Qərbi Azərbaycan

İrəvan karvansaraları

Orta əsrlərdən etibarən İrəvan şəhəri karvan yollarının kəsişdiyi məkanda yerləşdiyi üçün burada çoxlu karvansaralar və ticarət meydanları salınmışdı. Daşdan hörülmüş, ortasında kvadratşəkilli meydançaları, su hovuzları olan karvansaralar İrəvanın gözəl tikililərindən hesab olunurdu. Şəhərə gələn tacirlər karvansaralardan həm mehmanxana, həm də onun anbarlarından yüklərinin saxlanılması üçün istifadə edirdilər. Bəzi karvansaraların tövlələri də olurdu ki, yükdaşıyan heyvanlar orada saxlanılırdı.

İrəvan şəhərində müxtəlif dövrlərdə inşa edilən karvansaraların hər biri bir memarlıq nümunəsi idi. Lakin XX əsrin 20-30-cu illərindən etibarən İrəvan şəhərinin baş planının icra olunması nəticəsində şəhərin mərkəzində yerləşən həmin karvansaralar yer üzündən silinmişdir.

İrəvan şəhərinin Rusiya qoşunları tərəfindən işğalından sonra verilən məlumata görə, XIX əsrin birinci rübündə şəhərdə 7 karvansara mövcud olmuşdur: Culfa, Gürcü, Zərrabxana, Tahir, Sulu, Susuz, Hacı Əli. 

İrəvanın Baş bazarı Təpəbaşı məhəlləsi ilə Şəhər hissəsinin arasında yerləşdiyinə görə karvansaraların da əksəriyyəti Baş bazarın ətrafında yerləşirdi. 

XX əsrin əvvəllərinə qədər İrəvanda ən böyük karvansara Gürcü karvansarası olmuşdur. Tiflisə gedib-gələn karvanlar orada dincəldiyi üçün belə adlandırılmışdı. Gürcü karvansarası indiki Zakyan küçəsinin yerində və Çarens adına məktəbinin arxasındakı hündürmərtəbəli binaların arasında yerləşirdi. Karvansaraların bir qismi həmin küçədə yerləşdiyi üçün Çar Rusiyası dövründə “Karavansaraynaya” adlanırdı.

Sulu və Susuz karvansaraları birincinin öz ərazisində su mənbəyi olduğu üçün, ikincisinin isə su mənbəyi olmadığı üçün belə adlandırılmışdı. Culfa karvansarasının adı, Gürcü karvansarasında olduğu kimi, orada dayanan karvanların keçdiyi coğrafi istiqaməti göstərirdi. Tahir karvansarası ona sahib olan azərbaycanlı sülaləsinin adını daşıyırdı. İrəvan şəhərinin 1893-cü ilin sxematik planında onun Kərbəlayi Sadıx Hacı Tahir oğluna məxsus olduğu qeyd olunmuşdur.

Qeyd edilən karvansaralardan əlavə İrəvan şəhərində Əfşar, Sərdar, Şeyxülislam, Tağlı, Kömürçü, Hacı İlyas karvansaraları da mövcud olmuşdur. Sərdar karvansarası sonuncu İrəvan xanı Hüseynqulu xan Qacar zamanında 1805-ci ildə, Şeyxülislam karvansarası isə Qafqazın şeyxülislamı olan Fazil İrəvani tərəfindən 1872-ci ildə inşa etdirilmişdi.

İrəvan şəhərinin 1893-cü ilə aid sxematik planında orada 13 karvansaranın mövcud olduğu göstərilmişdir. 

Karvansaralar Ermənistanda sovet hakimiyyətinin qurulmasından sonra tədricən fəaliyyətini dayandırmış və tədricən yer üzündən silinmişdir.