Qərbi Azərbaycan

İrəvan müsəlman sakinli vilayət olmuşdur

Respublika.-2014.-8 iyul.-№ 143.-S.6.; 9 iyul.-№ 144.-S.6.

 

İrəvan müsəlman sakinli vilayət olmuşdur

 

Oxuculara təqdim olunan “İrəvan müsəlman sakinli vilayət olmuşdur” kitabı (İbrahim Quliyev fars dilindən tərcümə etmişdir) Güney Azərbaycanın tanınmış tarixçisi, mərhum doktor Səməd Sərdariniyanın çoxsaylı əsərlərindən biridir. Müasir Güney Azərbaycan tarixşünaslığında az müəllif tapılar ki, onun kimi yorulmaq bilmədən faktları, mənbələri və arxiv sənədlərini tədqiq edərək, tarixi həqiqətləri üzə çıxarmaq sahəsində zəngin irs qoyub getmiş olsun. “Azərbaycan mədəni dünyada”, “Təbriz əvvəlinci şəhərdir”, “Təbrizin Mərkəzi qeybi”, “Əli Müsyo”, “Təbriz Universiteti”, “Azərbaycan mətbuat tarixi”, “Təbriz teatrı”, “Bağır xan Salari-Milli”, “Molla Nəsrəddin Təbrizdə”, “Arazın hər iki sahilində soyqırım”, “Azərbaycan məşhurları” (3 cilddə) əsərləri müəllifin elmi axtarışlarının və yaradıcılığının bir hissəsidir. Onun şəxsi arxivində daha yeddi kitab, onlarca sanballı elmi məqalə oxuculara təqdim olunacağı günü gözləyir.

 

XIX əsrin sonunda Daşnaksütyun partiyasının yaranması və erməni qatillərinin bu partiya sıralarında cəmləşməsi dənizdən-dənizə böyük Ermənistan haqda xülyanı formalaşdırdı və onu müsəlmanlara qarşı mübarizədə ideoloji hədəfə çevirdi. Daşnaksütyun partiyasının yaranması ilə Qərbi Azərbaycan torpaqları, o cümlədən İrəvan və onun ətrafındakı bölgələr erməni əsarətinə düşdü.

Doktor Səməd Sərdariniyanın kitabını vərəqlədikcə son yüz ildən artıq bir müddətdə erməni cəlladlarının azərbaycanlılara qarşı törətdikləri çoxsaylı qətllərin, talan və zorakılıqların geniş panoraması göz önündə canlanır. Müəllifin kitabındakı çoxsaylı tarixi faktlar bu gün İrəvanı özünə paytaxt etmiş ermənilərin tarixi keçmişi bilərəkdən təhrif edib saxtalaşdırmalarına tutarlı elmi cavabdır.

Doktor S.Sərdariniyanın kitabı 1999-cu ildə (1379) İranda fars dilində nəşr edilmişdir. İranda qondarma erməni soyqırımına aid onlarca yazı dərc olunduğu halda, ermənilərin azərbaycanlılara qarşı törətdikləri cinayətlərlə əlaqədar çıxan əsərləri barmaqla saymaq olar. Bu baxımdan, ictimaiyyətimizin diqqətinə təqdim edilən bu kitab xüsusi əhəmiyyətə malikdir. Təbii ki, bizim oxucumuz əsərin hansı şəraitdə qələmə alındığını və hansı auditoriyaya ünvanlandığını nəzərə almalıdır. Eyni zamanda, qeyd etməliyik ki, əsərdə işlənən bəzi ifadələr və terminlərdə kiçik dəqiqləşdirmələr aparılmışdır.

 

Əkrəm Rəhimli (Bije)

 

Hazırda Ermənistan Respublikasının paytaxtı və əhalisi ermənilərdən ibarət olan bir şəhər, kimi tanınan İrəvan əsrlər boyu təkcə Azərbaycanın vilayətlərindən biri və müsəlman sakinli şəhər kimi deyil, həm də yadellilər qarşısında möhkəm qala hesab olunurdu. Belə ki, İran- Rusiya müharibələri zamanı şəhər əhalisi çar qoşunlarına qarşı müqavimət gostərərək onların qarşısını almışdı. İrəvan müsəlmanlarının bu kimi rəşadət və şücaətinə baxmayaraq, başqa səbəblərdən, o cümlədən ermənilərin xəyanəti nəticəsində İran-rus müharibələri İranın məğlubiyyəti ilə başa çatdı. Həmin tarixdən bu müsəlman sakinli vilayətin erməniləşdirilməsi siyasətinə başlanıldı. Ruslar İrəvan əhalisinin ermənilərin xeyrinə və onların məqsədlərinə uyğun olaraq erməniləşdirilməsi üçün hazırlığa başladılar.

Qafqazın işğalı üçün ermənilərin ruslarla gizli planı və əməkdaşlığı böyük Pyotr dövründən başlamış, onun xələflərinin hakimiyyəti, o cümlədən II Yekaterina dövründə də davam etmişdir. Nəhayət, İran-Rusiya müharibələri zamanı çarizm öz məqsədlərinə nail olmuşdur.

Fransız Jan Mari Karzu “Ermənistan 1915” adlı kitabında ermənilərlə tam həmfikirlilik nümayiş etdirsə də, kitabın 39-cu səhifəsində belə yazır: “İran və Türkiyə erməniləri İran-Rusiya müharibələrinin gedişində könüllü hərbi qruplar təşkil etməklə, Rusiyaya zəruri xidmətlər və köməkliklər göstərərək bu ölkənin qələbəsini asanlaşdırdılar. Çünki onlar bu məntəqənin müsəlman dövlətindən ayrılmasını bütün erməni millətinin azadlıq və istiqlalı yolunda ilk addım hesab edirdilər”.

