Qərbi Azərbaycan

Zəngəzur necə Azərbaycandan qoparılaraq Ermənistana verilib?

Xalq qəzeti. - 2021.- 30 aprel. - № 90. - S. 6.

 

Zəngəzur necə Azərbaycandan qoparılaraq Ermənistana verilib?

 

İsmayıl Əliyev,

Bakı Dövlət Universitetinin kafedra müdiri, professor

 

Azərbaycan xalqı ötən ilin payızında Dağlıq Qarabağ münaqişəsinin son akkordları olan 44 günlük Vətən müharibəsində şanlı qələbə qazandı. Bununla erməni millətçilərinin öz havadarlarının himayəsi ilə meydan suladıqları Cənubi Qafqaz regionunda tamamilə yeni vəziyyət yarandı.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin son 17 ildə apardığı qətiyyətli siyasi və iqtisadi siyasət, savaş ərəfəsində, eləcə də müharibə günlərində diplomatiya və informasiya meydanında yaratdığı əlverişli şərait nəticəsində Azərbaycan Silahlı Qüvvələri işğal olunmuş ərazilərimizi erməni qəsbkarlardan cəmi 44 günə azad etdi, ölkəmizin ərazi bütövlüyü bərpa olundu. Azərbaycan döyüşçüsünün qəhrəmanlığı, xalqın Prezidentinə inamı, Ali Baş Komandanın isə xalqa güvəni nəticəsində işğalçı Ermənistanın silahlı quldur dəstələri darmadağın edildi. Xəyanətkar ermənilər ağır zərbə aldılar. Azərbaycan rəhbərinin yaratdığı “dəmir yumruq” qudurğan erməni vandallarına kim olduqlarını xatırlatdı.

Beləliklə, lovğalıqla “Qarabağ Ermənistandır, nöqtə”– deyərək münaqişənin həllini hərbi məcraya yönəltmiş Ermənistanın baş naziri Nikol Paşinyan savaşın 44-cü günündə ölkəsini məhv olmaqdan xilas etmək üçün təslim olduqlarını etiraf etdi – 10 noyabr 2020-ci ildə məğlubiyyət aktına imza atdı. Rusiya və Azərbaycan prezidentlərinin, Ermənistan baş nazirinin imzaladıqları bəyanatla savaşın dayandırıldığı bildirildi, işğalçı dövlət silahlı birləşmələrini Ağdam, Laçın və Kəlbəcər rayonlarından döyüşsüz çıxarmağa məcbur edildi.

İkinci Qarabağ savaşının ən mühüm nəticələrindən biri Zəngəzur dəhlizinin açılması barədə üçtərəfli razılığa gəlinməsi oldu. Müharibədən 5 aydan artıq vaxt keçməsinə baxmayaraq Ermənistanın indiki rəhbərliyinin məğlub durumu və ölkədə səngimək bilməyən revanşist çağırışlar səbəbindən bu yolu faktiki məhv etmiş işğalçı ölkə onun bərpa edilib açılmasını müxtəlif bəhanələrlə əngəlləməyə çalışır.

Azərbaycan Prezidenti İham Əliyevin sərəncamı ilə Naxçıvan Dəmir Yolunun 100 kilometrlik Füzuli–Mincivan hissəsinin bərpasına start verilmişdir. Yolun Naxçıvan Muxtar Respublikası ərazisindəki hissəsi də qorunub saxlanmışdır və Zəngəzur dəhlizinin açılmasına tam hazır vəziyyətdədir. Ermənistan rəhbərinin Zəngəzur dəhlizinin açılması ilə bağlı götürdüyü öhdəliyə hələ də əməl etməməsi Azərbaycan Prezidenti İlham Əliyevin bu ərazinin, əslində, Azərbaycanın tarixi torpağı olduğunu, Ermənistana bolşevik Rusiyası tərəfindən bir əsr əvvəl bağışladığını bu yaxınlarda qarşı tərəfə yenidən xatırlatması ilə nəticələnmişdir. Dövlətimizin başçısı onu da əlavə etmişdir ki, Ermənisatan tərəfi götürdüyü öhdəliyi yerinə yetirməzsə, Azərbaycan bunu zorla etməyə qadirdir.

