlarından qaynaqlanması da bu yerlərin birmənalı şəkildə Azərbaycanın tarixi torpağı olmasını təsdiqləyirdi. Əlili (Salvard), Qarakilsə (Sisyan), Şenadağ (Lernaşen), Məliklər (Spandaryan), Dərəbas (Darbas), Saybalı (Sarnakuk), Məzrə (Bartsravan), Ağkənd (Aşotavan), Ərəfsə (Arevis), Təzəkənd (Tasik), Urud (Vorotan) kimi yaşayış məntəqələrinin adlarının erməniləşdirilməsi, həmin kəndlərin bir çoxunun isə 1905-ci ildə faşist Qazar Stepaniyanın hücumu zamanı yerlə-yeksan olunması düşmənin toponim genosidi, eyni zamanda, türkün bu yerlərdən izinin itirilməsi idi. Əlbəttə, bu addəyişmələrin miqyası ildən-ilə genişlənmiş, nəhayət, ötən əsrin 80-ci illərində tamamilə başa çatmışdı.

Doğulub boya-başa çatdığım Qərbi Zəngəzurun Qarakilsə bölgəsinin çox qədim, zəngin tarixi var. Burada alban mədəniyyətinə məxsus çoxlu abidə yerləşir. Təəssüf ki, həmin abidələrdən ermənilər öz xislətlərinə sadiq qalaraq, tarixlərini daha qədimə aparmaq üçün istifadə ediblər. Məsələn, Urud kəndi ərazisindəki qoç heykəlləri bütün dünyaya “ermənilərin daş dövrü abidəsi” kimi təqdim olunub. Ermənilər Qarakilsənin Urud kənd qəbiristanlığından orta əsr Azərbaycan ustaları, bədii daşyonma sənətkarları tərəfindən yaradılan daş qoç və qoyun heykəllərini, demək olar ki, daşıyaraq İrəvan şəhərinə aparıb, onların üstündə həkk edilmiş Azərbaycan xalqına məxsus kitabə və təsvirləri məhv edərək erməniləşdiriblər.

Qarakilsə bölgəsində ən böyük kənd bizim 800 evli Ağdü kəndi idi. Qonaqpərvərliyə, sədaqətə, mərdliyə görə dillər əzbəri idi. Öz tarixi mədəniyyətini, adət-ənənəsini, millimənəvi dəyərlərini qoruyub saxlayırdı. Faşist Qaragin Nijdenin, Dro Kamayanın yırtıcı əlləri kəndimizin günahsız insanlarının qanına batıb, 98 nəfər qanına qəltan edilib.

Ağdü toponimi türk mənşəlidir. Görkəmli tədqiqatçı alimlər Budaq Budaqov və Qeybulla Qeybullayev “Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti” kitabında yazıblar: “Ağdü Azərbaycanın Yelizavetpol quberniyasının Zəngəzur qəzasında (indiki Ermənistanın Sisyan rayonunda) kənd adıdır. Ermənistan ərazisində ən qədim, türk mənşəli toponimdir. Ağdü sözünün mənası türkcə “ağ”, “düzənlik”, “təpəlik”, “ucalıq” və “çəpər” mənasındadır. “Ağ” sözü ilə başlayan Ağdüz, Ağyazı, Ağyal, Ağbulaq, Ağtəpə, Ağsu, Ağdaş, Ağdam toponimləri mövcuddur. Lakin mənfur qonşular tərəfindən Ağdü toponimi dəyişdirilərək Aqxitu adlandırılıb. VII əsrin yadigarı qəbirüstü abidə, XII əsrdən qalma “Qala”, XVII əsrdə inşa edilmiş Günbəz, XVIII əsrdə tikilmiş 400 nəfər tutan məscid bizim Ağdü kəndindədir.