Lakin bu müharibələrdə ruslara müqavimət göstərən Qafqaz müsəlmanları onların qəzəb və kininə tuş gəldilər. Əbdüləzim Rezai iki müharibə arasındakı şəraitə işarə edərək yazır: “Gülüstan müqaviləsində İranla Rusiya arasındakı sərhəd düzgün müəyyənləşdirilmədiyi üçün müharibə ikinci dəfə alovlandı. Bir tərəfdən, rus orduları Göyçəni işğal edərək, onu qaytarmaq tələbindən boyun qaçırırdılar, digər tərəfdən isə üləmalar cihada fitva verərək, Rusiya ilə müharibəni yenidən başlamaq üçün dövlətə təzyiq edirdilər. Abbas Mirzə, istəyinin əksinə olaraq, İran ordusunun komandanı təyin olundu. İlkin mərhələdə ruslar qəfil yaxalandılar. İran döyüşçüləri əldən getmiş bölgələrdə yaşayan müsəlmanların köməkliyi ilə xeyli irəli gedərək rusları Talışdan, Muğandan çıxardılar, Lənkəran limanını yenidən fəth etdilər. Bakı, Şəki, Şirvan camaatı da rus qarnizonlarına qarşı üsyana qalxdılar və həmin vilayətlər də ikinci dəfə İranın əlinə keçdi”.

Ruslar Arazın o tayındakı vilayətləri tutduqdan sonra heç vaxt bu bölgənin yerli sakinlərinə etimad göstərmədilər. Onların ermənilərə qol-qanad verməsi nəticəsində bu millətin nümayəndələri Rusiyanın iqtisadi, mədəni, siyasi, hərbi sahələrdəki tədbirlərində iştirak edərək nüfuz qazandılar. Lakin bütün bu himayədarlıqlara və məskunlaşmanın ermənilərin xeyrinə dəyişdirilməsinə baxmayaraq, 1918-ci ilə qədər ermənilər Qafqazın heç bir məntəqəsində əhalinin əksəriyyətini təşkil etmirdilər. Hətta erməni yazıçısı Anahid Terminasyanın dediyi kimi, bir çox əyalətlərdə, ümumiyyətlə, erməni yox idi. Adı çəkilən yazıçı əlavə edir: “Tiflis konqresinin əsas nigarançılıqlarından biri Qafqazda erməni milli ərazisinin olmaması idi. Yerli idarəetmə ilə bağlı muxtariyyət əldə etmək üçün ruslara xahişnamə ilə bərabər, zemstvolar təsis etmək üçün pərakəndə erməni camaatının yaşadığı çox məhdud sayda əyalət vahidlərinin planı da təqdim edildi”.

Özünün icad etdiyi “Böyük Ermənistan”ı hər bir işdə əsas götürən Daşnak partiyası milli ərazinin olmaması problemini vəhşi və cinayətkar üsullarla həll etdi. “İrəvan vilayətindəki 211 azəri (azərbaycanlı–Red.) kəndi xarabalığa çevrildi və 100 minlərlə insan qətliam olundu. Təxminən 300 min İrəvan azərisi məhv edildi…”.

Müsəlmanların soyqırımı və etnik təmizlənməsi sonralar da amansızlıqla davam etdirildi. Hazırda bu şəhərdə bir nəfər də müsəlman azəri yoxdur.

Təqdim olunan bu kitabda İrəvan tarixinin ilkin fomalaşma mərhələsindən başlayaraq daşnakların əli ilə müsəlmanların qətliama yetirilməsinə qədərki dövr araşdırılır. Əsərdə göstərilir ki, Çuxursəd vilayəti və onun mərkəzi olan İrəvan tarixən müsəlman ərazisi olmuşdur. İrəvan Azərbaycan əyalətinin dörd vilayətindən biri olan Çuxursəd vilayətinin mərkəzi idi. Bu vilayətin məşəqqətlər görmüş müsəlmanlarının cəsədləri üzərində təkcə Ermənistan Respublikası yaradılmamış, üstəlik, erməni ekstremistləri Dağlıq Qarabağa qarşı ərazi iddiası qaldıraraq, təcavüzkar rus ordusunun köməkliyi ilə Azərbaycan torpağına hücum edib Azərbaycan Respublikasının 20 faizdən çox ərazisini işğal etmişdir.

 

Qərbdən Sərqə qədər bütün yer üzü,

Bir insan bədəni kimidir, fərqi yoxdur.

Bədən ruha möhtac olduğu üçün

Bu bədənin də ruhu İrəvandır.

 

Mirzə Müslüm Qüdsi.

 

Müxtəlif dövrlərdə İrəvan Çuxursəd vilayətinin (Azərbaycanın vilayətlərindən biri) mərkəzi, İrəvan xanlığı, İrəvan vilayəti olmuş və nəhayət, Ermənistan Respublikasının paytaxtına çevrilmişdir. Bu şəhər 40 dərəcə 15 dəqiqə şimal enliyində, 44 dərəcə 35 dəqiqə şərq uzunluğunda, Ağrı dağının (Ararat) 55 kilometrliyində, Alagözün cənub-şərqində, Göyçə gölündən 65 km cənub-qərbdə və Araz çayının qollarından olan Zəngiçayın sol sahilində yerləşir. İrəvan şəhəri İrəvançay adlanan çayın kənarındadır.

İrəvan Ağrı dərəsinin şimal tərəfində 850-1300 metr hündürlükdə yerləşir. Şəhərdən iki çay (Qırxbulaq və Zəngiçay) axır.

“İrəvanın gözəl havası var, lakin qış uzun çəkdiyindən bərk soyuqlar olur. Əksər halda səur ayında (ordibehişt – bizim təqvimlə aprel) qar yağır… Tiflisin on fərsəngliyində şirin su dəryaçası var. Həmin dəryaçanın ətrafında, təxminən iyirmi fərsəngdə, şimal tərəfdə İrəvan yerləşir. Adı çəkilən dəryaçada bir zər (104 sm.-ə bərabər uzunluq ölçüsü) böyüklükdə forel balığı görünmüşdür”.