Bəli, Azərbaycan Prezidenti tamamilə haqlıdır. Bir əsr bundan əvvələ qədər Zəngəzur həmişə xalqımıza mənsub olub. Qarabağ münaqişəsi başlananadək burada azərbaycanlılar yaşamışlar. Dövlətimizin başçısının dediyi kimi, yaxın tarixə baxsaq, görərik ki, qədim Azərbaycan torpağı olan Zəngəzur mahalı 7 rayondan ibarət olmuşdur. Hazırda onun 4 rayonu– Qafan, Gorus , Qarakilsə (Sisyan) və Meğri Ermənistana, Zəngilan, Qubadlı, Laçın isə Azərbaycana məxsusdur. Zəngəzurun ümumi sahəsi 7 min 892 kvadratkilometr olmuşdur. Onun 4 min 505,5 kvadratkilometrlik ərazisi 100 ildən artıqdır ki, erməni işgalı altındadir. 1920-ci ildə Zəngəzurdan məcburi surətdə qoparılıb Ermənistana verilən bu torpaqlar keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisindən 105,5 kvadratkilometr böyükdür.

1886-cı ildə Gəncə (Yelizavetpol) quberniyasının Zəngəzur qəzasındakı 326 kənddən 154-də azərbaycanlılar (45,7 faiz), 91-də kürdlər (27,8 faiz), yerdə qalan 81-də isə rus işğalından sonra buraya köçürlmüş ermənilər ( 24,8 faiz) yaşamışlar. Zəngəzur adındakı “zəngi” sözü türk tayfasını nişan verir. Zəngi tayfaları Azərbaycan Atabəylər, Səfəvilər hakimiyyətlərinin əsas sütunlarından biri olmuşdur.

Akademik Ziya Bünyadovun “Azərbaycan Atabəylər dövləti” kitabında ərəb xəlifəsi ilə Mosulun çox nüfuzlu atabəyi olmuş Zəngi arasında münasibətlərdən söz açılır: “Xəlifə özünün bütün planlarının yerinə yetirilməsini Zəngiyə həvalə etdi. Xəlifənin müttəfiqləri arasında atabəy Zənginin iştirakı və nüfuzu nəinki digər əmirlərin belə addım atmasına yol vermədi, üstəlik, Zəngi Farsa və onun nahiyələrinə də hakim təyin edildi”. Digər tədqiqatçıların fikrincə, Zəngəzur sözündəki ikinci söz ərəbcə “sur” dağ, daş, divar, qayalıq yer, hasar, qala, bürc deməkdir. Bu ad ərazinin relyefini düzgün səciyyələndirir– yəni zəngilərin yaşadığı dağlıq yer.

Zəngəzurun hər yerində xeyli türk tayfalarının izi qalmışdır. Meğri rayonunun Nüvədi kəndindəki “Qarqar yazıları” öz qədimliyi, mükəmməlliyi, ümumtürk tarixi üçün əhəmiyyəti ilə “Orxon-Yenisey” abidələrindən geridə qalmır. Nüvədi ərazisində yerləşən tarixi Sultan-Səlmə istehkamını, o cümlədən, Baba Hacı müqəddəs ziyarətgahı da Babəkin adı ilə əlaqələndirilir.

