Qərbi Azərbaycan

İrəvan xanlarının diplomatik məktubları

Xalq qəzeti. - 2023.- 16 iyul. - № 147. - S. 9.

 

İrəvan xanlarının diplomatik məktubları

 

Bu külliyyat Qərbi Azərbaycanın kimlərin olduğunu təsdiq edir

 

Musa Quliyev,

AMEA Naxçıvan Bölməsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru

 

1747-ci ildə Azərbaycanda yaranan kiçik feodal dövlətlərdən biri də İrəvan xanlığı olub. Əsasən Qacarların idarə etdiyi bu xanlıq da Naxçıvan xanlığının siyasi taleyini yaşamışdır. O da Naxçıvan xanlığı kimi 1747-1797-ci illərdə müstəqil dövlət olmuş, 1797-1828-ci illərdə isə bu ərazi Qacarlar dövlətinin hökmdarı Fətəli şahın hakimiyyəti altına keçmişdir.

Tarixən qədim Azərbaycan torpaqlarını əhatə edən İrəvan xanlığı mürəkkəb və uzun tarixi yol keçmişdir. Sovet hakimiyyəti illərində erməni tarixşünasları İrəvan xanlığının yaranması, ictimai-iqtisadi vəziyyəti və siyasi tarixi haqqında arxiv sənədlərini öz xeyirlərinə dəyişmiş, uydurma kitablar yazmışlar. Bu azmış kimi, İrəvan və Naxçıvan xanlıqlarının tarixini heç zaman mövcud olmamış “Şərqi Ermənistan”la bağlayıb ictimaiyyəti aldatmışlar.

Bu sırada M.Q. Nersesyanın, Q.A. Ezovun, B.M. Arutyunyanın, V.R. Qriqoryanın saxtalaşdırmalarında olan kobud saxtalaşdırma və uydurmalarını İrəvan xanlığı haqqında tədqiqat aparmış alimlərimiz tarixi faktlarla, ilkin mənbə olan arxiv sənədləri ilə təkzib etmişlər. Fuad Əliyevin və Urfan Həsənovun “İrəvan xanlığı” (1997 və 2007-ci illər nəşri) , “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” (2010) monoqrafiyalarında əsl tarixi həqiqət elmi əksini tapıb.

Naxçıvan xanlığının tarixinə dair yazılmış monoqrafiyalarda da İrəvan xanlığı ilə bağlı xeyli məsələlərə toxunulmuşdur. Hər bir xanlığın tarixində olduğu kimi, İrəvanın dövlət idarəçiliyində xarici siyasət əsas yer tutur. Gürcüstanın paytaxtı Tiflis şəhərindəki Milli Əlyazmalar Mərkəzində rus şərqşünası Konstantin Nikolayeviç Smirnovun fondunda XVIII əsrdə İrəvan xanlarının qonşu dövlətlərlə yazışmaları (məktublar külliyyatı) saxlanılır.

İrəvan xanlarının məktublarını (197 məktub) 1936-cı ildə K.N. Smirnov kitab kimi nəşrə hazırlasa da, bugünədək həmin toplu nəşr olunmamışdur. Alimin “Giriş”də yazdıqlarından məlum olur ki, o, həmin dövrdə ərəbşünas Cahangir Qayıbovla birlikdə İrəvana yaradıcılıq ezamiyyətinə getmişdir.

Smirnovun yazdığına görə, məktubların orijinalı Ermənistanın Ədəbiyyat Muzeyində saxlanılır. Yazışmaların əksəriyyətinin fars dilində, bir neçəsinin isə ərəbcə olduğunu qeyd edən tərcüməçi daha sonra bildirir ki, diplomatik yazışmaların hamısının fotosurətini çıxartmış və gətirib Tiflisdə Dövlət Tarix Muzeyinə təqdim etmişdir.

Maraqlı haldır ki, şərqşünas Smirnov İrəvan xanlarının diplomatik məktublarını olduqca səmimi bir dillə təqdim etmişdir. O, bu məktublarla tanış olandan sonra Rusiya hərbiçilərinin Azərbaycan xanlıqları, o cümlədən İrəvan xanlığı haqqında bəsit fikirlərini kəskin tənqid etmişdir. Hətta, göstərmişdir ki, bu diplomatik yazışmalara ancaq qibtə etmək olar. Bu yerdə deyək ki, Məhəmməd xanın hakimiyyəti dövründə İrəvan xanlığının diplomatiyasının yüksək səviyyədə olduğunu önə çəkən müəllif yazmışdır: Görəsən, gənc xanın apardığı siyasətin arxasında kim dayanır?

Müəllif belə bir maraqlı suala özü də cavab verir: Bəzən deyirlər ki, diplomatik yazışmaların əsas müəllifi onun anasıdır. Amma bu doğru deyil. Çünki son illərdə aparılan araşdırmalar təsdiq edir ki, həyata keçirilən xarici siyasətin arxasında Qacarların kürəkəni, Məhəmməd xanın bacısının əri naxçıvanlı Kalbalı xan Kəngərli dayanırdı. Əslində, alim dolayısı yolla bu suala belə bir sualla da cavab vermişdir: Ağıllı bir siyasəti istiqamətləndirən İrəvan Taleyranı kimdir? Sonra alim yazmışdır: “Gənc xan belə yüksək səviyyədə hərəkət edə bilməzdi, ola bilər, bəlkə, bu onun Şadlı tayfasından olan anasıdır?”.

