Qərbi Azərbaycana qayıdış hüququmuz ədalətin təminidir
Respublika. - 2025.- 21 iyun. - № 126. - S. 11.
Qərbi Azərbaycana qayıdış hüququmuz ədalətin təminidir
Nəzrin Eldarqızı
Azərbaycan dövlətçiliyinin mühüm dayaqlarından biri olan Konstitusiya bu gün həm beynəlxalq ictimaiyyətin diqqətində, həm də milli hüquqi düşüncəmizin mərkəzində dayanır. Məhz bu dəyərlərə söykənərək Bakı 18-19 iyun tarixlərində daha bir beynəlxalq tədbirə ev sahibliyi etdi. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin təşəbbüsü ilə təşkil olunan Ombudsmanların Beynəlxalq Simpoziumu həm rəmzi, həm də siyasi əhəmiyyət daşıyırdı. Tədbir Azərbaycan Respublikasında İnsan Hüquqları Gününə və eyni zamanda 2025-ci ilin "Konstitusiya və Suverenlik İli" elan olunmasına həsr edilmişdi. Simpoziumda 15-ə yaxın ölkədən ombudsmanlar, milli insan hüquqları təsisatlarının rəhbərləri və nümayəndələri, dövlət qurumlarının yüksək vəzifəli şəxsləri, deputatlar, beynəlxalq təşkilatların, vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri, hüquq ekspertləri iştirak etdilər. Bakı bu dəfə də dialoq və əməkdaşlığın mərkəzinə çevrildi.
Müstəqil Azərbaycanın ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə qəbul olunub. 1918-1920-ci illərdə cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti Əsas Qanununu qəbul edə bilməmişdi. Bu tarixi və hüquqi boşluq yalnız Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə aradan qaldırıldı. Ulu Öndərin hakimiyyətə qayıdışının ikinci ilində Konstitusiya layihəsi hazırlandı və dövlətçiliyimizin hüquqi təməli atıldı. Konstitusiyada dövlətin unitar, demokratik, hüquqi və dünyəvi xarakteri qəti şəkildə əks olundu. Bu sənəddə milli iradə, vətən sevgisi və gələcəyə inam təsbit olundu. Eyni zamanda, Konstitusiyada Azərbaycanın unitar dövlət olaraq tanınması, o dövrdə süni şəkildə yaradılmış "Dağlıq Qarabağ Muxtar Vilayəti"nin hüquqi əsası olmadığını bir daha beynəlxalq ictimaiyyətə nümayiş etdirdi.
Simpoziumun "Konstitusiya və Suverenlik İli" çərçivəsində keçirilməsi Ermənistan hakimiyyətinin əsassız konstitusion iddiaları fonunda mühüm siyasi və hüquqi mesajdır. Azərbaycan bu gün regional sabitliklə yanaşı, davamlı və ədalətli sülh üçün də Ermənistanı konstitusiyasını dəyişməyə çağırır. Bu çağırış normallaşma və sülh müqaviləsinin imzalanmasında əvəzsiz hüquqi şərt kimi önə çıxır. Çünki Ermənistanın hazırkı konstitusiya aktı, xüsusən də "müstəqillik haqqında bəyannamə"yə əsaslanan maddələr Azərbaycana qarşı açıq-aşkar ərazi iddiaları və tarixi saxtakarlıqları ehtiva edir. Bu isə istənilən hüquqi sənədin, xüsusilə də sülh müqaviləsinin legitimliyini və davamlılığını sual altına alır. Rəsmi İrəvan konstitusiya dəyişikliyini 2026 və ya 2027-ci ilə planlaşdırdığını bildirsə də, bu müddətin uzadılması regional təhlükəsizliyi təhdid edən hüquqi boşluq yaradır. Azərbaycan isə artıq beş il öncə - 44 günlük Vətən müharibəsində Ermənistanın hərbi təcavüzünə cavab olaraq işğal altındakı torpaqlarını azad etməklə fiziki təhdidi aradan qaldırdı. Amma hüquqi təhdidlər hələ də qalır və məhz bu səbəbdən Bakı beynəlxalq tribunalardan öz haqlı mövqeyini səsləndirir.
Azərbaycan tarix boyu hüquqi və ideoloji separatizmə qarşı mübarizə aparıb. 1918-ci ildən sonra erməni silahlı dəstələrinin və ideoloji mərkəzlərinin Qarabağ və ətraf rayonlarda həyata keçirdiyi separatçılıq fəaliyyəti Azərbaycan Xalq Cümhuriyyətinin süqutunda da mühüm rol oynadı. Həmin qüvvələr sonrakı dövrdə, o cümlədən Sovet imperiyası dövründə də Azərbaycanın hüquqlarını və ərazi bütövlüyünü pozmağa yönəlmiş fəaliyyətlərini davam etdirdilər. Xüsusilə "Dağlıq Qarabağ Muxtar Vilayəti" (DQMV) adı altında yaradılmış saxta inzibati struktur hüquqi baxımdan heç bir legitim əsas daşımırdı. Bu struktur çərçivəsində erməni separatçıları Azərbaycan türklərinə qarşı etnik təmizləmələr, soyqırımı aktları və insanlıq əleyhinə cinayətlər törətdilər. Bu cinayətlərin əksəriyyəti təkcə son 30 ildə deyil, 1918-ci ilin yazında da həyata keçirilib.