Mudros müqaviləsi əsasında Osmanlı qoşunları Azərbaycanı tərk etdikdən sonra ingilislər Azərbaycan Xalq Cümhuriyyəti tərkibində 1918–1920-ci illərdə Zəngəzur qəzası da daxil olmaqla Şuşa, Cavanşir, Cəbrayıl qəzaları əsasında yaradılan Qarabağ general-qubernatorluğunu tanımışlar. O vaxt daşnak general Andranik Zəngəzuru müsəlman-türk əhalidən təmizləyib, orada daşnak qubernatorluğu elan etmişdi. Laçınlı xalq qəhrəmanı Sultan bəyin Andranikin quldur dəstələrinə ağır zərbə vurması ilə düşməninin Şuşaya doğru irəliləməsinin qarşısı alınmışdı.

Azərbaycan sovetləşdiriləndən sonra rəhbərlikdəki ermənilər güclü qüvvə idilər. Nəriman Nərimanovun yazdığı kimi, real idarəetmə Mirzoyanların əlində idi. Bolşevik Rusiyası Azərbaycan sovet hökuməti ilə və tezliklə qurulması gözlənilən Ermənistan sovet hökuməti arasında ikitərəfli sazişlər hazırlamışdı. Azərbaycan hökuməti bu sazişdə ərazi bütövlüyü məsələsinin təmin olunmasına ümid bəsləyirdi. Daşnakxislət erməni kommunistləri də Zəngəzur, Naxçıvan və Qarabağ məsələsinin onların xeyirlərinə həllini gözləyirdilər.

O vaxt təzə sona çatmış Birinci Dünya müharibəsindən sonra ən ağır zərbələrdən biri də Azərbaycana dəydi. Müttəfiq dövlətlər, ardınca da bolşevik Rusiyası Anadoluda itirdiklərinin əvəzini Azərbaycandan çıxaraq, tarixi torpaqlarımızda Ermənistan adlı dövlət yaratdılar. Rusiya işğalı zamanında müstəqil dövlətçilik ənənələrini itirmiş, imperialist dairələrin oyun meydanına çevrilmiş Azərbaycanın tarixi torpaqlarının bir hissəsi də bu dəfə Rusiyaya (Dağıstan Muxtar Respublikası), Ermənistana və Gürcüstana hədiyyə edildi.

Ermənilərin xalqımıza qarşı yönəlmiş soyqırım və deportasiya siyasətinin ən qanlı səhifələrindən biri də 1918–1920-ci illərdə oldu. 1920-ci il noyabrın 29-da İrəvanda sovet hakimiyyəti elan olunanda hələ bölgələrdə daşnak hökuməti tam süqut etməmişdi. Zəngəzurun Ermənistana verilməsi 1920-ci il noyabrın 30-da keçirilən Azərbaycan K(b)P MK Siyasi və Təşkilat bürolarının birgə iclasının qəbul etdiyi qərarla həll olundu. Həmin sənəddə Zəngəzurun Ermənistana verilməsi üçün Azərbacanın Zəngəzur bölgəsini 2 yerə bölmək təklif edildi. Bu “tarixi” qərara aydınlıq gətirmək üçün orada iştirak edənlərin tərkibini də bilmək maraqlıdır: Q.Orconikidze, Sarkis (S.Ter-Danielyan), Y.Stasova, Q.Kaminski, N.Nərimanov, Ə.Qarayev, M.Hüseynov.

Ümummilli lider Heydər Əliyev o dövrün faciəli tarixini xatırladaraq demişdir: “XX əsrin 20-ci illərində yeni sovet hakimiyyəti təzə qurulan zaman Qafqazda respublikanın sərhədləri yaranarkən Azərbaycana qarşı ədalətsizlik edilibdir. Azərbaycanın qədim torpaqları olan Zəngəzur mahalı və başqaları Ermənistana verilibdir. Bununla əlaqədar Zəngəzurun Araz çayı sahilində olan, qədim Azərbaycan torpağı olan Meğri rayonu da Ermənistana verilibdir. Belıliklə, böyük Azərbaycan ilə onun ayrılmaz hissəsi olan Naxçıvan arasında coğrafi nöqteyi-nəzərdən müəyyən çətinliklər yaranıbdır”.