Həmin illər İrəvan xanlığım idarə edən “İrəvan Taleyranı” məhz Kalbalı xan idi. Yeri gəlmişkən, Smirnov məktublarda rast gəldiyi bir fikri burada da təkrarlayır: “Məhəmməd xanın anası Şadlı tayfasındandır”.

Onun anasını gürcü qızı yazanlar səhv edirlər. Smirnov qeyd etmişdir ki, məktublar külliyyatı nəfis xətlə yazılıb. Elə şairanə dildə yazılıb ki, bəzi yerləri tərcümə etməkdə çətinlik çəkirdik.

Bu məktublarda İrəvan xanlığının münşisi (katibi) Mirzə Məhəmməd Müslüm (ədəbi ləqəbi Əl-Qüdsi) haqqında da ətraflı məlumat vardır. Elə məktublar külliyyatını nəfis, orijinal və diplomatik dillə hazırlayan da Qüdsi olmuşdur.

K.N. Smirnov Qüdsi və onun yazı üslubu haqqında danışmaqla bərabər, həm də qeyd edir ki, Qüdsinin özü belə yazı formasına, təxminən, 40 səhifə ithaf etmişdir. Münşinin üslubu haqqında Smirnov yazmışdır: “Qüdsinin üslub nümunələri göstərir ki, ruslar Cənubi Qafqazın əyalətlərini tutmazdan əvvəl yuxarı təbəqənin mədəniyyət səviyyəsi işğalçıların fikirləşdiyi qədər köhnə, bəsit olmayıb. Xanlar təhsilli insanlarda elmi yarımçıqlıq hiss olunmasından utanardılar”.

Naxçıvan ölkəsinə aid yazdığı kitablarda Smirnov müəyyən qədər ermənipərəst mövqe tutsa da, İrəvan xanlarının məktublarından vəcdə gəldiyini gizlətməmişdir. Və bu çapa hazır kitablarda Yermolovu, Qriboyedovu və Sisiyanovu tənqid atəşinə tutmuşdur. “Məktublar külliyyatı”nı elmi dövriyyəyə daxil etmədən İrəvan və Naxçıvan xanlıqları haqqında ətraflı, doğru-dürüst söhbət açmaq, yazmaq mümkündürmü? Əlbəttə ki, yox!

Külliyyatda Türkiyə hökuməti ilə 13 məktub, o cümlədən Həsənəli xanın (Sarı Aslanın) 3 məktubu aşkar edildi. Dağıstan ləzgilərinə ərəb dilində yazılmış 6 maraqlı məktub və gürcülərlə, ruslarla diplomatik yazışmalardakı tarixi həqiqət xanlıqlar dövründə aparılan xarici siyasət barədə bəzi tədqiqatçıların yazdıqları ilə üst-üstə düşmür.

İndi “Məktublar külliyyatı”nın orijinalının fotosurətləri üzərində işləyirik. Əgər indi İrəvanda, Üçkilsədə (Matenadaranda) saxlanılan orijinallara əlimiz çatmırsa, Smirnovun 1936-cı ildə İrəvandan Tiflisə gətirdiyi fotosurətlər köməyimizə çata bilər. K.N. Smirnovun şəxsi arxivindəki çapa hazırlanmış kitabları nəşr etdirə bilsək, xalqımız bundan çox faydalana bilər.

Burada bir haşiyə çıxmaq yerinə düşərdi. Smirnov yazmışdır: “1936-cı ilin əvvəlində 564 sənədi (12 qovluqda) Tiflisə gətirdim. Onlar əsasən fars və türk, bir neçəsi isə ərəb dillərində idi. Ən köhnə sənədlər XVI əsrə aiddir”. Əlbəttə, alim sənədlərin orijinalını yox, fotosurətini dövlətin tapşırığı ilə Tiflisə gətirmişdir. Onun yazdığına görə, Qafqazda “Şərq dillərində olan sənədlərin kolleksiyası” Gürcüstan Dövlət Tarix Muzeyində olub, indi zaman Azərbaycanın xeyrinə işlədiyindən, ciddi elmi axtarışlar bu sənədləri də üzə çıxara bilər.

K.N. Smirnovun şəxsi arxivində 13 səhifəlik bir əlyazma da saxlanılır. “Cənubi Qafqazın xanlıqları XVI-XIX əsrin sənədlərində”. Burada Naxçıvan xanlığından da ətraflı söhbət açılır.

Həmçinin, 50 səhifəlik “Eçmiədzin İrəvan sənədləri” (Üçkilsə arxivindən gətirilən) bizim tariximizi əks etdirir. İrəvan xanlarının “Məktublar külliyyatı”nda Naxçıvan xanı Abbasqulu xanın İrəvan xanı Hüseynəli xana yazılmış məktubuna cavab olaraq onun Naxçıvan xanına, Kəngərli tayfasının ağsaqqalı, vəkili Kərim sultana və naxçıvanlılara məktubu, həmçinin İrəvan xanının münşisinin naxçıvanlı naşir Molla Məhəmmədə yazılan məktubları da var.