“Şərq tərəfdən İrəvanın 12 fərsəngində Ağrı dağı yerləşir. Camaatın fikrincə, Nuhun gəmisi orada yerə oturub. Dağ kifayət qədər yüksək olduğundan hava açıq və buludsuz olanda 2-10 fərsəng məsafə aydın görünür. Ağrı dağının hündürlüyü 17.266 ingilis futuna bərabərdir (3,5 ingilis futu, təxminən 1 İran “zər”i deməkdir). Ermənilər bu dağı Masis adlandırırlar. Etiqada görə, guya onların əcdadlarından olan Aram oğlu Masis bu dağı öz adına uyğun olaraq adlandırmışdır. Ancaq fransızlar onu Ararat, ərəblər Cudi adlandırırlar. Şardənin səyahəti zamanı İran əhalisi onu müqəddəs sayaraq deyirmiş ki, Nuhun gəmisi bu dağda dayanmaqla onu Yer kürəsinin başqa nöqtələrindən daha izzətli edib”.

İrəvan böyük İpək yolunun üstündə idi. Bu yol Çinin Tvan Hanq vilayətindən Kansu vilayətinə doğru uzanırdı. Oradan Şərqi Türküstana daxil olur, Beşbalıq, Almalıq, Otrardan keçərək Səmərqənd və Buxaraya çatırdı. Buxarada yolun əsas hissəsi  Mərv və Gürgandan keçərək Reyə gəlir, Reydən Qəzvinə, Zəncana, Təbrizə, İrəvana doğru uzanırdı. İrəvandan isə ya Trabzona, ya da Şamdakı limanlara qədər uzanardı. Köməkçi yol isə Səmərqənddən Xarəzmə, Xarəzmdən Həştərxana, oradan isə Don sahillərinə və Azov dənizinin limanlarına gəlib çatırdı”.

Mərv hakiminin vəziri Məhəmməd Kazım Mərvi yazır: “Bu bölgədə hündürlükdə və möhkəmlikdə tayı-bərabəri olmayan iki qala vardır: Rum keçidində İrəvan qalası, Türküstan keçidində Mərv qalası”.

“İrəvan qalası memarlıq baxımından da Şərqin türk  məntəqələrinin mühüm mədəniyyət abidələrindən hesab olunur. Qalanın 50-60 bürcü olmuşdur. XVIII əsrin nadir və qiymətli incilərindən olan Xan sarayı və Göy məscid kimi bu qala da səyyahları həmişə heyrətə salmışdır. Qaladan əlavə, burada 7 məscid, 2-3 mərtəbəli evlər, kişi və qadın hamamları, xeyli sayda karvansaralar və digər abidələr olub. İrəvanın Gürcü, Culfa, Sərdar, Tağlı, Sulu, Susuz, Hacəli karvansaralarının hər birində onlarca dükan fəaliyyət göstərirmiş”.

İrəvan qalası haqqında söhbət açan bir çox səyyahlar və tədqiqatçılar buranın yer adlarını da qeyd etmişlər:

Məhəllələr: Şiləçi, Sabunçu, Boyaqçı, Toxmaq, Təpəbaşı, Dəmirbulaq, Bağçalar, Yoncalıq, Burəkçi və s.

Karvansaralar: Gərçi, Culfa, Sərdar, Tağlı, Sulu, Susuz, Hac Əli və s.

Bulaqlar: Dəmirbulaq, Qırxbulaq, Dolmabulaq, Sərdar bulağı və s.

Çaylar: Gedər çay, Qırxbulaq, Zəngiçay və s.

Bağlar: Dərə bağı, Dəmirbulaq, Dərəkənd, Şəhər, Abbas bağı və s.

Meydanlar: Məscid meydanı, Zalxan meydanı, Fəhlə meydanı, Böyük meydan, Şəhər meydanı və s.

Məscidlər: Göy məscid, Qala məscidi, Hacıbəyim məscidi, Zalxan məscidi, Günlüklü məscid, Günbəzli məscid, Şəhər məscidi, Noruzəli məscidi.

Ad. İrəvan – Rəvan – Erivan adlanan bu şəhər Ermənistan sovetləşdikdən sonra “Yerevan” adlandırılmışdır.

Tarixi keçmiş. Bartoldun yazdığına görə, “İrəvanın əsası hicri tarixinin başlanğıcında qoyulsa da, həmin təqvim üzrə IX əsrə qədər o, kiçik bir kənd olub. Qeyd edilən tarixdən sonrakı əsrdə İrəvan şəhərə çevrilmişdi”.

“Miladi tarixi ilə 661-ci ildə İrəvanın əsası qoyulmuşdu”.

Jan Yunir yazır: “…Hündür təpələr İrəvanın qərb hissəsinin yaxınlığında idi. Həmin təpələrdə miladdan əvvəl 3-cü minillikdə metaləritmə ocaqları olmuşdu. Orada dəmir əridir, polad əldə edirdilər. Həmin təpələrdə aparılan tədqiqatlar nəticəsində bir çox arxeoloqlar burada qədimdə dulusçuluğun dəmir əritmədən və dəmirçilikdən əvvəl olması barədə fikir irəli sürürlər”.

İlk dəfə Səfəvi hökmdarı Şah İsmayıl Xətainin göstərişi və onun vəziri Rəvanqulu xanın başçılığı ilə XVI əsrin əvvəllərində şəhərə çevrilərək hasara alınmışdı. Nadir şahın qətlindən sonra İrəvanda iğtişaşlar və qarışıqlıq baş verdi. Osmanlı dövləti İranın daxili işlərinə müdaxilə etmədi. Öz müstəqilliyini elan etmiş İrəvan digər Azərbaycan xanlıqları kimi müstəqil türk əmirliyi oldu”.

