Qərbi Azərbaycan

Zərbəli Qurbanov

Zərbəli Qurbanov

Zərbəli Qasım oğlu Qurbanov 1932-ci ildə Basarkeçər rayonunun Nərimanlı kəndində anadan olmuşdur. 

Zərbəli Qurbanov ali partiya təhsili almışdı. Məktəb direktoru, kolxoz sədri, Basarkeçər rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri, 1981-1985-ci illərdə Amasiya rayon Partiya Komitəsinin birinci katibi, Zərbəli Qurbanov 1985-1988-ci illərdə “Sovet Ermənistanı”nın redaktoru, Ali Sovetin deputatı, Ali Sovet Rəyasət Heyəti sədrinin müavini olmuşdur. 

Zərbəli Qurbanovun redaktorluq illəri “yenidənqurma” və “aşkarlıq” pərdəsi altında erməni şovinizminin yenidən baş qaldırması dövrünə təsadüf etmişdir. 1987-ci ilin sonlarından etibarən “Sovet Ermənistanı” qəzetinin redaksiyası öz əməkdaşlarının təhlükəsizliyinin təmin edilməsi qayğısına qalmaqla yanaşı, həm də bütövlükdə Ermənistan ərazisində insan hüquqları kobudcasına pozulan, təzyiq və təqiblərlə üzləşən, ermənilərin zorakılıqlarına məruz qalan azərbaycanlıların hüquqlarının müdafiəçisi kimi çıxış etmək məcburiyyətində qalmışdı 1988-ci ilin sonunda “Sovet Ermənistanı” qəzetinin əməkdaşlarının böyük əksəriyyəti Azərbaycana köçmək məcburiyyətində qalmışdı. Ermənistan SSR Ali Soveti Rəyasət Heyəti sədrinin müavini, Ermənistan KP MK-nın, Ali Sovetin və Nazirlər Sovetinin orqanı olan qəzetin redaktoru kimi, Zərbəli Qurbanov 1989-cu ilin yanvarında Bakıya gələrək, Azərbaycan KP MK-nın birinci katibi Əbdürrəhman Vəzirovun qəbulunda olmuş, Ermənistanda yaşayan azərbaycanlılara qarşı ermənilərin etdikləri vəhşiliklər haqqında məlumat vermiş, etnik təmizləmə siyasətinin respublika rəhbərliyi səviyyəsində həyata keçirildiyini bildirmişdi. Lakin Azərbaycan rəhbərliyinin öz soydaşlarının taleyinə biganə qalması ermənilərə imkan verdi ki, etnik təmizləmə siyasətini qısa müddətdə başa çatdırsınlar. İrəvandakı Opera teatrının qarşısında keçirilən mitinqlərin birində “Sovet Ermənistani” qəzeti ilə haqq-hesab çəkmək təklif olunmuş, mitinqçilər redaksiya binasını mühasirəyə almışdılar. Xüsusi təyinatlı dəstənin mitinqçiləri dağıtması nəticəsində redaksiyanın 20-yə yaxın əməkdaşı girov vəziyyətindən azad olunmuşdular. Bir müddətdən sonra Zərbəli Qurbanov və redaksiyanın bir neçə əməkdaşı həmişəlik olaraq İrəvanı tərk etmək məcburiyyətində qalmışdılar.

Zərbəli Qurbanov 12 iyul 1994-cü ildə Azərbaycan Respublikası Qaçqınlarla və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsində kadrlar üzrə aparıcı müfəttiş vəzifəsinə təyin olunmuşdur.

1998-ci ildən ömrünün sonuna kimi Prezident Aparatının İşlər İdarəsində çalışmışdır.

Zərbəli Qurbanov 2003-cü ildə Bakı şəhərində vəfat etmişdir.