Qərbi Azərbaycan

Hayların Qarabağa, Zəngəzura və İrəvana köçürülməsi

Xalq qəzeti. - 2021. – 23 dekabr. - № 279. - S. 9.

 

Hayların Qarabağa, Zəngəzura və İrəvana köçürülməsi

 

Yunis Hüseynov,

tarix üzrə fəlsəfə doktoru

 

Yunis Hüseynov Şuşada doğulub, böyüyüb. Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirdikdən sonra doğma şəhərə qayıdıb. Tarix müəllimi işləyib, məktəb direktoru olub, Təhsil şöbəsində müxtəlif vəzifələrdə çalışıb. Tarixçi kimi illər boyu Şuşanın keçmişi, mədəni abidələri ilə bağlı zəngin materiallar toplayıb. Erməni millətçilərinin Şuşa ilə bağlı iddialarını və separatçılıq çağırışlarını həmişə tutarlı faktlarla cavablandırıb.

Şuşa işğal edildikdən sonra Bakıda məskunlaşan Yunis müəllim Qarabağ tarixinə dair materialların öyrənilməsi ilə davamlı məşğul olub. “Qarabağnamələr” mövzusunda elmi iş müdafiə edərək tarix üzrə fəlsəfə doktoru adı alıb. Qarabağ tarixinə dair bir neçə kitabın, silsilə elmi məqalələrin müəllifidir.

Bu günlərdə həmin kitabları redaksiyamızın kitabxanasına təqdim edən 87 yaşlı Yunis Hüseynovdan qəzetimiz üçün erməni ideoloqların uydurmalarını ifşa edən, xüsusən onların Qafqaza gəlmə xalq olduğunu sübut edən yazılar hazırlamasını xahiş etdik. Alimin məqaləsini oxucularımıza təqdim edirik.

 

1804–1813-cü və 1826–1828-ci illərdə çar Rusiyası və Qacarlar İranı arasında hərbi toqquşmalar milli tariximizə Azərbaycan torpaqları uğrunda aparılan işğalçı və qarətçi müharibələr kimi daxil olmuşdur. Rusiya imperiyasının hakim dairələri Azərbaycanın şimal ərazisinin işğalından əvvəl, burada möhkəmlənmək və özləri üçün siyasi dayaq yaratmaq planlarını da işləyib hazırlamışdır. Azərbaycan ərazisində xristian əhalinin üstünlüyünü təmin etmək, ilk növbədə, qonşu İran və Osmanlı dövlətləri ərazisindən özlərini hay adlandıran erməniləri torpaqlarımıza gətirib məskunlaşdırmaq həmin məkrli siyasətdə mühüm yer tutmuşdur.

Nə üçün Rusiya imperiyası belə bir planı həyata keçirməkdə haylara arxalanırdı? İlk növbədə, ona görə ki, haylar rusların Cənubi Qafqaza işğalçılıq yürüşlərində fəal iştirak edirdilər. Torpağı, Vətəni, paytaxtı, dövlətçilik tarixi, folkloru, mədəniyyəti və tarixi şəxsiyyəti olmayan haylar, ruslara göstərdiyi bu nökərçilik xidmətlərinin əvəzində tarixi Azərbaycan torpaqlarına sahiblənmək istəyirdilər.

Qacar şahı Ağa Məhəmmədin Qarabağ xanlığına yürüşləri və Rusiya ilə İran arasında baş verən müharibələr qarabağlıların öz ata-baba torpaqlarından didərgin düşmələrinə səbəb olmuşdu. Bu yerin köklü sakinlərinin məcburi surətdə öz Vətənini tərk etməsi Qarabağda azərbaycanlıların sayının azalmasına təsir göstərməyə bilməzdi.

Rus hərbiçilərinin 1810-cu ildə verdikləri rəsmi məlumatda deyilirdi: “Mehrinin və Güney qəzası əhalisinin böyük əksəriyyəti Araz çayının o tayındadır. İmkan düşərsə, Mehri və Güney əhalisini, Xarvan, Kələvi, Düzəli çayları yaxınlığında yerləşən Qarabağ kəndlərinin Əbülfət ağanın yanına qaçmış qarabağlıları da bu taya köçürmək lazımdır”. Həmin məlumatda deyilirdi ki, Qarabağ xanlığından didərgin düşən və Qacarlar ordusu tərəfindən Araz çayından cənuba aparılan əhalinin sayı hədsiz dərəcədə çoxdur. Qarabağ xanlığının ərazisindən 2 min 628 ailə qaçmışdır. Həmin ailələrin 5 nəfərdən ibarət olduğunu təxmini hesab etsək, onların sayı 13 min nəfərdən çox olur. O zaman öz canlarını götürüb qaçan və Qacarlar məmləkətinə aparılan Qarabağ ailələrinin sayı 4 min 845 olmuşdur.