İrəvan uzun əsrlər boyu yerli türkdilli tayfaların, o cümlədən Qacar qəbiləsinin bir qolunun məskəni olub. Etimadüs-səltənənin yazdığına görə, “bu tayfalardan biri “yuxarıbaş”, digəri isə “aşağıbaş” tayfası kimi tanınırdılar. Bu iki adla çağırılan eyni tayfa haqqında fransız və İran tədqiqatçıları bildirirlər ki, çayın yuxarı hissəsində yaşayanlar “yuxarıbaş”, aşağı hissəsində yaşayanlar “aşağıbaş” adlandırılmışdı.

Mənbələrin verdiyi məlumata görə, Tiflis-İrəvan arasında dəmir yolu 1902-ci ildə, Culfa-İrəvan dəmir yolu isə 1908-ci ildə çəkilmişdi. İrəvan şəhərinin adı sovetlər  dövründə  “Yerevan” olmuşdu.

Bunu da qeyd edirlər ki, qədimdən Astarabadda yaşayan Qacar tayfası buraya  gəlməzdən qabaq “Qovanlı” kimi tanınırdı.

“Dəvəllu adlanan tayfa da İrəvan ətrafında eyni adlı kənddə yaşadığına görə Dəvəllu adlanmışlar”.

Abbasqulu ağa Bakıxanov yazır: “Əmir Teymur Rum, Şamdakı  tayfalardan (Gəncə ətrafındakı Ayrım tayfası da həmin qəbildəndir) əlli min türk ailəsini Gəncə, Qarabağ və İrəvan ərazilərində yerləşdirmişdi. Həmin yerlərin əksər əyalətlərinin əhalisi onların nəslindəndir”. O, başqa bir yerdə qeyd edir: “İrəvan, Gəncə, Qarabağ əhalisinin və əmirlərinin çoxu Qacar nəslindən idi”.

Çuxursəd. Bu gün Ermənistan Respublikası adlanan torpaq əsrlər boyu Çuxursəd adını daşımış yurdun bir hissəsidir.

Professor Minorski Mirzə Səmianın “Təzkirat-ül Moluk” kitabı üzərində apardığı araşdırmalarla bağlı yazdığı şərhdə Çuxursəd vilayəti haqqında yazır: “Çuxursəd sonradan geniş yayılmış coğrafi bir termindir. O, ilk dəfə Səfəvilər dövründə daha çox İrəvan əyaləti haqqında işlənib. “Aləmara”nın 168-ci səhifəsində qeyd olunur ki, Qars Çuxursədlə Ərzurum arasında yerləşir. Həmin kitabın 558-ci səhifəsində yazılıb ki, Çuxursəd Axısxada qurtarır və onunla həmsərhəddir. “Çuxursəd” türk dilində “çökək yer” kimi şərh olunur. Göründüyü kimi, burada Arazın iki tərəfindəki çökəklik nəzərdə tutulur”.

Əllamə Mirzə Məhəmməd xan Qəzvini yazır: “Aləmaraye-Abbasi”də və qaim-məqamın ədəbi yazılarının bir-iki yerində adı çəkilən və müsyö Minorskinin qeydində tez-tez bəhs olunan Çuxursəd İrəvanın yaxınlığında yerləşir”. Bu cümlə “Aləmara”da yüz dəfələrlə təkrar olunur. Deyilənə görə, o yer Naxçıvan və Qarabağın sərhədində bir vilayət olub. Əllamə Qəzvini “Səəd” adının izahından xəbərsiz olduğunu bildirsə də, Faruq Sumer onu “Səədlu” tayfası ilə əlaqələndirir və yazır: “Səədlu tayfası Qaraqoyunlu qəbiləsinin ətrafında cəmləşmiş və bu ad (Qaraqoyunlu) altında bir konfederasiya yaratmış digər tayfaların başında dayanmışdılar. Bu tayfa öz adını miladi təqvimi ilə XIV əsrdə (Ehtimal ki, qeyd olunan əsrin ikinci yarısının ortalarında və yaxud əvvəllərində – müəllif) tayfanın idarə edilməsinə məsuliyyət daşıyan tayfa başçısı və əmiri “Səəd”in adından götürmüşdü. Belə görünür ki, bu əmirlə Qaraqoyunlu qəbiləsi arasında qohumluq əlaqəsi olmuşdu.

Professor Faruq Sumer Çuxursəd vilayəti ilə bağlı qiymətli tədqiqat aparmışdır. O, bu haqda yazır: “… Çox uzun araşdırmalardan sonra gəldiyim nəticəyə görə, iranlı müəlliflərin Çuxursəd adlandırdığı məntəqə Ərivanın qərb və cənub-qərb hissəsində bir bölgə olmuşdur. Osmanlı mənbələrində “Səəd çuxuru” kimi verilmişdir. Bu nahiyə qərbdə Araz və Arpaçayın qovuşağına, cənubda isə Araza qədər uzanırdı. Bildiyim qədər, bu kəlmə ilk dəfə “Kitabi-Diyarbəkriyyə” kitabında işlənib. Çələbinin gündəliyində Yavuz Sultan Səlimin Səfəvilərlə müharibədən qayıdarkən düşərgə saldığı yerlər arasında bu bölgənin də adı çəkilmişdir (Məsələn, “Çuxursədin ətraflarından sayılan Hacılaləli yaxınlığında Kiçik Vadi kəndi və Böyük Vadi kəndindən aşağı” cümləsində Çuxursədin adı çəkilir – müəllif). Orada daha sonra yazılır ki, üçüncü gün saat 5-də Çuxursəd ətrafındakı Zəngi çaydan keçib, Dəvəli Ömər kəndini və Keçi Vəli yurdunu arxada qoyaraq İrəvan şəhərinin yaxınlığına endilər. Dördüncü  gün saat 6-da Çuxursəd ətrafındakı təpədən keçib “səkkiz mənzillikdə” düşərgə qurdular. Həm sol, həm də arxa tərəf dağ idi. Burada adı çəkilən Çuxursəd və onun ətrafındakı yerlər böyük miqyaslı coğrafi xəritələrdə də qeyd olunur”.