Doğrudan da, tarixə nəzər saldıqda görürük ki, XVIII əsrdə Zəngəzur mahalının ərazisinin böyük hissəsi Qarabağ xanlığının, bir hissəsi isə Naxçıvan və İrəvan xanlıqlarının tərkibində, çar Rusiyası dövründə isə Gəncə (Yelizavetpol) quberniyasının tərkibində olmuşdur. 1918–1920-ci illərdə Zəngəzur Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi kimi Şuşa, Cavanşir, Cəbrayıl qəzaları ilə birlikdə Qarabağ general-qubernatorluğuna daxil idi. 1920-ci il aprelin 28-də Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra isə Zəngəzur Azərbaycanın tərkib hissəsi kimi ayrıca inzibati bölgə – qəza olmuşdur.

Daha qədim tarixə baxsaq görərik ki, Zəngəzur Cavidan, Cavanşir, Babək dövründə xürrəmilər hərəkatının, ərəblərə qarşı savaşların əsas mərkəzi, 30 ildən artıq sürən qanlı döyüşlərin məkanına çevrilmişdir. Ərəblər məhz Cənubi Azərbaycan – Naxçıvan – Biçənək – Gorus – Laçın – Bərdə istiqaməti ilə hərəkət edərək o vaxt Alban, Arran adlanan Şimali Azərbaycanı zəbt etmişlər. Qafqaz Albaniyasının tərkibində mövcud olmuş Sünik knyazlığı da əsasən Zəngəzurun Qarakilsə (Sisyan) və Gorus bölgələrini əhatə etmişdir.

1065-ci ildə Səlcuq-türk imperiyasının hökmdarı Alp Arslan Qafan şəhərini tutaraq Sünik knyazlığının mövcudluğuna son qoymuş, 150 il davam edən səlcuqlu hökmranlığı Zəngəzur ərazisində türk-islam nüfuzunu daha da genişləndirmiş, bu yerlərdə çox sayda türksoylu tayfaların məskun olması davam etmişdir. 1236-cı ildə monqol-tatarlar, 1395-ci ildə Əmir Teymur Qarabağı və Zəngəzuru çox böyük itkilər hesabına tutmuşlar. Bu basqınlar zamanı vilayət xarabazara çevirmiş, 10 min ailə Əfqanıstana köçürmüşdür. Təkcə 4 min ailə Qəndəhar yaxınlığında məskən salmışdır. Yerli əhali bu köçürülənləri öz adları ilə “ağvan” çağırırmışlar və güman edilir ki, sonralar bu ad fonetik dəyişməyə uğrayaraq “əfqan” a çevrilmişdir.

Zəngəzur Qaraqoyunluların (1410–1468) və Ağqoyunluların (1468–1502), 1503-cü ildən isə Səfəvi qızılbaşlarının hakimiyyəti altına düşmüşdür. I Şah Abbas (1571–1629) Naxçıvan və Zəngəzur uğrunda apardığı qanlı savaşlar zamanı yerli əhalinin köçürülməsi barədə fərman vermişdir.

Zəngəzur Osmanlı və İran xanədanları arasında bir neçə əsr savaş meydanına çevrilmiş, bir əsrə yaxın Naxçıvan bəylərbəyliyinə tabe olmuşdur. 1748-ci ildə Qarabağ xanlığını yaradan Pənahəli xan 1750-ci ildə iti zəkası, hərbi qüvvələrinin üstünlüyü sayəsində Zəngəzur ellərini– Bərgüşad, Tatev, Sisyan, Qafan və Meğrini Naxçıvan bəylərbəyliyindən qoparıb öz xanlığına qatmış və bu ərazilər Qaraçorlu mahalı adlandırılmışdır. Rusiya Azərbaycanı ilhaq edəndən sonra da Zəngəzur Qarabağın tərkibində qalmışdır.