Azərbaycanın simpoziumdakı haqlı narahatlıqlarından biri də Ermənistanın milli insan hüquqlarını sistematik şəkildə pozması ilə bağlı oldu. Əsrlər boyu Azərbaycan türklərinin yaşadıqları, dədə-baba torpaqları olan indiki Ermənistan ərazisində ötən əsrdə yüz minlərlə soydaşımız vəhşicəsinə doğma yurdlarından qovulub. İnsanlar dövlət məmurları, sovet əsgərləri və erməni silahlı dəstələri tərəfindən işgəncəyə məruz qalıb, qətlə yetiriliblər. Təkcə 1988-1991-ci illər arasında 300 min azərbaycanlı Qərbi Azərbaycandan qovulub, zorla vətəndaşlıqdan məhrum edilib, evlərindən, mülklərindən, ailələrindən ayrı salınıb. Bu gün on minlərlə Qərbi azərbaycanlı öz doğma torpaqlarına dönməyi, mülkiyyət, vətəndaşlıq hüquqlarının bərpasını tələb edir. Amma Ermənistan dövləti bu reallıqdan boyun qaçırır. Bu faktlar təsadüfi deyil, çünki Ermənistanın dövlət siyasəti uzun müddət "etnik təmizləmə" strategiyası üzərində qurulub. "Türksüz Ermənistan", "Qarabağ Ermənistandır" kimi şüarlar cinayətlərin ideoloji əsası olub. Bu siyasətin nəticəsi isə 1918-ci ildən bu yana dəfələrlə azərbaycanlıların kütləvi şəkildə qətlə yetirilməsi, yurdlarından didərgin salınması və hüquqlarının məhv edilməsi ilə nəticələnib.
Prezident İlham Əliyevin simpozium iştirakçılarına ünvanladığı müraciətdə bu məsələlərin dövlət səviyyəsində prioritet olduğu bir daha qeyd edildi. Dövlət başçısı bildirib ki, Azərbaycanın hüquqi islahatları çərçivəsində ombudsman təsisatının mandatı beynəlxalq hüquqa tam uyğunlaşdırılır, bu sahədə institusional güclənmə davam edir. Prezident eyni zamanda simpoziumun bu əlamətdar tarixlərdə keçirilməsini demokratik dəyərlərin, qanunun aliliyinin və insan hüquqlarının təşviqi baxımından mühüm fürsət kimi dəyərləndirib. Simpoziumda xüsusilə qaçqınların və məcburi köçkünlərin hüquqları önə çəkildi. Qarabağdan olan məcburi köçkünlərin hüquqları 44 günlük müharibədən sonra bərpa olunmağa başlasa da, Qərbi Azərbaycandan qovulmuş 300 min soydaşımızın hüquqları hələ də beynəlxalq səviyyədə tanınmayıb. Dövlət başçısı bir daha diqqətə çatdırıb ki, ötən əsrin əvvəllərindən başlayaraq Qərbi Azərbaycandan yüz minlərlə azərbaycanlının sistemli şəkildə zorla çıxarılması və etnik təmizləməyə məruz qalması regionda hüquq və humanizm prinsiplərinin açıq şəkildə tapdalanmasının nümunəsidir: "Həmin dəhşətli deportasiyalardan sonra Ermənistan ərazisində bir nəfər belə azərbaycanlı qalmamış, bu ərazilərdə xalqımızın qədim tarixi-mədəni, dini-mənəvi irsi, o cümlədən abidələr, məscidlər, qəbiristanlıqlar məhv edilmişdir." Azərbaycan türklərinin varlığı, onların mədəni izləri, dini məkanları, qəbir daşları belə yer üzündən silinərək bir xalqın yaddaşı məhv edilməyə çalışılıb. Tarixi ədalət bu insanların öz vətənlərinə dinc və təhlükəsiz qayıdışını tələb edir. Ermənistan bu çağırışa beynəlxalq hüququn tələbi və sülhün şərti kimi yanaşmalıdır. Azərbaycan bu məsələdə nəinki öz vətəndaşlarının hüquqlarını müdafiə edir, eyni zamanda bölgədə barışıq və sabitliyin təməl şərtini səsləndirir.
Bakı simpoziumu bu baxımdan həm hüquqi tribunal, həm də mənəvi kürsü rolunu oynadı. Rəsmi Bakı bir daha Ermənistan rəhbərliyinə və beynəlxalq ictimaiyyətə açıq və qətiyyətli şəkildə mesaj verdi.Qərbi azərbaycanlıların pozulmuş, tapdanmış hüquqları bərpa olunmalıdır. Bu, sülhün bünövrəsidir.