Mirzə Səmia “Təzkirətül-müluk” əsərinin sərhəd əmirlərinin və xidmətdə olan şəxslərin tiyul və məvacibinə dair fəslində Səfəvilər dövründə Azərbaycan əyalətinin dörd bəylərbəyliyinə bölündüyünü aşağıdakı kimi şərh etmişdir: a) Təbriz, b) Çuxursəd, c) Qarabağ, d) Şirvan.

Beləliklə, mərkəzi İrəvan olan Çuxursəd vilayəti Azərbaycanın dörd əyalətindən biri olmuş və aşağıda qeyd olunan 8 inzibati əraziyə bölünmüşdür:

1. Naxçıvan – Arazın sol sahilində.

2. Maku – Arazın sağ sahilində (Çaldıran çölü də bura daxildir)

3. Zarzəbil – Göyçə gölünün cənubi-şərq hissəsində Zarzəbil adlı kənd.

4. Sədərək – İrəvandan Naxçıvana gedən yolun yarısındakı (Şərur nahiyəsində yerləşir).

5. Bayəzid – Ağrı dağının cənubunda yerləşir.

6. Şadilu –  Ağrı dağının yaxınlığında yerləşir.

7. Dünbüli kürdləri – Türkdilli olmayan bir elin bir hissəsi olmasını ehtimal etmək olar.

8. Məğazberd – Arpaçayın qərb tərəfində, İranın şimal-qərbində son nöqtə hesab olunan “Əfi” xarabalığının yaxınlığındadır. Səfəvi-Osmanlı müqaviləsində (hicri-qəməri 1049, miladi 1639-cu il) onun adı çəkilmişdir.

Çuxursəd adı çəkilən vilayətin adı olmaqla bərabər, bu vilayətdəki kəndləri və məntəqələri də əhatə edirdi. Etimadüs-səltənə yazır: “Çuxursəd kəndləri İrəvan və Şərur yerləridir. Türkmən Əlvənd paşa ilə Şah İsmayıl bu yerdə döyüşmüşdür”.

 

İrəvan Şah İsmayıldan Şah Abbasa qədər

 

Şah İsmayıl Xətai qiyamının başlanğıcında Ərdəbilin coğrafi mövqeyini iqamətgah üçün münasib bilmədiyindən, Çuxursəd vilayətinə getdi. Hicri-qəməri tarixi ilə 905-ci ildə (miladi təqvimi ilə 1500-cü ilin baharında) Ərdəbili ziyarət etdikdən sonra Göyçə gölü tərəfə yola düşdü. Zahirən bu səfərin məqsədi sultan Hüseynlə ittifaq bağlamaq kimi görünsə də, əslində o, Anadoluya getmək istəyirdi. O, qışlaqda çadır qurduğu vaxt bir neçə qasidini müridləri hazırlamaq üçün Anadoluya göndərdi. Qasidlərdən biri — Həmzə bəy Qoçoğlu öz qəbiləsinə tərəf yola düşdü. Burada özünü Cahanşah Qaraqoyunlu nəslindən hesab edən Hüseyn Baraninin iddiası barədəki fikirləri bir kənara qoysaq, o zaman İsmayılın ətrafında xeyli insanın toplaşması barədə deyilənləri qəbul etməliyik. Şeyx Səfəvi Hüseyn bəyin əli ilə tutulmasından qorxduğu üçün gecə vaxtı öz müridləri ilə birgə həmin yerdən qaçdı və İrəvanın cənubundakı Çuxursədə gəldi. Burada ona doqquz dəstə (doqquz övlam) birləşdi. Səfəvilərdən olan Qaraca İlyas da tabeliyindəki şəxslərlə öz şeyxinin hüzuruna gəldi. İsmayıl yoluna davam edərək Qaqızman, Ərzurum və Tərcandan keçib Sarıqaya adlanan yerin cənubunda qışı keçirdi (hicri-qəməri tarixi ilə 905-ci il / miladi tarixi ilə 1500-cü il). İsmayıl burada ustaclı qəbiləsinin çavuşlu tirəsindən ata babası Süleyman olan oğulları qəbul etdi. İsmayıl 2 aydan artıq Sarıqayanı özünə məskən seçdi. Bu müddətdə o, mağarada yaşayan və yerli əhalinin rahatlığını pozan böyük ayını oxla ayağından vuraraq müridlərini heyrətləndirdi və sonra Ərzincana getdi”.

Şah İsmayılın Ağqoyunlu Əlvənd Mirzə ilə döyüşü də hicri-qəməri tarixi 907-ci ildə (miladi 1501-ci ildə) Çuxursədin Şərur tərəfində baş verdi.

Əlvənd Mirzənin 30 minlik, İsmayılın isə 7 minlik qoşunu (Hüseyn bəy Rumlunun yazdığına görə, əksəriyyəti cələfsiz idilər) Şərur yaxınlığında üz-üzə gəldilər. Dərhal aydın oldu ki, Ağqoyunlu qoşunu döyüşə yaxşı hazırlaşmayıb, çünki əsgərlərin fərariliyinin qarşısını almaq üçün “göstəriş verildi ki, bütün dəvələri toplayıb zəncirlə bir-birinə bağlasınlar və qoşunun arxasında saxlasınlar. Beləliklə, hər kim  vahiməyə düşüb vadiyə tərəf qaçsa, yolu bağlanacaqdı”.

Əlvənd Mirzənin ən cəsur əsgərlərindən bir neçəsi – Lətif bəy, Seyid Qazi bəy (Seyid Qazi), Musa bəy, Məhəmməd bəy Qıçığai qətlə yetirildilər. Tezliklə Ağqoyunlu qoşunu darmadağın edildi və dəvələrin səfi onların qaçmasına mane oldu. Əlvənd isə çox çətinliklə də olsa,  döyüş meydanından qaça bildi. Səfəvilər bu döyüşdə böyük qənimət əldə etdilər. “Aləmara”da yazılanlara görə, həmin döyüşdə 18 min adam həlak olub.