1861-ci ildə Zəngəzur qəzası yaradılanda Bakı quberniyasından Şuşa və Nuxa qəzaları, Tiflis quberniyasından Yelizavetpol qəzası, İrəvan quberniyasından ləğv edilmiş Ordubad qəzasının bir hissəsi onun tərkibinə daxil edilmişdir. Qafqaz və Zaqafqaziya diyarının idarəçiliyinin dəyişdirilməsi haqqında 1867-ci il 9 dekabr tarixli çar fərmanı əsasında isə Yelizavetpol (Gəncə) quberniyası yaradılmışdır. 1873-cü ildə Yelizavetpol quberniyası tərkibində Ərəş, Cəbrayıl və Cavanşir qəzaları təşkil olunmuşdu. Sonralar Cəbrayıl qəzasına Azərbaycana qarşı işğalçılıq müharibəsində iştirak etmiş rus zabiti P.Karyaginin adı verilmişdi.

1918-ci il iyunun 16-da Azərbaycan Milli Şurası və Hökuməti Yelizavetpola (Gəncəyə) köçmüşdür. İyunun 17-də Gəncədə Fətəli xan Xoyskinin sədrliyi ilə 2-ci hökumət kabinəsi təşkil edilmişdir. Hökumətin 30 iyul 1918-ci il tarixli qərarı ilə Yelizavetpolun tarixi adı – Gəncə bərpa edilmişdir. Bundan sonra quberniya da Gəncə quberniyası adlandırılmışdır. Gəncə şəhəri 1918 il iyunun 17-dən sentyabrın 17-dək olan dövrdə dövlətin paytaxtı olmuşdur.

1915-ci ildə Zəngəzurun və İrəvan quberniyasının ərazisində 382 şiə və 9 sünni məscidi fəaliyyət göstərmişdir. İrəvan quberniyasında məscidlərin artma dinamikası 1904-cü ildə 201, 1911-ci ildə 342, 1915-ci ildə 382 şəklində olmuşdur. Bu artım bölgədə müsəlman əhalisinin sürətlə artmasından və bu ərazidə islam ruhanilərinin güclü mövqeyindən xəbər verirdi. Bu gün bunlardan heç biri möv­cud deyil – erməni vandalları, terrorçuları tərəfindən yerlə-yeksan edilmişdir.

30 ildən artıq işgal altında olan torpaq­larımız azad olduqdan sonra ermənilər dünyaya səs salaraq, yalvarıb öz tarixi abidələrinin qorunmasını xahiş edirlər. Onlar yenə də başa düşmək istəmirlər ki, cəmi 200 ilə yaxin yaşadıqları Qara­bağın dağlıq hissəsində onların hansı tarıxi abidələri ola bilər? Haray saldıq­ları isə saxtalaşdırdıqları qədim Alban məbədləridir. Ermənilər yenə də unudurlar ki,onlardan fərqli olaraq, azərbaycanlıların tarixi min illər əvvələ gedib çıxır.

Ermənilər heç bir halda qəbul etmək istəmirlər ki, azərbaycanlılar tolerant xalqdır. Həqiqət isə bunun əksini söyləyir. Erməni vandallar 30 ildə işğal etdikləri Azərbaycan ərazilərində daşı daş üstündə qoymasalar belə, ölkəmizə milyardlarla yox, trilyon ABŞ dollarından çox zərər vur­salar da, dini abidələrimizi, məscidlərimizi təhqir edib heyvanlar saxlasalar da, qaçarkən qalan tikililəri dağıtsalar da, körpüləri partlatsalar da Azərbaycan xalqı Bakı şəhərindəki yeganə kilsələrini, hətta orada saxlanılan 5 mindən artıq kıtabı da qoruyub saxlamışdır. Ermənistanda kənar millətin bir nəfər nümayəndəsinin qalmadığına baxmayaraq, Azərbaycanda 30 mindən artıq erməni sərbəst gəzir, arxayın, təhlükəsiz yasayır.