Kəndin iki qəbiristanlığı var idi. Qədim Ağyazı qəbiristanlığında at və qoç heykəlləri, daş sənduqələr diqqət çəkirdi. Min dörd yüz ilə yaxın tarixi olan nəhəng qəbirüstü abidə isə üçmərtəbəli idi. Abidənin birinci mərtəbəsində geniş meydança yerləşirdi. Meydançanın sonunda iki giriş qapısı olan tağvari ibadətxana tikilmişdi. İkinci mərtəbə yanlardan dördbucaqlı iki sütundan, ortada isə səkkizbucaqlı bir sütundan ibarət idi. Hər iki kənar sütun tağvari hörgü vasitəsilə orta sütunla birləşmişdi. Üçüncü mərtəbə isə gözəl memarlıq quruluşuna malik olan iki sütundan ibarət idi.

Qərbi Azərbaycan ərazisinin tarixi, mədəni, dini, memarlıq abidələri ilə zəngin bir bölgənin – Zəngəzur mahalının Qarakilsə rayonu ərazisindəki eramızdan əvvəl II minilliyə aid Qoşundaş tikili qalıqlarını, Zəngəzurun Səlim keçidi adlanan yerdə tikilmiş karvansarayı, Qaraqoyunlu dövlətində Çuxur-Səəd əmirlərinə aid Cəfərabad türbəsini, 8-ci İmam Rzanın nəvəsi Mir Davudun və Qara Vəli kəndində Seyid Əhmədin məqbərələri də tamamilə erməniləşdirilib.

Eramızdan əvvəl V–II minilliklərə aid Soyuqbulaq və Qarakilsə qayaüstü təsvirləri ilə Qobustan və Altaydakı qayaüstü təsvirlər arasındakı oxşarlıq, Nüvədi-Qarqadaşı yazıları ilə Orxon-Yenisey kitabələrinin dil və əlifba eyniliyi, qədim saray, qala və məbədlərin müxtəlif tarixi mənbələrdə əbədiləşən adları bu ərazilərin ən qədim dövrlərdən üzü bəri türk-oğuz boylarının ana yurdu olduğuna heç bir şübhə yeri qoymur.

Kompleks antropoloji-arxeoloji tarixi tədqiqatlar göstərir ki, Cənubi Qafqaz regionunda heç vaxt erməni dövləti olmayıb. Hətta açılan qədim qəbirlərdəki insanların kəllə sümükləri də bu ərazidəki etnosların yalnız türk-oğuz tayfaları olduğunu sübut edir. Arxeoloji qazıntılar zamanı Qafqaz ərazisində ermənilərə aid heç bir mədəniyyət abidəsi tapılmayıb.

 

ZƏNGƏZUR

 

Dünyada nə çoxdur gözəl yer, məkan,

Mənimsə qəlbimdə birdi Zəngəzur.

Dolanam başına Kəbədaşıtək,

Ocaqdı Zəngəzur, pirdi Zəngəzur.

 

Koroğlu nərəsi var qayasında,

İldırım iz qoyub hər qayasında.

Qoymaz məskən sala sar qayasında,

Dəyişməz namərdə mərdi Zəngəzur.

 

Gözüm yolda qalıb qulağım səsdə,

Hicrinə dözməyib olmuşam xəstə.

Nə qədər bülbülüm qaldı qəfəsdə,

De, kimə söyləyim dərdi Zəngəzur?

 

Hələ sərt küləklər əsir qoynunda,

İgidlər saxlanır əsir qoynunda.

“Çobanbinə” haylar gəzir qoynunda,

Kim səni güdaza verdi, Zəngəzur?

 

İnsafsız, mürvətsiz zamana gəldi,

Namərdin oxları köksünu dəldi.

Sərçə qəh-qəh çəkib qartala güldü,

Sənə də çaqqallar hürdü, Zəngəzur.

 

Ağdü Zəngəzurun kilid-açarı,

Ox kimi atılar düşmənə sarı

Yağı aşa bilməz bizim hasarı,

Yağı qabağında nərdi Zəngəzur.

 

Lələdağ, göz yaşı tökmək əbəsdir,

Edilən sitəmlər yurduma qəsdir.

Zəngəzur sağdırsa, o sənə bəsdir,

Günəş parçasıdır, nurdu Zəngəzur!