Şərur döyüşündəki qələbə Azərbaycanı İsmayılın ixtiyarına verdi. O, bu qələbədən sonra Təbrizə doğru hərəkət etdi və burada xüsusi ehtiramla  qarşılandı.

İsmayılın Təbrizə gəlişi Azərbaycan tarixində böyük bir hadisəyə çevrildi. Həmin vaxtdan Səfəvi sülaləsinin şahlığının əsası qoyuldu.

İrəvan Şah İsmayıl Səfəvi dövründə əsas  şəhərlərdən biri kimi formalaşdı. O, daim Şah İsmayılın xüsusi diqqətində olmuş və sərkərdə Rəvanqulu xanı bu bölgəyə  hakim təyin edərkən  şəhərin abadlaşdırılmasına diqqət yetirməyi ona tapşırmışdı.

İrəvan Dövlət Universitetinin professoru, doktor Georgi Nalbandyanın yazdığına görə, Şah İsmayıl Çuxursəd vilayətinin tiyuldarlıq haqqını yığmağı böyük rumlu nəslinə  tapşırmışdı. Bu nəslin hakimlərindən biri Divsultan Rumlu idi. Əldə olan tarixi məxəzlərə görə, Divsultan Rumlu İrəvanda diqqətçəkən tikinti işləri aparmışdı. Onlardan biri də böyük  məscid olmuşdu.

Məşhur fransız səyyahı J.Şardən öz “Səfərnamə”sində keçdiyi  gözəgəlimli və diqqətəlayiq yerləri sadalayıb təsvir edərkən erməni xəlifəliyinin ətrafındakı viran olmuş bir məscidin də təsvirini verir. O, qeyd edir ki, həmin məscid onun bünövrəsini qoyan şəxsin adı ilə “Divsoltan məscidi” adlanır.

Divsultan Rumlu Şah İsmayıl zamanında onun oğlu Təhmasib Mirzənin tərbiyəçisi və lələsi olmuşdur. Məlum olduğu kimi, Təhmasib 10 yaşında atasının vəliəhdi və canişini təyin olunmuşdu”.

“Şah İsmayıl hərbi-strateji baxımdan önəmli olan İrəvan qalasının təmiri və möhkəmləndirilməsi barədə əmr verdi, şəhər və qala sonralar dəfələrlə osmanlıların hücumuna məruz qaldı.” Bu, osmanlılara müqavimət göstərmək və əməliyyat aparmaq üçün İrəvan vilayətində şahın əmri ilə iki silahqayırma müəssisəsinin tikilməsinə səbəb oldu… İrəvan bəylərbəyliyi sikkə buraxmaq hüququna da malik idi”.

Səfəvi və Osmanlı dövlətləri arasında daimi ixtilafların bir səbəbi də   İrəvan vilayətinin yerləşdiyi ərazi ilə bağlı olmuşdur. Vilayətə sahib olmaq üstündə tərəflər bir neçə dəfə üz-üzə gəlmişlər.

Şah İsmayılın hakimiyyəti dövründə ən ağır döyüşlər Çuxursəd vilayətində və Çaldıran çölündə getmişdir. Çaldıran döyüşündəki məğlubiyyət Şah İsmayılı sındırmışdır. “Bu qələbədən sonra Sultan Səlim öz adəti üzrə qonşu ölkələrə məktublar göndərdi, özü isə Təbrizə yollandı və bir neçə gün orada qaldı. Bir az sonra Naxçıvana və İrəvana səfərə çıxdı. İrəvan və Bayburd qalalarının fəthindən sonra Ərzurum yolu ilə Amasiyaya gəldi.

Çaldıran məğlubiyyəti o vaxta qədər ardıcıl qələbələr qazanan Şah İsmayılın əhval-ruhiyyəsinə ağır təsir göstərdi və bəzi tarixçilərin yazdığına görə, onda içki düşkünlüyü yarandı. Şah İsmayıl Sultan Səlimin ölümündən sonra cəmi 4 il yaşadı. O, daim Çaldıran məğlubiyyətinin qisasını almaq barədə düşünürdü, lakin tale bu arzusunu gerçəkləşdirmək üçün ona fürsət vermədi. Şah İsmayıl Səfəvi hicri-qəməri tarixi ilə 930-cu ildə Şəki ətrafına ova gedərkən xəstələndi və həmin ilin rəcəb ayında 38 yaşında ikən Sərabda vəfat etdi və Ərdəbildə torpağa tapşırıldı”…

Şah İsmayılın vəfatından sonra onun 10 yaşlı oğlu Təhmasib taxta çıxdı və o, 54 il padşahlıq etdi. Şah Təhmasibin hakimiyyəti dövründə də Səfəvi və Osmanlı dövlətləri arasında çoxsaylı müharibələr baş verdi. Çuxursəd vilayəti və İrəvan şəhəri bu müharibələrə səhnə oldu.

Faruq Sumer yazır: “Süleyman Qanuni Təhmasibin işğalçılıq niyyəti barədə məlumat aldıqdan sonra  üçüncü dəfə Şərqə doğru hərbi yürüşə hazırlaşdı (hicri-qəməri tarixi ilə 961-ci ildə,  miladi tarixi ilə 1554-cü ildə). Təhmasib isə Osmanlı qoşunlarının keçəcəyi bütün körpüləri yandırdı, yolları dağıdıb xaraba qoydu, yol ətrafındakı əhalinin köçürülməsi barədə fərman verib, özü geri çəkildi. Süleyman Qanuni isə şah Təhmasib tərəfindən müqavimət görmədiyindən, Çuxursəd bölgəsini (İrəvanın yuxarı hissəsini), Qarabağı, Naxçıvanı qarət etsə də, dağıdılmış və yandırılmış yollarla irəliləyə bilməyib, təzədən Ərzuruma qayıtdı. Süleymanın payızda Təbriz və Ərdəbilə hücum edərək Səfəvi şeyxlərinin və atası Şah İsmayılın məqbərələrini məhv etmək niyyətini başa düşən Təhmasib Süleymanla sülh müqaviləsi bağlamaq qərarına gəldi və elçisini onun sarayına göndərdi. Danışıqlar prosesində ciddi bir maneə ortaya çıxmadı. Beləliklə,  tərəflər arasında hicri-qəməri tarixi ilə  962-ci ilin rəcəb ayında  (miladi 1555-ci ilin may ayında) Amasiyada sülh  müqaviləsi imzalandı.

