Kamil Əliyev
Kamil Müseyib oğlu Əliyev 1921-ci- ildə İrəvan şəhərində anadan olmuşdur. Dəfələrlə talelərinə qaçqınlıq faciəsi yazılan Əliyevlər ailəsi 30-cu illərdə Bakıya köçmüşdür.
K.Əliyev Ə.Əzimzadə adına Rəssamlıq Texnikumunu bitirdikdən sonra “Azərxalça”. İstehsalat Birliyində rəssam işləmişdir. İkinci Dünya müharibəsinin iştirakçısı Kamil Əliyev 1946-cı ildə ordudan qayıtdıqdan sonra Xalça İsehsalat Yaradıcılıq Kombinatında rəssam işləmiş, bir müddət Respublika Bədii Fonduna rəhbərlik etmiş, sonralar Bakı zərgərlik fabrikində direktor vəzifəsində çalışmışdır. 1950-ci illərdən etibarən Kamil Əliyevin yaradıcılığında süjetli xalıların və portret-xalçaların yaradılması aparıcı mövqe tutmuşdur. Bu illərdə sənətkar bir-birinin ardınca yüksək professionallıqla Azərbaycan klassiklərindən Füzulinin. Nizaminin, Nəsiminin, Mirzə Fətəli Axundovun, görkəmli dövlət xadimləri İndira Qandinin, Atatürkün, Heydər Əliyevin, Süleyman Dəmirəlin, Bill Klintonun, Vladimir Putinin portretlərini yaratmışdır.
Kamil Əliyev Azərbaycan xalçaçılığını yeni-yeni nəbati, həndəsi ornamentlərlə, yeni-yeni rəng qammaları ilə daha da zənginləşdirmişdir. Rəssamın əsərləri Paris, London, Tokio, Dehli, Ankara, İstanbul, Tehran, Moskva, Kiyev və başqa şəhərlərin nüfuzlu muzey və qalereyalarında nümayiş etdirilərək, tamaşaçıların hüsn-rəğbətini qazanmışdır. “Azərxalça” Birliyinin baş direktoru Kamil Əliyevin böyük və zəngin yaradıcı əməyi layiqincə qiymətləndirilmişdir. O, Azərbaycan Respublikasının Xalq rəssamı adına, ölkənin ən yüksək mükafatı olan "İstiqlal" ordeninə layiq görülmüşdür. Xalq dekorativ-tətbiqi sənəti sahəsində gördüyü səmərəli elmi işlərə görə ona professor elmi adı verilmişdir. Kamil Əliyev sağlığında muzeyi açılan ilk xalça ustası sayılır.
Professor Kamil Əliyev 2005-ci ildə Bakıda vəfat etmişdir.
