Qərbi Azərbaycan

Talın qalası

Talın qalası

Talın qalasının yerləşdiyi Talın mahalı coğrafi baxımdan İrəvan xanlığının şimal-qərbində Alagöz (Ələyəz) dağının cənub ətəklərində yerləşirdi. Talın qalası hazırda ermənilərin Daştadem adlandırdıqları qədim Aşağı Talın kəndinin cənub kənarında yerləşir. Qala əvvəllər Yuxarı Talın adlanan və hazırda Talin adlandırılan şəhərdən 4,5 km, İrəvan şəhərindən 65 km məsafədə yerləşir. Bu kompleks İçqala (yaxud Narınqala) və Bayırqaladan ibarətdir. İçqalanın şərq divarı üzərindəki ərəbcə kufi xətti ilə yazılmış kitabədə onun 1174-cü ildə Şəddadi əmiri Mahmud oğlu Sultan Şahənşah tərəfindən inşa edildiyi qeyd edilib. Yeddi sətirdən ibarət kitabənin sonuncu üç sətri hazırda oxunmaz hala düşüb. 

Qədim türkcədə "söyüdlük" mənasını verən "Talın" ifadəsini ermənilər dəyişdirərək hazırda mənası anlaşılmayan "Talin" sözü ilə əvəz etmişlər.

Bayırqala rus qoşunlarının İrəvan üzərinə hücumunun qarşısının alınması üçün sonuncu İrəvan xanı Hüseynqulu xan Qacar tərəfindən 1812-ci ildə inşa edilmişdir. Bayırqala 15 bürcdən ibarətdir. Bürclərin hər birində toplar yerləşdirilirdi. İçqala isə 8 bürcdən ibarətdir.  Rus qoşunları 1826-cı ildə Aşağı Talın qalasını ələ keçirmişdir. Bundan sonra Türkiyədən qaçıb gələn erməni ailələri Bayırqalanın ətrafında və daha sonra isə içərisində məskunlaşmışlar. Talın qalası 1918-ci ilədək İbrahim xanın və onun qohumlarının mülkiyyətində olub. 1918-ci ilin may ayında türk ordusunun önündən geri çəkilən erməni quldur dəstələri Talın qalasına hücum edərək orada yaşayan azərbaycanlıların əksəriyyətini öldürmüşlər. Qaladan yalnız bir neçə nəfər canlarını qurtararaq Qarsa qaça bilmişlər. 

Ermənilər Talın qalasının özlərinə məxsus olmasını əsaslandırmaq üçün sonralar İçqalada bir məbəd inşa etmişlər. 

Son dövrdə qala içərisində bir sıra qismən təmir-bərpa işləri aparılıb. 

Talın şəhəri qədim və orta əsrlərdə karvan yollarının üzərində yerləşirdi və onun yaxınlığında böyük karvansara inşa edilmişdi. Hazırda Talın karvansarası yarıuçuq vəziyyətdədir.