Bu müqaviləyə görə, Şəhrzur əyaləti və Van gölünün ətrafı Osmanlı dövlətinin ixtiyarına keçir, Arpaçayın şimalı iki dövlət arasında sərhəd olurdu. Əslində, “Amasiya sülhü” Təhmasib üçün böyük uğur idi. O, bu müqavilə ilə Səfəvi şiə dövlətini qoruyub saxlaya bildi və Osmanlı imperiyası tərəfindən bu dövlətin məhv edilməsi təhlükəsini birdəfəlik aradan qaldırdı.  Səfəvi dövləti üçün ağır bir zamanda bu müqavilənin imzalanması Təhmasibin uzaqgörən bir dövlət başçısı olmasından xəbər verirdi. Doğrudur, saray əyanlarından bəziləri buna görə onu günahlandırmış,  bacarıq və qabiliyyətinə  şübhə kölgəsi salmaq istəmişlər…”.

Şah Təhmasibin hakimiyyəti dövründə rumlu tayfasının böyük əmirlərindən olan Hüseyn xan Sultan (hicri-qəməri tarixilə  954-cü ildə/ miladi tarixi ilə 1549-cu ildə) Çuxursəd bəylərbəyliyinin əmiri olmuşdu. Şah Təhmasibin etimad bəslədiyi əmirlərdən olan Şahqulu Sultan da Kirman, Astrabad, Məşhəd şəhərlərində və Çuxursəddə əmirlik vəzifəsini yerinə yetirmişdi. O, hicri-qəməri tarixilə 957-ci ildə (miladi 1573-cü ildə) Təbrizdə şahın darğası təyin olundu. Onun ölümündən sonra isə oğlu Məhəmməd Çuxursədə vali təyin olundu.

Qeyd edək ki, Şahqulu Sultan Təbrizdə darğa olarkən əhaliyə zülm etdiyindən, hicri-qəməri tarixi ilə 971-ci ildə (981-ci ilədək) Pəhləvan Yarinin rəhbərliyi ilə Təbriz camaatı ona qarşı qiyama qalxmışdı. Təhmasib öləndə Şahqulu Sultanın oğlu, Çuxursəd valisi, “Toxmaq” ləqəbli Məhəmməd  xan həm də İstanbulda elçi idi.

Sədlular tayfası Şah Təhmasibin hakimiyyəti dövründə də Çuxursəddə yaşamış və tayfaya hicri-qəməri tarixi ilə 954-cü ildə Əlvənd xan, 959-cu ildə isə (miladi tarixi ilə 1552-ci ildə) Uluğbəy başçılıq etmişdi.

Alpautlar da Qaraqoyunlu qəbilələrindən idilər və onların arasından böyük əmirlər çıxmışdı. Bu qəbilə də Səfəvilər dövründə Çuxursəd ətrafında yaşamışdı.

Şah Təhmasibin ölümündən sonra (hicri-qəməri tarixi ilə 974-cü ildə) onun Qaradağ ətrafındakı Qəhqəhə qalasında zindana salınmış oğlu İsmayıl həbsdən azad olundu. O, hicri-qəməri tarixi ilə 974-cü ilin rəbiü-ləvvəl ayında Qəzvinə gəlib, oranı paytaxt elan etdi. II İsmayıl  hakimiyyətini möhkəmləndirdikdən sonra Şah Təhmasibin zamanından İstanbulda elçi olan Toxmaq xanın qardaşları Sarı Laçını və Allahqulu bəyi əmisi oğlu Əbu Turab Mirzənin (Uyqut Mirzə) vasitəsilə qətlə yetirdi. Bu qətllər ustaclı əmirlərinin aradan götürülməsi ilə davam etdirildi. Bu zaman İstanbuldan geri qayıdan Toxmaq xan Çuxursəddəki əmlakının Əbu Turab Mirzə (əmisi oğlunun və qardaşlarının qatili) tərəfindən müsadirə olunduğunu  gördü…

II İsmayıl Mustafa Soltanın qətlindən sonra ustaclıları əfv etdi və hətta özü Pir Məhəmməd xanın qızı ilə evləndi. Toxmaq xan da öz əvvəlki vəzifəsinə qaytarıldı. O, Çuxursəd bölgəsinin valiliyinə qayıdandan sonra mərkəzin buradakı etibarlı adamına çevrildi və yenidən bütün məsələlərə nəzarət etməyə başladı.

II İsmayıl hicri-qəməri tarixi ilə 985-ci ilin Ramazan ayının 13-də  qəflətən vəfat etdi. Paytaxt əmirləri canişin məsələsinin müzakirəsinə başladılar. Onlar Təhmasibin böyük oğlu Məhəmməd Xudabəndənin üzərində dayandılar. Fiziki cəhətdən çox zəif olan Sultan Məhəmməd xəstəlik nəticəsində görmə qabiliyyətini də itirmişdi. O, hakimiyyətə gələndən sonra da Toxmaq xan Çuxursədin başçısı olaraq qaldı. Bu dövrdə İrəvanın abadlaşdırılması sahəsində ciddi işlər görülmüş, gözəl Xan sarayı, Xan bağı salınmışdı. Həmin illərdə əkin sahələrinin suvarılması üçün yeni su kanalları çəkilmiş, böyük dəryaçalar yaradılmışdı. Sovet hakimiyyəti qurulduqdan sonra bu dəryaçaya Şaumyanın adı verilsə də, azərbaycanlılar onu vaxtilə İrəvanda hakimlik etmiş Mahmud xanın ləqəbinə uyğun olaraq “Toxmaq dəryaçası” adlandırmışlar.

