Qərbi Azərbaycan

Göy məscid

Göy məscid

İrəvan şəhərini təsvir edən bütün səyyahların və tədqiqatçıların əsərlərində həm ölçülərinin miqyasına, həm də gözəlliyinə görə şəhərin ən möhtəşəm memarlıq abidəsi kimi, Göy məscidin (digər adı Hüseynəli xan məscidi) adı birinci çəkilir. Miqyasına görə İrəvandakı Göy məscid Qafqazda ən böyük məscid olmuşdur. 

Şərq memarlığının nadir nümunələrindən hesab edilən Göy məscidin inşasına Hüseynəli xan Qacarın hakimiyyəti dövründə 1760-cı ildə başlanılmış, 1766-cı ildə başa çatdırılmışdır. 

İrəvanın mərkəzindəki “Örtülü bazar”la üzbəüz yerləşən Göy məscidin ölçüləri 97,2 m X 66 m idi. Məscidin adı onun günbəzinin göy rəngli kaşı ilə üzlənməsi ilə bağlı idi. Məscidin həyətində fontanlı daş hovuz tikilmiş, ətrafına sıx kölgəli ağaclar əkilmişdi. 

1936-cı ildən Göy məscidin binasında İrəvan səhər tarix muzeyi yerləşdirilmişdi. İkinci Dünya müharibəsi başladıqdan sonra Göy məsciddən bir müddət həm də hərbi sursat anbarı kimi istifadə edilmişdi. Müharibədən sonra Göy məsciddə həmçinin Təbiət muzeyi və 1952-ci ildən etibarən isə məscidin kiçik ibadət zalında astronomiya həvəskarları üçün Planetariya fəaliyyət göstərmişdir. 

Ermənistan müstəqilliyini əldə etdikdən və müsəlman ölkələri ilə diplomatik münasibətlər qurulduqdan sonra 1991-ci ildə Təbiət muzeyi, 1994-cü ildə isə Tarix muzeyi məscid kompleksindən çıxarıldı. 

1995-ci ildə İranla Ermənistan arasında imzalanan müqaviləyə əsasən İran hökuməti Göy məscidin yenidən qurulması xərclərini öz üzərinə götürdü. Məsciddə son  tamamlama işləri 2006-cı ildə başa çatdırılmışdır. Rekonstruksiya işləri məscid kompleksinin yalnız cənub-qərb və şimal hissəsində aparılmışdır. Göy məscidin 24 metrlik minarəsi, 28 hücrəsi, kitabxanası, böyük zalı, günbəzi və həyəti rekonstruksiya edilmişdir. 

Ermənistan hökumətinin 2015-ci il dekabrın 10-da keşirilən iclasında qərara alınmışdır ki, Göy məscid və onun yerləşdiyi ərazi istifadə hüququ ilə təmənnasız olaraq 99 illiyinə İran İslam Respublikasının Ermənistandakı səfirliyinə mədəniyyət mərkəzi kimi təhvil verilsin. 

Hazırda Ermənistan rəsmiləri Göy məscidi xaricdən gələn qonaqlara “Fars məscidi” kimi təqdim edirlər.