Göründüyü kimi, XIX əsrin əvvəllərinə qədər Zəngəzurda erməni yaşamamış­dır. Bütün qeyd edilənlərdən o nəticəyə gəlmək olar ki, indiki Ermənistanda yaşa­yan ermənilərin sələflərinin, demək olar ki, əksəriyyəti vaxtilə Cənubi Azərbaycandan və sonralar Türkiyədən, son dövrlərdə isə xarici ölkələrdən– əsasən, Suriyadan, Yu­nanıstandan, Livandan, Bolqarıstandan, Rumıniyadan və s. köçüb gələnlərdən ibarətdir.

Azərbaycan Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasınin 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdəki nitqində yuxarıda qeyd edilən həqiqəti belə ifadə etmişdir: “O vaxt xalqımıza qarşı ədalətsizlik də edilmişdir, çünki Azərbaycanın əzəli torpağı olan Zəngəzuru Azərbaycandan ayırıb Ermənistana vermişdilər. Bu böyük ədalətsizlik idi. Cünki Zəngəzur tarixi, əzəli Azərbaycan torpagıdır. Zəngəzurun o vaxtkı əhalisinin mütləq əksəriyyəti azərbaycanlılar idi. Zəngəzurun bütün yaşayış məntəqələrinin adları Azərbaycan adları idi”.

Dövlətimizin başçısı daha sonra bil­dirmişdir ki, bu qərarın qəbul edilməsində Azərbaycan xalqına qarşı ədalətsizlik və qərəz əsas rol oynamışdır. Bu qərarla Azərbaycan coğrafi baxımdan iki yerə bölünmüş, eyni zamanda, böyük Türk dünyası iki yerə ayrılmışdır: “Bu ədalətsizlikdir, bu sağalmayan yaradır. Ancaq mən tam əminəm ki, vaxt gələcək və biz azərbaycanlılar bütün tarixi torpaq­larımıza qayıdacağıq”.

Dövlət başçısının dediyi həmin vaxt, nəhayət, gəlib çatmışdır. II Qarabağ sava­şında təslim olmuş Ermənistanın məğlub rəhbərliyi Zəngəzur dəhlizinin dünyaya açılmasını öhdəsinə götürmüşdür. Heç bir tərəddüdə yer yoxdur. Bunu Prtezident İlham Əliyev bu günlərdə Azərbaycan Televiziyasına verdiyi müsahibədə məğlub ölkəyə bir daha xatırlatdı: “Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik”.

Bu günlərdə Prezident İlham Əliyev işğaldan azad edilmiş Zəngilan rayonuna səfəri zamanı bir daha düşmənlərə xatır­latdı ki, start verilmiş işlərin davamı olaraq Zəngəzur dəhlizi mütləq işə salınacaq: “Horadizdən Ağbəndə qədər dəmir yolu çəkiləcək. Ondan sonra Zəngəzur dəhlizi ilə dəmir yolu Naxçıvan Muxtar Res­publikasına qədər uzadılacaq. Zəngilan coğrafi nöqteyi-nəzərdən Şərqi Zəngəzur bölgəsinə aiddir və Şərqi Zəngəzurda yerləşir. Qərbi Zəngəzur da bizim ta­rixi torpaqlarımızdır və o torpaqlardan Zəngəzur dəhlizi keçəcəkdir. Beləliklə, Azərbaycanın əsas hissəsi Naxçıvan Muxtar Respublikası ilə dəmir yolu vasitəsilə birləşəcək”.

Beləliklə, Zəngəzururun şərq hissəsi ilə qərb tərəfi yenidən bir-birinə qovu­şacaq, Naxçıvanın blokadasına və Türk dünyasının nəqliyyat-kommunikasiya ba­xımından ayrı düşməsinə son qoyulacaq.