Rus hərb tarixçisi N.Dubrovin “Rusların Qafqazda müharibələrinin və hökmranlığının tarixi” əsərində yazdırdı ki, Şuşa şəhəri ətrafında gedən döyüşlərdən (1826–1828-ci illər) sonra bir gecə ərzində 20 min adam İrana keçməyə məcbur olmuşdur. XIX əsrin əvvəllərində Qarabağ xanlığından Şirvan vilayətinə 1500 nəfərə qədər ailə köç edərək orada 8 yeni kənd salmışdır. Onlar yeni məskunlaşdığı ərazilərdə ağır məhrumiyyətlərə düçar olmuş, aclıq, xəstəlik və iqlim şəraiti qarabağlıların kütləvi ölümləri ilə nəticələnmişdir.

Beləliklə, Rusiya–İran müharibələri zamanı Qarabağ xanlığında ərazinin xeyli hissəsi boş qalmışdır. Kəndlər yandırılmış, əhalinin əmlakı qarət edilmişdir. Təsərrüfatı bərpa etmək üçün Qacarlar məmləkətinə qaçan və aparılan əhalini geri qaytarmaq lazım idi. 1813-cü ildə Rusiya ilə Qacarlar sarayı arasında bağlanan Gülüstan sülhündən sonra 811 ailə İrandan bu taya gəlmişdi. Ümumiyyətlə, həmin sülh müqaviləsindən sonra 4 min qarabağlı ailəsi geri qayıtmışdır.

Ermənilərin Zəngəzura və Qarabağa köçürülməsi prosesinin ifrat hal alması və gələcəkdə törədəcəyi təhlükə ilə bağlı o zaman İrandakı rus səfiri A.S.Qriboyedov çara ciddi xəbərdarlıq etmişdir: “Əlahəzrət, olmaya, mərkəzi rus torpaqlarında ermənilərin (hayların) məskunlaşmasına icazə verəsiniz. Onlar elə tayfadırlar ki, bir neçə on il yaşadıqdan sonra dünyaya hayküy salacaqlar ki, bura bizim qədim dədə-baba torpaqlarımızdır”. 1823-cü ildən isə Rusiya imperiyası hayları kütləvi surətdə İrandan və Osmanlıdan Qarabağa köçürmək siyasətinə start vermişdir. 1828-ci il fevral ayının 10-da Rusiya ilə Qacarlar sarayı arasında imzalanan Türkmənçay sülh müqaviləsindən sonra hayların Qarabağ ərazisinə gətirilib məskunlaşdırılması misli görünməmiş hal almışdır. Müqavilənin XV maddəsi həmin kütləvi köçürmədən bəhs edirdi. Hayların Qacarlar məmləkətindən Şimali Azərbaycan ərazilərinə, o cümlədən də Qarabağa köçürülüb gətirilmələri üçün xüsusi komitə yaradılmışdı. Bu komitəyə milliyyətcə erməni X.Lazarev başçılıq edirdi. Sərhədə yaxın olduğu üçün o taydan gətirilən haylar ilk növbədə Zəngəzur mahalında yerləşdirilmişdir.

1823-cü ilə aid olan kameral (hesabat) təsvirdə göstərilirdi ki, Qarabağ əyalətində yaşayan 20 min 95 ailənin 15 min 729-u (78,3 faizi) azərbaycanlı, 4 min 366 ailə isə başqa millət və xalqların nümayəndələri idilər. 1829-cu il sentyabr ayının 14-də Rusiya ilə Osmanlı dövləti arasında imzalanan Ədirnə sülh müqaviləsindən sonra Türkiyədən hayların Şimali Azərbaycan ərazilərinə gətirilmələri daha da sürətlənmişdir. Bu köçürmənin nəticəsi olaraq, 1832-ci il məlumatına görə, Qarabağ əyalətində 13 min 965 azərbaycanlı, 6 min 491 hay ailəsi yaşayırdı.

Göründüyü kimi, Türkmənçay və Ədirnə sülh müqavilələrindən sonra gəlmə hayların Qarabağ əyalətində sayı birdən-birə xeyli artmışdır. Ermənilərin kütləvi surətdə torpaqlarımıza gətirilib məskunlaşdırılması, gələcəkdə onların ərazimizdə özləri üçün ayrıca dövlət yaratmaq həvəslərini artırdı. Hayların ərazimizə gətirilib məskunlaşdırılmalarında hay kilsəsi mühüm işlər görürdü. 1827-ci il noyabr ayının 11-də erməni qriqorian kilsəsinin başçısı (katalikos) Nerses Qafqazdakı rus qoşunlarının komandanı qraf İ.F.Paskeviçə məktub göndərərək hay dövləti yaratmaq haqqında təklifini bildirmişdi. Lakin o, keşişin dövlət yaratmaq haqqında təklifini rədd etmişdi.

Şimali Azərbaycan ərazisinə köçürülən hayların başçısı Lazarev 1829-cu il dekabr ayının 24-də İrəvanı işğal etmiş general Paskeviçə göndərdiyi məktubunda bildirirdi: “Hayların Qacarlar məmləkətindən köçürülməsi işlərinə 1828-ci ilin fevral ayının 26-dan başlanmışdır. Səylərimiz nəticəsində bu iş iyun ayının 11- də uğurla başa çatdırılmışdır. Bu müddət ərzində 8 min 149 hay ailəsi, bunlardan başqa 100 aysor ailəsi də İrəvan, Naxçıvan və Qarabağ əyalətlərinə köçürülmüşdür”. Paskeviç isə göstəriş vermişdir ki, gəlmə haylar üçün yeni kəndlər salınarkən azərbaycanlıların sıx yaşadıqları kəndlərin yaxınlığı nəzərdə saxlanılsın”.