Türk sultanı III Murad mövcud sülh müqaviləsinə (“Amasiya müqaviləsi” nəzərdə tutulur – tərcüməçi) baxmayaraq bir sıra bəhanələrlə hicri-qəməri tarixi ilə 985-ci ilin şəvval ayında (miladi tarixi ilə 1575-ci ildə) Xoy, Səlmas, Urmiya şəhərlərinə və onların ətraflarına hücuma keçdi. Azərbaycanlı sərkərdələrdən Hüseyn Sultan Xubuşlu, Mahmud Sultan Rumlu bu döyüşdə həlak oldular və Təhmasibə məxsus olan ərəb atlarının (bədəvi atlar) əksəriyyəti (10 minə yaxın at) Osmanlı bəylərinin əlinə keçdi. Təbrizin yeni hakimi Əmir Xan Türkmən öz qoşunu ilə işğal edilmiş torpaqları azad etmək istədisə də, buna  nail ola bilmədi.

Şirvanşahlar xanədanının nümayəndəsi Əbu Bəkir Mirzə qarabörk tayfasından və Şirvandakı döyüşçü ləzgilərdən bir ordu toplayaraq hərəkətə keçdi. Osmanlı ordusu sərdar Mustafa Paşanın komandanlığı ilə 1578-ci il avqustun əvvəllərində Ərdəhanın ətrafına qədər gəlib çıxdı və  sonra Gürcüstanı fəth etdi. Belə bir şəraitdə mərkəzi İrəvan olan Çuxursəd bölgəsinin bəylərbəyi Məhəmməd xan Toxmaq Ustaclı Qəzvinə məlumat verdi ki, Gürcüstanla bərabər İrəvanı da tutmaq istəyən  Osmanlı qoşunlarının həmləsi qarşısında seyrçi qalmayacaq. Qarabağın bəylərbəyi İmamqulu xan Qacar Təbriz  bəylərbəyi Əmir xan Türkmənlə ittifaq bağlayaraq münasib şərait yaranan kimi hücuma keçməyi planlaşdırdılar. Vəliəhd Həmzə Mirzə İraqi-əcəm, Fars, Kirman qoşunlarından ibarət  alayın köməyə gələcəyi barədə də məlumat aldı. Qarabağ bəylərbəyi İmamqulu xanın və Məhəmməd xanın qoşunları birləşdiyi halda,  türkmənlərlə ustaclılar arasında köhnədən qalma düşmənçiliyə görə ustaclılar Təbrizdə dayandı. İskəndər bəy Türkmənin rəvayətinə görə, 1578-ci ilin avqustunda Məhəmməd xan Toxmağın və İmamqulu xan Qacarın rəhbərlik etdikləri 15 minlik qoşun Çildər ətrafında Bərtərullah paşanın qüvvələri ilə üz-üzə gəlir. Əvvəlki döyüşlərdə olduğu kimi, bu qarşılaşmada da qızılbaş əsgərləri şücaətlə meydana girib, var qüvvələri ilə çarpışırlar. Buna baxmayaraq, Tiflis və bütövlükdə Gürcüstanın bir hissəsi Osmanlı hökumətinin tabeçiliyinə keçir.

Hicri-qəməri tarixi ilə 989-cu idə (miladi tarixi ilə 1581-ci ildə) Şamlu xanlarxanı sərdar Mustafa Paşa və digər əmirlər öz aralarında ittifaq bağlayıb, Abbas Mirzənin hakimiyyətini elan etdilər. Bu xəbəri eşidən Şah Məhəmməd Xudabəndə vəziri Mirzə Soltanla birlikdə türkmən və təkəli bəylərini hərəkətə gətirmək üçün Xorasana yola düşdü. Onun Xorasana yürüşü vaxtı Osmanlı sərkərdəsi Fərhad paşa Çuxursədi işğal etdi. Vilayətin mərkəzi olan İrəvanda Məhəmməd xan saray məhəlləsinin ətrafına möhkəm bir hasar çəkdi. Ancaq sonda Məhəmməd xan Toxmaq Təbriz bəylərbəyi Əmir xan Türkmən və Qarabağ bəylərbəyi İmamqulu xan Qacar tərəfindən kömək gəlmədiyini görüb, ailəsini götürərək Naxçıvana yollandı. O, ailəsini Əlnəcəğ (Əlincə) qalasında yerləşdirməyə məcbur oldu.

Beləliklə, işğal olunmuş ərazilər, o cümlədən Çuxursəd torpaqları osmanlıların ixtiyarına keçdi. Osmanlı qüvvələri asta-asta və addım-addım irəliləyir, fəth etdikləri ərazilərdə möhkəmlənmək üçün istehkam qalaları ucaldırdılar.

 

İrəvan I Şah Abbas dövründə

 

I Şah Abbas belə bir mürəkkəb şəraitdə (hicri-qəməri tarixi ilə 996-cı ilin zilqədə ayında) Qəzvində tacqoyma mərasimi keçirdi. Bu zaman onun 18 yaşı vardı. Ölkə ziddiyyətlər içində idi. Bir tərəfdən, xarici təzyiqlər, digər tərəfdən daxildəki qarşıdurmalar Səfəvilər dövlətinin mövcudluğunu təhlükə altına almışdı. Ölkənin şimal-qərb hissəsi, o cümlədən İrəvan bölgəsi hələ atasının hakimiyyəti zamanında osmanlılar tərəfindən işğal edilmişdi.

O, hicri-qəməri tarixi ilə 1006-cı ildə sərhəddəki toqquşmaları nəzərə alaraq paytaxtı Qəzvindən İsfahana köçürməli oldu. Bundan sonra Şah Abbas dövlətin dayaqlarını möhkəmləndirməyə başladı. O, Gilan, Mazəndaran, Sistan, Lar və Luristan əmirlərinin özbaşınalığına son qoyaraq onları mərkəzi hakimiyyətə tabe etdi.