Qərbi Azərbaycan

Zal xan məscidi

Zal xan məscidi

İrəvanın Qala ilə Təpəbaşı massivləri arasında yerləşən Köhnə şəhər adlanan hissəsindəki məscidlərdən biri Zal xan və yaxud Şəhər məscidi adlanırdı. Məscid İrəvan xanı Zal xan dövründə 1649-cu ildə inşa edilmişdi. İrəvanda baş verən 1679-cu il zəlzələsi zamanı məscid dağılmış, 1687-ci ildə yenidən bərpa edilmişdi. 

Xarici görünüşünə görə Göy məscidə bənzəyən Zal xan məscidinin də dincəlmək üçün həyəti, sərin bağçası olmuşdur. Tədqiqatçıların verdikləri məlumata görə, Zal xan, yaxud Şəhər məscidi İrəvan şəhərinin mərkəzindəki hazırda Respublika meydanı adlanan əraziyə yaxın ərazidə olmuşdur. 1928-ci ildə Şəhər məscidinin böyük zalı sökülərək onun yerində Yerevan” hoteli inşa edilmişdir. Həmin hotel hazırda “Golden Tulip Hotel Yerevan” adlanır. 

Zal xan məscidinin mədrəsəsinin təyinatı İkinci Dünya müharibəsindən sonra dəyişdirilmişdir. Son vaxtlaradək həmin binada Rəssamlar evinin sərgi salonu yerləşirdi.

Azərbaycan Respublikası Dövlət Arxivində saxlanılan 1949-cu ilə aid bir arxiv sənədində Zal xan məscidinin sərgi zalı kimi istifadə edildiyi göstərilmişdir.