Qərbi Azərbaycan

Qərbi Azərbaycandan azərbaycanlıların etnik təmizlənməsinin mərhələləri və monoetnik erməni dövlətinin yaranması

Respublika. - 2023.- 15 dekabr. - № 274. - S. 4.

Qərbi Azərbaycandan azərbaycanlıların etnik təmizlənməsinin mərhələləri və monoetnik erməni dövlətinin yaranması

 

Nazim Mustafa,

tarix üzrə fəlsəfə doktoru

 

Qərbi Azərbaycan dedikdə indiki Ermənistan Respublikasının əhatə etdiyi, tarixən azərbaycanlıların yaşadığı coğrafi məkan nəzərdə tutulur.

Bu gün Ermənistan Respublikası adlanan dövlətin ərazisi tarixin müxtəlif dövrlərində Urartu, Sasani, Ərəb xilafəti, Sacilər, Şəddadilər, Səlcuqilər, Eldənizlər, İlxanilər, Teymurilər, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvilər, Əfşarlar, Qacarlar və çar Rusiyasının ərazisinə daxil olmuşdur. Tarixdə ilk erməni dövləti yalnız 1918-ci ildə Cənubi Qafqazda tarixi Azərbaycan torpağında yaranmışdır.

Cənubi Qafqazda ən gec məskunlaşan etnos ermənilərdir. Qədim türklər olan saklar, kimmerlər, hunlar, barsillər, oğuzlar, qıpçaqlar Qafqazda at oynadanda bu regionda ermənilərdən əsər-əlamət yox idi. İndiki Ermənistan ərazisində, həmçinin tarixən sabunçu, baharlı, bayandur, qacar, kəngər, qazax, əfşar, xalac, şamlı, ustaclı, türkman, ayrım, qarapapaq, qaramanlı, muğanlı və s. türk tayfaları yaşamışlar. Həmin ərazidə oğuzların 24 boyunun hər biri ilə bağlı yer-yurd adları tarixi ədəbiyyatda və xəritələrdə öz əksini tapmışdır.

Bu gün özlərini "hay" adlandıran toplum tarixi xristianlığın ən qədim kitabı hesab edilən İncilə və müxtəlif xalqların mifoloji qaynaqlarına uyğunlaşdırılmış, orada adları sadalanan şəxslərin prototipləri uydurulmuş və yer-yurd adları saxtalaşdırılmışdır.

1441-ci ildə Qaraqoyunlu hökmdarı Cahan şahın razılığı ilə erməni katolikosluğu Kilikiyadan İrəvan yaxınlığında Valarşabad kəndindəki Üçkilsəyə - Eçmiədzinə köçürülmüşdür. Həmin vaxtdan etibarən ermənilər İrəvan ətrafında məskunlaşmağa başlamışlar. Matenadaranda saxlanan alqı-satqı sənədlərində Üçkilsənin ərazisinin Azərbaycan ölkəsinin Çuxur-Səəd vilayətində yerləşdiyi qeyd edilir.

1747-ci ildə Nadir şahın ölümündən sonra 1828-ci ilədək Çuxur-Səəd bəylərbəyliyinin ərazisində feodal dövlət kimi İrəvan xanlığı mövcud olmuşdur. Son 200 ildə baş verən hadisələrin təhlili göstərir ki, Ermənistan dövləti Qərbi Azərbaycan ərazisində azərbaycanlıların zaman-zaman kütləvi qırğınlara, soyqırımlarına və deportasiyalara məruz qoyulması və həmin əraziyə ermənilərin kütləvi surətdə köçürülməsi nəticəsində meydana çıxmışdır. Qərbi Azərbaycandan azərbaycanlıların etnik təmizlənməsi beş mərhələdə həyata keçirilmişdir.

Qərbi Azərbaycandan azərbaycanlıların etnik təmizlənməsinin mərhələlərinin hər biri "Respublika" qəzetinin oxucularına təqdim edilir.

 

I mərhələ

 

Qərbi Azərbaycandan - indiki Ermənistan ərazisindən Azərbaycan türklərinin ilkin qaçqınlıq dövrü 1801-ci ildə Rusiyanın Şərqi Gürcüstanı ilhaq etməsi və bunun nəticəsində Şəmşədil və Loru-Pəmbək bölgələrinin rusların əlinə keçməsindən sonra başlamışdır. 1805-ci il oktyabrın 20-də Şörəyel sultanı Budaqla knyaz Sisianov Gəncədə Şörəyelin əbədi olaraq Rusiyanın tabeliyinə keçməsi haqqında sənəd imzalamışlar. Məhz bundan sonra ermənilərin həmin ərazilərə kütləvi axını başlamışdır.