1828-ci il mart ayının 21-də İrəvan və Naxçıvan xanlıqları əraziləri hesabına, Rusiya imperiyası “Erməni vilayəti” deyilən saxta inzibati qurum yaratmışdır. Bu qondarma “vilayətdə” 81 min 747 nəfər azərbaycanlı, Qacarlar məmləkətindən köçürülüb gətirilən 6 min 949 hay yaşayırdı. Türkmənçay və Ədirnə sülh müqavilələrindən sonra Qacarlar İranından 40 min və Osmanlı Türkiyəsindən isə 200 mindən çox hay ailələri qeyri-qanuni olaraq Rusiya imperiyası tərəfindən tarixi Azərbaycan ərazilərinə gətirilib məskunlaşdırılmışdır. 1849-cu il iyun ayının 9-da Rusiya imperiyasının hakim dairələri öz mövqeyini Şimali Azərbaycanda və eləcə də Zaqafqaziyada möhkəmlətmək üçün İrəvan quberniyası yaratmış, tarixi torpaqlarımızda hay ünsürləri üçün gələcəkdə dövlət yaradılmasının əsasını qoymuşdur.

Bütün bunlar bir daha göstərir ki, Rusiya imperiyası ilə İran və Osmanlı dövlətləri arasında getmiş müharibələr olmasaydı, nə Qarabağda, nə Zəngəzurda, nə də İrəvan torpaqlarında haylar da olmayacaqdı.

Tarixçi N.Şavrov 1911-ci ildə yazırdı ki, Qarabağın dağlıq (keçmiş dağlıq Qarabağ) ərazisində və Göyçə gölü ətrafında daha çox erməni (hay) məskunlaşdırılmışdır. Həmin ərazilərə 124 min hay köçürülmüşdür: “Zaqafqaziyada yaşayan 1 milyon 300 min nəfər erməninin (hayların) 1 milyondan çoxu yerli deyil və onları vilayətə biz köçürmüşük”.

İrəvan şəhərinin etnik tərkibini araşdıran hay tarixçisi Zaven Korkodyan “Sovet Ermənistaninin əhalisi 1831–1931-ci illərdə” adlı əsərində yazırdı: “1883-cü ildə İrəvan (Rəvan– Y.H.) şəhərinin 18 min 766 nəfər əhalisinin 15 min 992 nəfəri, 1886-cı ildə isə 27 min 246 nəfərdən 23 min 626 nəfəri, yəni 85,2 faizi azərbaycanlılar olmuşdur”.

1918-ci il may ayının 29-da qərb dövlətlərinin təzyiqi ilə Azərbaycan Xalq Cümhuriyyəti hökuməti müəyyən şərtlərlə İrəvan şəhərini paytaxt şəhəri kimi daşnak hökumətinə güzəştə getdi. Beləliklə də Qərbi Azərbaycan ərazisində qondarma hay dövləti yarandı. Bu faktlar bir daha göstərir ki, İrəvan şəhərinin haylara heç bir aidiyyəti yoxdur.

XX əsrin 20-ci illərində “Ermənistan” adlanan oyuncaq dövləti rus bolşevikləri Azərbaycanın Qərb torpaqlarında yaratmışdır. Vaxtilə bu məkanda İrəvan xanlığı yerləşirdi. Bura azərbaycanlıların tarixi Vətənidir. İrəvan şəhəri oyuncaq Ermənistan dövlətinin paytaxtı olandan sonra burada Azərbaycan xalqına məxsus bütün maddi-mədəniyyət abidələri, o cümlədən 8 məscid hay ünsürləri tərəfindən məhv edilmişdir.

Həqiqi tarix elminə bu günə kimi hayların dürüst mənşəyi məlum deyil. Onlar özlərini hay, haykanlar adlandırırlar. Xristianlığın müqəddəs kitabında hayları “toqorma” adlandırmışlar. Erməni sözü midyalılara məxsusdur. Hay sözü ərəbcə dəyişmiş, dəyişdirilmiş, maneə, əngəl kimi mənalar verir. Hazırda haylar təkcə tür soyu deyil, bütün bəşəriyyət üçün əngələ çevrilmişlər.

Yalnız öz maraqlarını düşünən, bəşəri xəzinəyə dəyərli heç nə verməyən bu toplumun özgə torpaqlarına yiyələnmək kimi yol verilməz cinayəti, nəhayət, ötən ilin payızındakı Qarabağ uğrunda savaşda ilk dəfə layiqincə cəzasını aldı. Azərbaycan Ordusu bütün dünya haylarının və onların havadarlarının himayə etdiyi və şirnikləndirdiyi işğalçı, quldur hay silahlı birləşmələrini darmadağın edib özgə torpaqlarına yiyələnməyin mümkün olmadığını bu haramxorlara sübut etdi.