1813-cü il oktyabrın 12-də Rusiya ilə İran arasında imzalanan Gülüstan müqaviləsinə əsasən Naxçıvan və İrəvan xanlıqları istisna olmaqla, bütün Şimali Azərbaycan xanlıqları Rusiyanın tərkibinə qatılmışdır. 1827-ci il iyunun 26-da rus qoşunları Naxçıvan şəhərini, sentyabrın 20-də Sərdarabad qalasını, oktyabrın 1-də isə İrəvan qalasını ələ keçirdilər. 1828-ci il fevralın 10-da imzalanan Türkmənçay müqaviləsinə əsasən sonuncu Şimali Azərbaycan xanlıqları - İrəvan və Naxçıvan xanlıqları Rusiyanın tərkibinə qatıldı. Martın 20-də I Nikolay "erməni vilayəti"nin yaradılması haqqında fərman imzaladı. 1829-1832-ci illərdə "erməni vilayəti"ndə keçirilən kameral siyahıyaalmanın nəticələrinə görə, İrəvan və Naxçıvan xanlıqlarının ərazisinə İran və Türkiyədən 57266 nəfər erməni (10631 ailə) köçürülmüşdür. Rusiya-İran (1826-1828), Rusiya-Türkiyə (1828-1829) müharibələri nəticəsində 359 müsəlman kəndi dağıdılmış, əhalisinin xeyli hissəsi qırılmış, qalanları isə qaçqın düşmüşdü. Həmin dövrdə "erməni vilayəti"ndə mövcud olan 1111 yaşayış məntəqəsindən cəmi 62 kənddə (erməni kilsələrinin ətrafında) ermənilər yaşayırdılar. İrandan köçürülən ermənilər İrəvan xanlığının 119 kəndində, Naxçıvan xanlığının 72 kəndində, Türkiyədən köçürülən ermənilər İrəvan xanlığının 128 kəndində, Naxçıvan xanlığının 4 kəndində yerləşdirildilər. Ermənilər, İran ərazisindən ermənilərin köçürülüb gətirilməsinə rəhbərlik edən rus ordusunun erməni əsilli polkovniki Lazaryevin yazdığı kimi, özlərinə Azərbaycan torpaqlarında "yeni vətən" əldə edirdilər. Nəticədə 1828-ci ildən 1830-cu ilədək Cənubi Qafqaza 40 min İran və 84 min Türkiyə ermənisi yerləşdirilmişdi. İrandan köçürülən erməni ailələrinin 1300-ü Zəngəzurda və Qarabağda məskunlaşdırılmışdı. 1877-1878-ci illər rus-türk müharibəsindən sonra keçmiş Azərbaycan xanlıqlarının ərazilərinə on minlərlə erməni köçürülmüşdü. Bu mərhələdə tarixdə ilk dəfə olaraq indiki Ermənistan ərazisində ermənilər sayca azərbaycanlıları üstələməyə başladılar.

 

II mərhələ

 

XIX əsrin 90-cı illərində Türkiyədə baş verən erməni üsyanları nəticəsində 300 minə yaxın erməni Qafqaza köçüb gəlmiş, region qan çanağına dönmüşdü. "Daşnaksütyun" və "Hnçak" partiyaları XX əsrin ilk illərində öz proqramlarında dəyişiklik edərək fəaliyyətlərinin ağırlıq mərkəzini Türkiyə ərazisindən Cənubi Qafqaza keçirmişlər.

Çar Rusiyasının hakim dairələrinin ermənipərəst mövqeyindən istifadə edən ermənilər Cənubi Qafqazda yeni erməni dövlətinin əsasını qoymaq üçün 1905-1906-cı illərdə azərbaycanlıların yaşadıqları ərazilərdə silah gücünə etnik təmizləmə siyasəti həyata keçirmişlər. Ümumiyyətlə, ermənilər 1905-1906-cı illərdə Cənubi Qafqazın 15 qəzasında (İrəvan, Naxçıvan, Şərur-Dərələyəz, Eçmiədzin, Aleksandropol, Novo-Bəyazid, Sürməli, Şuşa, Cavanşir, Cəbrayıl, Zəngəzur, Gəncə, Qazax, Ərəş, Borçalı) və 8 şəhərində (Bakı, İrəvan, Naxçıvan, Gümrü, Şuşa, Gəncə, Qazax, Tiflis) kütləvi qırğınlar törətmişlər. 1905-1906-cı illər qırğınları zamanı Cənubi Qafqazda 286 kənd viran edilmiş və 8 şəhər dağıntılara məruz qalmışdır. Hesablamalara görə, dağıdılan kənd və şəhərlərin təqribən 200-ü azərbaycanlı yaşayış məntəqələrinin payına düşür. Həmin illərdə Cənubi Qafqazın 15 qəzasında 1,3 milyon nəfər bir-birinə düşmən kəsilərək iki cəbhəyə bölünmüşdü. 15 mindən artıq ailə (təqribən 100 min nəfər) ev-eşiyindən didərgin düşmüş, təqribən 10 min nəfər insan tələfatı olmuşdur. Dağıntılara məruz qoyulan azərbaycanlı yaşayış məntəqələrinin bir qismi həmin vaxtdan etibarən xarabalığa çevrilmişdir. Sırf ermənilərdən ibarət anklavlar məhz o zaman yaranmışdı.

1905-1906-cı illərdə ermənilərin törətdikləri qırğınlar XIX-XX əsrlərdə azərbaycanlıların məruz qaldıqları soyqırımı və deportasiyalar silsiləsinin bir mərhələsidir. Bu qırğınlar ermənilərin Cənubi Qafqazda özlərinə dövlət qurmaq üçün yeni torpaqlar əldə etmək məqsədilə həyata keçirdikləri etnik təmizləmə siyasətinin tərkib hissəsi və ilk mərhələsi hesab edilir.

 

(ardı var)